Günlərin bir günü elə evdə ikisi idi. Veysəl kişinin vəziyyəti çox ağır olsa
da Vahid Rusyaya iki günlüyə getmişdi. Qaynanası Zəminə xanım isə bacısının
oğlu uçun keçirdiyi xeyir işdə idi. Baldızı da iş yerində. Yəni Sevinc kimsəni
köməyə çağıra bilmirdi. Tək güc onun çiyinlərinə düşdü. Qaynatasının sifətinin
rəngi heç xoşuna gəlmirdi. Bu iki ayda ona elə alışmışdı ki, "İlahi sən onu
bizlərə çox görmə"- deyərək qəlbində yalvarmağa başladı. Tez telefona əlini atıb
baldızını, qaynanasını çağırdı. Hər ikisi də dedilər ki, "Bu saat gəlirik". Amma
yarım saat keçmişdi. Kimsə gəlmirdi ki, gəlmirdi. Sevinc Veysəl kişinin nəfəs
almasının belə normal olmadığını hiss edirdi. Sanki bir an içində doğma atasını
yenidən itirirmiş kimi bərkdən ağlayırdı.
Qapı zərbə ilə açıldı. Zəminə əlində çantası özünü güclə saldı evə. Gördüyü
mənzərədən isə dəhşətli baxışı bir o qədər böyüdü. Bəli artıq Veysəl kişi canını
tapşırmışdı. Qaynatasının əllərini bərk-bərk sıxan Sevinc isə hönkür-hönkür
ağlayırdı.
Artıq bir il keçmişdi o gündən. Amma nə Sevinc unudurdu o günü, nə də
unutmağa qoyurdular. Zəminə xanım hər gün onu günahlandırırdı. Elə baldızı
Firəngiz də ondan geri qalmırdı. Sağa keçirdi bir söz, sola keçirdi bir söz
eşidirdi. Bu bir ili o qədər çətinliklə yaşamışdı ki, bir Allah bilirdi. Vahidə heç
zaman evdəki söz sohbətləri deməzdi. Gizlədərdi ki, evdən soyumasın.
"Yoldaşının əzizləri, mənim əzizlərimdir"- deyərək özünə təsəlli verirdi. Hətta
anası ilə bir aydan bir zəngləşəndə ondan da gizlədirdi. İçində çəkirdi bütün
dərdi. Hətta bir gün Arifə qəfl zəng etmişdi onlara. Telefonda Sevincə:
--Sevinc, necəsən? Ay qız deyirəm getdin şəhərliyə, daha bizləri sayıb
eləmirsən. Niyə gəlib getmirsən? Anandan eşitdim uşağın yoxdur bəs niyə?
Sevinc bu zəngdən təsirlənmişdi. Düşünmüşdü ki, Arifəyə desə anlayar. Ona
təskinlik verər. Amma Arifənin kinayəli sözlərinə görə ona etibar etmədi sirrini.
Sadəcə "yola verdi" və dəstəyi asdı. Çox çətin il yaşamışdı. Bir yandan da uşaq
olmaması onu incidirdi. Hər gecə yerinə uzananada ilk düşündüyü də bu idi:
"Görəsən mən sonsuzam?"
Evdə vəziyyət hər ay daha da pisləşirdi. Vahid də ayda bir dəfə yox ayda 3
dəfə Rusyaya gedirdi. Gedəndə də bir həftə qalırdı. Yəni hər ayın cəmi bir
həftəsi Vahidlə keçirdi. O yanında olanda evdə kimsə Sevincə güldən ağır söz
demirdi. Əksinə onu mehribancasına nəyəsə buyururdular. Sevinc də hər
dəfəsində: "Vahid heç nədən narazı qalmasın" deyib içini yeyib qurtarmışdı.
Artıq toylarından iki il keçmişdi. Bu iki ildə Dilarə qızını cəmi 3 dəfə
görmüşdü. O da təsadüfən Vahid gedib onu gətirmişdi. İki gün qızının yanında
qalıb ona doymadan yenidən gedərdi kəndə. İstəyirdi ki, ona görə qızının evinə
söz söhbət düşməsin. Hamı mehriban olsun. Hətta bir dəfə Zəminə
xanıma "Sevinci deyirəm bir həkimə aparaq müayinə etsin. Bilək görək
nədəndir uşaq olmamağı" deyəndə. Zəminə xanım az qalmışdı əlindəki stəkanı
nəlbəkiyə yox elə bir başa Dilarənin üstünə ata.
--Yoxlanmalı heç nə yoxdur Hər şey açıq aydın göz qabağındadır. Gün gələr
o da olar Allahın köməkliyi ilə... - deyib söhbəti bağlamışdı.
Əslində Zəminəyə elə bu da lazım idi. O istəyirdi ki, tezliklə Sevinc ata evinə
qayıtsın. Uşağın olmamağı onu incitmirdi. Əksinə əmin idi ki, Vahidlik deyil.
Çünki Vahidin Rusyada evli olduğunu və ondan iki qızı olduğunu bilirdi. Buna
görə arxayın idi ki, Sevinc sonsuzdur. Dilarə özü də beş il Sevincin arzusunda
olmuşdu. Övladı olmamaq nədir yaxşı bilirdi. Qızının nələr yaşadığını da, nələr
hiss etdiyini də başa düşürdü. Elə Sevinci o vəziyyətdə görməsin deyə tezliklə
kəndə qayıtmışdı.
Anasının son gedişindən düz 2 ay keçmişdi. Sevinc telefonu götürüb Vahidə
mesaj yazdı. Amma tezliklə cavab olaraq ona mesaj gəldi. Açdı və rus dilində
nəsə gördü. Çox heyf ki, bu dili Sevinc bilmirdi. Amma əmin idi ki, Vahid heç
vaxt ona hər zamankından yəni "tezliklə gələcəm, işlərimi qaydasına salım
gələcəm, ya da ki, fabrikdə ciddi problemlər var. Hələ bir neçə gün də qalacam"
kimi mesaj yazardı. Ona görə Sevinc arxayınlıqla telefonu Zəminə xanıma
uzatdı. xahiş etdi ki, Vahidin rus dilində yazdıqlarını tərcümə etsin. Zəminə
xanım da "fürsətdir düşdü əlimə onsuz da rus dilini bilmir. Nə biləcək düz
tərcümə etdim ya yox." düşündü.
-- Qızım, Vahid burda yazıb ki, mən daha burda qalacam. Və burdakı ailəm
uşaqlarım səndən dəyərlidir. Sən də tezliklə get atan evinə. Məni də unut.
Sevinc Zəminə xanımın "oxuduqlarına" inana bilmirdi. Yəni Vahid belə
yazıb? Əvvəlcə heç etmədiyi bir zarafat kimi dşünüdü. Sonra bir an içində
həyatı alt-üst oldu. Zəminə xanım ona həqiqəti dedi:
-- Bəli Sevinc, Vahid 24 yaşında orda evlənmişdi. Nadejda adlı yoldaşı var.
Mənə şəklini göndərmişdi. Mən də demişdim ki, rus-mus mənilk deyil. Öz
millətimizdən olsun gəlinim deyim hə. Bax onda o da acığıma evləndi. Sonra
iki ekiz qızları oldu. Sveta, Sima şirin baladılar. Albomda var e şəkilləri. Dayan
göstərim.- Zəminə xanım termoya yaxınlaşıb kiçik albom çıxartdı. Sevinc
yığışdıranda görmüşdü. Amma heç zaman başqasına aid bir şeyə baxmadığı
üçün, bu alboma da baxmamışdı. Amma halbu ki, Zəminə xanım albomu göz
qabağına qəsdən qoymuşdu ki, Sevinc görsün.
Dostları ilə paylaş: |