9
üçün də qələbə yox, məğlubiyyət izləyir bizi.
Bu adamlarda vətən təəssübkeşliyi
axtarmaq mənasızdır. Onun oğluna belələri rəhbərlik etsə, Orxan çox davam gətirməz.
Bəlkə cəbhədə əsgərlər elə ona görə özlərini vururlar. Belələrinə tabe olmaq, əmrlərini
yerinə yetirmək bədbəxtlikdir.
- Əvəz, hərbçilərimizə bax!
- Görürəm.
- Şübhəsiz!
- Gör səni hara gətirmişəm. Xəcalətimdən ölürəm.
- Özüvü üzmə, bizi bura taksi şoferi gətirib.
- Video da bizi çəkdi.
- Nə olsun. Qaraları, çirkləri bizə çıxmayacaq ki!
- Əvəz, bu adamlarla biz heç vaxt qələbə çala bilmərik.
- Hamı belə deyil, yaxşıları da çoxdur.
- Yaxşıların meyidi gəlir, Əvəz. Burlarsa keflərindədir. Elə bil nə əldən çıxmış
torpaqlar, nə yoxsulluqdan inildəyən xalq onlarınkıdır. Məni qorxu basır, dəhşət bürüyür,
Əvəz! Bir neçə aydan sonra biz oğlumuzu onların arasına göndərəcəyik. Onlara etibar
yoxdur, Əvəz!
Elə bu vaxt oxuyan oğlan qeyd etdi ki, Sveta bu restoranı səhər saat üçə qədər alıb.
Oturanlar tələsməsin. Plov, kofe, ləziz şirniyyatlar, dondurma da olacaq.
- Sabah şənbədir. Onsuz da evdə istidən, ağcaqanaddan yata bilməyəcəyik. Bura
qiyamətdir. Dadlı yeməklər, kondisioner. – Əvəz gülərə sarı çevrildi.
- Yox Orxan gəlib bizi evdə görməz, narahat olar.
- Hə düz deyirsən. Onsuz da yeməyə yer yoxdur, - Əvəz mədəsini sığalladı. –
Məclis də məni yorub, yuxum gəlir.
Durub sağollaşdılar. Məclisi tərk edən ilk qonaqlar idilər.
Ad günü sahibi onları yola salmaq üçün stoldan qalxdı.
Bakı - 1999
Şəhərdə bir gün
(hekayə)
Oğlan ayaq üstə zorla dururdu, sanki yer ayağının altından qaçırdı. Əbdül qolundan
yapışmasaydı, vaqondaca yıxılacaqdı. Uzaqdan onu sərxoş zənn etmək olardı, Əbdülsə
onunla burun-buruna durmuşdu, araq, şərab qoxusu gəlmirdi. Həm də səhər saat səkkiz
ancaq olardı. Bu vaxt araq, şərab içmək bu yerlərin adamlarına xas deyildi. Oğlanın
bütün vücudu əsirdi, elə bil ona bərk soyuq idi. İfadəli, solğun üzü onun bərk
yorulduğunu deyirdi.
- Yer verin, - dedi Əbdül.
Adamlar elə bildilər o yeri özü üçün istəyir. Altımış beş yaşı olsa da cavan, qıvraq
görünürdü. Son illərdə kənd havasında yaşamağı da buna az səbəb olmamışdı.
Bakıya yolu az hallarda düşürdü. Köhnədən qalma bir "Jiquli"si vardı, onunla gəlib
gedir, metro, avtobus görmürdü. Metro Əbdülün yaddaşında tələbəlik illərindəki təki
qalmışdı. O vaxt metroda az adam olurdu. Onda adamlar indikindən çox xoşbəxt
görünürdülər. İndi elə bil bütün dünyanın qəmi-ələmi insanların çöhrəsinə yağmışdı.
Bakıya sübh tezdən yol avtobusu ilə gəlmişdi. Ürəyincə olmasa da çox vacib bir
məsələni həll etməliydi. Bunu edə biləcəkdimi?! - İnanmağı gəlmirdi.
Deyəsən oturanlar arasında başa düşən oldu ki, o yeri özü üçün istəmir. Dərhal iki
nəfər qalxdı. Əbdül oğlanı çəkib oturtdu, özü də əyləşdi.
- Necəsən? - soruşdu.
Oğlan, deyəsən, bir qədər dikəldi. Özünü yığışdırdı. Çox qürurlu görünürdü. -
İradəliydi. Halının pis olduğunu boynuna almadı. Zəif, amma, qətiyyətli səslə:
- Sağ olun, - dedi.
"Belə olsaydı nə vardı ki, - Əbdül öz-özünə düşündü. Yaxşı olsaydın, -
soruşmazdım ki?! Sən cavansan, amma mən təcrübəli adamam. Görürəm ki, halın yaxşı
olana oxşamır. Sənə görə üç dayanacaq ötürmüşəm. Çoxdan düşməliydim. Təki özünə
gələsən, mən də vicdan əzabı çəkmədən rahat düşüb gedəm."
İstədi oğlandan soruşsun "acsan, ya yox?". Amma belə adam aclığını boynuna
almazdı. Bəlkə ürəyi idi. Dilə tutub dərdini öyrənmək istəyirdi. Oğlansa danışmırdı.
Əbdül ona pulla yardım edə bilməsə də, yeməkxanaya girə bilərdilər. Elə özü də səhər
evdən ac çıxmışdı.
Oğlan qucağına axdı. "- Havası çatmır", - adamlar vurnuxdular. - "Qapılar aşılanda
düşün", - Əbdülə məsləhət etdilər.
Növbəti dayanacaq elə də uzun sürmədi. Düşdülər. Əbdülə əziyyət vermək
istəməyən daha cavan olanlar oğlanı tutmağa çalışdılar.
- O ölür, - qadınlar haray-həşir saldılar. Əbdül oğlanı ətrafına toplaşanların
öhdəsinə buraxıb təcili yardım çağırmaq üçün polisə yaxınlaşdı.
Metro işçiləri, polis də köməyə gəldi. Oğlanı qucaqlarında metronun içərisindən
çıxartdılar. Çıxış pilləkənlərinə yaxın yerdə uzadıb özünə gəlməsi üçün üzünə su
vurdular. Sinəsini, köynəyini islatdılar. Oğlanın gözü yumuluydu.
- Ürəyi dayanıb? - Nə olub ona? - Vay yazıq, - yoldan keçənlər ayaq saxlayıb bir-
2
birindən soruşurdular.
- Bu kişi bilir, - onunladı, - Əbdülü göstərirdilər.
Polis heç bir həyat əlaməti göstərməyən oğlanın cibini axtardı.
- Sənədi olmasa, şəxsiyyətini təyin etmək çətin olacaq, - dedi.
Şalvarının cibindən qırmızı üzlü sovet pasportu çıxdı. 23 yaşı vardı, Ağcabədidən
idi.
Əbdül oğlanı pasportdakı adı ilə çağırdı, lap aşağı əyildi. - Oğlan gözlərini acdı, tez
də qapadı.
- Möhkəm dur, - Əbdül dedi. Cavan adamsan, ölməyə hələ çox var, - indi təcili
yardım gələcək.
Adamlardan böyük bir topa yığılmışdı. Hərənin ağzından bir avaz gəlirdi.
- Yəqin şəhərə iş axtarmağa gəlib.
- İndi iş tapmaq olur, şəhərin yarısı işsizdir, - adamlar acından ölür.
- Rayonlarda da iş yoxdur.
- Bəlkə soyub pullarını alıblar, - üzündən fağır adama oxşayır.
Görəsən bu anası ölmüşün burada qohum-əqrəbası var?! - Pulsuz ona xəstəxanada
da baxmayacaqlar.
- İndi heç əsgərlərə qospitalda baxmırlar, onda qalmış adi xəstələr olsun.
Təcili yardım gəlir. - Alın bu pulu qoyun pasportunun arasına, bir cavan qız bütöv
əlli manat uzatdı. - analizlər üçün verər, özünə yeməyə bir şey aldırtdırar.
- Deyirsiniz yəni özünə gələcək?
Əbdül çevrilib bu xeyirxah qıza baxdı. O pullu təsir bağışlamırdı. Köynəyi qısaydı,
göbəyi görünürdü. İndi yəqin belə dəbdir. Əbdülün qadın geyimlərindən başı çıxmırdı.
Oğlanın köməksizliyinə gözü yaşaranlar da vardı. Amma qızdan başqa pul verən
olmadı.
Təcili yardım gəlib çıxdı. Ağ xalatlı həkim oğlana sarı addımladı. Göz qapaqlarını
araladı. - Yol verin, - dedi, xərək gətirsinlər.
- Ümid var? - Hamı intizarla soruşdu.
- Analizlərsiz, kardioqrammasız bilmək olmaz, - hər halda ürəyi zəif də olsa vurur.
- Qohumları varsa əyləşin, - tibb bacısı bildirdi.
- Heç kəsi yoxdur.
- Bəs bu kişi? - Əbdülü göstərdilər.
- Mən də yoldan keçənəm, - Əbdül bildirdi. - Amma oğlanı tək buraxmaq istəməyib
təcili yardıma sarı addımladı.
Ağ xalatlı kişi:
- Yox müəllim, qohumu deyilsinizsə, kənara çəkilin. Yad adamı götürməyə icazə
vermirlər, - çox quru, laqeyd dedi. Qapını çırpdı. - Oğlan artıq maşının içindəydi.
- Deyin ona pasportunun arasında əlli min var, - qız qışqırdı. - Yoxsa çırpışdırarlar.
- Mən bilirəm, xəstəxanalarda belə şeylər olur.
- Siz gərək gedəydiniz, - Əbdülə dedilər. Yiyəsiz adama baxan deyillər. Heç o əlli
mini də oğlan görməyəcək. Biz bilirik bu həkimləri.
Əbdül maşının qapısına yaxınlaşıb xəstənin hansı xəstəxanaya aparılması ilə
maraqlandı. Ağ xalatlı kişi xəstəxananın adını dedi. Bu metroya yaxın yerdəydi.
Dostları ilə paylaş: |