48
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
LALƏ ƏSGƏROVA
Naxçıvan Dövlət Universiteti
UOT: 616-002
TREMATODLARIN BİOMORFOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ
NAXÇIVAN MR-DƏ ONLARIN TƏDQİQİ
Açar sözlər: trematodlar, trematodozlar, tədqiqat, helmintlər, Naxçıvan Muxtar Respublikası
Key words: trematodes, trematodosis,helminthes, Nakhchivan Autonomous Republic
Ключевые слова: трематоды, трематодозы, исследования, гельминты, Нахичеваньская
Автономная Республика
Trematodlar (Sorucu qurdlar)sinfi Trematoda(Rudolphi,1808) – Yastı qurdlar
(Plathelminthes) tipinin tərkibinə daxil olan böyük helmintlər qrupudur. Hazırda sorucu qurdların
4000-ə qədər növü məlumdur. Onların əksəriyyəti endoparazit olub, parazit həyat tərzi keçirirlər.
Yetkin trematodlar (maritlər) adətən hermafrodit orqanizmlərdir (yalnız Schistosomatidae ailəsinin
nümayəndələri ayrıcinsiyyətlidirlər.) Trematodlar əsasən onurğalı heyvanlarda, bəzən isə
onurğasızlarda parazitlik edir. Maritlər sahibinin müxtəlif orqanlarında (mədə, bağırsaq, qaraciyər,
mədəaltı vəzi, böyrək, döş və qarın boşluğu, qan damarları) parazitlik edir. Trematodlar insan və
heyvan orqanizmlərində müxtəlif invazion xəstəliklərə səbəb olurlar. Bunlara trematodozlar deyilir.
Trematodozlar əsasən isti iqlimli ölkələrdə yayılmışdır.
Yastı qurdlar tipinin digər siniflərindən fərqli olaraq trematodların əsas xüsusiyyətlərindən
biri onlardakı mürəkkəb həyat tsiklinin olmasıdır. Trematodlar biohelmintlər olmaqla, inkişafı
sahibdəyişmək və sürfə mərhələlərində isə nəsil növbələşməsi ilə gedir. Sahibdəyişmə - cinsi
yetişkənliyə catmış formalar əsas sahibdə, sürfə mərhələləri isə aralıq, bəzən də əlavə sahiblərdə
inkişaf edirlər. Nəsil növbələşməsi- trematodun yumurta, mirasidi, sporosista və redi inkişaf
mərhələləri biri-birini növbələşərək tamamlayır. Əsas sahiblər məməli heyvanlar quşlar və insan;
aralıq sahibləri quru və su ilbizləri; əlavə sahibləri isə balıqlar, suda-quruda yaşayanlar, həşəratlar
ola bilir. Xarici mühitə kal vasitəsilə trematodların yumurtaları ifraz edilir (1) .
Trematodlar haqqında ilk məlumatlar XVII əsrin ortalarında məşhur italyan alimi F. Redinin
əsərlərində verilmişdir. Həmin əsərlərdə alim inəyin qaraciyərindəki sorucunun təsvirini vermişdir.
Sonralar K. Linney o zamanlar üçün məlum olan 40 trematod növünü bir cinsdə - Fasciolada
birləşdirdi. Trematodlar haqqında ilk məlumat K. Rudolfiyə (1819) aiddir. K. Rudolfi müasir
helmintologiyanın atası hesab edilir. O, trematodlar üçün sərbəst sinif (Trematoda) yaratmışdır.
K.Rudolfi sorucuların 220 növünü 5 sərbəst cinsdə birləşdirmişdi. Trematodların tədqiqinin sonrakı
inkişafı XIX əsrin ikinci yarısına təsadüf edir. R. Leykart, K. Ber, Y. Steenstrup, A. Tomas, A.
Loos, M. Braun və başqaları fauna və sorucuların həyat tsiklinə aid tədqiqatlar apardılar (3).
Trematodların öyrənilməsinin sonrakı mərhələləri akademik K. İ. Skryabinin adı ilə bağlıdır.
K. İ. Skryabin sovet helmintologiya məktəbinin banisi hesab edilir. O, öz tələbələri (V. Y.
Sudarikov, Y. Y. Başkirov, D. N. Antipin, M. M. Belopolskaya, V. P. Koval və başqaları) ilə
birlikdə “Heyvanların və insanın trematodları” adlı, çoxcildli (20-dən yuxarı) əsəri nəşr etdirdi.
Həmin əsərlərdə trematodların müasir sistematikası və 3000-dən çox növü təsvir edilirdi. Müasir
dövrümüzdə də həmin işlər trematodların sistematikasının və dünya faunasında bu parazitlər
haqqında məlumatların əsasını təşkil edir. Trematodologiyanın inkişafında V. A. Dogel və onun
tələbələrinin (B. Y. Bıxovskiy, İ. Y. Bıxovskaya, T. A. Ginesinskaya və başqaları) zəhməti
əvəzolunmazdır. Onlar trematodların həyat tərzi, biologiyası, ekologiyası sahəsində parlaq işlər
görmüş və tədqiqatlar aparmışlar (3).
Dövrümüzdə də trematodların öyrənilməsi istiqamətində tədqiqat işləri aparılır. Ona görə ki,
trematodlar həm insanların, həm də heyvanların qorxulu xəstəliklərinin törədiciləridirlər. Bütün
bunlar trematodologiyanın müasir vəziyyətinin daha ətraflı tədqiq olunması zərurətini yaradır.
Çünki, tibb və baytarlıq parazitologiyasının, helmintologiyasının böyük bir bölümüni məhz
49
trematodologiya təşkil edir. Digər tərəfdən də trematodlar öz unikal həyat tərzləri ilə
ümumzoologiya və ümumbiologiya sahələrində tədqiqat mənbəyidirlər. Hal-hazırda V. Y.
Sudarikov, A. A. Şiqin, V. A. Roytman, S. A. Beer, J. Pearson, K. Combes, D. Brooks, V. Haas, R.
Vilson və başqa alimlər trematodologiya sahəsində tədqiqatlar aparırlar (3).
Azərbaycanda da heyvanların helmintofaunasının, o cümlədən trematodların tədqiqi
akademik K.İ.Skryabinin coğrafi – ekoloji helmintologiya təlimi əsasında araşdırılmışdır (9).
Naxçıvan MR-in helmintofaunasını öyrənmək məqsədilə bir sıra tədqiqat işləri aparılmışdır.
1932-ci ildə professor A.M.Petrovun rəhbərliyi altında 116-cı helmintoloji ekspedisiya
Azərbaycanda, o cümlədən Naxçıvanda helmintoloji tədqiqatların əsasını qoymuşdur.
Ekspedisiyanın fəaliyyəti nəticəsində əsaslı helmintoloji tədqiqatlar aparılmış, gövşəyən
heyvanlarda 59 helmint növü aşkar edilmiş, bunların da böyük bir qrupunu trematodlar təşkil
etmişdir. Bu helmintoloji tədqiqatlar eyni zamanda ilk helmintoloq mütəxəssislərin hazırlanması
istiqamətində çox uğurlu bir başlanğıc olmuşdur (2).
Sonrakı illərdə A.S.Qayıbov Naxçıvanda qoyunların helmint və helmintozlarının
öyrənilməsində təqdirəlayiq işlər aparmış və xırdabuynuzlu heyvanlarda parazitlik edən bir neçə
termatod növü aşkar etmişdir (5).
Muxtar respublikada tədqiqatlar aparmış akademik Y.H.Hacıyev bir çox helmintozların, o
cümlədən trematodozların öyrənilməsində və onların yayılmasının qanunauyğunluqlarının aşkar
edilməsində mühüm nəticələr əldə etmişdir. Ərazidə qoyunların diktiokaulyozunun öyrənilməsində
onun çox böyük rolu olmuşdur (4).
Y.M.Seyidov Naxçıvan MR-in köçəri və oturaq qoyunçuluq təsərrüfatlarında
helmintozların, o cümlədən trematodozların yayılma xüsusiyyətlərini öyrənmişdir. Kənd təsərrüfatı
heyvanları arasında yayılmış 62 helmint növündən 38-i Naxçıvan MR üçün birinci dəfə qeydə
alınmışdır. Müəllif öz tədqiqatlarında bu helmint növlərin yayılması, onların mövsümdən və sahibin
yaşından asılı olaraq say dinamikasının dəyişməsi, mübarizə yolları barədə məlumat vermişdir (8).
R.D.Sadıxov Naxçıvan MR-də 57 növ, 12 dəstəyə aid ev və vəhşi quşların
helmintofaunasını tədqiq etmişdir. O, ərazidə quşlarda 26 fəsilə və 55 cinsə aid 98 növ helmint
tapmışdır ki, bunların içərisində trematodların da geniş yayıldığı müəyyən edilmişdir (7).
Naxçıvan MR-də yırtıcı və digər xəzdərili məməlilərin helmintlərinin öyrənilməsi
istiqamətində İ.Ə.Sadıxov əsaslı tədqiqat işləri aparmışdır. Bu heyvanların helmintozlarının böyük
bir qrupunu məhz trematodların törətdiyi aparılmış tədqiqatlarda öz əksini tapmışdır (6).
Son illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı heyvanlarının helmint
faunasının tədqiq edilməsi istiqamətində S.H.Məhərrəmov əsaslı tədqiqat işləri aparmışdır. O, bəzi
dərman bitkilərinin helmintosid, o cümlədən trematodosid təsirlərinin araşdırması istiqamətində
təqdirəlayiq tədqiqat işləri aparmışdır (1).
Muxtar respublikada helmintlərin zonalar üzrə yayılması, habelə məhəlli ocaqların əmələ
gəlməsi göstərir ki, trematodların yayılması və inkişafı üçün xarici mühitin çox böyük təsiri var.
Ona görə də trematodozlara qarşı görülən bütün tədbirlər məhz bu helmintlərin zonalar və ocaqlarla
yayılması, xarici mühitin helmintoz başlanğıcından azad edilməsi zərurəti və bu mühitin
sağlamlaşdırılması kimi elmi prinsiplərə əsaslanmalıdır.
ƏDƏBİYYAT
1.
Məhərrəmov S.H. «Naxçıvan Muxtar Respublikasının helmintofaunası». Naxçıvan, 2014,
142 s.
2.
Məmmədov E.N. Naxçıvan MR-də helmintoloji tədqiqatlar. “Naxçıvanın tarixi, maddi və
mənəvi mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsi”. Beynəlxalq konfransın materialları.
Naxçıvan, 2004,s.232-236
3.
Абуладзе К.И., Демидов Н.В., Непоклонов А.А. и др. « Паразитология и инвазионные
болезни сельскохозяйственных животных». Москва ВО «Агропромиздат» 1990,
стр.35-37
4.
Гаджи ев Я.Г. Эпизоотология диктиокаулеза овец в Нахичеванской АССР. Автореф.
дисс. канд. вет. Наук. Москва, 1957, 15 с.
Dostları ilə paylaş: |