205
23 İyun – Azərbaycanın Xalq şairəsi
Nigar Rəfibəylinin 105 illiyi, (1913-1981)
Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində
anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir
(1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam
etdirmişdir (1932-1936). Xidmətlərinə görə "Şərəf" nişanı,
orden və medallarla təltif olunmuşdur. "Çadra" adlı ilk
şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc
edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şeirlər" kitabı
Azərbaycan qadınlarının yeni həyat quruculuğunda
iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeiri ispan
xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr
olunmuşdur. Məhsəti Gəncəvinin rübailərini, Fridrix Şillerin "Məkr və
məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E.L.Voyniçin
"Ovod", O.Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr
Puşkin, Mixail Lermontov, Taras Şevçenko, A.Sereteli və başqalarının əsərlərini
tərcümə etmişdir. "Cəmilə" şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr
olunmuş qüvvətli lirik əsərlərdəndir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən
Nigar Rəfibəylinin yaradıcılıq qayəsinin əsasını vətənə bağlılıq, insanın mənəvi
ucalığı təşkil edir. Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan
şairədir. Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı
və sevilə-sevilə oxunan şeirlər külliyyatı vətən torpağının gözəlliyinə, insanlar,
onların taleyi, mənəvi aləminə həsr olunub. Daim nikbin olan Nigar Rəfibəylinin ən
kədərli şeirində belə ümidli günəşin şəfəqləri duyulur. Nigar xanımın lirikası geniş,
vüsətli bir lirikadır. Onun palitrasındakı rənglər yalnız məhəbbətin tərənnümü,
hicran yanğısının təsviri üçün deyil. Bu rənglər həyatın daha əlvan hadisələrinin
inikası üçün, ictimai həyatda, insanlar arasındakı münasibətlərdə yol verilən
haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür.
1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.
Kitabları: “Qoçaq Kərim” (1937), “Kəndli və qurd nağılı” (1938), “Anaların səsi”
(1951), “Pərvanə” (1952), “Dənizin səsi gəlir” (1964), “Bir cüt xurma” (1965),
“Məstanın balaları” (1968), “Günəşin cavabı” (1971) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
206
28 İyun – Şair Vaqif Məmmədovun 70 illiyi (1948)
Vaqif Məmmədov 1948-ci il iyun ayının 28-də
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək
kəndində anadan olub. Naxçıvan şəhər pedaqoji məktəbini
(1968) və Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini
(1975) bitirib. 1970-ci ildən bədii yazıları mətbuatda çap
olunur. Şeirləri Türkiyədə, İranda, İraqda, Rusiyada,
Ukraynada, Belorusda, Özbəkistanda, Almaniyada,
Bolqarıstanda, Yunanıstanda, ABŞ-da çap olunmuşdur.
Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995),
İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya
Yazarlar Birliyinin (2010) üzvüdür. 2001-ci ildə "Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu" mövzusunda
dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
1995-2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
olub. 1968-1975-ci illərdə Sədərək kənd orta məktəbində müəllim, 1975-1978-ci
illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor müavini,
1978-1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1982-1995-ci illərdə
həmin məktəbdə direktor vəzifələrində çalışmışdır. 1998-ci ilin iyun ayından
Naxçıvan Dövlət Universitetinin "Qeyrət" nəşriyyatının direktoru, həmçinin
universitetin "Elmi əsərlər" jurnalının redaktoru, "Fikir" jurnalının məsul redaktoru,
universitetin "Jurnalistika və dünya ədəbiyyatı" kafedrasının müəllimi vəzifəsində
çalışır. V.Məmmədov eyni zamanda Sədərək rayon İcra hakimiyyətinin orqanı olan
"Oğuz yurdu" qəzetinin nəşrə başladığı vaxtdan (22/III-2000) 2008-ci ilin fevral
ayınadək həmin qəzetin redaktoru olmuşdur. 2005-ci ildə Naxçıvan Muxtar
Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 2007-ci ildə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə
təltif olunmuşdur. Vaqif Məmmədov 2016-cı ildə vəfat etmişdir.
Kitabları: “Yaşadacaq bu yol məni” (1987), “Sədərək harayı” (1994), “Qeyrət
qalası” (1999), “Erməni xəyanəti” (2000), “Salam oğuz elləri” (2001), “Arazdan
keçə bildim” (2003), “Bu dünyanın sevinci nə, qəmi nə...” (2004), “Seçilmiş
əsərləri” (3 cilddə) (2008) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.