mənə yenicə diqqət yetirib – sözüm keçərli olacaq. Müstəntiq üçün
kim olduğumu göstərən
başqa sübutlar da var. Dünən çox inandığı, həm də işçisi olan tələbə ilə ipək corab hədiyyə
göndərmişdi, guya iclas zalını yığışdırmışam, ancaq bu bəhanədir, çünki oranı təmizləmək
mənim vəzifəmdir, buna görə də ərimə pul verirlər. Bir baxın, nə gözəl corablardır! – deyə
qadın ayaqlarını uzatdı, paltarının ətəyini dizinə qədər çəkdi və özü də corablara baxdı. –
Qəşəng corablardır, ancaq çox zərifdir, mənlik deyil.
O qəflətən susdu, əlini K.-nın əlinin üstünə qoydu, sanki onu sakitləşdirmək istəyirdi və
pıçıldadı:
– Sakit! Bertold bizə baxır.
K. baxışlarını yavaş-yavaş qaldırdı. Qapının ağzında cavan bir oğlan dayanmışdı və qısa,
qalın, qırmızıya çalan saqqalını sığallaya-sığallaya özünə ciddi görkəm verməyə çalışırdı. K.
maraqla ona baxdı, axı tamamilə xəbərsiz olduğu hüquq elmi
sahəsində ilk tələbə idi ki, belə
yaxından görürdü. Yəqin ki gələcəkdə yüksək vəzifə sahibi olacaqdı! Tələbə isə, əksinə,
deyəsən K.-ya heç fikir vermirdi və əlini bir anlığa saqqalından çəkərək bir barmağı ilə qadını
yanına çağırdı, özü də pəncərəyə sarı getdi. Qadın K.-ya tərəf dönərək pıçıldadı:
– Mənə acığınız tutmasın... Çox xahiş edirəm, haqqımda pis fikirləşməyəsiniz, indi onun
yanına getməliyəm... Bu iyrəncin yanına! Siz bir onun samıya oxşayan qıçlarına baxın! Ancaq
bu dəqiqə qayıdıram, sonra sizinlə gedəcəm, istədiyiniz kimi olacaq, bacardığım qədər
burdan
uzun müddətə ayrılıb xoşbəxt olacam! Yaxşı olardı ki, elə həmişəlik aralanaydım...
O, K.-nın əlini bir də sığalladı, durub pəncərəyə tərəf qaçdı. K., qeyri ixtiyari, onun qolundan
yapışmaq istədi, ancaq əli boşa çıxdı. Qadın doğrudan da onu cəzb edirdi və K. nə qədər
çalışsa da, özünü bu cazibənin ixtiyarına buraxmamaq üçün tutarlı bir dəlil tapa bilmədi.
Qadının onların adamı olması, K.-nı ələ almaq üçün göndərilməsi şübhəsini çətinlik
çəkmədən rədd etdi. Axı onu necə ələ ala bilərdi? Məgər o, azad adam deyildimi və bu
məhkəməni, ən azı, ona aid olan iclası darmadağın edə bilməzdimi? Doğrudanmı,
az da olsa,
özünə inamı qalmamışdı? Ancaq qadın kömək təklif edən zaman səsində səmimiyyət
duymuşdu və bəlkə də bu kömək nəyəsə yarayardı. Ola bilsin, bu qadını əllərindən alıb özü ilə
aparmaq müstəntiqdən də, onun ətrafından da qisas almağın ən yaxşı yolu idi... Onda bu
müstəntiq K. haqqında saxta məlumutlar yazmaqdan yorulub gecə yarısı onun yanına gələndə
görəcək ki, çarpayısı boşdur.
Ona görə boş olacaq ki, indi o, K.-nın idi, ona görə boş olacaq
ki, indi pəncərənin yanında dayanan o koppuş qadın, onun qalın, kobud parçadan tikilmiş
paltarın içindəki oynaq, hərarətli bədəni yalnız və yalnız K.-ya məxsus olacaq.
Bu minvalla qadına qarşı yaranmış bütün şübhə-tərəddüdləri qovandan sonra ona elə gəldi ki,
pəncərənin qarşısındakı pıçıldaşma çox çəkdi, əvvəlcə barmaqlarının qatlanan yeri ilə, sonra
da yumruğu ilə kürsünü döyəclədi. Tələbə bircə anlığa başını qaldıraraq qadının çiyinləri
üzərindən K.-ya tərəf baxdı, ancaq halını pozmadı, hətta qadına bir az da yaxınlaşıb onu
qucaqladı. Qadın başını əydi, sanki oğlana diqqətlə qulaq asmağa başladı. Ona
tərəf əyiləndə,
tələbə qadının boğazından marçıltı ilə öpdü, eyni zamanda, danışığına da ara vermədi. K.
gördü ki, qadın haqlı imiş, nə üçünsə bu zülmkar tələbədən asılıdır və durub otaqda var-gəl
etməyə başladı. Çəpəki nəzərlərlə tələbəni süzən K. fikirləşirdi ki, bir yol tapıb onu burdan
aralasın və bəlkə də elə buna görə K.-nın getdikcə ucalan ayaq səslərindən əsəbiləşən oğlan
danışmağa başlayanda sevindi.
– Səbriniz çatmırsa, çıxıb gedə bilərsiniz. Siz xeyli əvvəl də gedə bilərdiniz,
çünki heç kəsə
lazım deyilsiniz. Bəli, bəli, hətta getməli idiniz! Özü də elə mən içəri girən kimi! Həm də tez!
Elə həmin dəqiqə!
Tələbə bu sözlərlə sanki bütün acığını ifadə etdi və eyni zamanda, zəhləsi getdiyi müttəhimlə
danışan gələcək məhkəmə məmurunun necə təkəbbürlü olduğunu göstərdi. K. onların lap
yaxınlığında dayandı və təbəssümlə dedi:
– Elədir. Mən səbirsizəm, ancaq bu səbirsizliyə son qoymağın ən asan yolu odur ki, siz
burdan çıxıb gedəsiniz. Əgər buraya nəsə öyrənməyə gəlibsinizsə, – eşitdiyimə görə,
tələbəsiniz – onda
şərait yaradaram, qadınla birlikdə çıxıb gedərəm. Yeri gəlmişkən, hakim
olana qədər çox şeyi öyrənməlisiniz. Düzdür, mən sizin məhkəmə sistemini yaxşı tanımıram,
ancaq düşünürəm ki, utanıb-qızarmadan çox ustalıqla belə qaba danışmağınız o qədər də
uzağa gedə bilməyəcəyinizdən xəbər verir.
– Onun indi belə sərbəst gəzib-dolaşmağına icazə vermək lazım deyildi! – deyən tələbə sanki
qadına K.-nın bu təhqiramiz sözlərinin izahatını verirdi. – Səhv addım idi... Bunu müstəntiqə
də dedim. Ən azı, istintaq gedən vaxt ərzində onu ev dustağı etmək lazım idi.
Bəzən bu
müstəntiqi də başa düşmək olmur...
– Mənasız sözlərdir! – K. əlini qadına tərəf uzatdı. – Gəlin!
– Bir buna bax! – Tələbə etiraz etdi. – Xeyr, xeyr, o heç vaxt sizin olmayacaq!
Və tələbə – heç deməzdin, onda belə güc olar – qadını qucağına alıb, nəvazişlə ona baxa-
baxa, əyilə-əyilə qapıya qaçdı. Hiss olundu ki, K.-dan bir az çəkindi, ancaq onu bir az da
qıcıqlandırmağa özündə cəsarət tapa bildi. Boş olan əli ilə qadının qolunu sığalladı, sonra da
sıxdı.
K. bir az onların yanınca qaçdı, oğlanı tutmaq, girəvə tapan kimi onu boğmaq istədi. Ancaq
elə həmin anda qadın dilləndi:
– Xeyri yoxdur, müstəntiq apartdırır, sizinlə gedə bilmərəm. Bu əclaf... – oğlanın
üzünə bir
sillə vurdu, – ... bu balaca əclaf məni buraxan deyil!
– Heç özünüz də bunu istəmirsiniz! – deyə K. tələbənin çiynindən yapışdı. Oğlan onun əlini
ağzına saldı.
– Yox! Yox! – qadın qışqıraraq əlləri ilə K.-nı itələdi, – yox, bunu eləmək olmaz!
Neylədiyinizi bilirsiniz? Bu mənə baha oturar! Onu buraxın, xahiş edirəm, buraxın! Axı, o
yalnız müstəntiqin əmrini yerinə yetirir, məni onun yanına aparır.
– Elə isə, qoy aparsın! Heç mən də sizi görmək istəmirəm! -pərt olan K. qəzəblə dilləndi və
tələbəni arxadan itələdi. Oğlan səndələdi, ancaq yıxılmadığına sevinərək qucağındakı ”yüklə”
irəli atıldı.