Fənnin adı: Fəlsəfə Sərbəst işin növünün adı: Esse/Təqdimat


c) İdrakın metod və vasitələri



Yüklə 33,98 Kb.
səhifə3/5
tarix09.01.2022
ölçüsü33,98 Kb.
#82729
1   2   3   4   5
İdrak haqqinda təlim kopyası

c) İdrakın metod və vasitələri

Məlum olduğu kimi, müxtəlif elmlər özünün spesifik tədqiqat metodları və vasitələrinə malikdir. Fəlsəfə bu spesifikanı unutma­yaraq idrakın yalnız ən ümumi (həm nəzəri, həm də paraktiki elmlər üçün) metod və vasitələrinə üstünlük verir. Psixologiyadan fərqli olaraq fəlsəfəni idrak prosesinin ümumi qanunauyğunluqları maraqlandırır. Fəlsəfədə metodologiya (metod haqqında təlim) adlanan böyük bir sahə vardır. bu, gerçəkliyin dəyişdirilməsi, idrak üsulları, dünyagörüş prinsiplərinin idrak prosesinə, yaradıcılığa, praktikaya tətbiqini əks etdirən fəlsəfi təlimdir. Əslində elmi idrakın vəzifəsi predmetlərin və hadisələrin daxili təbiətini, mahiyyətini, onların fəaliyyət və inkişaf qanunlarını aşkara çıxarmaqdan ibarət­dir. Lakin mahiyyət, qanunlar hadisələrin səthində deyildir, bun­ları aşkara çıxartmaq üçün elmin və praktikanın uzun sürən mürək­kəb inkişafı prosesində bütöv bir elmi– tədqiqat üsulları işlənib ha­zır­lanmışdır. Bu üsullar ən ümumi əhəmiyyətə malik olub, gerçək­liyin ən müxtəlif hadisələri araşdırılarkən hər hansı elmə tətbiq edilə bilər. Empirik tədqiqatların əsas vasitələri (metodları) müşahidə və ekisperimentdir. Onları çoxsaylı ölçü proseduraları tamamlayır.

Müşahidə– ətraf aləmin predmet və hadisələrinin məqsədyön­lü və təşkil olunmuş qavrayışıdır. Müşahidə hissi idraka əsaslanır. Müşahidə obyekti kimi təkcə xarici aləm predmetləri çıxış etmir. Müşahidəyə subyektin özünün əhval– ruhiyyəsi, həyəcanlarının, hisslərinin, psixi və emosional vəziyyətlərinin özü də daxildir (burada söhbət özünümüşahidədən– introspeksiyadan gedir).

Qeyd etmək lazımdır ki, müşahidə təkcə faktların mexaniki və avtomatik qeydiyyatı ilə məhdudlaşmır. Müşahidə prosesində fəal funk­siyanı insanın şüuru yerinə yetirir. Bu o deməkdir ki, müşa­hi­dəçi təkcə faktları qeydə almır, eyni zamanda məqsədyönlü şəkil­də onları axtarır, öz axtarışında hipotezlərdən və mövcud təcrübə­dən istifadə edir. Əldə edilən nəticədə hipotezlər (nəzəriyyələr) ya təsdiq olunur, yaxud da təkzib olunur. Müşahidələr subyektin hissi, arzu, istək və iradəsindən asılı olmayaraq nəticə verməlidir, daha də­qiq desək onlar obyektiv informasiya verməlidir. Müşahidələr bilavasitə və bilvasitə kimi iki hissəyə bölünür. Bilavasitə müşahidə­lər­dən fərqli olaraq, bilvasitə (dolayı ilə) müşahidələrdə tədqiqat pred­meti rolunda bəzən obyektin, yaxud prosesin özü iştirak etmir, di­gər predmet və proseslərlə qarşılıqlı əlaqədə (təsirdə demək olar) iştirak edir. Bu cür müşahidələrə fizika istənilən qədər material verir.

Elmi tədqiqatlarda müşahidə aşağıdakı funksiyaları yerinə yetirir; empirik informasiya ilə təminat; eksperiment vasitəsilə həyata keçirilməsi mümkün olmayan nəzəriyyə və hipotezlərin yox­lanılması; nəzəri tədqiqatlar gedişində əldə edilən nəticələrin müqa­yisəsi; onların həqiqiliyi və adekvatlığının yoxlanılması və s. Bu, obyekti xalis şəkildə ayırıb öyrənmək, bu və ya digər şəraitin təsiri altında bütövlükdə obyektin və ya onun ayrı– ayrı tərəflərinin necə dəyişildiyini müəyyən etmək imkanı verir. Təcrübə ən böyük idrak üsullarından biridir. Təcrübə təbiətşünaslıqda geniş tətbiq edilir, ictimai elmlərdə isə get– gedə daha böyük əhəmiyyət qazanır. Təcrübələr öz xarakterinə görə müxtəlifdir.

Ümumiyyətlə, eksperiment (təcrübə) empirik tədqiqat metodu olub, öyrənilən hadisə və prosesə fəal, praktiki təsir imkanını təmin edir. Eksprimentator şüurlu və məqsədyönlü şəkildə onun təbii gedişinə müdaxilə edir. Tədqiq edilən obyektdən və elmi fənnin xarakterindən asılı olaraq aşağıdakı eksperimentlər fərqləndirilir. Fiziki, kimyəvi, bioloji, kosmik, psixoloji və sosial eksperimentlər.

Hazırda ekseprementin təbiəti əsaslı şəkildə dəyişilmişdir. Onun texniki imkanları ilə modelləşdirilmənin də imkanları artmış­dır. Yəni eksperiment prosesində modellərdən daha geniş istifadə edirlər. Modellər tədqiqat obyektini əvəz edir (xüsusilə insanın sağlamlığı ilə əlaqədar məsələlərdə və obyektin uzaq məsafələrdə yerləşməsi ilə əlaqədar olaraq modellərdən geniş istifadə olunur). Bu zaman riyazi hesablamalar daha çox yarayır. Tədqiqat metod­larının və nəticələrinin xarakterinə görə eksperimentlər kəmiyyət və keyfiyyət eksperimentlərinə bölünür.

Qeyd etmək lazımdır ki, müşahidəni və eksperimenti tədqi­qatçılar, başlıca olaraq, hiss üzvlərinin köməyi ilə keçirirlər. Lakin hiss üzvlərinin imkanları məhduddur. Hiss üzvlərinin məhdudluğu cihazlar vasitəsilə aradan qaldırılır, cihaz olmadan elm, xüsusilə müa­sir elm yaşaya bilməz. Elmdə istifadə edilən cihazlar müx­təlif­dir. Bunlar, hər şeydən əvvəl, ölçü və müşahidə vasitələridir– xrono­metr­lər, teleskoplar, mikroskoplar, voltmetrlər, ampermetrlər, analitik tərəzilər, seysmoqraflar, Vilson kameraları, («elementar» hissəcikləri müşahidə etmək üçün) və başqalarıdır.

Hər bir predmet qarşılıqlı təsir halında olan müxtəlif kom­ponentlər, cəhətlər, tərəflərin məcmusudur (sistemidir). Bu cür sistemlərin tədqiqində təhlil mühüm rol oynayır.

Təhlil– predmeti onun tərkib hissələrinə, ünsürlərinə, tərəflə­rinə ayırmaq deməkdir, məqsəd isə bunların yerini başa düşmək, bunlardan mühüm, başlıca olanlarını ayırmaqdır. Təhlil– predmet üzərində keçirilə bilər, həmçinin məntiqi, fikri təhlil də ola bilər. Predmet təhlilindən başlıca olaraq qeyri– üzvi təbiətin tədqiqində istifadə edilir. Hər hansı səbəbə görə predmeti parçalamaq mümkün olmadığı hallarda məntiqi təhlildən istifadə olunur.

Təhlildən fərqli olaraq sintez (yunanca birləşmə demək olan «sintesis»sözündəndir) predmetin hissələrini, tərəflərini, maddi su­rət­də və ya fikrən birləşdirməkdir, bu da onların daxili, zəruri əla­qə­lərini, bununla da birlikdə, həmçinin predmetə məxsus qanu­nauy­ğunluqları aşkara çıxarmaq imkanı verir.

İnsanın təhlil– sintez yolu ilə idrak qabiliyyəti praktika əsa­sında meydana gəlmişdir. Təhlil ilə sintez vəhdət halındadır. Bunlar təhlil– sintez yolu ilə gedən vahid elmi idrak üsulunun bir– birinə təsir göstərən momentləridir.

İdrakda induktiv və deduktiv metodlardan da geniş surətdə isti­fadə olunur. İnduksiya (latınca– yönəltmə mənası verən «in­duk­sio» sözündəndir)– fikrin ayrı– ayrı hadisələrdən ümumi nəti­cələrə doğru hərəkəti prosesidir. Biz artıq bilirik ki, qanun hadi­sələrdə təkrarlanan ümumi cəhətdir. Lakin ümumi cəhət yalnız ayrıcadan başqa bir hal deyildir. Ayrıca haqqındakı bilikdən ümu­mi bilik əldə etmək vasitəsi olan induksiya qanunauyğunluqları, səbəbiyyət əlaqələrini aşkara çıxarmaq üçün mühüm vasitədir. İnduksiya yeni bilik əldə etmək imkanı verir, çünki əvvəllər əldə edilmiş bilik in­duksiya vasitəsilə yeni predmetlərə, hələ öyrənilməmiş predmetlərə şamil edilir.

Deduksiya (latınca hasiletmə mənası verən «deduksiya» sö­zündəndir)– fikrin ümumidən təkcəyə doğru hərəkəti prosesidir. De­duksiyadan elmi nəzəriyyə qurma üsulu kimi istifadə edilir. Müasir elmdə, məsələn, aksiom metodu geniş yayılmışdır, bu zaman elmi nəzəriyyə sübutsuz qəbul edilən müddəalardan ibarət olan aksio­m­ların məcmusundan müəyyən qaydalar və qanunlar əsasında hasil edilir.

Təhlil və sintez kimi induksiya və deduksiya da bir– biri ilə əlaqədardır. Əslində ümumi haqqında bilik əldə etmək üçün təkcə haqqında bilik lazımdır və əksinə.


Yüklə 33,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə