Arifə isə Tərlanın Sevincə olan gizli sevgisini hiss etmişdi. Lakin bu sevginin
baş tutmamağı üçün nə lazım olsa etməyə də hazır idi. Sevinci həmişə
qısqanırdı. Onun paxıllığını elə lap uşaqlıqdan çəkirdi. Hər zaman atasının,
anasının sevimlisi olmuş, oyunlarda daim qalib olmağı bacarmış, məktəbdə əlaçı
olmuş, hər kəsin mehriban və şirin qız kimi sevgisini qazanmış Sevincin
paxıllığını edirdi. Üstəlik pəncərədən baxanda hər dəfə Tərlanın Sevincə necə
baxdığının şahidi olduqca ağlına hər fikir gətirirdi. Tək istəyi, məqsədi artıq
Tərlan olmuşdu. Beynində qərar vermişdi ki, nə olur-olsun Sevinc Tərlana ərə
gedə bilməsin. "Sevincdən nəyim əskikdir ki, elə özüm gedərəm ona" deyərdi.
Həmişə Sevincgilə üzünə "rəfiqə" maskası taxaraq gedərdi. Tərlanın onu tək
tuta bilməməsi üçün əlindən gələni də edirdi. Sevinc hara getsə yanına düşərdi.
Guya onu çox istəyir, evdə də oturmaqdan ürəyi partlayır. Sevinclə birgə onun
anasının tikdiyi paltarları sahiblərinə verib gələrdilər.
Vaxt beləcə keçirdi. Gün gəldi Tərlan əsgər getdi. Onun əsgər getməsinə
Arifə çox sevinirdi. Çünki planında Tərlanın əsgərlikdə olduğu vaxt ərzində
Sevincə bir ər tapmaq vardı. Çalışırdı ki, Tərlan gələnə kimi onun "başını
bağlasın" . Bunun üçün şəhərdə yaşayan əmisi qızına zəng vurdu:
"Əgər oralarda kimsə evlənməyə kənd qızı axtarsa de, biri var Sevinc. Atası
rəhmətə gedib 18 yaşı var. Gözəl-göyçək qızdı. Anası dərzidi. Savab
qazanarsan"
Əmisi qızı şəhərdə tibb bacısı işləyirdi. Günlərin bir günü elə təsadüfən iş
yoldaşının qardaşı haqqında danışdıqlarını eşitdi:
-- Qardaşım Rusiyada işləyir. Atamın, anamın tək oğludur. İstəyirik bir halal süd
əmmiş qız tapaq. Ona qalsa illər keçsə də tapa bilməz. Cəmi 28 yaşı var. Atam
xəstədir. Deyirik, nə qədər ki, yaşıyır oğlunun toyunu görsün. Amma öz
aramızdı, hardadı indiki zəmanədə halal süd əmmiş qız? Olsa-olsa kənd yerində
olar, ya olmaz. O da tanıdığım yox, bildiyim yox...
Elə onda əmisi qızı Arifəyə zəng vurub dedi ki, bəs, təcili qızın rəsmini
göndər. Arifə də böyük məharətlə Sevincin albomuna baxmaq bəhanəsi ilə
şəkillərindən birini gizlincə götürdü. Poçta gedib onu bir zərfə qoydu. Çatacağı
ünvana kimi qeyd edib evinə gəldi. Əmisi qızı şəkili əldə etdiyi gün elə iş
yoldaşı tibb bacısına göstərdi. O da evlərinə aparıb qardaşına və atasına anasına
göstərdi. Hamısı bəyəndikdən sonra xəbər etdilər ki, bəs, əmin qızına de ki, o
qızın evinə elçi gedəcək bu yaxınlarda.
Arifə xəbəri eşidən kimi həm paxıllıq etdi ki :"qızdakı bəxtə bax e, bir göz
qırpımında elçilər hazırdı". Bir yandan da sevindi ki, "Tərlana qismət
olmayacaq. Əsgər gələnə kimi Sevinc də ərdə olar. O da məcbur qalar məni alar.
Məgər məndən başqa kimi bəyənər ki, anası"...
Bəli Arifə artıq Tərlanın anasının gözünə girməyi də bacarmışdı. Axı yeganə
balası əsgər idi. Buna görə onlara tez-tez baş çəkir, evdə ya mağazalıq nəsə
ehtiyacı olub-olmadığnı soruşardı. Hətta bir necə dəfə ev işlərində də kömək
etməyə girişmişdi. Elə xəbəri eşidər eşitməz Sevincə deməyə tələsdi.
Sevinc bu vaxt bağdakı solmuş yarpaqları süpürürdü:
--Sevinc, ay qız bəxtəvərsən e, sənə şəhərdən elçilər gəlir.
-- Necə məyər, elçilər? Nə şəhər, nə elçi?
-- Əmim qızı təsadüfən iş yoldaşının qardaşı üçün kənd yerindən qız axtardığnı
eşidib mənə zəng etdi. Mən də səni dedim. Onlar da elçi gəlirlər. Bəyənməsən,
özün bilərsən. Amma ağlın olsun dur get.
-- Arifə sən nə deyirsən? Mənim ərə getmək fikrim yoxdu hələ. Bəs anam təkcə
neyləyəcək?
-- Ay qız, guya hec ərə getməyəcəksən? Elə gülməli danışırsan ki... Deyirəm
şəhərdəndir e elçilərin. Get ərə kef elə də. Nə var bu palçıqlı asfaltsız kənd
yollarında nə edəcəksən? Onsuz da bir qız bir oğlanındır. Bunu bəyənməzsən
getməzsən, nə məcburdur.
Əslində Arifə bütün qəlbi ilə onun ərə getməyini "Tərlana sahiblənmək
yolundan çəkilməyini" istəyirdi. Beləliklə, Sevinc anasına Arifənin dediklərini
dedi. Dilarə qızını çox sevirdi və əgər qızı istəməsəydi məcbur kimsəyə
verməzdi. Zaman gəldi. Oğlan evi elçi gəldi. Elçiləri Sevincin dayısı qarşıladı.
Oğlan anası Dilarəyə oğlunu tərifləməyə başladı: "Oğlum Vahid Rusiyada
işləyir. Öz əli-öz başı. Evlənsə hər ayda bir dəfə gedəcək işlərinə baş çəkib
gələcək. Ailəcanlı oğlandır. Nə içki içər, nə siqaret çəkər. Rusiyada kiçik fabrik
işlədir. Yəni həmişə orda olmağına ehtiyac yoxdu. İşçilərinə tapşırıq verib geri
dönür. Şəraitimiz də maşallah necə lazımdır. Beş otaq evimiz var. İkisi sənin
qızının. Yaşasınlar xoşbəxt olsunlar. "
Dilarə qəlbən qızının uzağa; şəhərə ərə getməsini istəmirdi. Amma qardaşı dilə
gətirdi ki, qoy getsin. Sənin kimi əziyyət çəkməsin. Əslində Sevincin dayısı
dolandırmalı olduğu bir insanın azalmasını istəyirdi. Elə oğlan evinə ordaca "hə"
də qəlbində bu sözü təkrar etdi: "Yükümün biri azaldı"
Onsuz da Vahidin ailəsi imkanlı idilər və Sevincin ailəsindən cehiz olaraq heç
nə istəmədilər. Beləliklə bir ayın içində nişan və toy oldu. Sevinc ata evindən
Vahidin evinə onun xanımı olaraq qədəm qoydu...
İkinci fəsil
Toy günlərindən düz iki ay keçmişdi. Bu iki ayda Sevinc Vahidə alışmışdı.
Ona hörmət edir, sözünü tərəddüd etmədən yerinə yetirirdi. Elə Vahidin ailəsinə
də alışmışdı. Qaynatası xəstə yatağında olsa da ona da qulluq etməyi özünə bir
övlad borcu hesab edirdi. İki baldızı vardı. Biri ailəli idi. 3 uşaq sahibi idi. Digər
baldızı isə ailə qurmamışdı. Çünki həmişə bir sözü deyib dururdu : "Mən
həyatımda bir dəfə sevənlərdənəm." Bəli baldızı illər əvvəl sevdiyi insanı itirdiyi
üçün daha evlənmək barədə nə düşünmür, nə də kiməsə düşünməyə qoymurdu.
Qaynanası Zəminə xanım elə zəhimli qadın idi. Sevinci ilk gördüyü andan
bəyənsə də biruzə verməzdi heç zaman. Sanki yeganə oğlunu ona qısqanırdı.
Paylaşa bilmirdi.
Vahid də xasiyyətcə mehriban, deyib gülən, şən oglan idi. Hələ əsgərlikdən
qayıdandan Rusyaya işləməyə getmişdi. Bu neçə illər ərzində özünə həm
vətəndaşlıq həm də yaxşı iş qazanmışdı. Kiçik fabriki vardı. Bütün günü
telefonda asılı qalırdı. Sevinc də buna bir o qədər əhəmiyyət verməzdi. Çünki
varlığı ilə kimsənin həyatının dəyişməyini istəmirdi.
Qaynatası Veysəl kişi artıq Sevinci doğma qızı kimi çox istəyirdi. Hətta
dəfələrlə olmuşdu ki, Sevinc təkbaşına ona qulluq edirdi. Suyunu, yeməyini,
çayını canla başla verirdi. Atasını itirdiyi andan bu ana ilk dəfə idi ki ata qayğısı,
ata sevgisi hiss edirdi. Bunu o da hiss etmişdi. Sevinc üçün elçi gedə bilməsə də
onu gəlinlikdə gördüyü andan qızı kimi sevmişdi. Hər gün mehribancasına
söhbətlər edər, ona həyatından, zəmanədən, bu yaşına kimi yaşadıqlarından,
gördüklərindən danışardı.
Dostları ilə paylaş: |