Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 2,02 Mb.
səhifə22/32
tarix06.02.2018
ölçüsü2,02 Mb.
#26419
1   ...   18   19   20   21   22   23   24   25   ...   32
Partulaca L. Pərpərən (Portulacaceae) fəsiləsindən birillik ətirli tərəvəz bitkisidir (Partulaca L.). Vətəni Qərbi Himalaydan Yuna­nıstana qədər geniş bölgələrdir. Qafqazda, Orta Asiyada və Uzaq Şərqdə və Rusiyanın avropa hissəsində rast gəlinir. Yabanı halda bostanlarda, əkin yerlərində və həyətyanı sahələrdə bitir. Mədəni halda nisbətən az becərilir. Pərpərənin tərkibində zülal, şəkər, sellüloza, mineral duzlar, üzvi turşular, qlükozidlər, alkaloidlər, nisbətən çox C vitamini və provitamin A (karotin) vardır. Pərpərən qədimdən qida bitkisi kimi istifadə olunur. Bu bitki Hippokrata, Pliniyə və digər qədim dövr alimlərinə məlum idi və onlar pərpərəni müxtəlif xəstəliklərdə istifadə edirdilər. Pərpərəndən istifadə olunması haqqında orta əsr ərəb təbabətində də bir çox məlumatlar mövcuddur. Avropada pərpərən bir qədər gec məlum olmuş və ondan şorba və salatlara tamlı qatma kimi istifadə edilmişdir. Pərpərən qədimdən Qafqaz xalqlarının qidasında əsas yer tutmuş, ondan şorbaların, tünd xörəklərin hazırlanmasında tamlı qatma kimi istifadə olunmuş və sirkəyə qoyulmuşdur.

Pərpərən ət, balıq və başqa xörəklərə tamlı qatqı kimi əlavə olunur. Tərkibində karotin, C vitamini və başqa bioloji fəal maddələr vardır. Pərpərən təzə, bişirilmiş və konserv­ləşdirilmiş halda qidaya sərf edilir. Pərpərən ən çox sirkəyə qoyulmaqla konservləşdirilir. Pərpərəni sirkəyə qoymazdan əvvəl onu suyu bir neçə dəfə dəyişmək şərtilə ciddi yuyurlar. Yuyulmuş pərpərən tumurcuqlarını 3-5 dəq 90-1000C-də pörtür və suyu süzülmək üçün aşsüzənə yığılır. Yarımlitrlik bankanın dibinə bir ədəd dəfnə yarpağı və dilim şəklində doğranmış 1-2 diş sarımsaq qoyulur. Pörtülmüş pərpərəni 5-8 sm uzunluğunda doğrayır, bankalara sıx yığırlar, sonra üzərinə tərkibində 2% xörək duzu və 2% sirkə cövhəri olan marinad tökülür. Yarım­litrlik bankalar 20 dəq birlitrlik bankalar isə 30 dəq paste­rizə edilir.



Pərpərənin müalicəvi xassələri. Pərpərəndən müalicəvi məqsədlə istifadə olunması Şərq ölkələrində daha geniş yayılmışdı. Xüsusən qaraciyər, böyrək və sidik kisəsi xəstəli­yin­dən əziyyət çəkən insanların qidasında istifadə etmək məs­ləhət görülür. Lakin qantəzyiqi olan insanlar pərpərəndən çox istifadə etməməlidir. Çünki eksperiment tədqiqatlarla müəyyən olunmuşdur ki, pərpərəndən hazırlanan tinktura və həlimlər pişiklərdə damarların daralmasına və qantəzyiqinin kəskin artmasına səbəb olmuşdur. Xalq təbabətində pərpərən toxum­larından hazırlanan həlimdən istiliyi aşağı salmaq və ishala qarşı istifadə olunur. Pərpərənin təzə yarpaqları arı sancdıqda və şişlərin üstünə qoyulur. Pərpərəni həm də sinqa əleyhinə istifadə edirlər.

Ərəblər qədim dövrlərdə pərpərənlə diabet xəstəliyini müalicə edirdilər. Son illər yenidən bu üsul qanda şəkərin azal­dılması məqsədilə təcrübəvi olaraq məsləhət görülür. Pərpə­rən tinkturası orqanizmdə insulinin yaranmasını sürət­ləndirir.



Pomidor – Помидор, (томат) – Solanum licoper­sicum L. Quşüzümü (Solanaceae) fəsiləsindən olan birillik ot bitkisidir. Bir çox növ, yarımnövü və növmüx­təlifliyi vardır.

Üç növmüxtəlifliyi olan pomidor becərilir.



  1. Yüksək boyatan pomidorlar: kolu ştamsız, zoğları nazik olur, meyvə verdikdə yerə yatır. Sortlarından Rıbka-52, Cənublu-1644 və s.

  2. Ştamlı pomidorlar: zoğları qalın və bərk olur, mey­və verdikdə yerə yatmır. Sortlarından Karlik, Neva, Krasnodar, Volqoqrad və s.

  3. Determinat və ya zəif budaqlı karlik (cırtdan) po­midorlar. Sortlarından Puşkin-1853, Pervenes, Kolxozçu-34 və s. göstərmək olar.

Pomidor isti sevən bitki olduğundan, əsasən orta və cə­nub rayonlarda becərilir. Pomidorun vətəni Amerikanın tropik rayonlarıdır. Avropaya pomidor haqqında ilk məlumat XVI əsrdə məlum olmuşdur. XIX əsrin ortalarında pomidor Krımda əkilmiş və sonra Rusiyanın bütün bölgələrində becə­rilməyə başlanmışdır. Əvvəllər pomidoru dekorativ bitki kimi əkirdilər və onun meyvələri zəhərli, yeməyə yararsız olduğu hesab edilirdi. Pomidorun hər yerdə qidaya sərf olunması 1811-ci ildən sonra başlanmışdır. Məlum olmuşdu ki, İtaliyada pomidoru istiot, sarımsaq və yağla yeyirlər. Hazırda qırmızı meyvəli və sarı meyvəli pomidor sortları becərilir. Pomidoru çiy, bişirilmiş, qızardılmış, duza və sirkəyə qoyulmuş halda yeyilir. Ondan salatlar, vineqred və tamlı qatma hazırlanır. Müasir dövrdə heç bir xalqın mətbəxi pomidorsuz keçinmir. Ondan tomat-pasta, tomat-püre, tomat şirəsi, tomat sousları hazırlanır.

Pomidor nazik qabıqdan, ətli hissədən, toxum kamera­larından və toxumlardan ibarətdir. Daxili toxum kameraları çox olan pomidorlar ən yaxşı sort hesab edilir.

Pomidorun 600-ə qədər becərilən sortu məlumdur. Bun­lar biri-digərindən formasına, rənginə, üzərinin vəziyyətinə (qabırqalı), böyüklüyünə, toxum kamerasının sayı və yer­ləşməsinə görə fərqlənir.

Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər. Pomidor oval, yastı yumru və konusvarı, üstü isə hamar, ya da qabırğalı olur. Yetişməsinə görə pomidor yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və daşınan zaman da yetişə bilir. Ölçüsünə görə iri, orta iri və xırda növlərinə ayrılır. Irilərinin çəkisi 100 q-dan çox, orta irilərinki 60-100 q, xırdalarınkı isə 60 q-a qədər olur.

Kameraların sayından asılı olaraq azkameralı (2-5 kamera), ortakameralı (6-9 kamera) və çoxkameralı (10-dan çox kamera) qruplarına bölünür.

Təsərrüfat əlamətlərinə görə pomidorlar aşxana və konservlik qruplardan ibarətdir. Pomidorun aşxana sortları ən çox aşpazlıqda salatların, 1-ci və 2-ci xörəklərin hazırlan­ma­sında istifadə olunur. Bunlar şirəli və gözəl dadlıdır. Pomidorun konservlik sortları tomat-pasta, tomat-püre, tomat şirəsi almaq üçün işlədilir. Bu pomidorların tərkibində quru maddə çox olmalıdır. Sirkəyə və duza qoyulası pomidorların ətli hissəsi bərk olmalıdır.

Pomidorun tərkibində orta hesabla 93-96% su, 0,61% mineral maddə, 4%-ə qədər karbohidratlar, 0,19% yağ, 0,84% sellüloza vardır.

Pomidorun tərkibində 1,4 mq% dəmir, həmçinin K, Mg, Na, Ca, P, J və s. elementlər vardır.

Pomidorda 30 mq% C vitamini, 1,4 mq% karotin (A vitamini), B1, B2, B3, PP və P vitaminləri vardır. Pomidorda 0,4-0,6% üzvi turşu (alma, limon, az miqdarda kəhrəba və turşəng), 0,1-0,2% pektin maddəsi, kal pomidorda isə 0,3% nişasta vardır. Pomidorun acı dadı onun tərkibində olan solanin qlükozidinin miqdarından asılıdır. Kal pomidorda 4 mq%, yarımkalda 5 və yetişmişdə 8% solanin qlükozidi, boya maddələrindən karotin, likopin və ksantofil vardır. Pomidorun sortlarından Mayak, Biryu­çekut, Bazar əcayibi, Qumbert və s.-ni qeyd etmək olar. Mayak – tezyetişən, məhsuldar sortdur. Meyvəsi orta ölçülü, forması yastı-dairəvi və ya dairəvi, səthi hamar, qırmızı rəngli, xoş dadlıdır. Bu sorta yaxın pomidor sortlarından Vosxod, Donski, Birinci, Volqa tezyetişəni, Zarya, Kolxozçu, tezyetişən Moldova və Tamenes göstərilə bilər.

Morfoloji və əmtəəlik göstəricilərinə görə məhsuldar Maykop sortuna aid olan pomidorlar bir qrupda birləşdirilir. Buraya Brekodey, Opolçenes, Odessa, Hədiyyə, Sovet, Cə­nublu və s. sortlar aiddir.

Orta zonada yetişdirilən pomidor sortlarından Planlı-904, Delikates, Erliana-2, Axtubin-85, Tezyetişən, Talalixin-186, Belorus-225, Şatilov-35 və s.-ni qeyd etmək olar.

Şimal vilayətlərində pomidorun Bizon-639, Qribov-1180, Puşkin-1853, Tezyetişən-1165, Karlik-1185, Alpatyeva-905a və çoxmeyvəli Ural sortları yetişdirilir.

Son illər ədəbiyyatlarda ən çox adı çəkilən pomidor sortla­rından Krasnodar, Volqoqrad-5/95, Donetski-3/2-1, Bizon-639, Qribov və s. xarakterizə edilir. Bunlardan başqa İrimeyvəli, Ştamblı-152, Vosxod-119, Simferopol-765, Xırda­meyvəli, Malyutka, Rıbka, Kuban, Gavalıyaoxşar, Qonets və s. sortlar da vardır.

Son illərdə yetişdirilib rayonlaşdırılmış xırdameyvəli sortlardan Pridnestrov Yenisey, Maşınlı-1, Marinadlı və s. göstərilə bilər.

Bolqarıstandan gətirilən pomidor, əsasən adi pomi­dorlardan 2-3 həftə tezyetişən № 10X Bizon sortudur.

Azərbaycanda, əsasən Mayak 12/20-4, Dnestrətrafı, Vol­qoqrad 5/95, Sevimli, Şəfəq-49 və s. pomidor sortları yetiş­dirilir. Bunlardan əlavə Bizon-637, Novoçerkassk-416, Kras­nodarlı 87/23-9, Nubar-1, Peremoqa-165 və Savalan sortları da becərilir.

Pomidorun keyfiyyətinə aşağıdakı tələblər verilir. Mey­vəsi təzə, təmiz, bütöv, sağlam, kənd təsərrüfatı zərər­vericiləri ilə zədələnməmiş olmalı, forması eybəcər olma­malı, saplaqlı və ya saplaqsız, ölçüsü ən böyük diametrində 4 sm-dən az olmamalıdır. Gavalıyaoxşar və xırdameyvəli sortlarda mey­və­nin ölçüsü normalaşdırılmır. Yetişmə müddətindən asılı olaraq sa­tışa qırmızı, çəhrayı və sarı (sarı meyvəli sortlar üçün) po­midor göndərilir. Daşımaq üçün çəhrayı, boz və süd rəngli pomidorlar götürülməlidir. Satış yerinə çatdıqda partiyada 10% miqdarında (çəkiyə görə) sütül yetişmiş və zəif əzilmiş pomidorlar ola bilər.

Üzərində çatları olan və ölçüsü 4 sm-dən az olan çəhrayı və qırmızı pomidorlar yalnız tədarük və istehsal rayonunun ərazisində realizə olunmalıdır.

Səthində quru ləkə əmələ gəlmiş pomidorların miqdarı çəkiyə görə 15%-dən, diametri 4 sm-dən az olan pomidorların miqdarı 5%-dən, müxtəlif yetişkənliyə malik olanlar isə (tədarük rayonlarında) 5%-dən çox olmamalıdır.

İyul-avqust aylarında, partiyada 10% miqdarında sütül yetişmiş pomidorların, lakin tamamilə formalaşmış meyvələrin olmasına icazə verilir. Payızda satışa bozumtul-qırmızı pomidorlar buraxıla bilər.

Tomat məhsulları hazırlamaq üçün pomidorlar tam yetiş­miş, bütöv, təmiz və zədəsiz, emal üçün saplaqsız, gün vur­mamış və ləkəsiz olmalı, çatlamışların miqdarı 2%-dən çox olmamalıdır.

Sütül və yaşıl rəngli pomidorlar duza və sirkəyə qoymaq üçün tədarük rayonlarında işlədilir.



Pomidorun müalicəvi xassələri. Pomidor şirəsi susuz­luğu yatırtmaqla, həm də qidalı, xoşagələn içkidir. Bir stəkan pomidor şirəsi insanın gündəlik A və C vitamininə olan tələ­batını ödəyir. Təzə pomidor və onun şirəsi avitaminozun pro­filaktikası üçün çox yaxşı vasitə hesab olunur. Bundan başqa, pomidor şirəsi mədədə şirəqovucu təsirə də malik olduğundan qida həzmini də yaxşılaşdırır. Konservləşdirilmiş şirə də təzə pomidor kimi bioloji fəallığa malikdir.

Son dövrlərə qədər belə hesab olunurdu ki, pomidorda turşəng (quzuqulağı) turşusu çoxdur və bu, orqanizmdə duz mü­badiləsinə mənfi təsir göstərir. Ona görə pomidoru yaşlıların və qocaların qidasından çıxarmağı məsləhət görürdülər. Lakin bu fikir tamamilə səhvdir. Düzdür, pomidorda olan turşəng tur­şusu turşəngdən, ispanaqdan, kartofdan və çuğundurdan çox­dur. Lakin podaqranın inkişafına təsir edən purinlər pomidorda başqa bitki məhsullarına nisbətən azdır. Ona görə müasir dövrdə heç bir qorxu olmadan uşaqların, yaşlıların və qocaların qida rasionuna pomidoru əlavə etmək olar. Tərkibində vita­minlər və kalium olduğundan pomidor ürək-damar sistemi xəstəliklərində və maddələr mübadiləsinin pozulmasında məsləhət görülür. Pomidor zərif sellülozası ilə fərqləndiyindən mədə-bağırsaq xəstəliyi zamanı əsas qidada istifadə olunur.

Eksperiment və kliniki təcrübələr zamanı müəyyən edilmişdir ki, sürtgəcdən keçirilmiş pomidor və pomidor şirəsi irinləyən yaralarda bəzi mikroblara öldürücü təsir göstərir. Eyni zamanda, çiy pomidordan hazırlanmış sıyığabənzər məhsul sıxılmış şirəyə nisbətən daha çox antibakterial təsirə malikdir. Lakin pomidor şirəsini istifadə etmək daha rahatdır. Tibbi təcrübədə pomidor şirəsindən irinli yaraların və xoraların müa­licəsində müvəffəqiyyətlə istifadə olunması haqqında məlu­matlar çoxdur. Pomidorun bu xassəsi onun tərkibində fiton­sidlərin olması ilə şərtlənir. Pomidorun fitonsidlərinin fəallığı o qədər yüksəkdir ki, ondan bağlarda bitkilərin zərərvericiləri ilə mübarizədə də istifadə edirlər.

Porey soğanı Лук порейAllium porrum L. Zanbaq (Liliaceae) fəsiləsindəndəir. Bu soğanın baş soğanağı silindrik formada olub, bir qədər kök hissədə şişmiş haldadır. Yarpaqları sarımsaqda olduğu kimidir. Cavan yarpaqları qidaya sərf olunur, lakin qidaya, əsas etibarilə, aşağı tərəfdə olan qalın hissə daha çox işlədilir. Porey soğanı şirintəhər dada malikdir. Onu təzə, bişirilmiş və qurudulmuş halda yeyirlər. Porey soğanı antik ölkələrdə qədimdən məlumdur.

Porey soğanından çox az hallarda tibbi məqsədlər üçün istifadə olunur, lakin onun orqanizmə təsiri baş soğan kimidir. Sidikqovucu xassəsinə görə porey soğanı kökəlməyə qarşı, böyrəklərdəki daş, podaqra və digər xəstəliklərdə istifadə olunur.



RavəndРевень огородныйRheum rhaponticum L. Qarabaşaq (Faqopurumaceae) fəsiləsindən, hündürlüyü 1,5-2,5 m olan çoxillik ot bitkisidir. Kökü qısa, iri, ətli və kəsik hissədə sarı rəngdədir. Zoğları düzdür, qırmızımtıl ləkələrlə örtülmüşdür. Yarpaqları iri olub kök hissədə ətlikli çilikvarı başlıqlar əmələ gətirir. Çiçəkləri xırda olub süpürgəşəkilli hamaşçiçəkdə toplanmışdır.

Ravəndin vətəni Mərkəzi Çin hesab olunur. Oradan məşhur rus səyyahı N.M.Prijevalski onu Rusiyaya gətirmişdir. Avropaya isə orta əsrlərdə hind monax-səyyahları tərəfindən gətirilmişdir. Qərbi Avropa ölkələrində ravəndi XVIII əsrin ortalarından istifadə etməyə başlamışlar. Hazırda ravəndin müxtəlif sortları becərilir. Azərbaycanda bu bitki çox az istifadə olunur.

Qidaya, əsasən cavan yarpaqların 50-70 sm-dən çox olmayan zoğları (çiliklər) istifadə olunur. Bunun tərkibində 2,5%-ə qədər alma, turşəng və digər üzvi turşular, çox miqdarda kalium duzları, C və P vitaminləri və digər maddələr vardır. Yazbaşı orqanizm vitamin çatışmazlığı hiss etdikdə, bu zoğlar giləmeyvələri müvəffəqiyyətlə əvəz edir. Ravənd zoğlarından kisel, kompot, mürəbbə, sous və qənnadı məmulatı hazırlanır.

Uzun müddət saxlamaq üçün ravənddən püre hazırlanır. Bu məqsədlə zoğlardan sıx qabığı təmizlənir, yuyulur və xırda doğranır. Emallı qazana bir qədər su tökülüb qaynadılır, şəkər həll edilir və xırdalanmış ravənd tökülüb daim qarışdırmaq şərtilə zoğlar yumşalana qədər bişirilir və süzgəcdən keçirilib püre halına salınır. Hazır püre bankalara yığılıb ağzı bağlanılır. 1 litrlik bankaya 800 q təmizlənib doğranmış ravənd, 120 q şəkər və 100 q su götürülür. Püreni sərin yerdə saxlamaq lazımdır.



Ravəndin müalicəvi xassələri. Ravəndin yeyilən bitki kimi əsas çatışmayan cəhəti onun tərkibində turşəng turşusunun çox olmasıdır. Məlumdur ki, uşaqlar üçün bu turşunun 3-4 qramı çox təhlükəli hesab olunur. Lakin zəhərlənmə çox miqdarda ravənd qəbul edərkən baş verir. Bu isə çox nadir hallarda olur. Zəhərlənmədə xəstə tez-tez qaytarır və qıcolma baş verir.

Ravənddən tibbi məqsədlər üçün istifadə olunmasına qidadakından əvvəl başlanmışdır. Bu günə qədər ravəndin kökü və kökümsovu öz dərman dəyərini itirməmişdir. Lakin çox vaxt dər­man xammalı kimi bostan ravəndi deyil, digər ravənd növ­ləri (tanqut və ya uzaqgörən ravənd) istifadə olunur. Bunların tərkibində bioloji fəal qlükozidlər, qatranlı və rəngləyici maddələr vardır. Tannoqlikozid mədə-bağırsağa büzüşdürücü, digər antraqlükozid isə ravənd qəbul etdikdən 8-10 saat sonra işlətmə təsirinə malik olur. Işlətmə dərmanı kimi daimi qəbizlikdə köklərdən hazırlanan tozvarı məhsul (0,1-0,3 q hər dəfə), quru ekstrakt, şərbət və tinktura qəbul edilir. Bunu bağırsaqlara çox qaz toplandıqda və bağırsaqların zəif peris­taltikasında qəbul etmək məsləhət görülür. Bu preparatları 2-3 dəfə az dozada mədəni bərkitmək üçün tətbiq edirlər. Ishala qarşı istifadə olunan tannoqlikozidlər həm də antiseptik xassələrə malikdir.



Sarımsaq – Чеснок Allium Sativum. Süsən (Iridaceae) fəsiləsindən olan çoxillik tərəvəz bitkisidir (Allium Sativum). Vətəni Cənubi Asiyadır. Mədəni halda qədimdən becərilir. Sarımsaq hazırda bütün dünyada və müxtəlif xalqların kulinariyasında geniş istifadə olunur. Eyni zamanda, sarımsaq digər tərəvəzləri duza və sirkəyə qoyduqda, konserv səna­yesində və kolbasa istehsalında istifadə olunur. Kulinariyada xırda doğranmış və ya əzilmiş sarımsaq bir çox ət və tərəvəz xörəklərinə, quru (ikinci) xörəklərə, həlməşiyə (холодец), qiymələnmiş balığa və bəzi souslara əlavə edilir. Sarımsaq qidaya tünd, ədviyyəli dad və xüsusi ətir verir. Sarımsağın bu keyfiyyətini qorumaq üçün xörəyə bişmənin sonunda əlavə edilməlidir.

Sarımsağın başı mürəkkəb quruluşlu olub, bir neçə dişdən ibarətdir. Dişlərin sayı iri-xırdalığından asılıdır. Xırda­larda 3-5 ədəd, orta irilərdə 6-12 ədəd, irilərdə isə 13-25 ədəd diş olur. Hər diş öz pərdəsində yerləşir. Bütün dişlər birlikdə bir köynəyə bükülür. Sarımsaq hər başın çəkisinə görə xırda (20 q-a qədər), orta iri (20-30 q) və iri (30 q-dan çox) olur. Forması dairəvi, yastı-dairəvi, oval və s. şəklindədir. Dadına görə tünd, yarımtünd və zəif tünd olur.

Sarımsaqda 0,23-0,74% efir yağı vardır. Efir yağının əsas tərkibini allin təşkil edir. Bu kükürd tərkibli aminturşusudur. Sarımsağı əzdikdə allinaza fermentinin təsirindən həmin efir yağı parçalanaraq allisin, ammonyak və piroüzüm turşusu əmələ gəlir. Allisin maddəsi bakterisid xassəli olmaqla sarım­sağın əsas iyini təşkil edir. Sarımsaqda olan efir yağının 60%-ni allisin təşkil edir.

Sarımsağın tərkibində başqa kükürdlü birləşmələrdən allil-propil-disulfid maddəsi də vardır ki, bu da çox fitonsid xassəyə malikdir. Sarımsağın efir yağı fitopatogen mikroblara qarşı bakterisid təsir göstərir. Sarımsaqda fitonsidlər də vardır.

Sarımsaq bütöv deyil, ayrı-ayrı dişləri ilə əkilib becərilir. O, toxum vermir. Əkilməsinə görə yaz və payız sarımsağı bir-birindən fərqlənir. Payızda əkilən sarımsaq mürəkkəb (çoxdişli) baş əmələ gətirir. Onun tərkibində olan quru maddə yazda əkilənə nisbətən çox, dadlı və ətirli, həmçinin, çox tünd olur. Əkilən sarımsaq sortları 2 qrupa bölünür: tezyetişən çəhrayı sarımsaq və adi ağ sarımsaq. Sarımsaq sortlarına becərildiyi rayonun adı verilir: «Mürəkkəbdişli Krasnodar», «Soçi», «Dunqan», «Özbək», «Ağ Ukrayna», «Qribov-260», «Enli­yarpaq-220», «Vitebsk», «Odessa» və s.

Azərbaycanda «Masallı», «Ağ Şunduk» və «Enliyarpaq-220» sarımsaq sortları becərilir.

Sarımsaq təzə və sirkəyə qoyulmuş halda qidaya sərf edilir. Xörəklərə və qəlyanaltılara sarımsağı xırdalayıb qatırlar. Ondan tamlı qatqı kimi bir çox soyuq və isti xörəklərin, həmçinin, milli xörəklərin hazırlanmasında istifadə edilir. Sarımsaqdan kolbasa istehsalında da istifadə edilir. Sarımsaq xörəklərə tünd ədviyyəli dad və spesifik ətir verir.

Sarımsaq mədə-bağırsaq xəstəliklərində və ateroskle­rozda şəfaverici bakterisid dərman kimi çox əhəmiyyətlidir. Sarımsaq mədə-bağırsaq üzvlərinin şirə ifrazetmə fəaliyyətini artırır, bağırsaqda gedən qıcqırma və çürümə proseslərinin qarşısını alır və eyni zamanda, o «qurdqovucu» təsir göstərir. Sarımsaqdan spirtli «Allilsat» adlı preparat hazırlanır və müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunur.



Sarımsağın müalicəvi xassələri. Sarımsaqdan dərman bitkisi kimi istifadə olunmasını ilk dəfə Dioskorid söyləmişdir. Qədim dövrdə sarımsağı iştahanın az olması, zəifləmə, öskürək, qarınağrısı, dəri və digər xəstəliklərdə təyin edirdilər. Sonralar sarım­saqla müalicə daha da geniş vüsət alır. Ibn-Sina (Avi­senna) sarımsağı «bütün xəstəliklər»-də tətbiq etməyi məsləhət görürdü. Müasir təbabətdə də sarımsaq çoxsahəli tətbiq olunur. Onu xüsusilə qida həzmini yaxşılaşdırmaq üçün həvəslə yeyirlər. Sarımsaq iştahanı artırır, qida həzmində iştirak edən fermentlərin və ödün ifrazını artırır, qidanın yaxşı həzminə kömək edir. Sarımsaq, həmçinin, bağırsaqlardakı ağrıları aradan qaldırır və onu sakitləşdirir. O, həm də sidik ifrazını artırır, cinsi vəzilərin ehtiras fəaliyyətini yaxşılaşdırır, periferik və ürəyin qan (tac) damarlarını genişləndirir, ürəyin yığılmasını artırır və ürək ritmini yavaşıdır. Sarımsağın araqdakı tinktu­ra­sından müalicəvi vasitə kimi böyrək və sidik kisəsində daş ol­duqda, yel xəstəliyində və podaqrada istifadə olunur. Sarım­saqdan tənəffüs orqanları və dəri xəstəliklərində, bağırsaq və digər infeksion xəstəliklərdə geniş istifadə olunur. Avropada və Kubada sarımsaq yağından sarılığa qarşı istifadə olunur.

Sarımsağı tez-tez hipertoniya xəstəliyində və aterosk­le­rozda istifadə edirlər. Sarımsaq bu xəstəliklərlə müşayiət olunan başağrısı, başgicəllənmə, yuxusuzluq, zehni fəaliyyətin zəifləməsi hallarının aradan qaldırılmasına kömək edir. Belə hallarda gündə 2-3 diş sarımsaq yemək, eləcə də həmin miqdar sarımsağı mədə-bağırsağın infeksion xəstəliklərində, kolitdə və bronxitdə qəbul etmək məsləhət görülür.

Sarımsağın xaricə tətbiqi də müxtəlifdir. Sətəlcəm, bronxial astma (təngnəfəslik) və göy öskürəkdə sinəni kərəyağı və ya donuz piyi ilə qarışdırılmış sarımsaq əzintisi ilə ovxa­layırlar. Bişirilmiş sarımsaq əzintisi ilə kərəyağı və ya süddə bişirilmiş sarımsaq irinli yaraların daha tez yetişməsi və ağrılı döyənəklərin (mozol) yumşaldılması üçün yaxşı vasitə hesab olunur. Ziyil, dəmirov, ekzema və digər dəri xəstə­liklərini təzə sarımsaq əzintisi və ya şirəsi ilə müalicə edirlər. Saçları möhkəmləndirmək üçün başın dərisi sarımsaq şirəsi ilə silinir.

Sarımsağın orqanizmin infeksion xəstəliklərə qarşı müqa­vimətini artırmaq üçün istifadəsi, hətta qanlı ishal, qarın­yatalağı, vəba kimi xəstəliklərin xalq təbabətində sarımsaqla müalicə üsulları hazırda öz elmi izahını tapmışdır. Sarımsaqda çox güclü təsirə malik və tərkibində uçucu maddələr olan fitonsidlər vardır. Sarımsaqdan allisin adlı antibiotik alınmışdır. Bu, çox zəif qatılıqda belə (1:25000) bakteriyalara öldürücü təsir göstərir. Allisin sarımsağın tərkibində alliindən əmələ gəlir və suda həll olan yağlıtəhər xüsusi iyə malik mayedir. Allisin saxlanılma zamanı asanlıqla parçalanır. Sarımsağın fitonsidləri streptokokkları, stafilakokkları, tif bakteriyalarını, vəba vibrionlarını (əyri çöpşəkilli mikrob), vərəm çöplərini və digər xəstəliktörədən mikrobları öldürür. Bununla da sarımsağın və ondan hazırlanan preparatların cürbəcür (müxtəlif) istifadə edilməsini şərtləndirir.

Bir dilim sarımsağı bir neçə dəqiqə ağızda çəynədikdə bütün ağız boşluğunda olan bakteriyaları öldürür. Sarımsaq fitonsidlərinin uçucu fraksiyasını bir neçə dəfə iyləməklə qrip və angina müalicə olunur. Qripə qarşı profilaktik vasitə kimi sarımsaq əzintisini pambıq piltə (tampon) ilə buruna qoyurlar. Kliniki müşahidə nəticəsində sarımsaq fitonsidlərinin yuxarı tənəffüs yollarının iltihabı, göy öskürək, ağciyərin iltihabi və irinli prosesləri, qulağın irinli və gözün selikli qişasının iltihabı, kolit (yoğun bağırsağın iltihabı) və bakterial qanlı ishalın müalicəsində sözsüz səmərə verməsi təsdiq olunmuşdur. Təzə sarımsaq əzintisini tənzifə büküb irinli yaraya və pis sağalan xoralara qoyurlar. Belə əzintini qinikoloji təcrübədə də istifadə edirlər.

Stomatoloqlar müəyyən etmişlər ki, sarımsaq fitonsidlə­rindən istifadə olunması çürümüş dişlərin çıxarılmasından sonra baş verən ağırlaşmaların sayı 10-15 dəfə azalmışdır.

Sarımsaqdan uşaqlarda qurda qarşı vasitə kimi istifadə olunması çox geniş yayılmışdır. Bu məqsədlə sarımsaq əzintisini və ya bütöv dilimləri düz bağırsağa yeridir və yaxud da 5-8 dilim sarımsaqdan hazırlanmış ilıq həlimlə imalə edirlər.

Əczaçılıq sənayesində sarımsaqdan bir neçə müalicəvi preparatlar hazırlanır. Sarımsaq tinkturası və allilsat (sarım­sağın spirtdə hazırlanan cövhəri) bağırsağın fəaliyyətinin zəifləməsi zamanı oradakı çürümə və qıcqırma proseslərini dəf etmək üçün, eləcə də hipertoniya xəstəliyində və aterosklerozda istifadə olunur.

Sarımsağın quru ekstraktı alloxol preparatının tərkibinə daxildir. Alloxolun tərkibinə, həmçinin, heyvanın quru ödü, gicitkən ekstraktı və aktivləşdirilmiş kömür daxildir. Alloxol preparatı qaraciyərin və öd kisəsinin kəskin və xroniki iltihabında, eləcə də vərdişi qəbizlikdə istifadə olunur.

Sarımsağın şişlərə qarşı xassələri də öyrənilir. Hələ 1936-cı ildə məlum olmuşdur ki, heyvanların laboratoriya şəraitində sarımsaqla yemlənməsi onlarda xərçəng xəstəliyinin ləngi­mə­sinə səbəb olmuşdur. Son illər yapon alimləri xərçəng hücey­rələrini sarımsaq ekstraktı ilə işləyib orqanizmin bədxasiyyətli şişlərə qarşı immunitetinin artırılması məqsədilə istifadə et­mə­yin mümkünlüyünü eksperiment yolla tədqiq etmişlər. Nəticədə məlum olmuşdur ki, heyvanlara sarımsaq ekstraktı ilə işlənmiş xərçəng hüceyrələri yeridildikdən sonra, həmin hey­vanlara çoxlu miqdarda həyat qabiliyyəti olan şiş hüceyrələri ilə peyvənd edildiyindən sonra belə onlar xəstəliyə tutul­mamışlar.



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə