Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə


Sənin tabe olduğun qanunları sənin kimi insanlar yazır



Yüklə 0,54 Mb.
səhifə6/9
tarix06.02.2018
ölçüsü0,54 Mb.
#26704
1   2   3   4   5   6   7   8   9

Sənin tabe olduğun qanunları sənin kimi insanlar yazır.

Sən onları sevirsən, sən onların təsirindəsən.

Sən onlardan qoruxursan, onlar səni sevir.

Onlar səni sevirsə deməli səni məhv ediblər.
Kazım dayının çoxlu pulu var idi. Yazıq Kazım dayı ömrü boyu əziyyət çəkib bir təhər üzə çıxa bilmişdi. Kazım dayı yaxşı adam idi. Qohuma-qardaşa əl tutardı, yetimləri oxudub adam eləyərdi. Oğlu Qoşqar isə atasına oxşamırdı. Qoşqar doğulandan pul içində olub, əzab-əziyyətdən xəbərsiz idi. Qoşqarın günü gecəsi barlarda, restoranlarda, çimərliklərdə keçirdi. Dostlarının yanında lovğalanıb, kasıblara yuxarıdan aşağı baxan Qoşqar atasının gül balası idi. Amma atası ona heç nə demirdi. Çünki Kazım dayı Qoşqarda öz itirdiyi cavanlığını görürdü. İstəyirdi ki, oğlu gəncliyin dadına baxsın, kef eləsin, əylənsin. Oğlunun yaşında o daş daşıyırdı. Amma oğlu bu əziyyətləri görməməlidir. O Qoşqarın xoşbəxtliyini istəyirdi. Hər il oğluna yeni avtomobil hədiyyə edir, hər həftə 2000 manat cib xərci verirdi. Qoşqar da pulu sağa-sola xərcləyirdi. Ən bahalı geyimlər, ən gözəl avtomobillər, ən cazibədar qızlar. Bir gün ona daha yaxşı bir şey təklif etdilər. Bu iynənin içindəki cənnət idi. Onu damara vuran kimi Qoşqar dünyanın sahibinə çevrilirdi. Bu ona ləzzət eləyirdi. Qısa bir vaxtda Qoşqar narkotikə alışır və atasından daha çox pul almağa başlayır. Hər dəfə Kazım dayı evə gələndə oğlu onu qarşılayıb əlindən öpür, qucaqlayırdı. Atasına onu çox sevdiyini deyirdi. Sadəlövh kişi də inanırdı. Yuxuya gedəndə də oğlu gizlincə cibindən pulları əkişdirib heroinə xərcləyirdi.

Amma bu gün ata ilə oğul tamam başqa vəziyyətdə idilər. Onlar qaranlıq bir otaqda üzbəüz duran iki dirəyə qalın kəndirlərlə bağlanmışdılar. Ata ilə oğul üz-üzə durmuşdular. Ikisini də bərk bağlamışdılar. Oğulun əlində tapanca da vardı. Tapanca iplə Qoşqarın əlinə sıx bağlanmış, atasına tərəf tuşlanmışdı. Onu yerə ata bilmirdi. Kazım dayı fikirləşirdi. Dünən saunada hiss elədi ki, gözü qaralır. İndi də tanımadığı qapalı bir yerdə oğlu ilə üzbəüz. Bu nə məsələdir? Qoşqar da qorxurdu:

- Atacan, bura haradır? Biz haradayıq?

- Bilmirəm. Bizi niyə bağlayıblar? O tapanca nədir?

- Atacan, xəbərim yoxdur.

Elə bu an otağın qapısı açıldı və içəri qara geyimli bir adam daxil oldu.

- Atalar və oğullar. Heh. Atalar və oğullar. Maraqlı şouya hazırsınız?

Kazım dayının gözləri bərəldi.

- Nə şou? Bura haradır? Sən kimsən? Heç bilirsən kimi tutmusan? Mən burdan çıxan kimi sənin başını kəsdirərəm!

- Hmm. Sən burdan çıxmayacaqsan.

- Nə?

- Səni oğlun öldürəcək.



Otağa sükut çökdü. Ata oğula baxırdı, oğul qara geyimi adama, sonra əlindəki tapancaya, atasına sonra... Heç nə başa düşmək olmurdu.

Qoşqar dedi:

- Yox, nə danışırsan? Nə istəyirsən bizdən?

Qara geyimli otaqda gəzişə-gəzişə dedi:

- Mən sizdən heç nə istəmirəm, amma Qoşqar bir azdan məndən bir şey istəyəcək.

Bu sözü deyib qara geyimli maye ilə dolu şpritsi küncdəki masanın üzərinə qoydu. Sonra dedi:

- Kazım dayı, yəqin xəbəriniz yoxdu ki, oğlunuz narkomandır. İndi bilirsiniz. Oynayacağımız bu oyunda səmimi olmaq lazımdır. İndi mən Qoşqarın tapancasına bir güllə salacağam. Sonra qonşu otaqda uzanıb kitab oxuyacam. Bir müddətə Qoşqar narkotik istəyəcək. Qoşqar, görürsən də o masadakı ləzzətli iynəni. Bəh-bəh-bəh. Bu ləzzəti sənə ancaq mən verə bilərəm. Təbii ki, bir şərtim var. Sən gülləni atanın alına vurmalısan. Onsuz da elə tətiyi çəksən güllə alına dəyəcək.

Qoşqarın sağ əli - tapancalı əli düz atasının alnına tuşlanmış şəkildə başqa bir dirəyə bağlı idi. Ona görə Qoşqar tapancanın istiqamətini dəyişə bilmirdi. Onu tərpədə bimirdi, tətiyi çəksəydi atası öləcəkdi. Qarageyimli davam etdi:

- Qaydalarla tanış oldunuz. Qoşqar tətiyi çəkir, sizi öldürür, mən ona narkotik verirəm. Oyun üç gün davam edəcək. Əgər üç gün ərzində oğlunuz sizi öldürməsə ikinizi də azadlığa buraxacağam. Söz verirəm. 3 gündən sonra azadlığa çıxırsınız. Ona görə mehriban olun.

Bu sözü deyib qara geyimli tapancaya bir güllə salıb otaqdan çıxdı. İrəlidə üç gün var idi.


BİRİNCİ GÜN

- Qoşqar sən narkomansan?

- Yox ata nə danışırsan? Əlbətdə ki, yox.

- Bəs bu nə deyir?

- Nə bilim bəlkə sənin düşmənindi bizi tutub?

- Mənim düşmənim yoxdu. Hey. Ayyy. Eyy eşidirsən bizi? Sənə nə qədər istəsən pul verərik. Burax bizi. Eyyyyy

- Ata, deyəsən heç kəs yoxdu. Bəsdi qışqırdın.

- Burdan çıxmağın yolunu tapmalıyıq.

- Ata, necə çıxaq? Çıxart bizi burdan. Qurban sənə

çıxart bizi.

-ııı.. hğğğğğ....mm.. İp çox bərk bağlanıb tərpənə bilmirəm.

- Mən də. hğğrrmmm

- Ehtiyatlı ol tətiklə.
İKİNCİ GÜN

Qoşqarın rəngi dəyişmiş, gözləri qızarmışdı. Kazım dayı isə gümrahlığın saxlayırdı. O uşaq olandan aclığa susuzluğa öyrəşmişdi. Amma Qoşqar əsirdi. Hərdən qışqırırdı. Atası soruşanda niyə qışqırırsan?

Deyirdi ki, susuzluqdandır. Amma susuzluqdan bu cür qışqırmazdılar. Günün axırı Qoşqar ağlayırdı, tez-tez tüpürürdü. Kazım dayı şübhələnməyə başlamışdı. O başa düşürdü ki, Qoşqar susuz deyil. Susuzluqdan adam udqunar, tüpürməz.

- İtin balası, narkomansan?

-Yox.

- Gədə, mənə yalan danışma.



-Yox.

Amma Qoşqarın gözləri qaçırdı. Kazım dayı çox əsəbi idi.

- Mən də elə bilirdim ki, ağlın başındadır. Gör özünü nə günə qoymusan.

- Hə, iynə vururam hərdən, rahatlandın? Hə, vururam. Nə edim? Mən də beləyəm. Nədir olmaz? Pul var da.

- Qoduğ, pul mənimdi. Sənin nəyin var? Mənim halal zəhmətimi iynəyə verirdin?

-Ata, bağışla.Vərdişdi də. Nə edim? Mən səni sevirəm. Bağışla.

- Yaxşı bala, Bir gün qalıb. Söz verib ki, bizi buraxacaq. Onda həkimə gedib səni sağaldarıq. Eyyy axmağ, eşidirsən bizi? Bir gün qalıb. Oğlum məni dəlicəsinə sevir. Axmaq, heç o məni vurar? Ağlın özünə getməsin. Buradan çıxan kimi səni tapacam.
ÜÇÜNCÜ GÜN

Kazım dayı gözünü örtüb başını dirəyə söykəmişdi. 3 gecə ayaq üstə yatmaqdan bütün beli göynəyirdi. Qoşqar da tər içində ağzı köpüklü damarları şişmiş, dişləri əsə-əsə atasına baxırdı. O dözə bilmirdi. Sümüklərində ağrı vardı. Masadakı iynəni görəndə dəli olurdu. Bəlkə atasını vursun? Bəlkə ..bəlkə.. O dözə bilmirdi, içindəki səslər onu gic edirdi. Bəlkə vurasan? Qoşqar, bəlkə vurasan? Qoooşşqarrr. Qooşşqaaarrr... Ay uzun saç qara göz ağıllı iynəm mənim. İynəəəəə... He, he, he, he, iynə. İynəəə. İynəcik. Düyməcik. He he he. İynəəə. Miyələk, kəpənək, unitaz... He.. unnnn iit zzzzzz....Vur o cındırı! Vur! Vur! Vur! Tətiyi çək! Cındır Kazım. Vur o qoca kaftarı.. Cır ağzını onun..yox yox , vurma..vurma.. Yox, sakitləş Qoşqar bircə gün qalıb..Bircə gün. Vurma, səni türməyə salarlar.Vurmaq olmaz. Elə bu an içəri qarageyimli adam daxil oldu.

- Salam uşaxlar, necəsiz? Bəlkə bir gün də artıraq? Yox iki gün, iki günə buraxaram sizi. Qoşqar, niyə vurmursan ee bunu? Vur canın qurtarsın da. Onu öldürən kimi səni azad edəcəm. Bir dənə yaxşı xəbərim var sənə Kazım dayı keçən həftə vəsiyyətnamə imzalayıb - bütün mülkünü sənin adına keçirib. Kaftarı vurursan, iynəni verirəm, əlavə olaraq bank hesabına da 7 milyon dollar. Necədi? Əlində də əlcək var. Tapancada heç barmaq izin də qalmayacaq.

Kazım dayı bağırdı.

- Alçaq bəs dedin, 3 günə buraxırsan? Sabah buraxmalısan bizi. Sabah səhər açılan kimi.

-Yaxşı, oldu söz vermişəmsə buraxacam.

Bu sözü deyib qarageyimli otağı tərk etdi.

Qoşqarın damarları qaşınırdı. İynə iynə iynə iynə, ata, iynə, iynə, ləzzət, ata, vicdan iynə, pul, kef, 7 milyon, iynə, ata, iynə iynə..

“Oğlum necəsən? ” iynə iynə, “ Qoşqar eşidirsən məni? Ağlını itirmə “iynə iynə” Bala 5 -6 saat qalıb”

- Bilirəm də nə qədər qalıb. Qoyun deyiləm ki, nə qışqırırsan?

- Mən sənin atanam.

- Mən də sənin oğlun, çox şad oldum tanışlığımıza. Nə olsun. Atama bax. Mənə öyrətmə nə etmək lazımdır. (iynə iynə iynə iynə, vur onu bütün pullar sənin olacaq) özüm bilirəm (iynə ev maşın pul)

- Oğul əlini çək tətiydən. Bala, bağışla atanı, bağışla.

- Nə? (iynə, heç kəs bilməyəcək. Deyəcəm məcbur ediblər.)

- Qoşqar, qurban sənə, qurban olsun atan sənə. Oğlum mənim canım balam, gözümün işığı bircə oğlum.

....“PART”.......

Qara rəngli Makarın gurultulu səsi Qoşqarın qulaqlarını batırdı. Tapancanın lüləsindən süzülüb çıxan tüstüdən gözəl barıt ətri gəlirdi. Otağa qara geyimli girib iynədəki narkotiki Qoşqarın damarına vurdu. Qoşqar gözlərini yumub sakitləşirdi. Kazım dayının isə gözləri bərələ qalmışdı. Onun baxışı oğluna yönəlmişdi. 20 il əzizləyib böyütdüyü oğluna. Kazım dayı heç nə eşitmirdi çünki eşidə bilmirdi, Kazım dayı heç nə görmürdü çünki baxa bilmirdi. Dodaqları donub qalmış, nəfəsi kəsilirdi. Oğlu ona atəş açmışdı. Qara geyimli adam Qoşqarın qollarını açdı amma o ləzzət içində olduğundan yerə yıxıldı. Sonra Kazım dayının qollarını açdı. Kişi ayaq üstə donub qalmışdı. Qara geyimli otağı tərk etdi. Uzaqdan avtomobil mühərrikinin səsi yerə sürtünən təkər səsinin uğultusunda yox oldu. İndi otaqda iki nəfər qalmışdı. Yerə uzanıb ləzzət alan oğul və ayaq üstə durub oğluna nifrətlə baxan ata. O oğluna baxıb iyrənirdi. Nə deyəcəyini bilmirdi. Tapancaya qoyulan güllə boş olduğundan ataya heç nə olmamışdı.. Sadəcə gurutulu səs çıxaran tapanca atanı mənəvi cəhətdən yaralamışdı. Oğul ləzzət içində atasına baxır və elə bilirdi ki, bu onun gözünə görünür. Əslində isə ata sağ idi. Ata sağ idi. Amma bu gündən onun üçün oğul ölmüşdü.

Sənin gözlərin kordu.

Çünki görmək istəmirsən.

Sənin tanımadıqların sənə özgədir.

Sənin bilmədiklərin sənə yaddır.

Sən öyrəşdiklərindən iki əlli yapışırsan.

Sən anasına sarılmış uşaq kimisən.

Böyüməkdən qorxursan.

Ayseli qaçırmağın yolunu tapmışdım. Silahlı hücumla heç nə etmək olmazdı, qaçmaq da mümkün deyildi. Darvazanı gözətçilər qoruyurdu. Hasarlar da hündür idi. İşçilər gəlib gedəndə vəsiqələrini təqdim edirdilər. Aysel darvazadan bayıra ancaq Divin özü ilə çıxa bilərdi. Amma o da yanında cangüdən gəzdirirdi. Qız qaçsaydı onu tutardılar. Aysel qaça bilməzdi amma onu qova bilərdilər. Ona görə qələmi götürüb Ayselə sonuncu məktubumu yazdım.


Məktub
Aysel, canım, gözüm, səni xilas etməyin yolunu tapmışam. Bazar günü səhər saat 11-də villanın həyətində fəvvarənin qırağında oturarsan. Div ilə çəkdirdiyin şəkilləri də gözəl bir albomda yerləşdirib özünlə gətirərsən. Onun sənə aldığı bütün bər bəzəkləri, üzükləri də tax. Cazibədar geyin, çox gözəl olmalısan. Parlaq bir şey geyin. Ən vacib şeyləri vəsiqəni zadı, özünlə götür. Qayıtmaq imkanı yoxdur. Saat 12-nin yarısı üçün bir qonaq gələcək. Özünü çox həyasızcasına, hörmətsiz apar. Gələn qonağın bütün suallarına acı, sərt cavab ver. Nə soruşsa “hə” cavabını ver. Sonra albomu qonağa göstər. Qonaq əsəbiləşən kimi cangüdənlərə de ki onu sənin villandan iti qovan kimi qovsunlar. Səni Qara BMW-də gözləyəcəm. Bağışla ətraflı yaza bilmirəm. Divə görə narahat olma. Bazar günü şəhərdə olmayacaq. Öpürəm, sevirəm, güclü ol balam, güclü ol.
BAZAR GÜNÜ

Səhər saat 10-da Abbasın tapdığı nömrəni yığdım. Bir az gözlədikdən sonra telefonu bir qadın götürdü.

- Alo?

- Alo, Rasimə xanımdı danışan?



- Bəli, siz kimsiniz ki?

- Rasimə xanım, sizdən çox-çox üzr istəyirəm amma sizinlə danışmalıyam.

- Siz kimsiniz ki?

- Xanım, məni tanımırsınız. Mən ərinizin köhnə işçilərindənəm. Adım Tofiqdir.

- Bəli, Tofiq müəllim, buyurun.

- Rasimə xanım, sizin ərinizlə bağlı bir şey bilirəm. Amma bilmirəm bunu sizə necə deyim. Əgər mümkün olsa sizinlə görüşmək istəyərdim. Sizi bir yerə aparmaq istəyirəm. Ərinizin ikinci evinə.

- İkinci ev?

- Bəli, Rasimə xanım, o sizə xəyanət edir. Mən dəqiq ünvanı bilirəm. İstəyirsinizsə sizi apara bilərəm.

- Siz haradasınız ki?

- Elə sizin həyətdəyəm. Qorxmayın sizi aldatmıram. Sadəcə istəmirəm ki, sizin kimi alicənab xanımı kimsə aldatsın.

- Hmm..Yaxşı, indicə gəlirəm.

- Gözləyirəm.


Saat 11 üçün Rasimə xanım artıq Ayselin villasının qarşısında idi. Onu taksi ilə gətirmişdim. Əlimlə darvazanı göstərib dedim:

- İndi sizin əriniz burda deyil, amma onun məşuqəsi buradadır. Özünüz əmin ola bilərsiniz.


Aysel, fəvvarənin qırağında oturub tez-tez saata baxırdı. O bilmirdi nələr olacaq. Amma dediklərimin hamısını yadda saxlamışdı. Albomu fəvvarənin qırağına qoyub özünü hansısa vacib bir görüşə hazılayırdı. Cangüdənlər ona baxıb nə üçün səhər-səhər bura gəldiyini anlamağa çalışırdılar. Saat 12-yə işləyirdi. Aysel heç kəsin gəlməyəcəyini düşünürdü. Amma yenə də mənim sözümü yerə salmaq istəmirdi. Son ümid hələ də vardı. Albomda Divlə şəkillərinə baxıb özünə nifrət edirdi. Yalançı gülüşlər, süni xoşbəxtlik. Həyatının ən gözəl illərini bu əclafla itirəcəyini düşünürdü. Birdən darvazanın zəngi çalındı. Gözətçilər ekrandakı şlyapalı nəhəng qadına baxan kimi əsməyə başladılar. Bu rəisin arvadı idi. Onlardan ikisi tez tələsik onu qarşıladılar. Rasimə xanım içəri girib gözətçilərə baxdı. Onların bir neçəsini tanıyırdı. Gözətçilər də onun sərt xasiyyətinə bələd idilər. Rasimə xanım, onlara baxıb dedi:

- Bıyy. Siz indi burada işləyirsiniz?

Onlar baş əyib gülümsədilər :

- Bəli Rasimə xanım, bəli.

- Necəsiniz, iş necə qane edir?

- Əladır xanım, şükür Allaha, hər şey yaxşıdır.

Rasimə xanım lovğa-lovğa həyətə daxil oldu:

- Hmm, pis deyil. Çox gözəl bağçadır. Çox gözəl. Bəs bu qız kimdir? Qızım, sən kimsən?

Aysel artıq rola girmişdi. O heç ayağa qalxmadan tərs-təsr baxıb dedi :

- Mən kiməm? Əvvəlcə de görüm sən kimsən?

Rasimə xanım yavaş-yavaş Ayselə yaxınlaşırdı. Gözətçilər heç nə edə bilməzdilər. Rəislərinin arvadı onlar üçün toxunulmaz idi. Xanım Ayselə baxıb soruşdu.

- Yaxşı sən kimsən?

- Mən Ayseləm.

- Sən mənim ərimlə tanışsan?

Bu sualdan Aysel qarşısındakının kim olduğunu bilib bir az da ürəkləndi.

- Mən sənin ərinin sevgilisiyəm.

- Sən bilirdin ki,onun arvadı var?

- Hə.


- O buranı səninçün tikdirib?

- Hə.


- Nə utanmaz qızsan... Fahişə. Fahişə..

- Buyurun bu Albomu. Görün nə qədər şey itirmisiniz.

Rasimə xanım albomu vərəqlədikcə gözləri dolurdu:

- Alçaq, məni aldadıb. Alçaq.

- Xanım, mən sizin nazınızla oynamaq istəmirəm. Gedirəm cakuziyə çimməyə. Siz artıq qocalırsız. Başa düşmürsüz? O məni sevir.

- İt qızı it. Səni bilirsən nə edərəm?

Aysel vaxtın çatdığını görüb dedi:

- Gözətçilər, qovun bunu burdan iti qovan kimi.

Bu sözü eşidən Rasimə xanımın gözləri bərəldi. O dişlərini sıxıb dedi:

- Sənin evindi, ay əski, ay cındır. İtin balası. Məni qovsunlar? Məni ərimin evindən qovacaqlar? Gözətçilər, qovun bu fahişəni burdan. Tez eliyin bunu gözüm görməsin. Ərim gələnə qədər onu burada gözləyəcəyəm. İt qızı it. Rədd ol burdan. İtil gözümdən.

Qapıçılar gəlib Ayseli tutdular. Rasimə xanım gözünü yerdən çəkmədən sakitcə dedi:

- İşdən qovulmaq istəmirsinizsə bir kəlmə demədən atın bu zibilçəni bayıra.Tez!

Yekəpərlər Ayselin incə qollarından yapışıb onu darvazaya tərəf sürütləməyə başladılar. Aysel yalandan ağlayırdı.

Onlar çox pis vəziyyətdəydilər. Rəisin arvadının sözündən çıxa bilməzdilər. Bir fahişə az bir fahişə çox. Amma arvad, ailə bir dənədir. Rəis bilsə ki, onun arvadına qarşı çıxıblar, onların bellərini qırardı. Ona görə də Ayseli sürüyüb darvazadan bayıra atdılar. Aysel iməkləyə-iməkləyə onlardan uzaqlaşdı. Sonra ayağa qalxıb yavaş-yavaş getməyə başladı. Qaçsaydı ondan şübhələnə bilərdilər. Arxadan Rasimə xanım bağırdı: “İtil burdan, bir də səni gözüm görməsin”.

Aysel də ürəyində dedi “inşallah”.

Mən Qara BMW-ni Ayselə tərəf sürdüm. O, avtomobilin qapısını açıb yanımda oturdu. Tez maşının nömrəsinin yanındakı işığı yandırdım. İndi o parıldayırdı və nömrə görünmürdü. Yaxında polis yox idi. Amma gözətçilərin nömrəni bilməsi təhlükəli olardı. Sürəti artırıb dar küçələrlə Villadan uzaqlaşırdım. Aysel isə dizlərini qucaqlayıb ağlayırdı.



...
Avtomobili düz şəhərdən kənara dənizin sahilinə sürdüm. Sevgilimi 100 ildir görmürdüm. Onun mavi gözləri mənimçün bu dənizdən qat-qat gözəl idi. Həyatımın yeganə sevinc işığı yanımda idi. Biz əl-ələ sahilin kənarı ilə gəzirdik. Belə yerdə sözlərdən istifadə etmədən də hər şey aydın olur. Bu gözəl sükutu pozmaq istəmirdik. Bir az sərin torpağın üzərinə yıxılıb öpüşməyə başladıq. Onun isti nəfəsi, titrək əlləri, ipək saçları, dəniz, səma... Sevgi ağlımı başımdan almışdı. Aysel mənə indi əvvəlki kimi baxmırdı. İndi o mənə qəhrəman kimi baxırdı. Mən onu xilas etmişdim. Mən onu sevirdim.

Zaman donmuşdu. Dodaqlarımızın qeyri-iradi rəqsində ehtirasla bərabər inanılmaz bir harmoniya və rahatlıq var idi. Bu öpüş susmurdu. Bu öpüşlə biz hər şeyi bir-birimizə danışırdıq. Tənha soyuq gecələrdən, göz yaşı ilə dolu məktubları yadıma salıb onu daha da bərk, daha da bərk öpürdüm. Qollarım onun uzun saçlarının içində itmişdi. O da mənim ağır çiyinlərimin altında qısılıb qalmışdı. Biz bir yerdə idik. Bu gündən sonra bizi heç kəs ayıra bilməzdi. Gün batana kimi qucaqlaşdıq. Hava sərinləşəndə mən avtomobilə keçməyi təklif etdim. O da sözə baxan uşaq kimi əlimdən tutub maşına mindi. Dənizin dalğaları artmışdı. Külək ləpələri uzaqakı qayalara çırpdıqca ürəyimin onlardan daha bərk çırpındığını hiss edirdim. Qəribə bir özündən razılıq vardı içimdə. İndi başa düşmüşdüm ki, nə üçün insan yaradılanaların ən üstünüdür. Ürəyə görə. Bir ürək, günəşdən də isti, buzdan da soyuq, qayadan da sərt, dənizdən də çılğın, bulaqdan da təmiz, səmadan da uca, ulduzdan da parlaq, çiçəkdən də incə ola bilərdi. Həm də bu hər an dəyişirdi. Mən bunu sevəndə anlayırdım.

Ikinci qanadım yanımda idi. Bəlkə ona görə bu qədər yüksələ bilmişdim.

Aysel sükütu pozub dedi:

- Hələ də inana bilmirəm ki, məni xilas elədin. Elə bilirəm ki, yuxudur.

Onu yavaşca dişlədim.

- Ayy. Neyləyirsən, dəli, incidir axı.

- Görürsən, yuxu deyil deməli.

- Avara, necə darıxmışdım bu gicliylərinçün. Anar, bəs indi nə olacaq?

- Nə olmalıdır ki?

- Biz hara gedəcəyik? Maşında qalacağıq?

- Heh, maşında niyə qalırıq? Gedirik qərargaha.

- Ora haradır?

- Gedəndə görəcəksən. Qısaca belə deyim “YENİ DÜNYA”.



Məntiq elmində A universal pozitiv düşüncənin simvoludur- “ bütün x-lər y - ə bərabərdir”

Hindistanda A uşaqların baxması qadağan olan filmlərin işarəsidir.

Kart oyunundan A tuzu bildirir.

Siyasətdə A anarxizmin işarəsidir.
Qərargaha çatanda hər kəs əsas otaqda yeni gəlmiş bir oğlanın hekayəsini dinləyirdi. İşıqlar sönmüşdü. Ayselə başa saldım ki, qaranlıqda insanlar sirrlərini, etiraflarını daha rahat danışa bilirlər. Oğlanın səsində həyəcan hiss olunurdu:

- Mən bir qızı sevirdim. Bu mənim ilk və son məhəbbətim idi. Gecə gündüz onu ağlımdan çıxara bilmirdim. Hər gün onu universitetin həyətində görəndə ürəyim az qala yerindən çıxırdı. O çox qəşəng idi. Mən də kasıb oğlan. Heç nəyim yox idi. Universitet kitablarını da almağa pulum çatmırdı. Evdə ancaq qoca atam işləyirdi. O da az maz maaşla yeməyimizi güclə təmin edirdi. Qızın sinifi bizim siniflə üzbəüz idi.Öyrənmişdim ki, səhərisi gün ad günüdür. Nə isə alıb axır ki ona yaxınlaşmağa qərar vermişdim. Mənim də pulum yox. Heç olmasa bircə dəstə gül olsaydı.Uşaqlar, bilirəm yəqin ki, sizə bu maraqsızdır, amma vallah, mənim sevgimi anlaya bilsəydiniz görərdiniz ki, bu mənim üçün necə böyük faciə idi. 3 il sevdiyim qıza yaxınlaşa bilmirdim. Yolda bir bahalı maşın dayanmışdı. İçəridən çıxan oğlan maşının sağ tərəfinə baxıb söyməyə başladı. Mən də maşının sağına baxdım ki, görüm nə olub. Heçç. Boş bir şey bir az palçığa batmışdı. Adi ləkə. Amma oğlan elə baxırdı ki, elə bil dünya dağılıb. Sonra mənə baxıb dedi :

- Qaqaş burda bilmirsən harada moyka var?

Mən cavab verdim ki, yaxınlarda yoxdu. Gərək Yasamal tərəfə gedəsən. O da saatına baxıb dedi:

- Vayy nə zibilə düşdüm. Mənim cəmi, 10 dəqiqə vaxtım var. Mən də dedim ki, əski götürüb silsin də burda nə var ki, lap kiçiy ləkədir. Palçığdı da, boya deyil ki.

O gülümsədi:

- Yoox, mən durum maşın silim? Dəli olmusan? Ayıbdı.

Onda mən köməyimi təklif etdim. O da razılaşdı. Mənə əski ilə xüsusi maye verdi. Dedi ki, 10 dəqiqən var. Mən dizim üstə çöküb maşının qırağını təmizləməyə başladım. O da maşının içində oturub açığ pəncərədən tələsməyimi əmr edirdi. Deyirdi ki, bu gün bir qızı dərsdən götürməlidir. Sonra qəhqəhə ilə deyirdi ki, bu gecə onunla çox əylənəcək. O artığ onun maşınında oynadığı 18-ci qız olacaq. Onunla yatan kimi keçəcəy 19 –a ..Cavanlıqdı daa.

Mən ləkəni silib ayağa qaxdım. O da mənə çox sağ ol əvəzi 10 manat uzatdı. Mən dedim ki:

- Pul lazım deyil.



Amma ürəyimdə arzuladım ki, o bir dəfə də təklif etsin. O ikinci dəfə təklif edəndə pulu götürdüm. Tez cumdum çiçək dükanına. Bir dəstə gül alıb sevgilimə ad günü hədiyyəsi etməyə gedirdim. Universitetdə dərslər 5 dəqiqə əvvəl qurtarmışdı. Siniflər boş idi.Onda gül dəstəsi ilə həyətə düşdüm. Orada da yox idi. Universitetdən çıxıb küçədə onu axtardım. Amma heç yerdə yox idi. Nə isə sonra yəqin başa düşdünüz onu harda gördüm . Həmin oğlanın maşınına minmişdi. Oğlan da onunla həmin gecə əylənəcəkdi. Bilirsiz, sizi tanımırdım o vaxtlar. Özümü öldürmək istəyirdim. Mənim sevgilim mənə tərəf heç baxmırdı. Amma hansısa cındırın əlində oyuncaq olmağa hazır idi. Böyük maşınlarda oğlanlar yəqin olduqlarından böyük görünürlər. Mən avtobusla gedib gələn uşağam, mənim elə şeylərdən başım çıxmır. Hərdən fikirləşirəm ki, yəqin səhv düşünürdüm. Bəlkə o oğlanla o qız xoşbəxt olacaq? Nə bilim bəlkə də xoşbəxt olacaq. Heh... Amma o heç mənim adımı da bilmir... Hmm. Başqa heç nə danışmaq istəmirəm. Bağışlayın. Özümü pis hiss eləyirəm.
Qaranlıqda kimsə qışqırdı. “O sənə layiq deyil.Yadından çıxart”. Sonra başqa bir qız səsi gəldi. “İstəyirsən mən sənin sevgilin olum”. Sonra hamı gülüşdü. Azadın səsini eşitdim - “Qardaş sən tək deyilsən, özünü öldürməyi ağlından çıxart. Çox sağ ol ki, dərdini bizimlə bölüşdün”. Sonra başqa bir oğlan çıxıb öz hekayəsini danışdı. Sonra başqası. Bu davam edirdi. Dəqiq deyə bilməzdim sayımız nə qədər olub. Amma ən azı 400-ü keçmişdi. İşıqlar yananda Ayseli Aynurla tanış etdim. Aynur onu qızların otağına apardı. Ayselin parlayan gözlərini görürdüm. Ona bütün bunlar çox qəribə gəlirdi. Lap özümün ilk günlərim yadıma düşürdü. Amma o vaxtdan artıq 5 ay keçmişdi. Mən HOST-un əsas üzvlərindən biri idim. Amma hələ də A ilə görüşə bilməmişdim. Belə başa düşdüm ki, o ancaq xüsusi adamlarla görüşür. Yəqin istəmir ki, onu üzdən çox adam tanısın. Bəlkə elə bu dəqiqə uşaqların içində oturub? Bəlkə o xüsusi bir otaqda gizli kameralardan bizi izləyir? Hər halda o çox ağıllı idi. Qısa vaxtda özünə bu qədər tərəfdar toplaya bilmişdi. Bütün şəhər ondan danışırdı.
Ayseli xilas edəndən sonrakı 3 ay mənim həyatımın ən xoşbəxt ayları idi. Bu 3 ayda biz tez-tez Qərargahda qalırdıq. Onunla xoşbəxt idim. HOST inkişaf edirdi. Sayımız hər gün artırdı. Uşaqlarımızın öz mahnıları, öz rəsm sərgiləri, öz tamaşaları olurdu. Bəzi uşaqlar birlikdə kafe açmışdılar. Digərləri jurnal çap edirdilər. Bakının mədəniyyət aləmində vacib simalardan birinə çevrilirdik. Elə adi cinayətkarlardan da bizi ayıran mədəniyyət və incəsənət idi. Biz bir pislik edəndə (əslində o da yaxşılıq idi) bir dənə də yaxşılıq edirdik. 3 ay ərzində elə şeylər baş vermişdi ki. Bizim ideologiya bütün Baki gənclərini öz ətrafında birləşdirmişdi. Qısa bir vaxtda bütün şəhər qara geyimə keçmişdi. Bizim xüsusui köynəklərimiz satılırdı. Üzərində yumruq işarəsi var idi. Bu mübarizənin və birliyin rəmzi idi. Bakıda bir dənə də fahişəxana yox idi. Müəllimlər rüşvət almırdı. Açıq-saçıq paltarda heç kəsi görmək olmazdı. Hərdən bizə deyirdilər ki, bu səhvdi. Biz də deyirdik - Hə, səhvdi.

Amma yenə də öz bildiyimizi eləyirdik. Evdəkilərlə demək olar ki, danışmırdım. Hərdən anam göz yaşlarını silib deiyirdi ki, artıq mən onu sevmirəm. Mən də heç nə deyə bilmirdim. Çünki doğrudan da anamı sevə bilmirdim. Nə anamı, nə atamı. Çünki onlara artıq təkcə valideyn kimi yox, həm də tarixin bir hissəsi kimi baxırdım. Onlar aciz idilər. Bizim də acizlərdən zəhləmiz gedirdi. Əsl acizlər öz acizliklərini gizlədənlərdi. Əgər bir dəfə atam mənim yanımda ağlayıb desəydi ki, xoşbəxt deyil, bəlkə onu başa düşə bilərdim. Amma o deyirdi ki, bala ağlını başına yığ. Gedib gic-gic adamlara qoşulursan. Günlərlə evdə tapılmırsan. Haralara gedirsən? Bəlkə narkomansan? Bəlkə cinayətkarsan?

Mən isə cavab vermirdim. Qərargahda mənə böyük adam kimi baxırdılar. Mən HOST-un əsas üzvlərindən biri idim. Azadla türmədən qaçmağımız indi dastana çevrilmişdi. Ayseli villadan qaçırmağımız haqda hekayələr yazılırdı. Mahnılarda bizim adımız çəkilirdi. Özü də artıq bir yox, bir neçə qərargahımız vardı. Daha dəqiqi 9 qərargah. Pullar haradan gəlirdi? Düzü heç bilmirdim. Abbas nə isə danışırdı. Amma dəqiq başa düşə bilmirdim. HOST-a daxil olanlar hər ay fonda 3 manat ödəyirdilər. Əvvəl bu az idi. Amma indi say artmışdı. Aya 20000-ə yaxın pul gəlirdi. Həm də disk satışları, jurnal, qəzet, oğurluq. Hə oğurluq. Oğrudan oğurlamaq oğurluq deyil. Çox vaxt barlara hücum edib, içəridəki aparaturanı, qızların bəzəklərini oğurlayırdıq. Özlərini də çırpışdırırdıq. Bizə deyirdilər ki, bu səhvdi , biz də deyirdik ki, hə bu səhvdi. Amma yenə də bildiyimizi edirdik. Müəyyən bir hissəmiz şantajla məşğul idi. Pullu daydaylar qəşəng qızlarla yatmağı xoşlayırdı. Amma hərdən öpdükləri qəşəng qızlar donlarını çıxaranda məlum olurdu ki, onlar kişidir. Həm də transvestit. Həm də gizli kameralı. Sonradan bu adamlara məktub gəlirdi. Onlar da bu biabırçılıqdan qaçmaq üçün bizə yaxşı pul verirdilər. Pulları alandan sonra biz ikinci məktubu göndərirdik. Burada həmin məbləğdə əlavə pul qarşılığında həmin transvestitin ünvanını satırdıq. Beləcə bir daşla iki quş. Bizə deyirdilər ki, bu əclaflıqdı. Biz də deyirdik ki, hə əclaflıqdı. Amma yenə də bildiyimizi edirdik. Boyunbağılar, qızıllar, bilərziklər bunları içi boş qadınlar taxıb özlərini qiymətli göstərmək isəyirdilər. Amma kasıblar acından ölürdü. Boyundan sallanan o qır-qızıl başqa bir ailənin 3 ay dolanmasına kömək ola bilərdi. O bilərziklə balaca oğlan məktəb kitablarını alıb dərslərini öyrənə bilərdi. Soyuq gündə ata daxmalarının damındakı qırıq şiferi dəyişə bilərdi. Day yuxarıdan yağış yağanda otağa su tökülməzdi. Ana həmin bilərziyin puluna uşaqlarına meyvə ala bilərdi. Balaca oğul dərsdən gəlib dadlı şirin portağalı soyub ləzzətlə marçıltı ilə dilim-dilim ötürərdi. Balaca bacısı ilk dəfə portağalla tanış olardı. Amma indi o qızıllar kiminsə yarıçılpaq döşlərini daha da qabardır. Ona görə biz oğurlayırdıq. Oğurlayırdıq ki, kasıblara paylayaq. Bizə deyirdilər ki, bu ədalətli deyil. Biz də deyirdik ki, hə, bu ədalətli deyil. Amma ədalətin özü də ədalətli deyil.

Aysel Qərargahdakı qızlarla dostlaşmışdı. Onlar birlikdə qadınlar üçün jurnal çap edirdilər. Bu jurnalda daha seksual yox daha sevimli olmağın sirrləri öyrədilirdi. Burada uzun burunu əməliyyatla kəsdirmək yox, uzun burunu başqalarının işinə soxmamaq öyrədilirdi. Arıqlamaq üçün də bahalı trenajorlar, dərmanlar lazım deyildi. Sadəcə hərdən öz eviniz təmiz olandan sonra qonşuya da otağlarını təmizləməkdə xalçalarını yumaqda kömək etmək kifayət edərdi. Hər şey çox yaxşı gedirdi. Əvvəl elə bilirdim ki, bizim tərəfimizdə heç kəs olmayacaq. Amma bir il ərzində bu qədər gəncin bizimlə eyni düşüncəli olduğunu görəndən sonra mən artıq əminəm ki, biz dünyanı dəyişə bilərik.


Abbas da elə bunu deyirdi.

Uşaqlar Bakı bizim əlimizdədir. Sayımız artıq günlə yox saatla artır. Hər bir sivilizasiyanın inkişafında bir dayanma nöqtəsi olmalıdır. Artıq dünyada hər kəsin xoşbəxt yaşaya biləcəyi qədər texnologiyalar kəşf olunub. Biz bu gün buradan səsimizi dünya çatdırırıq. Və deyirik. Bəsdir. STOP.



Həyat çay stəkanı kimidir. Onun içinə qaynar su doldururuq. Amma həddini aşmadan. Əgər stəkana öz həcmindən artıq su töksək öz əlimizi yandırarıq. BƏSDİR. Danışan robotlara ehtiyac yoxdur. Xəstəxanalardakı lallara kömək edin. Əlavə silaha ehtiyac yoxdur. Əlavə dərmanlar istehsal edin. Kosmosda həyat axtarmaq lazım deyil. Kasıb ölkələrdə gündə minlərlə insan həyatı məhv olur. Onları tapmaq lazımdır. Onlarla dostlaşmaq lazımdır. 300 milyarda bir raket Marsdan başqa canlı gətirəcəksə həmin pula öz planetimizi elə gözəl edə bilərik ki, başqa canlılar özləri buraya gəlmək istəsinlər. Bəsdir. Gəlin istehsalı dayandırıb bölüşdürməni başlayaq. Siz evlərinizi gizli kameralarla təchiz edirsiniz. Siz cangüdənlər tutursunuz. Siz silah alırsınız. Çünki həyat təhlükəlidir. Hər an kimsə gəlib sizi oğurlaya, öldürə bilər. Sizi öldürən bəlkə 10 il əvvəl sizdən kömək istəyən yetim bir uşaq olacaq. Siz onu tərk edib həyatın qucağına atırsınız. Sabah o böyüyüb sizi öldürəcək.
Sonra Araz çıxış edirdi.
Bizə deyirlər ki, xalqımız axmaqdır, səviyyəsizdir. Bütün günü telekanallarda boş-boş şou verilişlərə baxır. Televiziyaların da günahı yoxdur. Tamaşaçı nəyi tələb edirsə onu da göstərir. Amma 10 il əvvəl bu cür proqramlar yox idi. Bəyəm 10 il əvvəl heç kəs televizora baxmırdı? Baxırdı!!! Bəs bu gün o verilişlər bağlansa baxan olmayacaq? Olacaq!!! Gəlin gücümüzü televiziyaya verək. Bizə öz verilişlərimiz lazımdır. Mümkün qədər çox əlaqə qurun. Ən əxlaqsız şouların aparıcılarının dərsini verək. Görək onda kim nə deyəcək.
Sonra Aslan deyirdi.
Bizim geyimimiz qara rəngdədir. Üzərində HOST-un ulduzu. Bu köynəklər yalnız bizə qoşulanlara verilir. Biz hər yerdə birliyimizi saxlamalıyıq. Əgər küçədə bir HOST-çu digər HOST-çunu görürsə onunla salamlaşmalıdır. Əgər kömək lazımdırsa kömək etməlidir. Özünüzün buraya düşməyinizi yadınıza salın. Əgər bizi tapmasaydız bəlkə bu dəqiqə depressiyadan intihar etmiş olardınız. Sizin kimi yüzlərlə gənc var. Biz bilmirik bəlkə onlar elə bizim kimidirlər sadəcə xəbərləri yoxdur ki, tək deyillər. Gördüyümüz hər bir insana öz fikirlərimizi danışırıq. Öz sayımızı artırmaq üçün yox. Onları tək qoymamaq üçün.
Sonra Azad deyirdi.
Biz dünyada birliyin tərəfdarıyıq. Biz sərhədsiz, eyni dildə danışan, bərabər insanların dünyasında yaşamaq istəyirik. Süni olan heç bir şey olmamalıdır. Sərhədlər isə sünidir. Onları biz çəkirik, istəyəndə də dəyişirik. Quşların nə sərhədi var, nə də ki xarici pasportu. Və biz heç vaxt görməmişik ki, bir dəstə quş başqa bir dəstə ilə müharibə etsin. Təbiətin öz harmoniyası var. Onu pozmaq olmaz. Dünyada iki millət var. PİS insanlar və YAXŞI insanlar. Dünyada iki dil var YALAN və HƏQİQƏT. Dünyada iki ölkə var CƏNNƏT və CƏHƏNNƏM. Ən ideal ölkə cənnətdirsə bilin ki orada nə Banqladeş var, nə İtaliya, nə də ki Kosova. Əgər kimsə yəhudiləri pisləyirsə bilsin ki, HZ.Musa da yəhudi olub. Əgər kimsə türkləri tərifləyirsə bilsin ki, Dədə Qorqud da türk idi. Amma Qıpçaq Məlik də türk idi. Hər millətin içində pis də var, yaxşı da var. İnsanlara insanlığına görə qiymət verək.

Sonra Adil davam edirdi.


Bizə sabah İslam terrorçusu deyəcəklər. Müsəlmanlar isə Mason deyəcəklər. Yəhudilər xristianların qurduğu yalançı şərq təşkilatı deyəcək. Bəziləri skinhed deyəcək, bəziləri kommunist deyəcək, bəziləri anarxist deyəcək. İndidən buna hazır olun. Bizdən soruşsalar siz kimsiniz. Biz də onlardan soruşacağıq. “Bəs siz kimsiniz? Tapa bilmisiz?”

Sonra mən deyirdim.


Ola bilsin ki, içinizdə qəribə suallar var. Biz nə edirik? Bunun sonu nə olacaq? Dünyanı dəyişəcəyik, yoxsa bizi öldürəcəklər? Nə qədər bu qərargahlarda yığışacağıq? Bu suallar sizi qorxudur? Məni də qorxudur. Bizim hamımızı qorxudur. Bizim gücümüz ondadır ki, qorxularımızı gizlətmirik. Qorxulu suallar iyrənc cavablardan daha yaxşıdır. İyrənc cavabları bilirsiniz. Məktəb, universitet, nişan, toy, iş, uşaq, yataq, qəbir... Kim getmək istəyirsə qapı açıqdır. Kim qayıdacaqsa qapı yenə də açıqdır. Bizə deyəcəklər ki, siz vəhşisiz, gördüyünüz işlər ədalətsizdir. O yazıq fahişə qızlar, bəlkə aralarında bir yaxşı qız da var idi. O yazıq müəllimlər axı onlar da rüşvəti ehtiyaclarına görə alırdılar. Yazıq narkomanlar, pis insanlar, siyasətçilər, qatillər, əyyaşlar, sərxoşlar, mavilər axı onların hamısı pis deyil? İçlərində yaxşıları da var axı, onda biz də cavab verəcəyik. “Biz pisik, zalımıq, aqressivik, vəhşiyik, cinayətkarıq, amma siz bizə heç nə etməzsiz, düzdü? Axı içimizdə yəqin yaxşılar da var”.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə