202
14 İyun – Şair, yazıçı Əminə Tuncayın 75 illiyi, (1943)
Abbasova Əminə Abbas qızı 1943-cü il iyunun 14-də
Azərbaycanda Bakı şəhəri yaxınlığındakı Nardaran
kəndində anadan olmuşdur. Bakı şəhərində 134 saylı orta
məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunda təhsil almışdır (1963-1969).
“Azərbaycanda incəsənətin inkişafı” mövzusunda elmi
araşdırmalar aparmış, dissertasiya müdafiə etmişdir. Fəlsəfə
elmləri
namizədidir
(1993).
Hazırda
Azərbaycan
Respublikası hərbi komissarlığının əməkdaşıdır (1994-cu
ildən). XX əsrin 70-ci illərindən bədii yaradıcılıqla ardıcıl
məşğul olmuşdur. İlk mətbu hekayəsi “Peşmana nə deyim”, “Azərbaycan qadını”
jurnalının 1973-cü il 9-cu sayında dərc olunmuşdur. “Ədəbiyyat və incəsənət”,
“Bakı”, “Şərq qapısı”, “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri” qəzetlərində,
“Azərbaycan”, “Ulduz”, “Kirpi” jurnallarında hekayə, mənsur şeir, oçerk, lirik
şeirləri çap edilmişdir. “Günəş və dəniz” (1980) və “Yolunu gözləyirəm” (1984),
“Közərən məhəbbət” (2003), “Xatirələr” (2004), “Azərbaycanın görkəmli
şəxsiyyətləri” (2004) kitabları nəşr olunmuşdur. Əminə Tuncayın Üzeyir bəyə həsr
etdiyi “Musiqi töhfələri” adlı əsəri öz bədii dəyəri ilə musiqi, incəsənət aləmi üçün
çox böyük bir mənəvi töhfədir. Ədəbiyyat tariximizin dəyərli bilicilərindən olan
Əminə Tuncayın bir söz adamı kimi ədəbiyyatda özünəməxsus layiqli bir yer tutması
da təqdirəlayiqdir. Əminə Tuncay təqdim etdiyi bu yeni əsəri ilə ədəbi-mənəvi
irsimizi bir daha zənginləşdirən dəyərli ziyalı, alim-yazar kimi öz sözünü deyib.
Qələminə, istedadına hörmətlə yanaşdığımız M.Füzuli yaradıcılığının şah əsəri olan
“Leyli və Məcnun” poemasına sənət həyatı verən Üzeyir bəyin “Leyli və Məcnun”
operasının mənəvi-psixoloji, ədəbi-estetik dəyərlərini ustalıqla verən Əminə Tuncay
böyük Füzulinin, Üzeyir bəyin layiqli tədqiqatçısı, dəyərli davamçısı – xələfi
olduğunu bu əsərilə təsdiqləyir. Əminə Tuncayın “Musiqi töhfələri” kitabı elmi
mənbələr toplusudur.
Kitabları: “Günəş və dəniz” (1980), “Közərən məhəbbət” (2003), “Azərbaycanın
görkəmli şəxsiyyətləri” (2004), “Xatirələr” (2004), və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
203
17 İyun – Yazıçı Bayram İsgəndərlinin 75 illiyi, (1943)
İsgəndərov Bayram Məmməd oğlu 1943-cü ildə iyun ayının 17-də Naxçıvan
şəhərində doğulub. Burada 1 saylı şəhər orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-
1967). Uzun illər jurnalist peşəsi ilə məşğul olmuşdur. Ədəbi yaradıcılığa erkən
yaşlardan başlamışdır. İndiyə qədər – “Bir payız günü”, “Günəş həmişə olacaq”,
“Balaca nağılçı”, “Yeddi ilin ayrılığı”, “Vaxtla üz-üzə”, “Sevgi məktubları”,
“Qorxaq ayı balası Toxmaq” və “Çil xoruzun aqibəti” kitabları işıq üzü görüb.
Uşaqlar üçün bir sıra pyeslər yazıb. Onlardan “Cırtdanın yeni sərgüzəşti” və
“Xeyirxah kirpi” pyesləri Naxçıvan Dövlət Kukla Teatrında, “Meşə əhvalatı” və
“Sıçanların hiyləsi” pyesləri isə Naxçıvan Dövlət Uşaq Teatrında tamaşaya
qoyulub. Hekayələri müntəzəm olaraq “Azərbaycan”, “Ulduz”, “Göyərçin”
jurnallarında, “Ədəbiyyat qəzeti”, “Kaspi “, “525-ci qəzet” və digər qəzetlərdə çap
olunur.
Kitabları: “Günəş həmişə olacaq” (1984), “Balaca nağılçı” (1987), “Yeddi ilin
ayrılığı” (1990) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
204
23 İyun – Şair, ədəbiyyatşünas Qasım Qasımzadənin 95 illiyi (1923-1993)
Qasım Xansuvar oğlu Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı
rayonunun Xocamusaxlı kəndində anadan olmuşdur. Şəki pedaqoji texnikumunu
bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi
şöbəsində metodist işləmişdir. ADU-nun filologiya fakültəsində təhsilini davam
etdirmişdir (1945-1950). Eyni zamanda "Azərbaycan gəncləri" qəzeti
redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947-1949) olmuşdur.
Ədəbi fəaliyyətə 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz"
adlı ilk şeiri ilə başlamışdır. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist
məqalələri ilə ardıcıl çıxış etmişdir. "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında
tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun
aspirantı (1950-1953), baş elmi işçi əvəzi (1953-1954), baş elmi işçi (1954-1959),
"Ədəbiyyat və incəsənət" qəzetinin redaktoru (1957-1963) olmuşdur. Yenidən
Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna qayıtmış, burada baş elmi işçi
(1963-1973), sovet ədəbiyyatı tarixi şöbəsinin müdiri vəzifəsində işləmişdir (1973-
cü ildən). Bakıda rayon xalq Sovetinə deputat seçilmişdir (1950). Azərbaycan Ali
Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına (1982) və bir medala layiq görülmüşdür.
1993-cü il iyulun 28-də vəfat etmişdir.
Kitabları: “Bizim kənd” (1951), “Bizim şəhər” (1953), “Bizim dağlar” (1955),
“Son görüş” (1960), “Kiçik dayə” (1962), “İsmət” (1966), “Aşıq gördüyünü çağırır”
(1969), “Daşdan keçən söz” (1981), “Səndən ayrılalı” (1985), “Ədəbiyyatımız və
mənəviyyatımız” (1988), “Seçilmiş əsərləri” (2005) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.