Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə25/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

 
122
BU DA BİR İSTƏKDİ... 
 
Bu da bir istəkdi, yazıb-yaratmaq, 
hopa ağ kağıza duyğun,heyrətin. 
Misraya can vermək, sözü oynatmaq, 
 gəzə dil-dodaqda sözün-söhbətin. 
 
 Bu da bir istəkdi, qəlb otağında 
 sözə cila vermək, sözdən bal çəkmək. 
 Məqamı gələndə, sənət bağında 
 kiçicik bir budaq, bir nihal əkmək. 
 
 Bu da bir istəkdi, arzu adında, 
 sözdən qala hörmək, kitab buraxmaq. 
 İlham ağuşunda, ruh qanadında 
 bulud fikirlərlə göylərə qalxmaq. 
 
 Bu da bir istəkdi, könül ovqatı, 
 sənə sirdaş edir qələm-dəftəri. 
 Hərdən dayandırıb vaxtı, saatı 
 yaşada biləsən qərinələri. 
 
 Bu da bir istəkdi, şair istəyi, 
 qəlbləri fəth etmək şeirlə, sözlə. 
 Düşün səhərəcən bir deyim üstə, 
 misran doğulacaq məqamı gözlə. 
 
 Bu istək həmişə ehtiram yerin, 
 çəkir maqnit kimi anbaan səni. 
 Bu istək övladdan, qadından şirin, 
 məst edir sevgisi hər zaman səni. 
 
 Bəlkə bu istəkdi qazandıqların, 
 kimsə verə bilməz özünə qiymət? 
 Ömür dəyərlidi, ya yazdıqların, 
 ən çətin imtahan budur, ya qismət?! 
 
Dekabr, 2007 


 
123
BİR YARPAQ ÖMRÜ 
 
Gözüm bir yarpağı tutub haçandı, 
bu yarpaq qəlbimə yatıb haçandı. 
Bu yarpaq bir kiçik tumurcuq idi, 
maşallah, böyüyüb, artıb haçandı. 
 
Gör, nə tez qol açıb bir budaq qədər, 
böyüyüb anbaan, saatbasaat. 
Dartınıb Günəşə sarı hər səhər 
bir yarpaq ucunda yaşanan həyat. 
 
Bu yarpaq meyvəyə mühafizəçi
bu yarpaq yağışa, küləyə çəpər. 
Yayın yer yandıran bürkü vaxtında 
ətrafa canından sərinlik səpər. 
 
Cənnətdən müjdədir hər yaşıl yarpaq, 
ruzidir, nəfəsdir məxluqata o. 
Onsuz münbitləşməz, canlanmaz torpaq 
simvoldur, bayraqdır nəbatata o. 
 
Artar kol üstündə, budaq başında, 
sürər təmənnasız qısa ömrünü. 
Qısa həyatının xəzan yaşında 
bağışlar payıza, qışa ömrünü. 
 
Beləcə yaşayar yarpaq ömrünü, 
dəli küləkləri vecinə almaz. 
Ağacda işini bitirən günü 
qopar saplağından, budaqda qalmaz. 
 
Hər kolun, ağacın bəzəyi yarpaq 
bənzərsiz zinətdir meşəyə, bağa. 
Öz son payızını yaşayan yarpaq 
saralıb xəzəltək düşür torpağa. 
 
Mən də içindəyəm bu köçən köçün, 
çörəyim bir loxma, suyum bir içim, 
Əlimdən gələni edirəm hər gün 
bir yarpaq ömrünü yaşamaq üçün. 
Yanvar, 2006 


 
124
MƏNİM ÜNVANIM 
 
Mən harda doğuldum, harda böyüdüm, 
atam haralıdır, anam haralı? 
Ay mənim oxucum, sən hardansansa, 
mən də o yerdənəm, mən də oralı. 
 
Mən harda doğuldum, harda böyüdüm, 
bunun nə fərqi var ölkə içində? 
Bu sayaq yöndəmsiz, köntöy ovqatın 
hər kiçik eyhamı ürək incidər. 
 
Sərhəd, zaman bilməz şair ilhamı, 
məni sözümdəki yerimdə axtar. 
Özüm qazandığım əsl ünvanı 
sevdiyin misramda, şeirimdə axtar. 
 
Bizi ayırmasın “haralı” sözü, 
xalqı bölgələrə bölənə lənət. 
Nakəslər hələ də aşkar ya gizli 
bizə yerə görə qoyurlar qiymət. 
 
Yıxır evimizi tərəfbazlıqlar, 
kəsir dilimizi əyri seçimlər. 
Çünki cəzasını yaramazların 
çox vaxt əqidəsi düzlər çəkirlər. 
 
Bu cür düşüncəsi dayazlar yazıq, 
bu cür insanlara oxunmaz rəhmət. 
Qaça bilmiriksə bu hissdən uzaq, 
qoy olsun sənə də, mənə də lənət. 
 
Yurdun hər qarışı müqəddəs, əziz, 
Dağlıq da Vətəndir, aran da Vətən. 
Bir ovuc torpağı qalsa yiyəsiz, 
demək sızıldayan yarandı Vətən. 
 
Bizim ki, ən azı ölkəmiz iki, 
Şimal da, cənub da tutulsun, qoy tən. 
Könlümü gah o tay, gah bu tay çəkir, 
Vallah, biz bölməsək, bölünməz Vətən. 


 
125
Vətənə sədaqət andı içəndə 
ayrı bir sevgiyə hacət qalmayır. 
Igid torpaq üçün candan keçəndə 
“haralı” sözünü yada salmayır. 
 
Vətən torpağının hər bir bucağı, 
elin hər insanı dəyərli, əziz. 
Yox ögey-doğması, yaxın-uzağı, 
hər yeri bizimdir, hər yerində biz. 
 
Hər gün bir evdəyəm, bir məclisdəyəm, 
gör, neçə ünvanda, neçə yerdəyəm. 
Yüz yerdə söz deyən, iz qoyan mənəm
şairin Vətəni olur ki, bəyəm? 
 
Mən könül vermədim bülbülə, gülə, 
dedim öz xalqıma qurbandır canım. 
Ruhunu oxşayan hər misram ilə 
ay əziz oxucum, sənsən ünvanım. 
 
Noyabr, 2006 
 
DƏYƏRLİ–DƏYƏRSİZ HƏKİMLİK 
 
Bəşərin ən şərəfli peşəsi 
həkimlikdir, 
həkimlikdə kamillik ucalıqdır, 
müdriklikdir. 
Tanrı da həkimliyi  
ən ali sənət kimi dəyərləndirib. 
Loğmana həkimliyinə görə  
peyğəmbərlik məqamı verib. 
Bütün dövlətlərdə, 
(əvvəl də belə olub,indi də belədir) 
bu sənətin qiyməti böyükdür
bizim ölkədə isə  
həkimin məvacibi  
ailəsinin gündəlik azuqəsinə  
yetməyən qara qəpikdir! 
Dekabr, 2007 


 
126
HƏKİMLİK PEŞƏMƏ 
 
Sənətinin kamil bilicisi olan bütün 
vicdanlı və qayğıkeş həkimlərə ithaf edirəm. 
 
Mən sənin yolunda ömrümü qoydum, 
ay ümman sənətim, ay hikmət peşəm. 
Sənə vurğunluqdan iftixar duydum, 
təki bu dəryadan bir damla içəm. 
 
Sən mənim gözümdə ən uca adsan, 
qəlbimdə istəksən, başımda tacsan. 
Ən acı həbdə də bir şirin dadsan, 
sən şəfa verəndə yaşamaq asan. 
 
Həkim təbabəti öyrənən insan
təbiət elmindən vaqif olan kəs. 
Həkim bəxş eyləyən, həkim mehriban, 
həkim mərhəm olan, həkim müqəddəs? 
 
Həkim həssas, nikbin, həkim nigaran, 
həyatı nütvədən öyrənən qüdrət. 
Gecə də, gündüz də, hər yerdə, hər an, 
xəstəyə canından can verən xilqət. 
 
Alkmeon, Hippokrat, Nostradamus 
həkimtək bəşəri salmış heyrətə. 
Həkimlik idrakı, sehriylə yazmış 
loğmanlar adını əbədiyyətə. 
 
Ən ali amaldır həkim istəyi, 
həkim Yaradanın şəfqət elçisi. 
Həkim əməyinin olmaz qiyməti, 
sığmaz haqq-hesaba onun ölçüsü. 
 
O da əqidəcə saf olsun gərək
saxlasın hər yerdə öz hörmətini. 
Heç vaxt el gözündə yüksələ bilməz, 
əgər qorumasa ləyaqətini. 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə