- 98 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
him Hatif, yaxud Əbdülvahid Sürabi həyata keçirmişdi). Əldə olan
sənədlər göstərir ki, mərasimdə Mücəddidinin partiyasının funk-
sioneri kimi ölkənin gələcək prezidenti Hamid Kərzəy də iştirak
etmişdir [127, 138]. Bu tədbirdə çıxış edən Ali Məhkəmənin sədri
Əbdülkərim Şadan bildirmişdi ki, “siz mücahid qardaşlarımızın gə-
lişi ilə ölkədə on illik qan tökülməsi sona çatmışdır”, lakin bin neçə
gün sonra o, öz mənzilində silahlı şəxslər tərəfindən qətlə yetiril-
mişdi. Mərasimin sonunda çıxış edən Mücəddidi cihadın qələbəsi-
ni və İslam Dövlətinin qurulmasını təbrik etməklə bərabər, əvvəlki
hökumətin bütün üzvlərinin əfv olunduğunu bəyan etmişdi.
Bir müddət sonra Mücəddidi keçid hökumətinin Kabula gəli-
şindən öncəki 3 gündə paytaxtda və onun ətrafında baş verənləri
Hikmətyarın bir qrup “Xəlq”çi ilə birgə “xaincəsinə çevriliş” cəhdi
kimi qiymətləndirmişdi [108, 5]. Lakin çox keçmədən Mücəddi-
dinin özünün də Pişavər razılaşmasında nəzərdə tutulmuş 2 aylıq
prezidentliklə kifayətlənmək istəmədiyi, ölkəyə 2 il rəhbərlik et-
mək arzusunda olduğu üzə çıxdı. Əsas sözü silahın dediyi və par-
tiyasının da bu baxımdan xeyli zəif olduğu bir şəraitdə o, özünə
müttəfiqlər axtarışına çıxdı və əsas diqqətini iki qüvvəyə – Rəşid
Dustuma və şiə “Vəhdət” partiyasının lideri Əbdüləli Məzariyə
yönəltdi. İlkin addım kimi o, Cihad Şurasında (onunla bərabər
Pişavərdən gəlmiş 50 nəfərlik heyət belə adlanırdı) Dustuma 5,
Məzariyə 8 yer ayırdı. Eyni zamanda 3 nazirliyi (o cümlədən, Təh-
lükəsizlik Nazirliyini!) Məzarinin ixtiyarına verdi. Dustum və Mə-
zarinin bir çox komandanlarını general rütbəsi ilə mükafatlandırdı
və nəhayət, may ayının 21-də o, Dustumun iqamətgahının yerləşdi-
yi Məzari-Şərifə səfər etdi. Oradakı çıxışında Mücəddidi Dustumu
“böyük mücahid” adlandırdı, onu peyğəmbər dövrünün məşhur
sərkərdəsi Xalid ibn Vəlidə bənzətdi və ona ordu generalı rütbəsi
verdi [127, 140].
Lakin Mücəddidinin bu addımları bir nəticə vermədi, əksinə,
onun Rəbbani və Məsudla münasibətlərini kəskinləşdirdi, eyni za-
- 99 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
manda Hikmətyar tərəfindən etirazla qarşılandı. Mayın 25-də Pa-
kistana qısamüddətli rəsmi səfərindən sonra o, bu iddialarından əl
çəkdi.
Qeyd edək ki, Əfqanıstan İslam Dövləti elan olunandan dərhal
sonra Pakistan, Səudiyyə Ərəbistanı, İran, Rusiya və Çin mücahid-
lərin hakimiyyətini rəsmən tanıdılar. Mücəddidi hakimiyyəti təhvil
alan günün səhərisi Pakistanın baş naziri Nəvaz Şərif və yuxarıda
adı çəkilən Türki əl-Feysəl Kabula gəlmiş və ona öz dəstəklərini
ifadə etmişdilər, o cümlədən, N.Şərif 10 milyon dollarlıq təmənna-
sız yardımı öz ölkəsi adından Mücəddidiyə təqdim etmişdi. Lakin
mücahidlər heç cür işlək hökumət qura bilmirdilər. Mücəddidi na-
zirlikləri Cihad Şurası üzvləri arasında bölüşdürmüşdü, o cümlə-
dən, öz qardaşını və oğlunu nazir postuna təyin etmişdi (müvafiq
olaraq, kənd təsərrüfatı və səhiyyə naziri). Lakin Mücəddidinin
hakimiyyətə gəlməsindən iki həftə sonra mücahidlərin Pişavərdəki
əsas orqanı – Rəhbərlik Şurası (Şuraye-qiyadi, yaxud Şuraye-rəh-
bəri) də Kabula daxil olmuş və müstəqil şəkildə qərarlar verməyə
başlamışdı. Əfqan tədqiqatçısı M.İ.Əndişməndin yazdığı kimi,
“dövlətin təmsilçisi və Cihad Şurasının sədri kimi Sibğətulla Mü-
cəddidinin öz qərarları və addımları vardı, Rəhbərlik Şurasının da
öz qərar və addımları. Və çox zaman bu qərarlar bir-birinə uyğun
gəlmir, hətta zidd olurdu” [127, 139]. Başqa sözlə, elə ilk çağlardan
bir növ ikihakimiyyətlilik yaranmışdı. Məsələn, Mücəddidi keçmiş
hökumət üzvlərinin əfv olunduğunu bildirsə də, Rəhbərlik Şurası
“Vətən” Partiyasının ləğv olunması, onun əmlakının müsadirə edil-
məsi, rəhbərlərinin mühakiməyə cəlb olunması, şəriətə zidd olan
bütün qanunların qüvvədən düşməsi barədə qərar vermişdi. Eyni
zamanda Şura spirtli içkilərin satışının qadağan edilməsinə, qadın-
ların hicaba riayət etməsinin vacibliyinə dair qərarlar qəbul etmiş-
di. Bütün bunların sonucu olaraq, Mücəddidi təyin olunmuş vaxt-
da – 1992-ci il iyunun 28-də hakimiyyəti Bürhanəddin Rəbbaniyə
təhvil verərkən giley-güzar və şikayətlə dolu bir çıxış etmişdi [108].
- 100 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Beləliklə, mücahidlərin hakimiyyətinin bünövrəsi qanla və ix-
tilafla qoyuldu və eləcə də davam etdi. Münaqişələrin mərkəzində
isə ambisiyaları bitib-tükənmək bilməyən İslam Partiyası lideri
Gülbəddin Hikmətyar dayanırdı. O, Kabuldan 20 km məsafədə
yerləşən Çarasiyab adlı məntəqədə özünə güclü qərargah qurdu və
vaxtaşırı paytaxtı raket-artilleriya zərbələrinə, diversiya həmlələ-
rinə məruz qoymağa başladı. İlkin mərhələdə onun tələbi bu idi ki,
Dustumun qüvvələri Kabuldan çıxarılsın, çünki o, kommunist hö-
kumətinə xidmət etmiş və mücahidlərin qanını tökmüşdür. 1992-
ci il mayın 25-də Kabulun Poli-Çərxi rayonunda Hikmətyarla Mə-
sud arasında saziş imzalandı. Gülbəddinin atəşi dayandırması və
qüvvələrini Kabuldan çıxarması müqabilində hökumət Dustumun
dəstələrini şəhərdən kənarlaşdırmağı öz üzərinə götürdü. Lakin tə-
bii ki, şimal qüvvələrini Kabuldan uzaqlaşdırmaq mümkün olma-
dı, çünki Mücəddidinin dönə-dönə dediyi kimi, “Dustum böyük
bir güc idi, topu, təyyarəsi (əlavə edək ki, xarici dəstəyi – M.M.)
vardı” [120, 63]. Bu üzdən Hikmətyar yenidən Kabulu raket atə-
şinə tutmağa başladı. Əlbəttə, döyüş təkcə Hikmətyarla hökumət
qüvvələri (Məsud və Dustum) arasında getmirdi. Mayın 31-də Ka-
bulun qərb hissəsində şiə “Vəhdət” partiyası ilə Səyyafın qüvvələri
arasında qanlı toqquşmalar baş vermişdi [111, 80].
Ümumiyyətlə, bu dövrdə İran tərəfindən dəstəklənən (köhnə
“Səkkizlik” əsasında yaradılmış) İslami Vəhdət Partiyasının ha-
disələrdə əhəmiyyətli rol alması diqqətəlayiq faktdır və dolayısı
ilə İranın artan fəallığının göstəricisidir. Pişavərdəki hakimiyyət
sövdələşmələrində yaxına buraxılmayan bu partiya Nəcibulla reji-
minin süqutu ərəfəsində Məsudla koalisiyaya girən lideri Əbdüləli
Məzarinin cəsarəti sayəsində Kabulun həzarələr (şiələr) yaşayan
bölgəsində möhkəmlənə və hakimiyyətə iddialarını ortaya qoya
bilmişdi. Əfqanıstanda “şüarların dini, əməllərin etnik məzmun-
lu” olduğunu bəyan edən Məzari həzarələrin siyasi hüquqlarının
təmin olunması, cəfəri məzhəbinin rəsmən tanınması və hakimiy-
Dostları ilə paylaş: |