redaksiyasında bir qədər işlədikdən sonra qəzetin nəşri
dayandırılır. Bundan sonra İ.Əfəndiyev əmək fəaliyyətini
əvvəlcə "Kommunist" /1939 -1940/, sonra isə "Ədəbiyyat
qəzeti"ndə nəsr şöbəsinin müdiri kimi davam etdirmişdir.
Heç şübhəsiz ki, İ.Əfəndiyevin bir yazıçı kimi inkişaf etməsində
və ədəbi ictimaiyyət tərəfindən tanınmasında əməkdaşlıq
etdiyi həmin qəzet redaksiyalarının müəyyən xidməti
olmuşdur.
İ.Əfəndiyev 1940-cı ilin yanvar ayında Azərbaycan Yazıçılar
İttifaqına üzv qəbul olunmuşdur. 1990-cı ildə qələmə aldığı
xatirələrindən birində bu haqda yazıçı göstərmişdir:
"Bir gün gənc tənqidçi Əkbər Ağayevlə təsadüfən küçədə
rastlaşdığımız zaman mənə dedi ki: – Yazıçılar İttifaqının sədri
Rəsul Rza iclasda sənin kitabın haqqında yaxşı sözlər danışdı.
Deyirdi: -"...hiss olunur ki, gənc müəllif iste‘dadlıdır,
ümidverəndir. Onu İttifaqa cəlb etmək lazımdır."
İ.Əfəndiyev Yazıçılar İttifaqına daxil olmaq üçün aşağıdakı
məzmunlu, həm də qəribə səslənən ərizə ilə müraciət
etmişdir:
"Azərbaycan Sovet Yazıçıları İttifaqının İdarə Heyətinə, gənc
yazıçı İlyas Əfəndiyev tərəfindən Ərizə.
Yazdığım hekayələrdə bir çox nöqsanlar olduğunu bilirəm.
Rica edirəm məni öz sıranıza qəbul edəsiniz. Gələcək
işlərimdə mənə kömək edəsiniz. İlyas Əfəndiyev". 1939-cu il
dekabr ayının 28-də yazılmış həmin ərizə, Yazıçılar İttifaqı
İdarə hey‘ətinin 10 yanvar 1940-cı il tarixli iclasında müzakirə
edilmiş və İ.Əfəndiyev İttifaqa üzv qəbul olunmuşdur. Gənc
yazıçı bundan sonra Yazıçılar İttifaqının işlərində yaxından
iştirak etməyə başlayır.
Böyük Vətən müharibəsinin başlanması bütün başqa
sənətkarlar kimi İ.Əfəndiyevi də səfərbər etdi, o, da "müsəlləh
əsgərə" çevrilib, qələmini silahla əvəz etdi. Yazıçı oxucularda
düşmənə qarşı dərin nifrət, vətənə məhəbbət hissləri
aşılamaq vəzifəsini öhdəsinə götürdü. Tarixi keçmişimizə, el
qəhrəmanlarına, folklor nümunələrinə müraciət edərək bir
sıra hekayələr yazdı, əsgərlərlə görüşlər, söhbətlər keçirmək
üçün yazıçı briqadaları ilə bərabər Azərbaycan diviziyalarında
oldu, digər tərəfdən, əsasən bir nasir kimi tanınmış ədib,
ədəbiyyatın başqa bir sahəsində – dramaturgiyada qələmini
sınadı. 1943-cü ildə o, yazıçı M.Hüseynlə birlikdə, mövzusu
Böyük Vətən müharibəsindən götürülmüş "İntizar" pyesini
qələmə aldı. Əsər 1944-cü ildə M.Əzizbəyov adına Azərbaycan
Dövlət Dram Teatrının səhnəsində göstərilmiş və dramaturq
İ.Əfəndiyevin Azərbaycan Milli Teatrı ilə 50 ildən çox bir
müddətdə davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası
belə qoyulmuşdu. Bundan sonra yazıçı Milli Teatrımız üçün
"İşıqlı yollar" (1946) və "Bahar suları" (1947) pyeslərini
qələmə aldı. İ.Əfəndiyev dramaturgiyaya gəldiyi illəri belə
xatırlayır: "...Tanınmış yazıçı Mehdi Hüseyn mənə yaxınlaşıb...
"istəyirsən birlikdə bir pyes yazaq" – dedi. Mehdi kimi məşhur
bir yazıçının bu təklifi gənc yazıçı üçün çox xoş idi və mən
razılıq verdim. Beləliklə də biz birlikdə "İntizar" pyesini yazdıq.
Pyes Akademik Milli Teatrda müvəffəqiyyətlə tamaşaya
qoyuldu. Bundan bir müddət sonra teatrın direktoru və baş
rejissoru Adil İsgəndərov məni milli teatra də‘vət etdi. Nəsr
yaradıcılığımdan xoşlandığını bildirdi və təklif etdi ki, neft
həyatından teatr üçün bir pyes yazmaq barədə düşünüm...
Neftçilərin həyatını öyrənməyə başladım və neft həyatından
"İşıqlı yollar" adlı dram əsərimi yazdım. Əsər Akademik
teatrda tamaşaya qoyulduqdan sonra Adil İsgəndərov müasir
kənd həyatından da bir pyes yazmağı təklif etdi. Hətta
qonorarın yarısını da qabaqcadan verdi. "Bahar suları" adlı
pyesim də belə meydana gəldi. Pyesi Adil İsgəndərov özü
tamaşaya qoydu, musiqisini Səid Rüstəmov yazdı. Beləliklə,
mən nəsr yazmaqla bərabər dramaturgiyaya daxil oldum".
40-cı illərin axırlarında İ.Əfəndiyev artıq özünü bir nasir və
dramaturq kimi təsdiq etmişdir. Onun yaradıcılıq uğurları
təkcə oxucuları deyil, eyni zamanda ədəbiyyatşünas alimləri
də sevindirirdi. Yazıçının yaradıcılığı, çap etdirdiyi hər bir yeni
əsəri tənqidçilərin diqqətindən yayınmırdı. Məhz bu illərdə
dövri mətbuat səhifələrində onun yaradıcılığı haqqında ilk
məqalələr dərc olunmağa başladı. Əkbər Ağayevin "Kənddən
məktublar", Hüseyn Şərifovun "Ümid verən yazıçı", Mehdi
Hüseynin "Bir nasir haqqında", H.Orucəlinin "Həyata doğru",
O.Sarıvəllinin "İntizar", M.Arifin "İntizar", M.Cəfərin "İntizar"
tamaşası haqqında" və s. məqalələr İ.Əfəndiyevin geniş oxucu
kütləsinə tanıtmaqda mühüm rol oynamışdır. Bundan əlavə,
Azərbaycan Yazıçılar İttifaqının xüsusi iclaslarından birində
yazıçı İ.Əfəndiyevin yaradıcılıq hesabatının dinlənilməsi və
burada S.Vurğunun, M.Hüseynin, Ə.Məmmədxanlının,
Ə.Ağayevin, H.Orucəlinin və başqa sənətkarların çıxış edib xoş
sözlər söyləmələri İ.Əfəndiyevin yaradıcılığına olan maraqdan
irəli gəlirdi.
Yazıçının qayğısını çəkən qələm dostları, xeyirxah insanlarla
yanaşı, onun paxıllığını çəkənlər, yüksəlməsini istəməyənlər
də tapılırdı. Bu illərdə Yazıçılar İdtiifaqında çağırılmış iclasların
birində "cavan yazıçı İ.Əfəndiyevin özünü yaxşı
aparmadığından", "bir sıra pozğun ünsürlərlə" əlaqə
saxladığından söhbət getmiş və Yazıçılar İttifaqının Rəyasət
heyəti ona ciddi xəbərdarlıq etmişdir. Lakin gənc yazıçı
İ.Əfəndiyev Bakıya gəldiyi ilk gündən Əbülhəsən, Ə.Vəliyev,
S.Rəhman, M.Cəfər, M.Hüseyn, S.Vurğun, S.Rəhimov, M.Arif,
Ə.Ağayev, A.İsgəndərov, Adil Əfəndiyev və onlarla bu kimi
sənətkarların əhatəsində olmuş, hər gün onların təsirini hiss
etmiş, nəzər-diqqətindən kənarda qalmamış və
yetkinləşmişdir. Yazıçı həmin xeyirxah insanları xatırlayaraq
sonralar qeyd etmişdir ki, "mən ədəbiyyatımızda onların
yerini boş görürəm. Yazıçılardan S.Vurğun da, Əli Vəliyev də,
Dostları ilə paylaş: |