Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

 
111
USTADNAMƏ 
(Ay həzər, həzər) 
 
Aşıq sənətinə pərəstiş edən dostlarıma. 
 
 
Yaxşı çoxaldıqca qəlb sevindirər
yamanın birindən ay həzər,həzər. 
İnsan var baxışı könül dindirər, 
insan var duruşu göz əzər,əzər. 
 
Kim ki, nikbin olmaz, danışar acı, 
onu nə dost sevər,nə qardaş, bacı. 
Hamı bir xoş üzün,sözün möhtacı, 
bədxahdan uşaq da ay bezər,bezər. 
 
Məclisə bəzək ol şirin söhbətlə
dinləsin, qoy hamı səni diqqətlə. 
Çalış, el içində görün hörmətlə, 
el sənə yetirsin ay nəzər,nəzər. 
 
Şərəflə ömür sür,ədəblə yaşa, 
kamala çatırıq dolduqca yaşa. 
Səbrsiz bir anda kükrəyər,coşar, 
səbrli illərlə ay dözər,dözər. 
 
Ziya yenə sözdən bir çələng hörər, 
ona cila çəkər, neçə rəng verər. 
Yetkin harda olsa,bitkin iş görər, 
nataraz ortada ay gəzər-gəzər. 
 
Fevral, 2007 
 


 
112
GÖZƏLLİK 
 
Günüm gözəllərin vəsfində keçər
şeirimdə dilimin söz gözəlliyi. 
Ürəyim sevməyə bir sənəm seçər, 
gözümdə dünyanın yüz gözəlliyi. 
 
Gözəllik məst edir bizi, nə gözəl, 
tükənmir qəmzəsi, nazı, nə gözəl. 
Ömrün qışı nə xoş, yazı nə gözəl, 
hər fəslin, hər ayın öz gözəlliyi. 
 
Yenə gül qoxuyur çölün nəfəsi, 
ləçəyin şəbnəmi, bülbülün səsi. 
Qoy öpsün üzündən düzün laləsi, 
əyilib ahəstə üz gözəlliyi. 
 
Ürək də bir gözdür, göz də bir ürək, 
baxışdan odlanaq, duyğudan ölək. 
Tökülsün bəbəyi, kor olsun gərək, 
heyrətlə görməsə göz gözəlliyi. 
 
Yandırıb yaxmaqmış gözəldə adət, 
bu da bir peşəymiş, bu da bir sənət. 
Ruhani aləmmiş, cismani vəhdət 
bədən gözəlliyi, üz gözəlliyi. 
 
Fəxrəddin, bu nə ah, bu nə sızaqdı, 
gözəllər gözünün giləsin sağdı. 
Guya ki, baxmaqla nə olacaqdı, 
ha durub qıraqdan süz gözəlliyi. 
 
10.04.2000 
 


 
113
ŞEİR DÜNYASI 
 
Şeir düşüncənin şəhd-şirəsidir, 
sözünü aləmlə bölməyə gələr. 
Cücərər bir zərif hissin ucunda, 
ən incə məqamda köməyə gələr. 
 
O Quran dilidir, sən inan şeirə
baxma adi gözlə heç zaman şeirə. 
Ötəri həvəsdən yaranan şeirə, 
bişmiş toyuğun da gülməyi gələr. 
 
Yaz sözü onda ki, misaraya gəlsə, 
dilin səlis olsun, yolun düz, kəsə. 
Nadan sözü söztək anlaya bilsə, 
bir yol xəcalətdən ölməyi gələr. 
 
Sərraflar yazanda bir yeni əsər, 
hər kəlmə üstündə titrəyər, əsər. 
Kim sözü külçətək, kərpictək kəsər, 
onu söz mülkünə hörməyi gələr. 
 
Fəxrəddin, şairlik duyğudu, dərddi, 
şeirin gah şirindi, gah acı, sərtdi. 
Kim söz bağçasından bir buta dərdi, 
onun misrasından gül iyi gələr. 
 
07.09.2000 
 
 
 


 
114
CAVANLIQDA 
 
Gördüyün yüz tərbiyənin faydası yox, 
qazanmasan hüsn-rəğbət cavanlıqda. 
Uşaqlıqdan xəcillikdən, tənədən qorx, 
qoy özünə qədir-qiymət cavanlıqda. 
 
Hələ nə çox gizli sirri təbiətin, 
bir ilahi açması var hər hikmətin. 
Gözəlliyi olduğutək duymaq çətin
yaranmasa qəlbdə heyrət cavanlıqda. 
 
Öz yazılmaz qanunu var hər millətin, 
hünərli ol, dilə düşsün söz-söhbətin. 
Yaş ötdükcə ləkəsini yumaq çətin, 
qorunmasa namus, qeyrət cavanlıqda. 
 
Ayağını yerə çırpsan, torpaq yatar, 
yumruğunun zərbəsindən divar batar. 
Zəhmindən fil təntiyir, pələng yatar, 
ram olmayan dəli qüdrət cavanlıqda. 
 
Ovucunun istisində su qaynayar, 
bərk yapışsan daş ovular, dağ oynayar. 
Kürək versən bənd bağlanar, çay dayanar
qolda qüvvət, dizdə taqət cavanlıqda. 
 
Bir ümid var sonluğunda hər zillətin, 
zor dayanır arxasında hər qüdrətin. 
Gündən-günə bu kiçilən məmləkətin 
xilasıyçün göstər cürət cavanlıqda. 
 
Yatmasa da ipə-sapa cavanlıqda, 
insan gərək yolun tapa cavanlıqda. 
Hər şey gərək qazanıla cavanlıqda, 
həm var-dövlət, həm şan-şöhrət cavanlıqda! 
 
Mart, 2000 


 
115
ŞAİRLİK 
 
Ürək bir ümmandır, duyğu bir sona, 
şair şeirin qulu, şeirin dəlisi. 
Ən əziz qadından əzizdir ona 
gözəllər gözəli – ilham pərisi. 
 
Şairlik çox böyük zəhmət meydanı, 
şairlik nə bəylik, nə köləlikdir. 
Şairlər dünyanın söz yaradanı, 
şairlik şeirə hamiləlikdir. 
 
Şeirin də anası şairdir, əlbət 
o ağrı çəkməsə, şeir doğulmaz! 
Ömrünü şeirinə qıysa da, fəqət 
şeirin möhnətindən bir yol yorulmaz! 
 
Könüllər oxşayar, məclislər bəzər, 
şairin qəlbində doğulan şeir. 
Ana bətnindəki körpəyə bənzər, 
söz-söz, misra-misra yığılan şeir. 
 
Şeiri hər şairin öz balasıdır, 
istər güclü olsun, təpərli olsun. 
Hər misra şairin söz balasıdır, 
təki söz mülkündə hünərli olsun. 
 
Ürəyi dəyirman daşı kimidir, 
içində söz dəni üyütməlidir. 
Şair də hamilə qadın kimidir, 
şeirini qanıyla böyütməlidir. 
 
Şair vəsf eyləyən, şair yaradan, 
yazdığı hər əsər lələ bərabər. 
Ən böyük diqqətlə, ən yüksək ada 
onun da haqqı var, bir ana qədər. 
 
02.10.1999 


 
116
OLMUR 
 
Bu külü qorunda yanan dünyanı 
qanırsan olmayır, qanmırsan olmur. 
Göz yaşı üzündə donan dünyanı 
danırsan olmayır, danmırsan olmur. 
 
Yaddaşı süzgəcdən keçirib hərdən 
qəm simi üstündə köklənir sinən. 
Neçə dost-doğmanı özünə düşmən 
sanırsan olmayır, sanmırsan olmur. 
 
Bir də görürsən ki, yetkin yaşında 
bir sevda şimşəyi çaxır başında. 
O, adı pünhanın naz savaşında 
yanırsan olmayır, yanmırsan olmur. 
 
Özün bir yerdəsən, könlün min yerdə, 
keçir səksəkədə vaxt da, ömür də. 
Fikirdən, xiffətdən düşəndə dərdə, 
sınırsan olmayır, sınmırsan olmur. 
 
Tanı dövrün “böyük” insanlarını, 
dinlə bər-bəzəkli yalanlarını... 
Ömrün hədər keçmiş bu anlarını 
anırsan olmayır, anmırsan olmur. 
 
Noyabr, 1997 
 
 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə