13
İkinci fəsil
Günün batan çağı idi. Qış olsa da, hava sakit və xoş idi.
Həkim Arakelin müalicəsi sayəsində yaraları uyuşmuş,
lakin tamamilə
sağalmamış Suren pəncərənin qabağında oturub papiros çəkir, Gorusun məhzun
görünən qarlı dağlarına, ehram şəkilli qayalarına tamaşa edirdi.
Suren hələ bir «işdən» yapışa bilmədiyinə darıxırdı: «Niyə gərək hər xata,
hər macəra mənim başıma gəlsin? Nə ata-anama yaxşı oğul oldum, nə
məhəbbətdən yarıdım, nə də camaatı bir xoş günə çıxara bildim…».
Onun qəlbi sanki bir kitab kimi vərəqləndi: «Özünü talesiz və hər şeydən əli
üzülmüş sananlar – acizlərdir. Hər günün, hər ilin bir hökmü var. Qarşında hələ
çox çətin, qovqalı yollar durur. Sən o yolları keçməyincə,
nə səadətə qovuşa
bilərsən, nə məhəbbətə. Qələbə əldə etmək, ağacdan alma dərmək kimi asan
deyildir. Qışsız bahar olmadığı kimi, döyüşsüz, əziyyətsiz, qurbansız da qələbə,
xoşbəxt həyat yoxdur.
Gözəl və sərvətli ölkəni işğal etmiş qara qüvvələr səninlə yoldaşlarının
ürəyinə iyirmi altı dağ çəkdi. Lakin, iyirmi altı nər oğul itirmiş və sənin mənsub
olduğun firqə sarsılmamışdır…».
Suren xeyli düşündü. Tamaşa etdiyi mənzərələr daha görünməz oldu. Arası
kəsilmədən
yağan iri, quş başı qar pəncərəyə boz bir pərdə çəkdi. Şüşələrdə
Surenin xəyalı kimi, müxtəlif şəkillər, naxışlar əmələ gəldi…
Suren atasının, bacısının ölümündən, anasının halından xəbərsizdi və onların
indiyə kimi köçüb gəlməməsi onu bərk darıxdırırdı.
O düşündü: Onlar hara getdilər? Əgər, Şəki dağılmasa idi, Nəbigilə gedə
bilərdilər».
Surenin Siranuşdan da xəbəri yox idi. Karoya adaxlandığını da bilmirdi. O,
eşitmirdi ki, öz eşqinin əsiri olan Siranuş bu saat xəstəlik yatağında, hərarət
içərisində sayıqlayır: «Suren! Hardasan, Suren?» deyir.
Axşam düşdü, hər yerə ürəksıxıcı bir qaranlıq çökdü.
Mehriban bir bacı kimi,
Surenə qulluq edən, onun qüvvətə gəlib, sağalması
üçün varını-yoxunu əsirgəməyən Klavdiya içəri girib lampanı yandırdı. Pəncərənin
taxtasını örtdü, sonra qayıdıb çay-çörək gətirdi.
Suren Klavdiyanın solğun üzünə, ərinin intizarını çəkən kədərli gözlərinə
baxdı, köksünü ötürüb dedi:
- Sənə də zəhmət veririk, Klavdiya bacı. Bizi bağışla – iş belə düşüb.
- Heç bir zəhməti yoxdur. Sergeyin xatiri
üçün əlimdən gələni sizdən
əsirgəməyəcəyəm. Amma Sergey yoxa çıxdı. – Klavdiya dərindən köksünü ötürdü.
– Mən ondan tamam əlimi üzmüşəm…
- Elə demə, Klavdiya bacı. Vallah, bir də görəcəksən ki, qapı açıldı. Sergey
gülə-gülə içəri girdi.
- Yox, Suren, o sağ-salamat olsaydı gəlib çıxardı. Bilmirəm hara gedim, onu
harada axtarım, kiminlə danışım…
Suren Klavdiyaya nə qədər təsəlli verdisə də, bu vəfalı, cavan qadın
ovunmadı. Özünü ağlamaqdan zorla saxlayıb dedi:
14
-
Sən çörəyini ye, Suren.
Klavdiya getdi, lakin çox çəkmədi ki, o biri otaqdan hönkürtüsü eşidildi…
Suren çay içməyə başladı.
Bayır qapısı iki dəfə kəsik-kəsik döyüldü. Qapının bu cür vurulmasından
gələnin kim olduğunu başa düşən Klavdiya gedib açdı. Sergeyi, Qurgeni, Saakı və
başqa dustaqları azad etdirmək üçün İravana getmiş Vahan dəhlizə girdi. Üst-
başının qarını təmizləyib otağa daxil oldu. Klavdiya öz otağına getdi.
Suren stəkanı nəlbəkiyə qoyub, tez yerindən qalxdı. Uzun səfərdən qayıdan
atasını sevinclə qarşılayan bir uşaq kimi, Vahanın qabağına yeriyib, boynunu
qucaqladı, bir şad xəbər söyləyəcəyini gözlədi. Vahan Surenin kefini soruşdu. Hər
ikisi oturdu.
- Yoldaşları görə bildinmi? Buraxdıra bildinmi?
- Nə görmək mümkün oldu, nə buraxdırmaq. Parlament üzvü olan bir
kommunist yoldaşla danışdım. O da bizimkilərin azad olması üçün çalışır. Lakin
daşnaklarla dil tapıb danışmaq çətindir. Xatisov
hökumətinin üzvləri ingilis-
amerikan nümayəndələrinin icazəsi olmadan, heç bir iş görmürlər. İmperialistlər
özlərini ölkədə çox sərbəst hiss edirlər. Hətta onlar İravanda ayrıca həbsxana
açaraq, polis dəstələri saxlayırlar. Bunların hamısı Ermənistanda, bütün
Zaqafqaziyada Sovet hakimiyyətinin qurulması uğrunda gedən mübarizəni
söndürmək üçündür. Amerikanlar kəşfiyyat və casusluq orqanına çevirdikləri
«Qırmızı xaç» təşkilatının vasitəsilə daşnaklara kömək edirlər. Eyni zamanda,
kommunistlərin kökünü kəsməyi daşnaklardan tələb edirlər. Onlar Naxçıvan
ölkəsini Ermənistanın ixtiyarına verməyi vəd edirlər. Daşnakları Vedibasar,
Zəngibasar müsəlmanları üzərinə hücuma şirnikdirir,
türklər və almanlar kimi,
onlar da millətlər arasına ədavət salırlar. Onsuz da dilənçi halına düşmüş ölkənin
sərvətini çəkib aparırlar! – Vahan bir an nəfəsini dərib, sözünə davam elədi: - İş
getdikcə çətinləşir, Suren. İndi biz, daşnak hökumətiylə mübarizə aparmaq üçün
partizan dəstələri düzəltməliyik.
- Partizan dəstələri?
- Bəli. Vəziyyət indi belə tələb eləyir. Dörd divar arasında qalmaq bizə əl
verməz. Hələlik Gorusdan çıxmalıyıq!
Onlar yeni mübarizə üsulları, formaları haqqında xeyli danışdılar.
Klavdiya içəri girib bir tərəfdə oturdu.
- Sergeydən bir xəbər öyrənə bilmədin ki, Vahan Barxudaroviç? – deyə
soruşdu.
Vahan nə cavab verəcəyini bilmədi, bir an tərəddüd içərisində qaldı. Ərinin
həbs edildiyini indiyə qədər bilməyən qadını ruhu əzablardan qurtarmağı lazım
bildi.
-
Sergeyin yerini öyrənmişəm, - dedi. – Sağ-salamatdır.
- Salamatdır? – Klavdiyanın gözləri sevinclə parladı. Bu şad xəbərə görə
Vahanı bir qardaş kimi qucaqlamaq istədi. – Sergey hardadır?
- İravanda, həbsdədir.
- Necə? Həbsdə? – Elə bil Klavdiyanın üstünə bir qazan soyuq su tökdülər.
Bir an əvvəl sevinclə gülən gözləri qaraldı, qəlbinə matəm çökdü. O, birdən
qışqırdı: - Mən sənsiz necə yaşayacağam, Sergey!