40
Hər şeydə möhkəm,
sözünün üstə duran, inadcıl, amansız olan Baxış bəyin
bir zəif cəhəti vardı: çox şorgöz idi. Yaşa dolduqca bu mərəz onda daha
şiddətlənirdi.
Uca boylu, ağ, nəcib sifətli, qara qaşlı, ala gözlü arvadı Şölə xanım onun
gözünü kənardan yığa bilmirdi. Çox zamana bu barədə aralarında söz, inciklik
olurdu. Şölə xanım uşaqlarına və namusuna boğulub Baxış bəydən boşanmırdı.
Şölə xanım başqasının arvadı olsaydı, Baxış bəy yəqin ki, onun qarşısında
diz çöküb yalvarar, müxtəlif vasitələrlə ələ gətirərdi. Ancaq o, hər gün gözünün
qabağında olan pak bir gözəllik mücəssəməsinə qarşı kor və laqeyd idi. Ona görə
də arvadının yumşaq rəftarını, etibar və ailəpərəstliyini qiymətləndirmirdi. Daha
doğrusu, Şölə xanımda olan bu müsbət cəhətləri dərk edə bilmirdi. Adətən, Baxış
bəy kimi pozğun və zövqü korlanmış adamlar insanın
daxili və xarici
məziyyətlərini görüb, qiymət vermək qabiliyyətindən məhrum olurlar.
Baxış bəyin fikrincə, «harama əl qatmayan kişi, heç kişi deyil». O, istər
zorla, istər xoşla ələ saldığı adamların sayını artırmağı özünə xüsusi məharət və
şöhrət sanırdı. Baxış bəyi bütün Həkəri-Bərgüşad kəndliləri bu cəhətdən də yaxşı
tanıyırdılar. Söhbət düşəndə deyirdilər: «Uzunqulağa da tuman geydirib, başına
yaylıq örtsən, Baxış bəyin tamahı düşər». Lakin heç kəs cəsarət edib bəyin bu
xasiyyətini onun üzünə demirdi.
…Çiynini eyvanın dirəyinə söykəyib, qələmə kimi dimdik dayanmış Baxış
bəy gözünü Növrəstədən çəkmirdi. Gah onun dirsəyə kimi çırmanmış ətli
qollarına, gah ilik kimi ağaran yaraşıqlı baldırlarına baxırdı. O, Növrəstənin nə
təhər bədən sahibi olduğunu onun qollarından və qıçlarından
təsəvvür edirdi,
köksünü ötürüb ürəyində deyirdi: «Yox, qaçqın qızı, Şəki maralı əlimdən qurtara
bilməz».
Növrəstə eyvana baxsın deyə, Baxış bəy bir neçə dəfə ucadan öskürdü.
Nəinki Növrəstə, heç kəs bu öskürməyə fikir vermədi, bəlkə də eşitmədi. Baxış bəy
zümzümə eləməyə başladı. Növrəstə yenə ona tərəf baxmadı. Baxış bəy özünü
saxlaya bilməyib, həyətə endi, Növrəstəyə yaxınlaşdı. Növrəstə tumanının ətəyini
belindən açıb qıçlarını örtdü, paltarının qollarını aşağı saldı.
Baxış bəy ürəyində dedi: «Ay kafirin balası, qol-qıçını niyə gizlədirsən?
Məni yerimdən oynadan axı onlardır. Yoxsa, mənim, sənin atan Nəbinin yanında
nə işim vardı…».
Baxış bəy:
- Qız, üzümə niyə baxmırsan? – dedi. – Səni çağırmırdım? Eşitmirdin?
Növrəstə dilləndi:
- Eşitməmişəm, ağa.
Baxış bəy Növrəstəyə sarı əyilib, qulağına nə isə demək istədi… Utanan və
bir qədər özünü
itirən Növrəstə geri çəkilib, fərşi yığışdırmağa başladı.
Baxış bəy onun qarşısına keçib gülə-gülə, astadan dedi:
- Utanma, bala. Anama demişəm ki, sənin haqqını artıqlaması ilə versin.
- Nə deyirəm, ağa, versə də, verməsə də, Aftab xanımın öz işidir…
- Sən fikir eləmə, vəziyyətinizi yaxşılaşdıracağam. İşini gör! – deyə Baxış
bəy ondan aralanıb, həyətdən çıxdı.
41
Bəy gedəndən sonra kənizlər öz aralarında pıçıldaşmağa başladılar. Nubar
sabınlı əlini
təknədən çəkib, Həlimənin qulağına dedi: «Baxış bəy çarxı xoruz kimi
Növrəstənin yan-yörəsində niyə dolanır? Deyəsən, aralarında bir şey var axı…».
Həlimə yavaşdan Nubara cavab verdi: «Bəy yaman şorgözdür. Amma Növrəstə
barədə imanımı yandıra bilmərəm. Bir də bizə nə… Can onun, cəhənnəm tanrının,
işini gör. Sən qoca, mən qoca, kimin bizə tamahı düşəcək. Arpaya qatsalar at
yeməz, kəpəyə qatsalar it. İşləyib bir parça çörəyimizi yeyirik…».
Növrəstə fərşi güclə çiyninə qaldırıb eyvana çıxartdı.
Aftab xanım onu haqq vermək üçün otağa çağırdı.
…Növrəstə evlərinə getmək üçün həyətdən çıxanda Baxış bəy darvazanın
yanında durmuşdu. Bəlkə də Növrəstəni danışdırmaq, bir ağzını yoxlamaq üçün
gözləyirdi.
Növrəstə sakit ötüb keçmək istədikdə, bəy gülə-gülə söz atdı:
- Qızım, gedirsən?
- Bəli, ağa!
- Eşitmədim, səsini niyə qısırsan, küçük. Adam ağasından utanmaz.
- Dedim, gedirəm…
- Hə, indi eşitdim. Narazı getmirsən ki?
- Xeyr.
- Belə ha. BərəkAllah, qızım.
Bizə tez-tez gələrsən, iş görərsən, haqqına da
çörəkdən, düyüdən, yavanlıqdan alıb apararsan atana, qardaşına.
Növrəstə daha bir söz deməyib addımlarkən, bəy yenə «qızım» deyə-deyə
onu danışığa tutdu. Lakin ürəyindəkiləri açıb deyə bilmədi. Aşağıdan iki atlı onlara
tərəf yaxınlaşırdı. Bunun biri Əli Sadiqi, ikincisi Fərman idi.
Növrəstə aralanıb gedə-gedə Fərmana, Fərman da ona baxdı. Ancaq bir-
birini danışdırmadılar…
Pəncərəsi Bərgüşad çayına baxan geniş otaqda şirin söhbət gedirdi.
Əli Sadiqi adəti üzrə əlini-qolunu oynada-oynada deyirdi:
- Bəli, Baxış bəy, mənim canım, ürəyim millətin, müsavatındır. Mən
müsavat quruluşu üçün az əziyyət çəkməmişəm.
Amma hələ ki, əzab-əziyyətimə
layiq qulluq, vəzifə tutmamışam. Eybi yoxdur, bu da keçər. Millətim bir zaman
qədrimi bilər…
Baxış bəy söz atdı:
- Bundan artıq nə qulluq istəyirsən? Bərgüşadın pristavısan!
- Hm, pristav… Məndən savadı az, dərrakəsi az olanlar parlament üzvüdür,
nazirdir. Ancaq ümidvaram ki, bizim hörmətli sədr-əzəm ki, ibarət olsun cənab
Fətəli
xan Xanxoyskidən, bir gün məni yadına salacaq. Çəkib aparacaq Bakıya,
deyəcək, otur nazirliklərin birinin başında. Əlbəttə, əgər belə iş olsa, mən maarif
nazirliyindən başqa heç yerə getmərəm. Çünki mən o sahədə uzun illər qələm
çalmışam. Qəzetlərə məqalə yazıb, bədbəxt müsəlman millətimi oyatmışam. Bir
dəfə millət deyəndə, dodağım on yerdən partlayıb. Nə isə, indi at belində pristavlıq
eləyirəm. – O, öz-özünə istehza edirmiş kimi, sözünə davam elədi: - Kəndlərdə
qayda-qanun düzəldirəm. İnzibati iş aparıram. Ağaların, dövlətlilərin,
sənin kimi
bəylərin malını, canını qoruyuram, asayişini təmin edirəm. Amma sən Baxış bəyin