Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   43   44   45   46   47   48   49   50   ...   60

 
 
107 
ilə  bağlıdır.  Bu  cəhətdən  Hüseyn  Rəhmi  özündən  əvvəlki  və  öz  müasirləri  olan 
romançılardan, o cümlədən Əhməd Midhət, Namiq Kamal, Rəcaizadə Mahmud Əkrəm, 
Xalid Ziya Uşaqlıgil, Məhməd Raufdan xeyli dərəcədə fərqlənir. Hüseyn Rəhmidə həyat 
hadisələrinin  real  təsviri,  milli  yaşayış  tərzinin,  adət-ənənələrin  gerçək  qələmə  alınması 
güclüdür.  Dəhri  əfəndinin  evindəki  şəraitin  təsviri  –  evin  iki  qismə  bölünməsi  (kişi  və 
qadın  hissələrinə),  şuluqluq  edən  uşaqların  falaqqaya  qoyulması  (hətta  18  yaşlı  Şəmi 
beyin),  şəriət  qanunlarına  əməl  edib  bir  neçə  qadınla  evlənmək  məsələsi,  qısqanclıq 
hisslərinin həddindən artıq güclü olması və habelə personajların daxili aləminin və xarici 
görünüşünün  təsviri  (xüsusilə  Dəhri  əfəndi  ilə  baş  aşpaz  Tosunun  hərəkət,  davranış  və 
danışıq tərzinin təsviri) onun milli zəminə bağlılığını açıq göstərməkdədir. 
Dəhri əfəndinin görüş və fikirlərində dualizm vardı. O, savadlı, dünyəvi elmlərdən 
ətraflı  xəbərdar  olan  avropapərəst  bir  burjua  ziyalısı  olduğu  halda  eyni  zamanda 
şərqlilik xüsusiyyətlərindən də əl çəkməmiş, Şərqə möhkəm bağlı olan bir şəxsiyyətdir. 
Hər  şeydən  əvvəl  Dəhri  əfəndi  ailədə  bir  despotdur.  Onun  qorxusundan  nəinki 
xidmətçiləri  və  nökərləri,  oğlanları  və  qızları,  hətta  kürəkəni  və  qardaşı  belə  tir-tir 
əsirlər.  Onun  bir  sözünü  iki  eləyən  yoxdur.  Şəminin  oxuduğu  məktəbdə  falaqqa 
olmadığı  halda  Dəhri  əfəndi  evdə  falaqqa  saxlayır,  yekə-yekə  kişiləri  belə  falaqqaya 
qoyub  döyür.  Həddindən  artıq  heybətli  və  qorxunc  bir  adam  olan  Dəhri  əfəndi  əgər 
qaraya ağ desə, heç kəsin həddi  yoxdur ona etiraz etsin. Demək, qaranı ağ kimi qəbul 
etmək  lazımdır,  vəssalam.  Başqa  çarə  yoxdur.  Uşaqlardan  hər  hansının  bıçaq,  ülgüc, 
qələmyonan  və  başqa  kəsici  alətlərlə  oynayan  görsə  dərhal  həmin  aləti  uşaqdan  alıb 
onun  əlini  bir  neçə  yerdən  möhkəm  cızardı.  Uşağı  tənbeh  etmək,  gözünü  qorxutmaq 
üçün  qəsdən  belə  edirdi  ki,    görk  olsun.  Odla  oynayanın  əlini  atəşə  soxar  cızıltı  ilə 
yandırardı ki, bir daha belə iş tutmasın və i.a. 
Digər yandan bu cür bir despotun ailəsində eyni zamanda müxtəlif rəzil işlər törə-
dilir.  Özünü  insan  tanımaqla  sərraf  adlandıran,  adamın  üzünə  baxmaqla  onun  necə  bir 
şəxs  olduğunu  aydınlaşdırmağı  ilə  öyünən  Dəhri  əfəndinin  oğlu,  qardaşı  və  kürəkəni 
gizlində Anjel Düpre üstündə bir-birilə dalaşırlar, içki içirlər, qumar oynayırlar. Bu ailədə 
hamı bir-birinə kələk gəlməyə çalışır. Mürəbbiyə Anjelin tərtib etdiyi “qəlbləri fəth etmə” 
siyahısına “evin  ən kiçik bəyindən  ən böyük əfəndisinə qədər bütün kişilər daxildir”. O, 
bir-bir  onları  yoldan  çıxararaq  bu  qısqanc  kişilərin  “axmaq  fikirlərinə”,  “məcnunanə 
əməllərinə” daxilində gülür, oyuncaq kimi əlində oynatdığından çox razı qalırdı. 
Hüseyn  Rəhmi  əsərinin  birinci  nəşrinin  müqəddiməsində  bir  tərəfdən 
avropapərəstlərin  hücumundan  yayınmaqdan  ötrü,  digər  tərəfdən  də  təəssübkeş 
vətəndaşlarının  onu  ictimai  ədəb  qaydalarını  “pozmaqda”  ittiham  edəcəklərindən 
çəkinərək  (Roman  “İqdam”  qəzetində  nəşr  edildikdən  sonra  yazıçıya  həqiqətən  belə 
hücumlar  edilmişdir)  mürəbbiyə  Anjel  Düpreni  “Çiçək  bağçasında  bir  baldırğan” 
adlandırır və onun heç bir hörmətə layiq olmadığını belə qələmə alır:  “Mürəbbiyələrə 
qadınlıqları etibarilə hörmət, uşaqların tərbiyələrini üzərilərinə almaları baxımından da 
təşəkkür  etməyə  borcluyuq.  Fəqət  adını  mürəbbiyə  qoyduğumuz  bu  hekayəmizdəki 
madmazel  Anjelin  yalnız  adı  mürəbbiyədir.  Özü  nə  hörmətə,  nə  də  təşəkkürə  dəyəri 
olmayan  bir  səfilədir.  Təmiz  bir  çiçək  bağçasında  bir  baldırğanın  yetişməsi  havanı 
korlamayacağı kimi bunun vücudundan da iffət sahibi digər möhtərəm tərbiyəçilərə bir 
ayıb düşməz zənn edirəm”. [7, s. 5] 
Bəzi  ədəbiyyatşünaslar  belə  zənn  edirlər  ki,  “Mürəbbiyə”  romanının  süjetini 
Hüseyn  Rəhmi  Əhməd  Vəfiq  paşanın  evində  baş  vermiş  hadisələrdən  götürmüşdür. 
Bəlkə romanda Dəhri  əfəndinin bir çox xüsusiyyətinin  həqiqətən Vəfiq paşaya həddən 
artıq  uyğun  gəldiyini;  hər  ikisinin  varlı,  avropapərəst,  elmli,  savadlı,  Avropa  dillərini 
bilən, həmin dillərdən tərcümələr edən və s. nəzərə alaraq belə güman edirlər. Hər halda 
elə olsun. yaxud olmasın. Bunun o qədər də əhəmiyyəti yoxdur. Lakin bir şey aydındır 


 
 
108 
ki,  roman  müəllifi  həyat  hadisələrinə  müdaxilə  edə  bilmiş,  gerçək  əxlaqi-məişət 
hadisələrini real surətdə canlandırmışdır. 
 
Realist  satirik  nəsr  sənətkardan  dərin  həyat  müşahidəsi,  hadisə  və  əhvalatları 
ümumiləşdirmə  bacarığı,  zəmanəyə  uyğun  yeni  xarakterlər,  bir  sözlə,  ideya  və  fikir 
tələb  edir.  Mübaliğəyə  yol  vermədən  Hüseyn  Rəhmini  həyatın  mühüm  ictimai 
problemləri  ilə  məşğul  olan  realist  satirik  nəsrin  orijinal  nümayəndələrindən  biri 
adlandıra bilərik. 
Hüseyn  Rəhmini  bir  satirik  yazıçı  kimi  əsasən  zəmanəsinin  ictimai-etik 
məsələləri, vətəndaşlarının əxlaqi-mənəvi aləmi maraqlandırır. Ədib, həmin məsələlərin 
bədii  şərhini  ailə  üzvləri  arasında  ixtilaf  və  narazılıq  (“Təsadüf”,  “Boşanmış  qadın”), 
sevgi-məhəbbətin  tapdanması,  qızların  alınıb-satılması  (“Sevda  ardınca”,  “Bir 
müadileyi-sevda”), din, mövhumat, xurafat, cahillik və ruhanilərin fırıldaqları (“Cadu”, 
“Qulyabanı”,  “Quyruqlu  ulduz  altında  bir  izdivac”)  və  s.  nöqsanların  təsvirində  verir. 
Əlbəttə Hüseyn Rəhmi təkcə təsvir etməklə kifayətlənmir. Onun əks etdirdiyi hadisələr 
tipikdir,  yaratdığı  surətlər  həyatidir.  Konkret  həyat  faktlarının  ümumiləşdirilməsi, 
xüsusilə  ümuminin  əks  olunması,  onun  romanlarının  bədii-emosional  ifadəsini  və 
dəyərini  təmin  edən  cəhətdir.  Yazıçı  həyati  faktları  diqqətlə  öyrənir,  təhlil  edir  və 
ümumiləşdirmələr  yolu  ilə  həmin  faktların  mənasını  bədii  təxəyyülün  köməyilə  açıb 
oxucuya təqdim edir. 
Məlumdur  ki,  roman  janr  xüsusiyyətinə  görə  həyati  ziddiyyətləri  geniş  planda 
göstərmək cəhətdən böyük imkanlara malikdir. Ona görə də romanda hadisələrə müəllif 
münasibəti və müəllifin oxucuda da belə bir münasibət yaratmaq cəhdi vacib məsələdir. 
Bu  baxımdan  Hüseyn  Rəhminin  romanları  mücərrədçilikdən  uzaq,  aydın  və  konkret 
ideyalıdır. Bunlarda təsvir edilən hadisə və əhvalatlara, xarakterlərə müəllif münasibəti 
dəqiqdir. Yazıçı satiraya tutduğu, gülüş obyektinə çevirdiyi hər hansı məsələyə dövrün 
ictimai  ideal  mövqeyindən  yanaşır,  nöqsanları,  mənfilikləri  estetik  inkarda  ifadə  edir. 
Onda estetik inkar, emosional tənqidin ifadə vasitələri də müxtəlifdir, rəngarəngdir. Bu 
cəhətdən onun bəzi məsələlərə münasibətini nəzərdən keçirək. 
Hüseyn Rəhmini narahat edən başlıca məsələlərdən biri əsrlərcə davam edib gələn 
qadınların  kölə  halında  yaşaması,  hüquqsuzluğu,  əşya  kimi  alınıb-satılması  idi.  Qadın 
hüquqsuzluğu  bütün  dünya  ədəbiyyatında  mühüm  bir  problem  olaraq  ictimaiyyətin 
qabaqcıl nümayəndələrini həmişə düşündürmüşdür. Şərq qadınlarının vəziyyəti isə daha 
böyük  əhəmiyyət  kəsb  edir.  Çünki,  uzun  zamanlar  onlara  kölə,  qul  münasibəti  bəslən-
mişdir.  Qadınlara  belə  münasibət  göstərən  Şərq  ölkələrindən  biri  də  Türkiyədir.  Başqa 
müsəlman  ölkələrində  olduğu  kimi  Türkiyədə  də  qadınların  vəziyyəti  acınacaqlı  ol-
duğundan müxtəlif dövrlərdə mütərəqqi fikirli adamlar bu hal ilə barışmaq istəməmişlər. 
Türk  ədəbiyyatında  İbrahim  Şinasi,  Namiq  Kamal,  Əbdülhəq  Hamid,  Əhməd  Midhət, 
Sami Paşazadə Səzai… əsərlərində bu məsələyə əhəmiyyətli dərəcədə toxunmuşlar. 
Hüseyn Rəhminin də bir neçə əsəri  ya bilavasitə, ya da dolayısı ilə bu məsələyə 
həsr edilmişdir. Onun “Sevda ardınca” əsəri də bilavasitə qadın hüquqsuzluğundan bəhs 
edir.  Romanın  qəhrəmanı  Aynınur  yaşadığı  mühitdə  çıxış  yolu  tapa  bilmir.  O,  azad 
sevməkdən  məhrumdur.  Anası  onu  məcburən  istəmədiyi  adama  ərə  verir.  Belə  həyat 
tərzindən narazı qalan qız intihar etməli olur. Öz qadınlıq hüququnu  yaxşı başa düşən, 
lakin  köhnə  fikirli  valideynlərin  istəyinin  qurbanı  olan  Aynınur  haqlı  olaraq  anasını 
“əsir satan”, ərini “əsir müştərisi”, özünü isə bir əsir adlandırır. Gənc qız məhz bu əsir 
“alverinin” qurbanı olduğunu açıq-aydın dərk edir. 
Halbuki,  bu  əsərindən  10-12  il  əvvəl  yazdığı  “Bir  müadələyi-sevda”  romanında 
bunun  əksini  görürük.  Burada  Bədiə  adlı  qız  Aynınurdan  xeyli  dərəcədə  seçilir.  O, 
qorxmaz,  cəsarətli  və  mübariz  bir  qız  kimi  verilmişdir.  Bədiə  ağıllı,  fərasətli,  tərbiyəli  və 
savadlıdır.  Bunlara  baxmayaraq,  zəmanəsinin  başqa  türk  qızları  tək  o  da  valideynlərinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə