220
hökumət bizi ağ günə çıxardacaq, yoxsa beş gündən sonra bu da atını sürüb
meydandan çıxacaq. Sözümün canı odur ki, əgər fəhlə-kəndli hökuməti bizə çörək,
paltar verəcəksə, gözümüz üstə yeri var, qalsın, verməyəcəksə, elə bu başdan çıxıb
getsin…
Comərd qoca kişini ətraflı başa saldı.
Kəndlilərin sorğu-sualı çoxaldı.
Axırıncı sualı orta yaşlı bir kəndli verdi:
- Deyirsiniz ki, pristav, nəçərnik olmayacaq? Bəs kəndli öz dərdini,
şikayətini kimə deyəcək? Kənddə böyüyümüz kim olacaq? Axı divan-dərə, böyük-
kiçik olmasa, baş saxlamaq olmaz…
Comərd:
- Əlbəttə olmaz, - dedi, - hər işə qəza inqilab komitəsi baxacaq.
Kəndli bir də dilləndi:
- Yəni deyirsən ki, bu gündən sonra biz kəndlilər bu pristava heç nə
deməyək, ona tabe olmayaq, hə?
Şahmərdan soruşdu:
- O hansı pristavdır?
- Budur e… - kəndli Əli Sadiqinin qolundan tutub yuxarı dartdı. – Ağa
pristav, özünü niyə gizlədirsən? Qalx ayağa, səni görsünlər, tanısınlar.
Əli Sadiqi üz-gözünü turşutdu:
- Ə, adam oğlusan, adımı niyə çəkirsən? Qolumu burax. – Əli Sadiqi yerə
oturmaq istədi. Lakin kəndli ondan əl çəkmədi.
- Qorxma, səni yeməyəcəklər ki… Özünü göstər! Sən bizi döyüb, söyüb,
incidəndə heç biz özümüzü sənin kimi tülkü ölümünə vurmurduq… - Kəndli iki əli
ilə onun peysərindən yapışıb dik yuxarı qaldırdı. – Mən bu pristavı deyirəm! –
Kəndli onu itələyə-itələyə meydanın baş tərəfinə apardı.
Camal yaxına gəlib onunla üzbəüz dayandı. Qəhqəhə çəkib dedi:
- Salaməleyküm, ağa pristav! Rəhmdil, insaflı pristav! Məni axtarırdın –
yanındayam. Daha heç yana qaçan deyiləm. Buyur, nə qədər döyürsən, döy! Ha…
ha… ha… Bəs hanı tapançan, şallağın, paqonun, çeşməyin?! Kəndli paltarı sənə
əcəb yaraşır!.. Bura bax, bunun qıllı papağına, çuxasına bax!..
Camalın kinayəli sözləri Əli Sadiqini yandırıb tökdü. O, başını aşağı dikib
fikrə getdi…
Əli Sadiqi bolşevikləri tapıb həbs etmək üçün qəza naçalnikinin əmri ilə
kəndlərə çıxmışdı. Bu məqsədlə, aldığı xəfiyyə məlumatı əsasında Gürcülüyə
gəlmişdi. Lakin bolşeviklər meşədə olduqlarından məqsədinə nail ola bilməmişdi.
Onları kənddə gözləməyə məcbur olmuşdu. Bolşeviklər dünən meşədən
qayıdandan sonra daha fikrindən əl çəkmişdi, çünki belə fikirdə olmaq artıq gec və
mənasızdı. Müsavat hökumətinin süqutundan, Qızıl Ordunun Qarabağa
gəlməsindən vahiməyə düşən müsavat məmurları başlarını daldalamağa məcbur
olmuşdular. Əli Sadiqi də o cür hərəkət etmişdi. Kəndlilərin bugünkü yığıncağına
gəlməkdə isə məqsədi bolşeviklərin onun kimi adamlarla necə rəftar edəcəyini
öyrənməkdi.
Əli Sadiqi kəndlilərin onu bu tezlikdə ifşa edəcəklərini ağlına gətirməmişdi.
O, elə zənn edirdi ki, inqilabın mənasını, əhəmiyyətini, hökumət dəyişikliyi
221
dövründə kiminlə necə rəftar ediləcəyini kəndlilər hələ başa düşməzlər. Həyat
onun fikirlərinin əksinə oldu.
Comərd ona baxıb gülümsündü və dedi:
- Başını yuxarı qaldır, köhnə «dost». Zahirən nə qədər dəyişilsən də,
zamanın hökmündən qurtara bilməyəcəksən…
Əli Sadiqi yerə çöküb titrək əlləri ilə Comərdin ayaqlarını qucaqladı.
- Mənə yazığınız gəlsin. Məni inqilaba bağışlayın!
Comərd onu özündən kənar eləyərək:
- İnqilab çox qurbanlar verib, - dedi. – Ancaq o, zalimləri bağışlamayıb.
Ayağa qalx!..
Əli Sadiqi dilənçi kimi əllərini açaraq, illər uzunu mübarizə apardığı
bolşeviklərdən aman dilədi.
Comərd üzünü kəndlilərə tutub dedi:
- Pristav «ağa» ilə necə rəftar edək?
Yerlərdən qışqırdılar:
- İlanın başını əzməsən, sonra səni çalar…
- Boğazına kəmsik salıb kəndin arasında sürümək lazımdır!
- Onu atın quyruğuna bağlamaq lazımdır.
- Ölümə ölüm deyiblər! O, çox ocaqlar söndürüb.
- Bolşeviklər, mənə yazığınız gəlsin! – deyə Əli Sadiqi yenə də yalvarmağa
başladı.
Comərd dedi:
- Biz camaatın iradəsindən, tələbindən kənara çıxa bilmərik. Özün
kəndlilərin səsini eşitdin!..
Əli Sadiqinin ümidi hər yerdən kəsildi.
- Mən sizə nə qədər istəsəniz pul, qızıl verərəm! – deyə əlini qoltuq cibinə
saldı və dərhal tapançanı çıxardıb Comərdin alnına tuşladı. Vahan o saat Əli
Sadiqinin biləyindən yapışdı və tapançanı qanırıb əlindən aldı.
Adamlar qışqırdılar:
- Xain! Alçaq!
- Onu sağ qoymayın!
Kəndlilərdən bəziləri pristavı yumruqladı.
Comərd gülə-gülə onlara dedi:
- Döyməyin! O, öz fikrində, əqidəsində möhkəm adamdır. Belələrini
«hörmətlə» sakit etmək lazımdır.
Qiyas, Camal və Mürsəl Əli Sadiqinin qollarını bağlayıb apardılar.
Comərd:
- Yoldaşlar! – dedi, - müsavat pristavının alçaq hərəkətini gördünüz. Biz onu
zalim bir adam olduğu üçün cəzalandırırıq. Kəndlərdə, şəhərlərdə onun kimi
inqilab düşmənləri hələ çoxdur. Fəhlə-kəndli hökumətimizi göz bəbəyi kimi
qoruyub saxlamaq üçün siz kəndlilər də ayıq olmalısınız! Qəza İnqilab Komitəsinə
kömək eləməlisiniz!
Kəndin aşağısındakı uçurumun kənarından gələn tək güllə səsi elə bil ki,
Comərdin sözlərinə cavab verdi: «İnqilab düşmənlərinə heç vaxt aman
olmayacaq!»
222
Comərd üzünü çalğıçılara tutub dedi:
- İndi çalın! Azərbaycan torpağının, Azərbaycan xalqının bugünkü böyük
azadlıq bayramında hamı gülsün, oynasın, oxusun!
Qara zurnanın, nağaranın səsi ucaldı.
Bir qələbə himnini xatırladan elin coşqun havası, «Koroğlu cəngisi» ürəkləri
sevinclə doldurdu. Çöllər, dağlar, dərələr sanki dil açıb dedi:
«Bayramınız mübarək, ay ellər!»
Azərbaycanda Şura hökumətinin qurulması, Qızıl Ordunun qələbələrlə
irəliləməsi Zəngəzur kommunistlərinə, partizanlarına yeni qüvvət və mübarizə
ruhu verirdi. İndi Zəngəzur bolşevikləri daha da aktiv fəaliyyət göstərməyə
başlamışdılar. Qəza firqə təşkilatı bir sıra yeni tədbirlər görmüşdü. Bunun ən
mühümü, qəza mərkəzində və bəzi kəndlərdə inqilab komitəsinin təşkili idi.
Qəza İnqilab Komitəsi Gorus, Sisyan, Kafan firqə təşkilatlarına
müraciətnamə göndərmişdi. Müraciətnamə, daşnak quruluşunu tarmar etmək üçün
xalqı açıq və ciddi silahlı üsyana çağırırdı. Bunun əsasında xalq hərəkatı getdikcə
genişlənirdi. Daşnaklar xalq üsyanlarını bəzi yerlərdə yatırmağa müvəffəq olur,
bəzi yerlərdə özləri məğlub olurdular. Hər halda, onlar özlərini böyük bir təhlükə
qarşısında hiss edirdilər.
…Mesrop stolun arxasında qolu sarıqlı oturmuş Karoya baxıb sözünə davam
elədi:
- Allahın bizə rəhmi gəldi. Yoxsa, general-nahankapet, güllə qolundan yox,
dilim-ağzım qurusun, ürəyindən dəysə idi, millət başsız qalardı. Mən gecə-gündüz
Allaha dua edirdim… Şükür, indi yaxşısan.
Samvel də onun sözünə qüvvət verdi:
- Bəli, bəli, sən düz deyirsən, keşiş ağa. Ölkə sahibsiz qalardı. Allah
Zəngəzuru bir gün də general-nahankapetsiz eləməsin.
Karo məğrur-məğrur gülümsəyərək dedi:
- Məni az tərifləyin. Mən hələ elə bir qoçaqlıq göstərməmişəm…
- Yox, yox, elə demə. Düşmənlərin gülləsindən ki, salamat qurtarmısan, əziz
canını millət üçün saxlamısan – çox böyük cəsarətdir. Lap tarixə yazılmalı
qoçaqlıqdır. Əgər yaralı-yaralı otağa girib, başqa qapıdan çıxmasa idin, səni tuta da
bilərdilər. Öldürə də bilərdilər. Ölkə də, millət də kor qalardı.
Karo fikirli-fikirli dedi:
- Bəli, orası doğrudur… Amma təəssüf ki, hələ bir çoxları bilmək istəmir ki,
mən ancaq millət, üçün vətən üçün canımdan, başımdan keçirəm.
- Bilən bilir. Bilməyən də heç bilməsin… Keşiş ağa demişkən, onsuz da
sənin iyidliyini tarixə yazacaqlar… Keşiş ağa, başın üçün, üzünə demirəm, bizim
bu general-nahankapet çox sərrast güllə atandır… Amma əfsus ki, o alçaq
düşmənləri, gecə qaranlıq olduğundan görməyib. Yoxsa, astvast haqqı, bir təkini
sağ buraxmazdı…
Keşiş dedi:
- Amma Arakeli sağ buraxmağımız pis oldu. Gərək o vicdansız həbs olunan
gün güllələnəydi.
Dostları ilə paylaş: |