223
- Bəli, buna mən də təəssüflənirəm! Ancaq məni o düşündürür ki, partizanlar
Arakelin o axşam mənim yanımda olduğunu hardan biliblər? Mən belə zənn
edirəm ki, içimizə düşmən soxulub. Sən kimdən şübhələnirsən, keşiş?
Mesrop saqqalını tumarlaya-tumarlaya bir az fikrə getdi, sonra dedi:
- Hələ heç kəsdən. Yalandan nə deyim. Məncə, Samvel bu işlə ciddi məşğul
olmalıdır…
Karo üzünü Samvelə tutub soruşdu:
- Sən o, həbsxana rəisi müavinliyinə düzəltdiyin necə adamdır? Onun kim
olduğunu yaxşı öyrənmisənmi?
- Bəli, lap ətraflı öyrənmişəm. Deyirlər, çox təmiz adamdır. Həm də ki, Milli
Şuranın üzvü, möhtərəm Manuçar Sarumovun kağızı əsasında işə qəbul olunur.
Yoxsa, general-nahankapet ağa, ondan şübhələnirsən? Arxayın ol, Hayk
Aslanyandan bizə düşmən çıxmaz.
- Bəs niyə kənddən gəlib şəhərdə qulluğa girib?
- Kənddə dolanmaq onun üçün çətin olub. Bir də hökumət qulluğuna çox
həvəsi var.
- Burda kimin evində yaşayır?
- Mehmanxanada.
- Ona gizli nəzarətçi qoy. Başa düşdünmü?
- Baş üstə.
Qapının açılması onların söhbətini yarımçıq qoydu. Aşot içəri girib kiminsə
Samveli çağırdığını söylədi. Samvel dərhal yerindən qalxdı, Karodan icazə alıb
Aşotla bərabər getdi.
Karo dedi:
- Keşiş Mesrop, görürsən, işlərimiz gündən-günə pisləşir, kəndlərdə
qarışıqlıq, iğtişaş artır. Açıq demək lazımdır ki, kommunistlər kəndliləri bərk
yoldan çıxardırlar. Hakimiyyət, qoşun, divan-dərə bizim əlimizdə olsa da, onlarla
lazımi qədər bacara bilmirik. Elə deyilmi?
- Elədir, onu mən də bilirəm, cənab Karo. Məni hər şeydən çox narahat
eləyən işimizin daxildə pis olmasıdır.
- Mən elə bu barədə səninlə məsləhətləşmək istəyirdim. Necə eləyək ki,
bizim dövlət idarələrində xidmət edən adamların ürəyini bilək, hərəkətlərini
izləyək?
Mesrop gülümsündü.
- Ürəyi bilmək çox çətindir. Ancaq hər kəsin hərəkətini izləyib gördüyü işi
bilmək olar. Bunun üçün gərək adamların hamısını eləyəsən xəfiyyə və bir-birinə
gizli nəzarətçi qoyasan…
Karo nə isə fikirləşib keşişdən soruşdu:
- Sən Samveldən şübhələnmirsən ki?
- Yox, canım! – deyə keşiş güldü. – Samvel həqiqi daşnakdır, əsl bizim
adamdır. Mən özümə o qədər inanmıram ki, Samvelə inanıram.
- Samvelin üstündə göz ol. Bildinmi? İndi oğul ataya, ata oğula inanmayan
vaxtlardır.
Keşiş yenə əlini saqqalına çəkərək dedi:
224
- Samvelin üstündə göz olmağa sözüm yoxdur. Amma hamını şübhə altına
almaq da yaxşı deyil. Çünki onda gərək hər işi tək özün görəsən.
Karo çox ciddi dedi:
- Düyünləri açmaq üçün belə lazımdır, keşiş!
Keşiş susdu.
Dövləti idarə etmək işində casusluğu hər şeydən üstün tutan Karo öz
ürəyində dedi: «Heç narahat olma, keşiş, bundan sonra sənin də üzərində nəzarətçi
özüm olacağam… Mənim imkanım olsa idi hər kəsin ürəyində bir xəfiyyə
gizlədərdim…».
Samvel içəri girib dedi:
- Cənab general-nahankapet, «Sağsağan» gəlib.
- «Sağsağan?»
- Bəli, yanına çağırımmı?
- Gəlsin.
Samvel çıxdı. Yenə həmin saat Şadlinski ilə bərabər qayıtdı.
- Salam, möhtərəm ağalar! – deyə Şadlinski əvvəl Karo ilə, sonra Mesropla
əl tutdu.
- «Sağsağan» xoş gəlib! – deyə Karo ona yer göstərdi. – Otur. Danış görək
bizə nə xəbər gətirmisən?
Şadlinski bir Karoya baxdı, bir Mesropa. Onun baxışlarındakı mənanı başa
düşən Karo dedi:
- Danış, ehtiyat eləmə.
- Bu dəfəki xəbərim nə qədər ürək sıxıcı olsa da, deməliyəm. Qorxaq
müsavatçılar üsyan edən Bakı fəhlələrinə, Rusiyadan gələn Qızıl Orduya heç bir
müqavimət göstərə bilmədilər. Müsavat hökuməti yıxıldı. Yəqin ki, siz bunu
eşitmisiniz?
Karo dedi:
- Bu qara xəbəri eşitmişik. Sən bizə Qızıl Ordunun indi hansı tərəfə hərəkət
etməsindən və müsəlman camaatının ona qarşı münasibətindən danış.
- Öyrəndiyimi görə, Qızıl Ordu irəliləyir. Yəqin ki, bu gün, sabah Şuşaya
çatar. Əhalinin fikri müxtəlifdir. O kəndlərdə ki, mən olmuşam, kasıblar toy-
bayram eləyirlər. Çünki kommunistlər vaxtı ilə onların qulaqlarını doldurublar ki,
Şura hökuməti sizin hökumətinizdir. Varlılar yas saxlayırlar, qan ağlayırlar.
Evlərinin talan edilib dağılmasından, tutulmaqdan, sürgün edilməkdən,
öldürülməkdən qorxurlar. Bəylərdən, dövlətlilərdən bəziləri pulunu, qızılını,
malını, qoyununu götürüb dağlara çəkilib. Bəziləri dərələrdə, kahalarda, meşələrdə
gizlənib. Bəziləri paltarını dəyişdirib, özünü kasıb kəndli şəklinə salıb. Müsavat
inzibati idarələrinin qulluqçuları və ordu zabitləri paqonlarını qırıb atıblar.
Müxtəsər ki, bu böyük hadisə çoxlarının ürəyinə böyük vahimə salmışdır. Kasıblar
indi varlılara, necə deyərlər, dirsək göstərirlər. Deyirlər, indiyə kimi siz bizə ağa
idiniz, indi biz sizə ağa olacayıq. İndiyə kimi siz bizi minmişdiniz, indi biz sizi
minəcəyik. Ta srağagün eşitmişəm ki, Gürcülü kəndlilərinin tələbi ilə bolşeviklər
pristav Əli Sadiqini güllələyiblər. Daha nə deyim, cənablar, vəziyyət belədir. Onu
da deyim ki, hər yerdə inqilab komitələri və «şuralar» təşkil edirlər. Onlara
kasıbları, lütləri cəlb edirlər.
225
Karo dərindən köksünü ötürüb dedi:
- Xeyir xəbər gətirməmisən, «Sağsağan»…
- Mən gördüklərimi, eşitdiklərimi dedim! Zəmanənin üzü dönüb. Fələyin
çarxı indi tərsinə dövran edir. Kim deyərdi və kim inanardı ki, rusların Qırmızı
Ordusu Zaqafqaziyaya girəcək. Kim ağlına gətirərdi ki, Şimalı Qafqazdakı Denikin
kimi generallar qırmızıların qabağında duruş gətirə bilməyəcəklər?!
- Bəs sən özün bu hərc-mərclikdə necə baş saxlayacaqsan?
- Deyir, ağac öz səmtinə yıxılar, cənab general-qubernator. Mən çoxdan sizi
özümə arxa bilmişəm.
- Bolşeviklərə işləmək istəmirsən?..
- Farslar deyirlər ki:
«Kəbutər ba kəbutər baz ba baz,
Konənd həmcins ba həmcins pərvaz».
Yəni, göyərçin göyərçinlə uçar, qartal qartalla, yəni hər cins öz cinsini tapar. Məni
onlarla bir qazanda qaynatsalar da, qarışmaram. Mən sizin ixtiyarınızdayam.
- Yaxşı, sən bizə kömək eləmək üçün Qızıl Orduya nə edə bilərsən?
- Zənn edirəm ki, daşnaklar müsavatçılar kimi biqeyrət çıxmayacaqlar. Onlar
Qızıl Ordu ilə döş-döşə gələcəklər. Mən bu mübarizədə öz fəaliyyətimi göstərə
bilərəm. Sizə onlardan elə məlumat gətirərəm ki, bir milyon qiyməti, dünyaca
əhəmiyyəti olar.
- Yaxşı, sən onların içinə necə girə bilərsən?
Şadlinski güldü:
- Bağışlayın, belə sualı naşı adamlara verərlər. Özünə məlumdur ki, biz
peşədə olan adamlar özünə hər yerdə yol tapa bilər. Ancaq xahiş edirəm ki, bu dəfə
qiymət məsələsində xəsislik eləməyəsən. Bolşevik qoşununun içinə girmək,
məlumat öyrənmək çox məsuliyyətli və təhlükəlidir.
- Yaxşı, onların hamısını nəzərə alarıq. Bu dəfə qiymət üstündə səni
incitmərik. Sən bizə bircə məlumat gətirməlisən: Qızıl Ordu Zəngəzura nə zaman
və hansı tərəfdən hücum edəcəkdir. Aydındırmı?..
- Bəli, aydındır.
- İlk məlumatını haçan gözləyək?
- İndidən deyə bilmərəm. Şəraitdən asılıdır. Hər halda tez gəlməyə
çalışacağam.
Karo dedi:
- Çox yaxşı, danışdıq qurtardıq. Mesrop, cənab Şadlinskini apar bir az
istirahət eləsin, sonra yola salarlar gedər.
Mesropla Şadlinski getdi.
Samvel də yerindən qalxdı:
- Mənim üçün qulluğun varmı, general-nahankapet?
Karo soyuq bir ifadə ilə dedi:
- Get, öz işində möhkəm ol!
Samvel otaqdan çıxdı.
Dostları ilə paylaş: |