3
- Ata Qarabağda nə olub? Nə üçün ermənilər bizə düşmən olublar?
Adi Sovet mühəndisi olan ata, oğlunun üzünə şəfqətlə baxdı. Çay stəkanını masanın üstünə qoydu, stulun
arxasına yaslandı.
- Ermənilər Qarabağı Ermənistana birləşdirmək istəyirlər. Deyirlər, bu torpaqlar bizimdir. Əslində Qarabağ
həm qədim Azərbaycan torpağıdır, həm də, ermənilərin bu hərəkəti beynəlmiləlçiliyə ziddir. Bilirsən oğlum, mən
yenə də inanmıram ki, bütün ermənilər pisdir. İyirmi illik dostum Aşot, bütün bu söhbətlərin cəfəngiyat olduğunu
deyir.
Zaur bu cavabdan qane olmadı.
- Mən yenə də başa düşə bilmirəm - nə üçün Ermənilər Qarabağı almaq istəyir axı?
Ata gülümsündü. Təmkinlə cavab verdi.
- Çünki Qarabağ gözəl, bərəkətli yerdir oğlum.
- Bəs ora birinci bizimkilərin olub, yoxsa ermənilərin?
- Təkrar edirəm - Qarabağ tarixən bizim olub. Hələ qədim zamanlarda, qüdrətli əcdadlarımız bir gün özlərinə
böyük şərəf və ətrafı dəhşətə gətirən ad verəcəkləri bu diyara ilk dəfə ayaq basdıqları zaman: “Qara bax!... orada
qar var!” - deyə qışqırmışlar. Dağlara yaxınlaşıb, balta dəyməmiş meşələri gördükdə isə “Qara bağ!” deyə
hayqırmışlar. Doğrudan da dağların yamacları qara bir bağa oxşayırdı. Elə o zamandan bəri bu diyara Qarabağ
deyilir. Oğlum, bil ki, o diyar çox qədim və şöhrətli bir diyardır.
- Ata... Sənin dostun Aşot kimi, mənim də erməni dostum var.
- Artuşu deyirsən? Yaxşı oğlandır. Dostluğunuzda möhkəm olun. Belə mənasız dava-dalaşlar sizə mane
olmamalıdır.
Zaur başını aşağı endirdi:
- Ata... Axı məktəbdə hamı onu təhqir edir. Artuş deyir ki, deyəsən Bakıdan getməli olacaqlar. O getsə... mən
neyləyərəm?
Ata oğlunun saçını sığalladı. Övladının çəkdiyi əzab, onun ürəyinə xəncər kimi saplanırdı.
28
- Oğlum, qulaq as mənə. Heç kim heç yerə çıxıb getməyəcək. Başa düşdün? Artuş Bakıda doğulub, o bu şəhərə
aiddir. Sən onunla söhbət elə, başa sal. De ki, heç nədən narahat olmasın. Ona, ailəsinə heç kim toxuna bilməz.
Bizim millət qəddar deyil, zalım deyil. Qarabağdakı ermənilərin əməllərinə görə, buradakılar məsuliyyət daşımır...
Nə isə, ürəyini sıxma. Düzələcək.
***
Artuş isə, artıq heç nəyin düzəlməyəcəyindən son dərəcə əmin idi.
Valideynləri, qonşuluqda yaşayan xeyirxah, azərbaycanlı ailəyə qonaq getmişdilər. Bu rusdilli, köhnə bakılı ailə,
Artuşgilin taleyi üçün narahatlıq keçirirdi. Borisə, Artuşun atasına şəhərdən çıxıb getməyi, mümkünsə uzaq bir
məhəllədə bir müddət kirayədə yaşamağı təklif edirdilər. Amma Boris razılaşmırdı. Vidadi küçəsi 136 ünvanında
yerləşən evlərinin həndəvərində axşamçağı gəzişən naməlum, qara geyimli adamlar, Borisi narahat etsə də, qərarında
qəti idi.
- Mən öz şəhərimdən çıxıb gedən deyiləm. Mənə nə Qarabağ, nə də Ermənistan lazım deyil. Mən bakılı
balasıyam, Bakıda doğulmuşam, Bakıda da qalasıyam - deyirdi.
Evdə tək qalan Artuşun ürəyi, qəfəsə qapadılmış quş kimi çırpınır, yeniyetmə özünə yer tapa bilmirdi.
Gödəkcəsini əyninə keçirib, bayıra çıxdı. Şəhərin küçələrinə, binalara, insanların üzünə - bütün bunları sanki son
dəfə görürmüş kimi - acgözlüklə baxırdı. Azmı gəzmişdi, velosipedlə aşındırmışdı, top oynamışdı, şüşə qırmışdı bu
küçələrdə? İndi isə bu şəhərə ən yad adam idi Artuş. Bu özgəliyi qanıyla, canıyla hiss edirdi.
İçəri Şəhərə qədər piyada gəldi. Zaurgilə getmək, onu və ailəsini narahat etmək istəmirdi. Qədim şəhərin
dolanbaclı küçələri ilə addımlayıb, Qubernator bağına gəlib çıxdı.
Sevirdi bu bağı. Burada nadir, görünüşləri qəmli ağacların altında, daş döşənmiş cığırlarda gəzməkdən
doymurdu. Sağda uzanıb gedən qədim qala divarı boyunca on dəqiqəyə yaxın gəzişdi. Yorulanda ağacların
arasında düzülmüş skamyalardan birinə oturdu. Palma ağaclarının arasından batan günəşin qırmızımtıl şüaları
süzülürdü. Gümbəzli çayxananın qarşısındakı nəhəng hovuzlu fəvvarə işləmirdi. Anaları ilə bağda oynamağa gələn
körpələr, hovuzun içinə xırda daşlar atır, özləri üçün seçdikləri hədəfi vuranda, sevinərək əl çalırdılar.
Solğun günəş, boz qala divarına işıq saçır, Artuşun arxasındakı ağacların kölgələri getdikcə uzanırdı.
Batan günəşin parıltısında Zaurun siması durdu gözlərinin qabağında.
Zaur... bu ad, onun üçün ən gözəl Azərbaycan adıdır. Dünyada ən sevdiyi addır. Zaurun əsmər, xoş sifətindəki
uzun qara kirpikləri altında, gülər, qığılcım saçan ala gözləri var. Belə nəşəli, həm də çoxbilmiş gözlər yalnız
azərbaycanlı oğlanlarda olur. Nazik, hilal qaşlı Zaurun profili, qədim Yunan tanrılarının profilini xatırladırdı Artuşa.
Ancaq onun kimi bir oğlan, əsrarəngiz və anlaşılmaz antik Yunan mədəniyyətinin simvolu olan tanrılara
bənzədilə bilərdi.
Əsən xəzrinin ağaclardan qopardığı yarpaqlar havada uçuşaraq, yerdəki xəzana qarışırdı. Artuş sevgi ilə, dərin
bir ehtirasla tamaşa edirdi bu mənzərəyə. Gözlərini yumdu. Yuman kimi də, arxasında şən gülüş eşitdi:
- Sevgilisini gözləyən cəngavər, deyəsən yuxuya gedib!
Yerindən sıçradı. Zaur düz arxasında dayanmışdı. Əynində lacivərd rəngli seksual məktəb forması vardı.
Boynundakı qırmızı pioner qalstuku, dodaqlarının rəngindəydi. Bu dodaqları öpmək, dişləmək, qanatmaq keçdi
içindən. Amma burada, insanların tünlük olduğu bir parkda bunu edə bilməzdi.
- Sən məni necə tapdın?
- Gəzə, gəzə gəlib çıxdım bura.
Zaur onun yanına oturaraq, əlini Artuşun çiyninə qoydu. Artuşun nəmli gözlərində əndişə, həyəcan və şübhə
oxunurdu.
- Evdə darıxdım. Atamla xeyli söhbət elədik.
- Nə barədə?
- Qarabağdan, ermənilərdən... Konkret olaraq səndən.
- Məndən?
- Bəli, səndən. Atam sənin haqqında yaxşı fikirdədir. Deyir dostluğumuzda möhkəm olmalıyıq. Heç nəyə fikir
verməməliyik.
Zaur son cümləni gülə-gülə dedi. Artuş da gülümsündü.
- Nə deməsini gözləyirdin? Sevginizdə möhkəm olun deməliydi?
Zaur qəşş edib güldü. Artuşun çiynini çimdiklədi.
- Axmaq-axmaq danışma. – Ətrafına baxdı. – Eşidən olar. Yazıq kişi, xəbər tutsa ürəyi partlayar.
Artuş başını buladı:
- Gec-tez onsuz da öyrənməyəcək?
Zaur əlini Artuşun çiynindən çəkərək, əsəbi halda:
29
- Sən dəli olmusan? Nə öyrənməsi?!
- Sakit ol. Ehtimaldan danışıram.
- Heç ehtimaldan da danışma. Lazım deyil.
- Amma onu da bil ki, insanların çoxu mavilərin xoşbəxtliyinə paxıllıq edir və onları bundan ötrü
cəzalandırmağa can atır. Adi paxıllıqdan gedir söhbət. Nə isə... Atan daha nə dedi?
- Dedi hər şey yaxşı olacaq. Bakıdakı ermənilər heç bir yerə çıxıb getməyəcəklər. Onlara heç kəs əl vura
bilməz. Onlar Azərbaycan vətəndaşlarıdır. İllərlə duz-çörək kəsmişik.
Artuş Zauru ilk dəfə görürmüş kimi, yabançı gözlərlə baxdı ona. Ayağa qalxdı. Acı-acı gülümsəyərək,
ayaqqabı ucları ilə yarpaqları eşələdi. Zaurun qabağında var-gəl edə-edə:
- Sən dəli olmusan Zaur? – dedi.
- Bunları mən yox, atam deyir. Demək istəyirsən atam dəlidir?
- Atana dəli deyən yoxdur. Amma o mənim qədər, bizim qədər faciənin nə qədər yaxın olduğunu bilə bilməz.
Ola bilsin onun ermənilərlə həqiqətən problemi yoxdur. Amma bizim küçəmiz, - deyərək Artuş əlini parapet tərəf
uzatdı, - səhər-axşam qəribə görünüşlü adamlarla dolub-daşır. Gəlirlər, gedirlər, bilmək olmur nə axtarırlar, kimi
soruşurlar. Qara dəri gödəkcələrdə gəzirlər. Üzlərindən nifrət, gözlərindən qəzəb yağır. Anama söz atıblar dünən,
eşidirsən? Anama!
Zaur da ayağa qalxdı. Onu qolundan tutub silkələdi.
- Özünə gəl! Nə qışqırırsan? İki-üç avara, tüfeyli məhəllənizdə gəzişir deyə, evinizi-eşiyinizi atıb qaçacaqsınız?
Bura sənin şəhərindir. Sən bura aidsən. Bakısız yaşaya bilməzsən. Bu dənizin ətrini unuda bilməzsən.
- Sən çox şeyi bilmirsən hələ. Küçəmizdəki azərbaycanlı uşaqlar arxamca “götverən”, “qəhbə oğlu”, “erməni
iti” qışqırırlar. Addımbaşı təhqir edirlər. Halbuki dünənə qədər mənimlə dost idilər. Bir-birimizin velosipedlərini
sürürdük, futbol oynayırdıq bir yerdə. Şixov çimərliyinə gedərdik, qarpız yeyərdik...
- Amma sənin gördüklərin, Ermənistanda azərbaycanlıların başına gətirilən oyunların yanında heç nədir!
Artuş sağ ayağı qabaqda, sol ayağı arxada donub qaldı. Elektrik cərəyanına qapılmış kimi, gözlərini iri açdı.
Ağzı aralandı. İnci kimi dişlərinin arxasında zərif, çəhrayı dili hərəkətsizdi. Nəmli gözlərindən yaşlar sel kimi
axmağa hazırdı. Handan-hana özünə gəlib, əli ilə alnını tutdu.
Zaur da ən az onun qədər pərt olmuş, özünü itirmişdi. Halsızca skamyaya çaxıldı. Başını aşağı endirib:
- Üzr istəyirəm, - dedi.
Artuşun boğuq səsi çox uzaqdan, quyunun dibindən duyuldu:
- Nə üçün?
- ...
- Bəlkə də sən haqlısan.
- Artuş mən...
- Sus! İkiüzlülük eləmə. Sən bu cür düşünürsən. Həmişə belə düşünmüsən. Deməli sinifdə müdafiəmə
qalxanda, qeyri səmimi idin! Bilə-bilə ki, sizinkilərə Ermənistanda zülm edilir, sən aramızdakı münasibətə görə,
Səməd Faiqoviçə başqa hava oxuyurdun.
- Mən indi də sözlərimin arxasındayam. Atam deyir ki...
Artuş onun sözünü kəsdi:
- Atanın nə dediyi məni maraqlandırmır. Sənin öz fikrin yoxdu? Sən özün görmürsən nələr baş verir?
Stepanakertdə, Ağdamda qan axıb. Sən nə danışırsan!
Zaur ayağa sıçradı:
- Bəli axıb. İndi nə edək? Mən dediyimin üstündəyəm! Ermənistanda, Qarabağda nə olursa olsun, buradakı
Ermənilərə heç kəs pislik etməyəcək. Bizim xalqımız buna qadir deyil! Sizin nə günahınız var axı!?
- Sən bu qədər sadəlövh idin? Sən bu qədər gözləri kor adamdın? Nə danışırsan? Nə xalq? Nəyə qadir deyil?
Artuş səsini get-gedə ucaldırdı. Üç skamya sağda oturan qadınlar, əl-qollarını ölçə-ölçə sözləşən iki
yeniyetməyə tərəf boylandılar. Parkda oynayan uşaqlardan birinin topu, gillənərək Zaurun düz ayağına tərəf gəldi.
Topun dalınca qaçan yupyumru, əsmər qız uşağının əynində açıq yaşıl rəngdə nazik palto, başında ağappaq
toxuma papaq vardı. Papağın qulaqcıqları gülməli tərzdə sağa-sola sallanır, uşağı yeni-yeni gəzməyi öyrənən
dovşan balasına oxşadırdı.
Zaur gülümsəyərək əyilib yerdən topu götürdü. Sallağı oturub, ona yaxınlaşan qıza nəvazişlə:
- Adın nədi quzum?
- Gülbahar.
- Sənin anan-atan hanı?
- Baaax orda oturublar.
Qız fəvvarənin obiri tayındakı skamyalardan birində oturan gənc valideynlərini göstərdi.
- Al topunu, çox uzaqlara qaçma yaxşı? Ananın-atanın yanında oyna.
30
Sonra özü də bilmədən nə üçün, qızın yanağından öpdü.
Bayaqdan Zaurun qəribə davranışlarını maraqla izləyən Artuş, qız topunu bərk-bərk qucaqlayıb qaçandan
sonra soruşdu:
- Nə olub sənə? Ata olmaq xəyalına düşmüsən?
- Boş-boş danışma. Uşaqları sevirəm. Lenin də uşaqları çox sevərdi.
Artuşu gic gülmək tutdu. Qırıq-qırıq qaqqıldadı:
- Lenin nədi? Lenin kimdi? Özü də o qalstuku hələ nə qədər boynunda gəzdirəcəksən? Sən evdən gəlmirsən?
Niyə çıxarıb atmamısan onu? Başın xarab olub?
Zaur incimiş əda ilə təzədən skamyaya oturdu.
- Sənə qalmayıb. Xoşum gəlir taxıram. Özü də nə dikilmisən başımın üstündə? Keç otur da!
Artuş gülməyinə ara vermədən Zaurun yanına oturdu. Əlinin onun dizi üstə qoydu.
- Məndən incimisən? Buna haqqın yoxdu. Mən sənin nə qədər dərin, ağıllı, ürəyi sevgi ilə dolu insan olduğunu
bilirəm. Hətta sənin qədər xeyirxah, təmiz niyyətli ola bilmədiyimə görə, özümdən zəhləm gedir.
- Sən nə danışırsan? Nə sayıqlayırsan? Mənim haram ağıllıdır, sevgi ilə doludur?
Artuş Zaura göz vurub hovuzun o tayına işarə etdi:
- Elə bilirsən o qız uşağı ilə niyə bu qədər çənə döydüyünü anlamadım?
Zauru maraq bürüdü.
- Niyə?
- Aramızdakı söhbət böyüməsin, bir-birimizə ağır sözlər deməyək, xətrinə dəyməyək deyə, sən o qızın topunu
qaytarma işini uzadıb, uşağa tərbiyə verməyə, özünü əsl “papaşa” kimi aparmağa başladın.
Zaurun mənalı baxışları aşiqinin sifətində gəzişdi. İndi hər ikisinin könlündən bircə arzu keçirdi – vəhşi kimi
öpüşmək, sevişmək, həzzin zirvəsinə çatmaq.
- Çox qəribədir Artuş...
- Nədir qəribə olan?
- İndi bizim düşmən olmağımız tələb olunur, elə deyilmi?
Artuş çiyinlərini çəkdi:
- Yəqin ki, elədir.
- Onda belə çıxır ki, iki kişinin əllərinə silah alıb bir-birilərini müharibədə öldürməsi adi haldır. Lakin onların
bir-birilərini sevməsi... anormal haldır.
...
Fəlakət sürətlə yaxınlaşırdı.
***
1989-cu ilin dekabr ayının ortaları idi. Sevgililərin Qubernator bağında görüşməsinin üstündən heç bir ay
keçməmişdi.
Məktəblərdə dərslərin qurtarmasına az qalırdı. Cəmi bir həftə sonra şagirdlər qış tətilinə çıxmalıydılar.
Məktəbin divarları da küçədəki ayazlı hava tək soyuq, buzlu idi. Sinfin pəncərələri çöl tərəfdən buzlu naxışlarla
bəzənmişdi. Havası və nəfəsi buzlu olan şəhərin yeganə bəzəyi idi pəncərə naxışları.
Əslində bu günlər ərzində çox şey baş vermişdi. Məktəbə yeni müdir təyin olunmuş, Azərbaycan dili müəllimi
Səməd Faiqoviç 134 saylı məktəbə göndərilmişdi. Ermənilərə çəpəki baxanların sayı isə nəinki azalmış, hətta
ikiqat çoxalmışdı. Əvvəllər beynəlmiləlçiliyi, tolerantlığı ilə tanınan müəllimlər belə, indi ermənilərə qarşı dözümsüz
olmuşdular. Ermənistandan və Qarabağdan qovulan qaçqın və məcburi köçkünlərin də sayı şəhərdə günbəgün
çoxalırdı.
Bakı qanlı hadisələrə hamiləydi.
Sinifdəki divar təqvimi 1989-cu il, dekabr ayının 25-i, bazar ertəsi gününü göstərirdi. Artuş ötən həftənin son
iki gününü dərsə gəlməmişdi. Onu hər gün sıxışdıran, gözümçıxdıya salan Kamran və sinifdəki digər
vətənpərvərlər qələbələrini qeyd edirdilər. Son ana qədər müqavimət göstərən, dərslərini buraxmaq istəməyən
Artuş məğlub olmuş, onu müdafiə etməyə, hər gün təhqir eşitməyə gücü qalmayan Zaur da, arxasından atılan
atmacalara reaksiya verməz olmuşdu. Ailəsi Artuşun məktəbə getməmək barədə qərarını dəstəkləyirdi. Nəinki
məktəbə getmək, ona küçəyə çıxmaq, Zaurla görüşmək də qadağan edilmişdi. Ermənistanda evləri qəsb olunan,
yaxınları diri-diri yandırılan, qətlə yetirilən azərbaycanlılar Bakıya, Sumqayıta axın etmişdilər və intiqam atəşi ilə
yanırdılar.
Bakı qanlı hadisələrə hamiləydi.
31
1990-cı ilin 13 yanvar günü, Zaur İçəri Şəhərdəki evində, hər bir şeydən xəbərsiz, Edqar Berrouzun “Boksçu
Billi” əsərini oxuyur, baş qəhrəmanın dəyanətinə, əzminə və cəsarətinə heyran qalırdı. O dəqiqələrdə isə,
Artuşgilin Vidadi küçəsi 136 ünvanındakı evlərinin qapıları, özlərini Xalq Cəbhəsi adlandıran qara dəri gödəkcəli
qızlar və oğlanlar tərəfindən sındırılırdı. Nəhayət qapı altı vətənpərvərin güclü təzyiqi qarşısında tab gətirməyərək,
evin içinə aşdı. Amma vətənpərvərlər evdə axtardıqlarını tapa bilmədilər. Artuş və valideynləri qonşuluqdakı
kosmopolit, rusdilli azərbaycanlıların evində gizlənmişdilər. Dəri gödəkcəli vətənpərvərlər evdə erməni tapmayınca
qab-qaçağı, pəncərələri sındırmağa başladılar. 10 dəqiqə ərzində haradan gəldikləri məlum olmayan iyirmidən
artıq qadın və kişi evin içinə doluşmuşdu və kimin əlinə nə keçirdisə daşıyıb aparırdı – televizor, soyuducu, video,
paltaryuyan maşın, yorğan-döşək, mebel bir-bir öz doğma mənzillərini, gerçək sahiblərini tərk edib gedirdilər. Ev
bir göz qırpımında boşaldı. Bircə heç kəsə lazım olmayan və ayaqlar altında əzilən yüzlərcə kitabdan başqa. Sınıq
pəncərələrdən içəri dolan buzlu külək, cırılan Dostoyevski, Qoqol, Mayn Rid, Cek London səhifələrini qanadlarına
alaraq onları rəqsə dəvət edirdi. Bom-boş, iri otaqda ahənglə dövrə vuran səhifələrdən bəziləri pəncərələrdən küçəyə
uçaraq divarlara, ağaclara, əllərində qənimət əşyalarla evlərinə tələsənlərin xoşbəxt və həyəcanlı sifətlərinə
yapışırdı.
Artuş və valideynlərinin gizləndiyi evin sahibi, əlli yaşlı Rüstəm küçədə dayanıb siqaret çəkir, onlarla evin
qapısından qucaq dolusu qənimətlə çıxan müharibə qurbanlarına və münaqişə fürsətçilərinə ürək ağrısı ilə tamaşa
edirdi. Siqaretin kötüyünü yolun ortasına ataraq evinə qayıtdı.
Artuşun anası Arşalyus səssizcə ağlayırdı. Boris onu sakitləşdirməyə çalışır:
- Biz təhlükəsiz yerdəyik. Narahat olma. Hadisələr yatışsın, problemsiz çıxıb gedəcəyik - deyirdi.
- Mən bilirdim. Bilirdim ki, Sumqayıt hadisələri burada da təkrarlanacaq. İlahi bu nə müsibətdir!..
Artuş isə olduqca soyuqqanlı, rahat görünürdü. Gözlərini qıyaraq anasına, atasına baxır, Rüstəmin təsəlli
sözlərini eşitmirdi. Birdən kişinin sözünü kəsərək soruşdu:
- Evimizdə nə oldu?
- Artuş... Əsas odur ki...
- Rüstəm əmi, evimizdə nə oldu?
- Hər şeyi götürüb apardılar. Yəqin ki, heç nə qalmadı.
Bunları bir nəfəsə dedi.
Rüstəmin cavabını eşidən Arşalyus çığırıb, daha bərkdən ağlamağa başladı. Boris arvadının əllərindən tutdu:
- Sakit ol. Mal dərdinə düşmüsən? Özümüz ki, sağ-salamatıq. Pulları, qızılları götürmüşük onsuzda.
- Bəs mənim markalarım?
Hamı üzünü Artuşa çevirdi. Anası da göz yaşlarını əlinin tərsi ilə silərək, heyrətlə oğluna baxdı. Səkkiz
yaşından filatelistliyə başlamışdı Artuş. Zaurla onun ən sevdikləri məşğuliyyət idi marka yığmaq. Bu, hobbidən
ziyadə, artıq həyat tərzinə çevrilmişdi onlarda. Zaurun ona hədiyyə etdiyi əlliyə yaxın marka yadına düşdükcə,
oğlan daha da sınıxır, özünə yer tapmırdı.
Rüstəmin həyat yoldaşı Mehparə oğlanın yanına oturaraq:
- Sənin hələ çoxlu markaların olacaq Artuş, - dedi.
- Mənə öz markalarım lazımdır.
Rüstəm oğlana yaxınlaşıb əlini onun çiyninə qoydu:
- İstəyirsən gedim baxım, inanmıram onlar kiməsə lazım olsun. Hara qoymuşdun markaları?
Boris ayağa qalxdı:
- Rüstəm dəli olmusan, nədi? Hara gedirsən? Onsuz da gözləri su içmir səndən.
Rüstəm acı-acı gülərək Artuşun başını sığalladı:
- Bizim gənc filatelistimizə markaları lazımdır. Mən getsəm heç nə olmaz. Bəlkə də onlardan biri olduğum,
evdən nəsə aparmaq istədiyim üçün, mənə hörmət edərlər.
- Belə zarafat eləmə Rüstəm, - dedi Boris və oğluna yaxınlaşdı, - Sən də yaddan çıxart markaları. Camaatı
zibilə salma.
- Mən markalarımı istəyirəm!
Gözləri dolmuşdu, dolğun dodaqları titrəyirdi. Ağlamağa hazır idi. Oğlunun bu halına dözə bilməyən Arşalyus,
ərinə yalvardı:
- Qurban olum sənə, birtəhər tapaq onları. Bilirsən markaları onun üçün nə qədər əzizdir.
Rüstəm qərarlı addımlarla qapıya tərəf yeridi:
- Bu saat gəlirəm.
Paltosunu geyinə-geyinə:
- Artuş, marka albomların evin harasındaydı?
Artuş xəcalət çəkərək, üzr istəyirmiş kimi:
- Qonaq otağındakı kitab şkafının üstündə. Üç albomu üst-üstə yığmışdım.
32
- Əla! İndi gətirərəm, - sonra da otağa boylanıb əlavə elədi, - Qadınlar da mətbəxə keçib, yemək hazırlasalar
pis olmaz.
Bir neçə dəqiqə əvvəl evlərini, hər şeylərini itirən insanlara təsəlli verməyə, sanki bir az sonra bayram süfrəsi
arxasında toplanacaqlarmış kimi, qadınlara yeyib-içməklə bağlı optimist təlimatlar verməyə çalışan bu geniş qəlbli
insanın atmosferi yumşaltmaq cəhdləri, doğrudan da təqdirə layiq idi.
Küçəyə çıxıb dərindən nəfəs aldı. Ciyərlərinə dolan buzlu hava başını fırlatdı. “Siqareti təcili atmalıyam”
düşündü və bir siqaret yandırdı.
Yolu keçib sol səki ilə iyirmi metr addımladı, üç mərtəbəli evin hündür qapıları qarşısında dayandı. İçəri
qərarsız girdi. İkinci mərtəbəyə qalxıb aralı qapıdan evin içinə boylandı. İçəridən səslər gəlirdi. Siqaretini
söndürdü, qapını bir az da aralayıb mənzilə girdi.
Dəfələrlə olmuşdu bu evdə. Dəfələrlə Borislə konyak, şərab içib səhərə qədər nərd oynamışdılar. Arvadları da
dəfələrlə onlara dünyanın ən ləzzətli yeməklərini bişirib, erməni, rus və azərbaycan dillərində mahnılar
oxumuşdular. İndi bu buzlu ev ruhsuz və tənhaydı. Qonaq otağına yaxınlaşdıqca, qapının arasından süzülən işığı
gördü. Səslər daha aydın eşidilirdi artıq.
Kişi pəncərənin kənarında dayanmış, siqaret çəkirdi. Qadın isə diz çöküb, parketin üzərinə səpələnmiş kağızkuğuzu,
kitabları eşələyirdi. Kişi siqaretin külünü yerə çırpa-çırpa, tənbəlcə dilləndi:
- Aaaz orda dokument nə gəzir? Aparıblar yüz faiz.
- Ay Qərib, dokumentsiz necə olacaq?
Kişi cavab vermək üçün ağzını açmışdı ki, Rüstəmi gördü.
- Nə lazımdı qardaş? Heç nə qalmayıb. Evi də biz tutmuşuq.
Rüstəm otağa keçdi. Qadın ayağa qalxaraq üstünü çırpdı. Bir ərinə baxdı, bir Rüstəmə. Sonra sifətini
ciddiləşdirdi, ərinin sualını təkrarladı:
- Nə lazımdı ay qardaş?
- Mənə? Eeee, kitablara baxmağa gəlmişəm.
Kişi qəşş edib güldü. Arvadına baxdı. Bir yerdə gülməyə başladılar. Gülməkdən gözləri yaşaran kişi, Rüstəmə
yaxınlaşdı.
- Kitabı neynəyirsən? Camaat mebel aparır, televizor aparır. Ara küçələrdə istəmədiyin qədər erməni evi qalıb.
Rüstəm sifət ifadəsini dəyişdirmədən təkrar elədi:
- Mən ancaq kitablarla maraqlanıram.
Arvad ərinə döndü:
- Ay Qərib, aparsın da kitabları, nəyimizə lazımdır? Lap yaxşı.
- Aaz mən nə deyirəm, aparsın da.
Özünü tuta bilməyib yenə güldü.
- Biz də... biz də bura gələndə bu kağız-kuğuzdan başqa heç nə qalmamışdı. Mənim çoxdandan bəxtim
gətirmir. İki küçə o yanda Sisian qaçqını dörd otaqlı dolu evə girdi. Top vursan dağılmaz. Bizə isə bomboş ev
qismət oldu, - sifətini ciddiləşdirib dedi, - Boş ev də qənimətdi. Orda-burda qalmaqdan ki, yaxşıdı.
Rüstəm otağın hər tərəfinə dağılmış yüzlərlə kitabın ortasına çökərək, onların arasında marka albomlarını
axtara-axtara soruşdu:
- Siz hardansınız ki?
- Masisdən.
Rüstəm başını qaldırıb diqqətlə kişinin üzünə baxdı.
- Ermənistandan?
- Başqa harda Masis var? Hə, Ermənistandan.
Rüstəm təzədən kitablar arasında eşələnməyə qoyuldu.
- Bakıda harda qalırdınız?
- Krupskidə bir ev tutmuşduq. Sağ olsun yiyəsi bir qəpik pul almadı məndən. Üç uşağımla bu qışın soyuğunda
qalacaqdım küçələrdə.
Arvad ərinin sözlərinə əlavə elədi:
- Erməni binamusları, gör Bakıda hansı evlərdə yaşayıblar. Oğraşlar evimizə od vurdular, qardaşımın ailəsini
öldürdülər. Körpə uşağına da yazıqları gəlmədi.
Rüstəm albomlardan birini taparaq sevindi. Onu bir kənara qoydu, axtarışlarını davam etdirdi:
- Bayaq eşitdim nəsə dokument axtarırdınız. Nə dokumentidi o elə?
Kişi təzə siqaret yandırıb, gözlərini qıydı.
- Yaman sual verirsən ha, əmi oğlu.
- İstəmirsən söhbət eləməyək. Elə belə sual verdim də. Bəlkə bir köməyim toxunar sizə.
33
- Mənə dokument zad lazım deyil. Arvad deyir ki, madam bu evə köçürük, gərək sənədləri də əlimizdə olsun.
Sənədi neynirəm!? Erməni məni evimdən didərgin salıb, uşaqlarımın üçü də qorxudan indiyə qədər yata bilmirlər,
xəstəlik tapıblar. Masisdə millətimə divan tutub bu dəyyuslar. Hələ mən Sisiandan danışmıram. İndi mən, bu
erməni köpək uşaqlarının evinə sənədlə girməliyəm? Bu ev daha mənimdi! Qurtardı getdi. Kimin götü çatır, gəlib
alsın əlimdən bu evi. Murdar köpək uşaqları, bunların Bakıda yaşadığı evlərə bax!
Kişi otağa göz gəzdirdi. Başını bulaya-bulaya əlavə elədi:
- Məndən artıqdı ermənilər? İndi Bakının mərkəzindəki bu üç otaqlı mənzildə mən yaşayacağam. Ailəm
yaşayacaq!
Kişi son cümləni elə qətiyyətlə dedi ki, sanki yerdə tozlu kitablar arasında qurdalanan adam, onu bu evdən
qovmağa gəlmişdi.
Rüstəm albomlardan birini də taparaq, birincisinin üstünə qoydu. Bu anda, qadın kitabların üstünə basa-basa
Rüstəmə yaxınlaşdı.
- Nə axtarırsan ay qardaş?
- Dedim axı – kitab.
Qadın əyilib albomlardan birini götürdü. Açıb baxdı. Əri də ona yaxınlaşıb çiyninin üstündən markalara göz
atdı.
- Qardaş bunun harası kitabdı? Sən də az aşın duzu deyilsən ha!
Övladı olmayan Rüstəm, köks ötürərək yalandan dedi:
- Oğlum marka yığır. Gördüm burda markalar var, fikirləşdim birinci onları tapım.
Arvad albomu bağlayıb yerinə qoydu. Kişi siqareti sınıq pəncərədən bayıra vıyıldadıb qətiyyətlə soruşdu:
- Kitabları da aparacaqsan?
Rüstəm başını qaldırdı. Göz-gözə gəldilər.
- Narahat olma. Sabah maşın çağırtdırıb, hamısını apararam. Bircə dənə də qalmayacaq.
- Ay sağ ol. Allah köməyin olsun. Allah balalarını saxlasın. Canımızı qurtar bu zir-zibildən. Onda biz silibsüpürməyə
obiri otaqlardan başlayarıq. Hələ gərək mebel tapaq. Mətbəxdəki sınıq-salxaq mebellərdən başqa, evdə
bir çöp də qoymayıblar.
Rüstəm pəncərənin altındakı kitab yığınının arasından üçüncü albomu da taparaq ayağa qalxdı. Dizlərinin
tozunu çırpdı. Albomları qoltuğunun altına vurub:
- Xudahafiz - dedi. – Sabah gəlib bütün kitabları aparacağam. Onları atıb eləməyin.
Kişi Rüstəmin əlini sıxıb, sevincək:
- Ay sənə qurban olum, dedi. - Biz bilmirik məgər kitab nədir? Kitabı atmaq olar? Prosto indi kitab oxumaq
vaxtı deyil. Ailəmi, uşaqlarımı yerbəyer eləməliyəm. Gəl apar onları, sən allah.
Rüstəm son dəfə boş otağa göz atıb, mənzili tərk etdi. Küçəyə çıxıb yolu keçdi. Evinin qapısını açanda, içinin
fərəhlə dolu olduğunu hiss etdi. Çətin vəzifənin öhdəsindən gəlmiş adamın rahatlığı, arxayınlığı vardı ürəyində.
Artuş onu görüb, fişəng kimi ayağa sıçradı. Qaça-qaça Rüstəmə yaxınlaşdı. Əlindən albomları aldı, bir-bir
səhifələrini yoxladı. Markaların biri də itməmişdi. Gənc filatelist minnətdarlıq dolu gözlərlə baxdı qonşusuna.
Qucaqlayıb yanağından öpdü onu. Mehparə oğlana yaxınlaşıb başını sığalladı.
- Gördün Artuş, markaların da gəldi.
Sonra ərinə baxdı:
- Nə gec gəldin ay Rüstəm.
- Axtarıb tapmaq xeyli vaxt aldı. Kitabların hamısı yerdədi. Onların arasından tapdım.
Arşalyus boşqabları masanın üstünə düzürdü. Rüstəmin kitablarla bağlı dediklərinə sakit reaksiya verdi:
- Onsuz da onların acığına, hamısını oxumuşuq. Bundan sonra, istəyirlər lap od vursunlar kitablara.
Qadın bunları deyib, öz sözlərinə güldü. Evdəki hər kəs ona qoşuldu. İnanılmaz bir mənzərə yaşanırdı evdə.
Bakını ən qısa zamanda tərk etmək barədə düşünən ermənilər və onlara evlərində sığınacaq verən kiminə görə
mərhəmətli, kiminə görə isə xain azərbaycanlılar ürəkdən gülür, şəhərdə baş verən ağlasığmaz hadisələrin acığına
şənlənirdilər.
Boris albomlarını əzizləyən oğlunun qulağına əyilib sakitcə soruşdu:
- Zaurla danışmaq istəyirsən? Zəng vuraq ona?
- İstəmirəm. Hər halda lazım bilsəydi, burada, yanımda olardı. Şəhərdə nələrin baş verdiyini o bilmir məgər?
Qadınlar yeməkləri, salatları masanın üstünə düzdükdən sonra, Mehparə əl çalaraq ev əhlini yeməyə dəvət etdi.
- Hər şey hazırdır. Buyurun süfrəyə. Köhnə yeni ilimiz mübarək.
***
34
Zaurun valideynləri şəhərdə baş verən qırğınlardan xəbərdar olsalar da, bunu oğullarından gizlətdilər. İçəri
Şəhəri qəribə bir sükut təhdid edirdi.
Gecənin dərin qatında, kitabını bağlayıb otağının işığını söndürən Zaur, çarpayısına uzandı. Buludlar arxasında
gah gizlənən, gah çöhrəsini göstərən bədirlənmiş aya tamaşa elədi. Qarşıdakı binaların arxasından təpəsi görsənən
əfsanəvi Qız qalasının siluetinə baxdı. Qalanın arxasında baxışları tamamən sönük qurğuşun rəngli, anlaşılmaz
Xəzər dənizi uyuyurdu. Onun da arxasında Əhmədlinin, Zığın sayrışan işıqları Zaura göz vururdular. Bu mənzərə
dünyanın ən gözəl mənzərəsi idi onun üçün. Zaur bu düz dənizi, İçəri Şəhərin yastı damlarını, bu qədim şəhəri çox
sevirdi. Amma bu sevgi, bir erməniyə aşiq olmağa mane olmurdu ona.
Artuşu düşündü. Neçə vaxt idi ki sevişmirdilər. Buna imkan tapmırdılar. Əli qeyri ixtiyari olaraq yorğanın
altına sürüşdü. Sərt dəmirağacını sıxdı. Gözlərini yumaraq sevgilisinin qoxusunu hiss etməyə, dodaqlarının nəmini,
badam gözlərindən gillənən duzlu damlaların tamını duymağa çalışdı. Körpə budağından fışqıran şirə ovucuna,
qarnına, göbəyinə dağılıb, yorğanı islatdı. Ovucuyla şirəsini toplayan Zaur, əlini çarpayının altına bir neçə dəfə
sürtdü. İndi artıq şirin yuxuya gedə bilərdi.
Narahat Bakı isə, özünü daha böyük faciələrə hazırlayırdı.
35
Dostları ilə paylaş: |