Sehr – İbn Qudamə – rahmətullahi aleyhi - deyir ki: «Sehr düyünlər, oxumalar və söylənən sözlər, yazılan ifadələr, edilən şeylərdir ki, bunlar sehr edilən kimsənin bədəninə, qəlbinə və ya ağlına bilavasitə təsir edir. Sehirin bir həqiqəti vardır ki, kimisə öldürür, kimisə xəstə edir, kimisə xanımına yaxınlaşmaqdan çəkindirir, ər və arvadı bir-birindən ayırır. Sehrin öyrənilməsi və öyrədilməsi haramdır. Bəziləri özlərinə təskinlik vermək üçün deyirlər ki, biz insanlara yaxşılıq edirik, onların dərdlərini azaldırıq. Buna da ağ maqiya adını verirlər. Lakin bu əsla belə deyildir. Nə ağ maqiya, nə də qara maqiya ilə məşğul olmaq olmaz. Bunların hər ikisi də haramdır. Bu işlə məşğul olan adam tövbə etməsə – Allah qorusun – dünyasını da, axirətini də puç edəcəkdir. Əgər sehr yaxşı bir şey olsaydı Allah ondan sığınmağı əmr etməzdi. Bax: ən-Nəs, əl-Fələq, əl-Bəqərə 102 və s. Kəramət Və Sehr: 1. Kəramət insanın istəyi ilə gəlmir. Onu Allah istədiyi vaxt və istədiyi saleh quluna verir. 2. Kəramət mömin bəndə üçün olur. 3. Kəramət sahibi təkəbbürlü olmaz və onu insanlar arasında yaymaz. 4. Kəraməti heç nə məhv edə bilməz. Möcüzə Və Sehr: 1. Bu dünyada möcüzə yoxdur. kəramət və ya sehr vardır. Peyğəmbərlər yoxdursa möcüzə də yoxdur. 2. Möcüzə qeyri adi bir şey olur. Allah elə bir möcüzə göstərir ki, insanlar dəhşətə gəlirlər. 3. Möcüzə iman gətirən şəxs üçün olur. Sehr isə kafir, fasiq və s. üçün olur. 4. Möcüzənin qarşısını heç nə ilə almaq olmaz. Sehri isə Quran ayələri, dualarla qarşısını almaq olar.
|