38
alışmırlar. Kəndli-kündlüdürlər də… Başları dağca olsa, dibləri qılcadır. İkisini də
iti
qovan kimi qovub, sənciyəzi özümə kəniz götürəcəyəm. Həyalı-ismətli gəlinsən.
Hə, nə deyirsən, bizdə qalarsanmı?
Növrəstə:
- Yox, xanım, - dedi, - mən həmişəlik sizdə qulluqçu ola bilmərəm. Bu gün,
sabah sahibim gələcək, yığışıb başqa kəndə gedəcəyik. Atam Baxış bəyin
sözündən keçmədi, mənə bu günlük işləməyə icazə verdi. Qurtaran kimi
gedəcəyəm. Atam naxoşdur. Gərək onun da pal-paltarını yuyam.
Aftab xanım üz-gözünü turşutdu:
- Yaxşı, yaxşı, işini gör, gedərsən, səni burda zornan mıxa bağlayıb,
saxlayan yoxdur. Yaxşı deyiblər, buğda çörəyinin buynuzu var, kasıb-kusubun
qarnını deşir. Bilirəm atanın naxoşluğu aclıqdandır. Qarnı tox adama güllə də kar
eləməz. İşlə, ona da, qardaşına da bir parça çörək apar. Yazıqlar, axı, Allahın
horrasını, qındısını da tapa bilmirsiniz. Aftab xanım ondan aralanıb
paltar yuyan
kənizin yanına getdi.
Həyatı qəm-qüssə içində keçən Növrəstə gələcəyinin daha fəlakətli
olacağından qorxurdu. Onun ürəyində şübhə yaranmışdı ki, atası çox yaşamayacaq,
əmisi, əri Bakıdan tez qayıtmayacaqlar, qardaşı ilə bərabər qalacaq çöllərdə.
Şahmərdan gedəndə, ona bir söz deyib, mane olmamışdısa da, indi ürəyində
dalınca deyinirdi: «Qoy bir kağızı, sorağı gəlsin, yerini bilim, yazacağam ki, «nə
üçün məni bu yad kənddə qoyub getdin? Burda nə əzablar çəkdiyimi, goru
gözümlə gördüyümü bilmirsənmi? Bakıdan
mənə pulmu, paltarmı göndərəcəksən?
Heç biri mənə lazım deyil. Özün tez qayıt gəl. Bibi oğlu, burda qaçqınların qız-
gəlinlərinə rahatlıq yoxdur. Aşağımollulu Bəşir kəndlimiz Cəvahiri zorla götürüb
qaçdı. Məqsud dayının qızı Şamama, evində qaldığı kişi namusuna əl atdığı üçün
özünü Həkəridə boğdu. Qonşuluğumuzda yaşayan Zeynəb xalanın qızı Məhluqəni
qaçırmaq üçün bir neçə dəfə, gecə vaxtı evlərinə basqın eləyiblər… Daha nə
yazım, hər şeyi özün başa düşürsən… Bibi oğlu, başını orda islat, burda
qırxdır…».
…Aftab xanım tumanının ətəyini əlində dəstələyib, yavaş-yavaş pilləkənlə
ikinci mərtəbəyə qalxmağa başladı. Köklüyündən ürəyi acıdı, bir az nəfəsini
dərmək üçün dayandı.
Bayaqdan bəri eyvanda durub həyətdə işləyənlərə tamaşa eləyən Baxış bəy,
enib anasının qolundan tutdu, gülə-gülə dedi:
- Deyəsən çıxa bilmirsən, ay Aftab xanım! Axı, bu boyda bədənlə niyə aşağı
enirsən.
Bilmirəm, Əhmədalı bəy səni neyləyirdi… Boyun gödək, qolun mənim
ortamdan yoğun, maşAllah, özünü çəkib apara bilmirsən…
Aftab xanım eyvana çıxıb, əlini ürəyinin üstə qoydu, töyşüyə-töyşüyə dedi:
- Ey, ay Baxış, yaşın qırxa da çatsa şit zarafatından əl çəkməyəcəksən.
Neyləyim aşağı enməyim, gözüm üstlərində olmayanda, kənizlər işə can
yandırmırlar. Analığın Dünya xanım da xəstəlikdən yorğan-döşəkdən çıxmır,
arvadın Şölə xanım iki uşağı ilə məşğuldur. Evin hər bir qarğaşası tökülüb mənim
üstümə.
- Sərfinazlığı, hökmranlığı onlardan çox sən eləyirsən, ay ana. De görüm,
təzə kənizin işi səni yarıdırmı?
39
- Qaçqın qızı deyirsən?
- Bəli, Növrəstəni.
- Təmiz iş görür, can yandırır. Amma, bir az baş-ayaq atır. Deyir,
işi tez
qurtarıb getmək istəyirəm. Bəs atası ilə danışmadın ki, qızı həmişəlik bizim
kənizimiz olsun? Axı, mən sırtılmış Nubarla Həlimənin noxtasını tez başlarına
dolamaq istəyirəm.
- Danışmışam, Nəbi razı olmur.
- Niyə? Qaçqın kişi varlanıb, yallanıb?
- Nə bilim. Sən işini gördür, sonra atasını da, özünü də yola gətirərik. Lap
zorla da olsa, Növrəstəni sənin kənizin eləyəcəyəm. Ancaq sən ona çörəkdən,
yavanlıqdan-zaddan çox ver, şirnikdir…
Oğlunun sözü haradan gətirdiyini başa düşən Aftab xanım:
- Mənə yol öyrətmə, - dedi, - nə verərəm, nə qədər verərəm özüm bilərəm.
Özün də ki, eyvanda durub az bax, bala, gözünün qarası gedər. Atana oxşama.
Cavan vaxtında onun əlindən evdə bir aydan artıq kəniz saxlaya bilməzdim. Hə,
Əhmədalı bəy məni çürütdüyü kimi, sən də Şöləni çürütmə, gözünü yığ.
Aftab xanım evə getdi. Baxış bu həyətdə iş görən
qulluqçulara baxa-baxa
ürəyində dedi: «Avam anam elə bilir ki, sümük azarını tərgitmək asandır…».
Baxış bəyin biri doğma, ikisi anadan ögey üç qardaşı var idi. O, hamısından
yaşca böyük idi. Qardaşlar ayrılmamışdılar. Lakin, onlardan ikisi kənddə
yaşamırdı. Zeynal bəy Gəncədə general-qubernatorun yanında katib vəzifəsində
işləyirdi. Müsavat ordusunda zabit olan Hilal bəy Qarabağda idi. Bakıda gimnaziya
qurtarmış Ağa bəy kənddə yaşayırdı. Qardaşların hamısından savadlı, tərbiyəli və
düşüncəli olan Ağa bəy, ev, təsərrüfat işinə qarışmazdı. Qardaşı Baxış bəy kimi
hökmranlıq eləmək arzusunda da deyildi. Kəndlilərlə heç bir işi olmadığı kimi,
onların arasında da az-az görünürdü.
O çox sakit bir həyat sürür, vaxtını kitab
oxumaqla, bağlarda, zəmilərdə, Bərgüşad çayının sahilində gəzməklə keçirirdi.
Kəndlilər ona, heç kəsi incitmədiyinə, heç bir adamın arvadına, qızına əyri
gözlə baxmadığına görə hörmət edir, xatirini istəyir, özünə də «quzu bəy»
deyirdilər.
Əhmədalı bəy öləndən sonra ev, təsərrüfat işlərini Baxış bəy öz əlinə
almışdı. O,
beli xəncərli, əli qamçılı, at üstə gəzən, hökm verən mülkədar bəy idi.
Nökər-nayib, çoban, mehtər onun göstərişi ilə oturub durardı.
Adını yaza bilməyən bu adam, böyük təsərrüfatı bacarıqla idarə edirdi.
Özünü elə göstərmişdi ki, hamı ondan zağ-zağ əsirdi. Onun qorxusundan evdən bir
şey əskik olmazdı, mal-qaradan biri tələf edilməzdi. Bir kəndli onun icazəsi
olmadan taxılını öz xırmanından evinə apara bilməzdi. Baxış bəy, döyülüb
hazırlanmış taxıla baxandan,
necə deyərlər, onun duru yerindən, onda bir faiz
bəhrəsini götürəndən sonra, kəndli öz malına sahib ola bilərdi. Alınan bəhrəni, öz
atında, ulağında aparıb bəyin evinə vermək də kəndlilərin borcu idi.
Baxış bəy siyasət aləmindən uzaq bir adam idi. Onun fikri-zikri mal-
dövlətini artırmaq, qızılının sayını çoxaltmaq, beləliklə, Qubatlı, Kürdüstan və
Qarabağ bəylərindən daha qüvvətli, adlı-sanlı olmaq idi.