Tərlan işə getmək üçün çıxmışdı evdən. Amma Sevincin sağlamlığı ona
işindən də vacib idi. Odur ki, gözünü belə qırpmadan Cəmilə həkimin evinə
getdi.
-Ana, götür burdan yumurtanı. İyrənirəm.
-Qızım, hər səhər yumurta yeyən sən deyilsən? Niyə iyrənirsən?
-Başım partlayır. Uzanmağa gedirəm.
-Uzan qızım, uzan! Cəmilə xanım da indi gələcək. Tərlanı gördüm küçədə.
Dedim. Getdi gətirməyə.
-Nahaq yerə. Mən artıq yaxşıyam. Tərlan da işindən oldu indi.
-Hanı xəstəmiz?
Şirin dil Cəmilə həkim tənginəfəs girdi içəri. Tərlan da onunla bərabər. Amma
bir an içində Sevincin solmuş bənizini görüb ürkdü. Daha qəlbi dözmədi. Tez
ordan uzaqlaşdı.
- Sevinc! Qızım, nə oldu sənə?
- Bilmirəm, Cəmilə xanım! Oyanan kimi başım hərlənirdi. Sonra ürəyim
bulandı.
- Aha. Bəs quzu bala, de görək ürəyini nə bulandırdı?
- Hm, Cəmilə xanım bu hər səhər yumurta yeyən adam bu gün deyir
yumurtadan ürəyim bulanır. İyrənirəm.
- Aha. Demək belə. İndi Dilarə, canım, icazənlə mən Sevinci müayinə edim.
- Sən Allah doktor, ciddi şeyi yoxdu ki?
- Canım Dilarəm, dedim axı, müayinə edim bəlli olacaq.
Cəmilə həkim 20 il əvvəl elə burda- bu evdə Sevincin dunyaya gəlməsinə
səbəbkar olmuşdu. Elə Musaya da qızının doğulduğunu xəbər verən o idi. İllər
keçməsinə baxmayaraq həmişəki kimi şirin dili ilə hər kəsə "qızım, quzum"
deyərdi.
Bir neçə dəqiqə keçdi və artıq Cəmilə xanım yatağın kənarından durub stulda
əyləşdi.
- Cəmilə xanım, sizcə mənə nə olub?
- Ax quzu bala, sənə verdiyim suallara cavabın və hal-hazırkı vəziyyətin
yalnız və yalnız bir şeyi izah edir.
- Ay həkim, axı nəyi???
- Ay Dilarə, səni də, elə qızım səni də təbrik edirəm. Sevinc hamilədir.
O an hər kəsin səsi bir-birinə qarışdı. Sevinc bilmirdi sevinsin, ya ağlasın.
Dilarə gah həkimə sağol deyir, gah Allaha şükr edirdi. Gah da Sevinci
qucaqlayıb öpürdü.
Tərlanın fikri Sevincdə qaldığından işə zəng edib gec gələcəyini dedi. Evə
girib biraz uzandı. Arifə nə baş verdiyini soruşanda hər şeyi olduğu kimi dedi.
-Birdən kömək lazım olar deyə gözləyirəm. Ayıbdır kişi xeylağı yoxdur
evlərində, mənə ehtiyac olar birdən.
-Məgər Sevincə nə ola bilər ki?
Arifə ən çox da marağından getdi Sevincgilə. Guya canı yandı eşidəndə
Tərlandan. Darvazaya yaxınlaşanda sevinc dolu səs-küyü eşidib lap çox
maraqlandı.
- Ay Dilarə xala, Sevinc necədi?
- Gəl Arifə, Gəl.
- Çox sağolun ey, Tərlan dedi. Mən də gəldim görüm nolub?
- Gəl, qızım! Sən ki, yad deyilsən. Keç Sevincin yanına.
Arifə yataqada uzanmış Sevincin yanına keçib salam verdi. Sonra bir küncdə
ondan küsübmüş kimi oturdu. Dilarə xanım da Cəmilə xanımı şirinliklə yola
salıb evə girdi.
- Ay, qızım, belə Allah səni də yada salsın. Sənə də qismət eləsin.
- Çox sağolun Dilarə xala, Amma nəyi ?
- Mənim nəvəm olacaq ey! Həkim indicə dedi.
Paxıllıqdan içi alışıb yanan Arifə bir yandan da sevindi ki, "hamilədirsə Vahid
gəlib onu aparar. Tərlanın da fikri yenə mənə qayıdar".
- Çox sevindim, Sevinc. Çox. Allah başacan versin.
- Hələ sabah Sevinci rayona aparacam. Qoy öz həkimi olsun. Daim nəzarət
eləsin.
- Ay Dilarə xala, bəs Vahidə zəng etməyəcəksiz?
- Vahidə? Görüm elə başı batsın onun. İki qızına yiyə çıxmayan gəlib mənim
nəvəmə yiyə çıxacaq?
- Yox axı, atasıdır. Bilməyə haqqı var. Sevinc düz demirəm?
- Mən Vahidə deyəcəm, ana. Qoy bilsin.
- Yaxşı bala. Həyat sənindir. Qarışmaram. Get zəng elə.
Dilarə əslində qızının qərarını dəstəkləmirdi. Amma məcbur idi. Əgər Sevinc
xoşbəxtliyini Vahidlə görürdüsə, razı olmaq borcu idi.
- Ana, gedirəm Arifəgildən zəng etməyə.
- Get qızım. Allah köməyin olsun. Zəng elə tez gəl.
Arifə Sevincin qoluna girdi və sanki ona dəstək olacaqmış kimi, "rəfiqəlik"
etmək istədi.
- Sevinc, bu kişilər belədir də. Etibar yoxdu onlara. Amma sən gəl Vahidi
bağışla. Balanız da olacaq. Peşiman olacaq eşitsə. Səni də gəlib evinizə
aparacaq.
- Mən sadəcə ona bir balası olacağını deyəcəm. Daha heç nə!
Artıq telefonun dəstəyi əlində idi. Nömrə də yığılmışdı. Tərlan yatdığını desə
də, əslində Sevincin səsini eşidib qapıdan qulaq asmağa başlamışdı. Arifə də
guya onu telefonda rahat danışsın deyə tək qoymuşdu. Halbuki, o da digər
qapıdan qulaq asırdı.
- Alo, kimdir?
- Salam, Vahid evdədi?
- Yox, evdə yoxdu. Kimdi soruşan?
- Sevincdi.
- Salam Sevinc, Əsmərdi. Niyə getmisən ora?
- Vahidin evli olduğunu bildim. O da gizlətmədi. Vahid özü dedi get atan
evinə.
- Ay qız, qardaşım elədir də. İki ildə tanımadın onu sən? Son sözünü birinci
deyir həmişə. Dur qayıt evinə gəl. Sabah da Vahid gələcək. Barışarsız.
- Yox, Əsmər, Vahidə deyərsən ki, hamiləyəm balamız olacaq.
-A-a-a! Nə yaxşı. Səni şad xəbər olasan. Nə vaxt bildin?
- Elə bugün həkim dedi.
- Sən narahat olma. Sabah gəlsin onun qulağını çəkəcəm. Sevinci incitmək
nədir biləcək.
Birdən Sevinc dəstəyin o biri ucunda qaynanasının kobud səsini eşitdi: "Ay
qız kimlə danışırsan? Gəl, çay süz mənə." Sevinc özündən aslı olmadan dəstəyi
qoymaq istədi. Məcbur sözünü kəsə etdi.
-Yaxşı sağol Əsmər! Sadəcə Vahid bilsin, bəsimdir.
Tərlan qulaqlarına inana bilmirdi. İçində olan son ümid də ölmüşdü artıq.
Amma yenə də sevindi. Çox sevindi. Axı Sevinc iki ildir övlad arzusunda idi.
Nəhayət arzusu gerçək olacaqdı.
- Arifə çox sağol! Mən gedim evə.
- Danışdın? - guya heç nə eşitməmiş kimi davrandı.
- Hə, baldızım idi. Dedi sabah gələcək deyəcəm.
- Gördün ki, səni o evdə hələ də, istəyən var.
- Sağol Arifə...
O gün Sevinc üçün qeyri-adi başladı. İki il sonra məhz bu gün ana olacağını
öyrəndi. Bu xəbəri Vahidin evində olanda alsaydı başqa cür sevinərdi. Amma
indi başqa şərtlər altında idi. Görən Vahid məni aparmağa gəlsə, unuda
bilərəmmi yaşadıqlarımı? Axı onun iki balası var, bir də Nadejdası. Bəs, mən
onu bağışlaya bilərəmmi? Onun son sözlərini... Hələ anasının dediklərini?
....Yox! Əsla bağışlamaram!
Dostları ilə paylaş: |