101
Aydın Abi Aydın,
filologiya üzrə elmləri doktoru, professor
H.R.GÜRPINARIN BƏZİ SATİRİK ROMANLARI HAQQINDA
Açar sözlər: H.R.Gürpınar,
satirik romanlar,
sosial həyat
Yeni Türkiyə ədəbiyyatının məşhur, böyük roman müəllifi Hüseyn Rəhmi
Gürpınar Avropalaşmağa üz tutmuş hərəkatın qarşısında milli müqavimət qalası kimi
ucalan bir şəxsiyyətdir. O, türk xalqının ictimai-sosial, əxlaqi-didaktik yaşam şərtlərini,
ailənin ağır həyat tərzini, batil etiqadlarını, yaşadığı dövrün dolanışıq böhranlarını
yumoristik bir satira dühasilə qələmə almışdır. Sərvəti-fünunçularla eyni vaxtda
yaşamasına baxmayaraq, onlardan fərqli bir sənət xəttini, ayrı bir görüş biçimini
sürdürmüş bir yazıçıdır. Onda çox güclü müşahidə qabiliyyəti vardır. Çağdaşlarından
fərqli olaraq, “sənət sənət üçündür” yerinə “sənət həyat üçündür” (cəmiyyət üçün sənət)
prinsipini əsas götürmüşdür.
Hüseyn Rəhminin 53 cild əsəri vardır. Bunlardan 36-sı roman, 7-si hekayə və
novella toplusu, 2 pyesi, 2 ədəbi münaqişəsi, 5 tərcüməsi və “Tərcumani-həqiqət”
qəzetində müxtəlif yazıları çap olunmuşdur.
Hüseyn Rəhmi Gürpınar 1864-cü ilin 17 avqustunda İstanbulda dünyaya
gəlmişdir. Onun atası hərbçi olmuş, Plevnə müdafiəsində polk rəisi və briqada
komandiri olaraq işlədiyi zaman ruslara əsir düşmüş Məhməd Səid Paşa Ərzurumda
möhkəmləndirilmiş mövqe komandiri ikən vəfat etmişdir. 22 yaşlı anası Ayişə Sidiqə
xanım oğlu Hüseynin 3-4 yaşı olarkən vərəm xəstəliyindən ölmüşdür. Anası vəfat
edəndən sonra, atası ikinci dəfə evlənmişdir. H.Rəhmi ana nənəsi ilə xalasının yanında
böyümüşdür. Orta okulu və Mülkiyə məktəbinin İctimai elmlər fakültəsini bitirdikdən
sonra, Cəza işləri üzrə ədliyyə idarəsində işləməyə başlamış, daha sonra İctimai nəzarət
bürosunda işini davam etdirmişdir. 1908-ci il gənc türklər inqilabından sonra dövlət
məmurluğundan çıxaraq həyatını yazıçılıqla əldə etməyə üz tutmuşdur.
12 yaşı olarkən yazdığı bir romanı və “Gülbahar xanım” adlı pyesi yanğın zamanı
yanmışdır. Onun tanınmasına işıq tutan əsəri “Şıq” romanıdır. Hələ Rüştiyə məktəbində
(orta məktəbdə) oxuduğu zaman yazmağa başladığı bu romanı “Tərcumani - həqiqət”
qəzetində nəşr edilmişdir. Təxminən əlli il, uşaqlıq və Türkiyə Böyük Millət Məclisinin
Küthahyadan üzvü olduğu 1936-1943-cü illəri nəzərə almasaq bütün ömrü boyu yazıb-
yaratmaqla məşğul olmuşdur. Heç evlənməmişdir. 8 mart 1944-cü ildə İstanbulun
Heybəliada qəbristanlığında dəfn olundu.
“Sərvəti-fünun” topluluğundan kənarda qalan nasirlər içərisində tənzimatçı yazıçı
Əhməd Midhətin ədəbi tərzini böyük səy və qüdrətlə davam və inkişaf etdirən ən güclü
ədib Hüseyn Rəhmi Gürpınar, eyni zamanda fransız naturalizminin ilk nəhəng
nümayəndəsi idi. Romanlarında müşahidə və sınaq ön plandadır. Ancaq, bütün bu xüsu-
siyyətləri ilə naturalistlərdən fərqlənməyən Hüseyn Rəhmi mühüm bir xüsusiyyəti ilə
onlardan açıq bir biçimdə fərqlənir; o da onun açıq ictimai tənqidiydi. Çünki bilindiyi
kimi naturalist romançı şəxsiyyətin xasiyyət və sosial mühitin ortaq məhsulu olduğunu
isbat etməyə çalışır. Məqsədi, sadəcə təbii elmlərdə deternizmi romana da soxmaq, yenə
bu məlumatların “müşahidə” və “sınaq” metodlarını romanda da tətbiq etməkdi.
Naturalist romançının sosial tənqidlə bir əlaqəsi yoxdur. Halbuki, Hüseyn
Rəhmidə ictimai tənqid ən geniş ölçüsündədir. Bu ictimai tənqid isə, daha çox satira
yoluyla həyata keçirilir. buna görə də, ümumilikdə normal olmayan vəziyyətdə
qəhrəmanlar ələ alınır. Qəhrəmanlardakı anormallıqlar isə xasiyyət, əxlaq və
mədəniyyət səviyyəsi istiqamətindədir. Onun qəhrəmanlarının bir qismi bu cəhətdən,