Milli Virtual Kitabxana Təqdimatında Fərid Hüseyn " Əlifba sırası" Şeir və esselər kitabı Şəbəkə üçün hazırlayanı və e-redaktoru: Aydın Xan (Əbilov), yazı



Yüklə 289,66 Kb.
səhifə1/3
tarix26.10.2017
ölçüsü289,66 Kb.
növüYazı
  1   2   3


www.kitabxana.net
Milli Virtual Kitabxana
Təqdimatında


Fərid Hüseyn

Əlifba sırası”


Şeir və esselər kitabı


Şəbəkə üçün hazırlayanı və e-redaktoru:
Aydın Xan (Əbilov), yazıçı-kulturoloq

Yeni Yazarlar və Sənətçilər Qurumu



www.kitabxana.net portalının e-nəşri N 40

Müəllifdən


Əziz oxucu!
Səhifələdiyin, baxdığın, oxuduğun bu kitab mənim sizə “İlk məktubum”dur. Bu məktuba cavab yazan da olacaq, yazmayan da. Sizin cavabınız hansısa şeirimdə özünüzü tapmağınızdadır. Mən bu kitabı hamınıza ünvanlayıram. Məkan hamınızındır. Ona görə bu məktubun dəqiq ünvanı yoxdu. Bu kitabı təbbi ki, oxumayanlar, vərəqləyənlər də olacaq. Deməli, məktub bəzən çatmayacaq ünvanına! Amma sizinlə cavabsız da olsa, tanışmaq xoşdur. Cavabsız məktubların İNTİZARI daha böyük olur...

Bu kitab, – uzaqgörənlik etmək kimi başa düşülməsin – həm də mənim ilk “ədəbi səhv”imdir. Tanıdığım bir neçə şair var ki, hamısı ilk kitabını nəşr etməkdə tələsib. Peşmandır. Amma, yerimək insanı həyəcanlandırmır, qaçmaq, tələsməksə, həyəcanlandırır. Mənim tələsdiyim ünvan sizlər, oxuculardır. Tələskənlik həm də “müqəddəs” səhvə gətirib çıxarır. Bu baxımdan yəqin “günahımdan” keçərsiniz.

Kitablardan və adamlardan aldığım məlumata görə bir zaman pəh-pəh deyib təriflədiyimiz, sonra qırmacsız qamçıladığımız, sözlə təpiklədiyimiz Sovet dönəmində mənim yaşda olan yazarların kitabları nəşr olunmayıb. Hələ də həmin dövrün senzurasını ədalətli sayanlar da var. Amma, hər halda hər nəşr olunmayan kitab gerçəkləşməyən arzu deməkdir. Bu baxımdan indiki dövürdə azadlığın dadını çıxarmağa dəyər.

...hə yadımdan çıxmamiş kitabin adı haqqında da deyim. Bilirəm bəziləri bu kitabı uşaqlar üçün dərs vəsaiti sanacaq. Sonra da məlum olacaq ki, bu əlifba bir qədər BÖYÜKLƏR üçün nəzərdə tutulub. Ona görə bu kitabı oxuyarkən diqqətli olun. İndi isə “Əlifba sırası” haqqında.



A) Əvvəla kitabdakı şeirlərdən birinin adı belədir.

B) Düşünürəm ki, əlifba sırası (şərti olaraq) dünyanın ən ədalətsiz sırasıdır. Ona görə ki, bu sırada insanları adlarına görə sıralayırlar, ağıllarına, mövqelərinə görə yox. Bu sonralar bütövlükdə cəmiyyətə sirayət edir, belə ki “adlı-sanlılar” daim önə çəkilir, birinciləşir, çoxları da həmin adlardan çəkinirlər.

C) Bütün şeirlər (ümumən bütün mətnlər) əslində “ƏLİFBA SIRASI”nın pozulmasından yaranıb. Hətta S E V G İ sözünə baxaq. Əlifbamızda S (se) hərifi 25-ci, E (e) hərifi 6-cı, V (ve) həifi 30-cu, G (ge) hərifi 9-cu, İ (i) hərfi 14-cüdür. Göründüyü kimi əlifba sırasının pozulması əslində sözlərin yaranmasıdır. Bu müqəddəs qanunu-qaydanı pozmaqla dünyanın ən gözəl nemətlərindən biri olan ŞEİR yaranır. Mən də bütün yazılarımda bu sıranı bacardığım qədər pozmuşam.

Ç) Düşünürəm ki, bütün yazılar, hətta bizim hərf öyrənənə qədər çəkdiyimiz düz xəttlər də əlifba sırasına daxildir. Bizim ilk mütaliə vərdişimiz, oxumağımız, yazmağımız da bu sıradan keçir.

D) Dünyada elə bir şeirə rast gəlməmişəm ki, orda “ƏLİFBA SIRASI” (sözlər daxilində, hərflərin ahəngi və ardıcıllığı ilə demirəm) qorunsun. Ümid edirəm ki, nə vaxtsa belə bir şeir yazılacaq.

E) Əlifba sırası bizə yalnız o zaman kömək olur ki, lüğətdə söz axtarırıq. Söz axtarmaqdan gözəl nə ola bilər! Şeir yazmaq da əslində söz axtarmaqdır. Yəni içində səni narahat edən, düşündürən sözü axtarırsan. Sənə lazım olanı tapanda isə, bu çox gözəl olur.

Ə) Əlifba sırası sözlərin kompasıdır. Lüğətdə bizə yol göstərir, bu mənada bizi çox zaman itirməyə qoymur. Əlifba zamanın qoruyucusudur.

F) Bizim ilk dərsliyimiz əlifbadır.

G) Heç bir kitab haqqında bayram keçirilmir. Amma “Əlifba bayramı” var.

Ğ) Bu kitab mənim ilk kitabımdır. Bu mənada mənim “Şeir Əlifbam”dır.

H) Əlifbanı öyrənərkən valideyinlərimi, müəllimizi neçə dəfə əsəbləşdirdiyim də yadımdadır.

X) İnsan ömürü boyu əlifbaları öyrənib qurtara bilmir. Çünki əlifbanı öyrənib qurtarmaq üçün bütün dilləri bilmək lazımdır. Xoşbəxt insanlar o insanlardır ki, onlar çox əlifba bilirlər.

I) Əlifba həm də hər bir xalqın simvol yaddaşıdır.

İ) Tələbəlik illərində sevdiyimiz qızlara eşqimizi də stolların üstünə bu əlifba ilə yazırıq. Məslən: A+C=S. M+Ə=S Maraqlıdır ki, toplananlar dəyişir, amma nəticə həmişə eyni olur, yəni S.

J) Qəribədir ki, Allah sözü A ilə başlayır, əlifbada A da birinci hərfdir.

K) Xalqlar yaranır və süqut edir. Amma əlifbalar süqut etmir. Məsələn, Latın əlifbası.

Q) Orta məktəbi zəif oxuyub sonra da təhsilini yarımçıq qoyan, ömrü uzunu fəhlə işləyən, otuz il əlinə qələm, kitab almayan insan belə uşaqkən öyrəndiyi əlifbanı unutmur. Amma bəzi müəllimlərini, sinif yoldaşlarını unuda bilir...

L) Dünyada minlərlə, on minlərlə məktəbə getməyən, yaxud fiziki qüsurlara, xəstəliyə görə əlifbanı bilməyən uşaqlar var.

M) İlk əlifba Finikiyada yaranıb.

N) İki əsrdə bir neçə dəfə xalqımız əlifbasını dəyişib. Xalqlar dillərini itirəndə manqurtlaşırlar, amma əlifbalarını itirəndə yox.

O) “Alın yazısı” görəsən hansı əlifba ilə yazılıb?

Ö) Əlifba sözlərin vətənidir.

P) Əlifbamızı dəyişdirmək M.F. Axundovun ən böyük amma reallaşmayan arzusu olub.

R) Notlar musiqinin əlifbalarıdır.

S) İnsanın üzündə bir cüt əlifba var: Gözlər.

Ş) Dil əlifbanı yaradır. Əlifba da dili ifadə edir.

T) Əlifba insanlar üçün o qədər önəmlidir ki, Breyf korlar üçün də əlifba yaradıb.

U) Ana sözündəki n hərfi əlifbada ata sözünün mərkəzindəki t hərfndən əvvəldədir. Bəlkə buna görə birinci körpələr ana sözünü deyirlər. Bəlkə də...

Ü) Səlim Babullaoğlu demişkən: “Bir də nə qədər qəribə gəlsə də biz də həriflər də, dişlər də otuz ikidir, yəni olmalıdır, çünki bir ağızdır bütün sözlər”.

V) Əlifba əlimiz və gözümüzdür. Yəni hərfləri yazırıq və deyirik. Bu mənada əlifba GÖZ+ƏL+dir.

Y) Dünyada insanların çoxu ən çox sağ əlləri ilə işləyirlər. Amma əlifbaların çoxu soldan sağadır. Paradoks...

Z) A hərfndən Z–yə qədər yol gəldim. Ona görə yox ki, mən sizə əlifba haqqında bilmədiklərinizi deyim, yaxud bildiklərinizi təkrarlayım. Bunu ona görə etdim ki, bu sıranı biləsiniz. Əlifbamızı əzbər bilməyən minlərlə insan tanıyıram. Nəysə... Türkiyədə tam, bütöv, olan nəsnələrə A-dan Z-yə deyirlər. “A-dan Z+ye güzeldi”. Yəni hər şey gözəl idi. Bu mənada ƏLİFBA hər şeydir. Həyatınızın A-dan Z-yə gözəl olması arzusu ilə...




Şeirlər


Sadə

Uşaqkən beşiyini bəzəmişdilər,

daha sonra yüyrüyünü,

sonra oyuncaq evini,

evlənərkən gəlin maşınını,

öləndə tabutunu,

məzar daşını.

İndiysə deyirlər ki,

Rəhmətlik sadə adamdı.
Bütöv sevirəm
Əllərin nə gözəldi.

Kipriklərin də, gözlərin də.

Sən gedəndə əvvəl kipriklərin qapanır,

Gözlərin çəkilir gözlərimdən,

Sonra əllərin uçur əllərimdən.

Sonda ayaqların uzaqlaşır yanımdan.

Mən səni bütöv sevirəm,

niyə hissə-hissə qopursan məndən?!


Əla söhbət
Darıxıram,

Dostum da yanımdadır.

Saatın səsi eşidilir,

Ürəyimin nəbzini duya bilirəm.

Qıymırıq sakitliyə.

Əla söhbət gedir,

O, öz ürəyilə,

Mən öz ürəyimlə.


Bənzətmə
Qara bulud,

ağ bulud,

mavi bulud.

ağ bulud - mələk,

qara bulud – şeytan,

mavi bulud - onların arasını vuran.


Məndən qəhrəman olmaz
Bəlkə də, insanlar ağlamırlar.

İnsanlar ağlayanda axtarırlar:

Özlərini, itirdiklərini

Göz yaşının küçələrində.

Dostlar tost deyəndə Allahı çağırırdılar:

“Allah canımızı sağ eləsin”...

Arağın haramı ilə Allahın halallarının

təzadını gördüm süfrəmdə.

Arzuların saxtalığını anladım.

Sən içəndə daha çox yadıma düşürsən,

Sevəndə və sərxoş olanda ağlımız başımızda olmur.

Xəstə dostuma xəstəliyinin adını deyə bilməyəndə,

Anladım ki, yumruğum qəzəbimin ifadəsi deyil.

Məndən qəhrəman olmaz...

Avtomobil yollarından,

Qatar relslərindən,

Havadakı təyyarələrdən

Umacağım yox.

Heç biri məni məndən apara bilməz,

Nə də səndən.

İlk sevdiyim,

İlk şeirim.

Ümumən, həyatımdakı ilklər daim maraqlı.

Sonları düşünmək də istəmirəm.

Məndən qəhrəman olmaz...

Ayağım ağrısını unutmur,

Ürəyim səni.

Hərdən evlənmək haqqında düşünürəm,

Evlənmək “ev” olmaqdı,

Evlənmək həyatı birləşdirir deyirlər.

Əslində, evlənmək ömrü parçalayır:

Qadına, uşağa, evə və s...

Sevginin vahidliyi belə yoxmuş...

Məndən qəhrəma olmaz.


Yuxu kimi

Könül üçün
Ətəklər dağların hündürlüyünü öyrədir bizə,

Divarlar həm də, yanlarında yerimək üçündür,

Fəqət biz hərdən, o divarları aşırıq.

Asılqan paltarları xatırladır mənə,

Nəsə daim nədənsə asılıdır.

Məsələn: insan insandan, paltar asılqandan.


Hər gün yanan alışqanlar yandırılan siqaretlərdən daha çoxdu.

Bəzən həyat uzlaşmır, hətta özüylə belə.

Şərab şüşəsi şərabı bizdən daha əvvəl içib,

Amma, o bizim qədər sərxoş deyil nədənsə...

Dünya sənin əllərin qədər kiçik deyilsə də,

Əllərindən gözəl də deyil.


Uzaq adalarda bir içim su olmusanmı?

Ya, mələk kimi günəşə sərmisənmi qanadlarını?

Yaxud da, mənim tək incimisənmi özündən?

Şeir, qadın, yuxu – üçü də gözəldi bilirəm.

Amma, üçü də bir-birini tamamlamır...

Bax, mən elə bundan narazıyam...


Hər gecə yuxunu bir qədər aldadıram, yubadıram...

Hər gecə ətrimizlə alver edir hava...

Kiminsə ətrini kiməsə aparır...

Hər gecə nələr olur, bilirəm ki, bilmirsən.

Atılan silahlar, qaçan adamlar, gizlədilən qorxular...

Sən yuxu kimi şirin yaşa, şirin ol!

Bilməmək bilməkdən daha yaxşıdı bəzən...
Adamlar ağaclar qədər səmimi deyil,

Ağaclar dərdlərini yarpaq şəkilində tökürlər...

İnsanlarsa ürəklərində gizlədirlər...

Bir içim su, bir gecəlik yuxu

Bəs edər səni ömürlük xatırlamağa.

Unutmaq insanı xilas eləmir,

Sadəcə bir-birlərinə qarşı biganələşdirir...
Mərtəbə
Buludlar sonuncu mərtəbədə,

Təyyarə bir mərtəbə aşağı.

Daha sonra quşların mənzilləri,

Quşlardan aşağıda elektirik dirəkləri.

Biz birinci mərtəbədə yaşayırıq,

Köhnə, çirkli mərtəbədə.

Yenə buna da şükür, Allah.

Yazıq soxulcanlar zirzəmidə yaşayırlar.


Nə yaxşı ki, getmisən
Sən gedəndən nə dəyişib ki?

Yenə günəş şərqdə çimir, qərbdə boğulur...

Yenə fəhlə dostum tez-tez əllərini yaralayır.

Sən gedəndən nə dəyişib ki?

Yenə yayda bənizim qara, qışda qismən ağ olur.

Yenə dostlar tost deyir, şüşələr boşalır.

Əvvələr də beləydi...

... sən gedəndən nə dəyişib ki?

Bircə, işıq pulumuz bir az çox olur.

Sən oynayan toylara baxıram,

Lentdəki səsinə qulaq asıram.

Sən gedəndən daha telefon borcumuz da olmur.

Sən gedəndən süfrəm də bollaşıb,

Dostlar da pullaşıb.

Tez-tez səni unutmaqla məşğul oluram,

Yeyə-yeyə, içə-içə.

Qızlar da azalıb sən gedəndən,

Sənə oxşayanları seçə-seçə.

Sən gedəndən siyasətlə məşğulam,

İnsanların yerlərini dəyişirəm ürəyimdə.

Sən gedəndən nə dəyişib ki?

Hər şey öz yerindədi,

Mən də, ölüm də.
Üç söz
Sol qoluna – ata-ana,

Sağ qoluna – sevdiyi qızın adını yazmışdı

əsgər olanda.

Qəribliyin, çox şeyi müqəddəs

etdiyini anlamırdı onda.

Bilmirdi – ata-anasının

Onu, həyatın zirzəmisinə – həbsxanaya atacağını.

Bilmirdi sevdiyi qız çoxdan...

İndi hər gün həbsxanada

Əl-üzünü yuyanda,

Təsbeh çevirəndə,

Sol qolunda ata-ana,

Sağ qolunda sevdiyi qızın adını oxuyanda

Lənət yağdırırdı bütün hərflərə, əlifbalara,

Ona yazı yazmağı öyrədən müəlliməsinə.

Bəxti əllərinə yazılmışdı onun... Əllərinə...

Gizlətmək istəyirdi qollarını

Köynəyinin qollarında,

Yorğanının altında.

Qurtula bilmirdi qollarından.

Oxuduğu kitablardakı bütün hərflər

Gözlərinə batırdı onun...

Bütün hərflər qulaqlarını dəlirdi.

Əvvəldən axıra, axırdan əvvələ oxuyurdu

Hər üç sözü.

Daha yaxşı anlayırdı, qürbətdə unutmaq da çətin olur,

Qürbət çox şeyləri müqədəsləşdirir.

Üç söz yaşayırdı qollarında: Əzizə, ata və ana.

Daha hər şeyi yaxşı anlayırdı,

Çünki, hər şeyi həyat anlatmışdı ona.


Ehtimal Nəzəriyyəsi
Səhər bir oğlan doğulacaq, adı Vüsal.

Səhər bir qız doğulacaq, Hicran adında.

Bir gün Hicran Vüsalı sevəcək,

Vüsal da Hicranı.

Bir gün Vüsal hicrana qatlaşacaq,

Hicran çatmayacaq vüsala.

Bir gün Hicranın Ümid adında bir “oğlu” doğulacaq

sevmədiyi ərindən.

Ümid də çox yaşmayacaq,

daha Hicran gözləməyəcək Vüsalı.


Əlifba sırası
Dünyanın ən ədalətsiz sırası əlifba sırasıdı.

Bu sırada insanlar savadlarına, ağıllarına görə yox,

Adlarına görə sıralanırlar... Yəni, A-lara, B-lərə görə.

Dünyanın ən ədalətsiz yarışı gözəllik yarışıdı,

Qiymət qoyurlar qadın gözəlliyinə.

Qadınlara ən çirkin qiyməti burada verirlər,

Məhz, bədənlərinə görə.
Bir anda...
Yağış altında çinar,

Çinar altında adam,

Adam altında ayaq,

Ayaq altında addım,

Addım altında qarışqa

Hərdən “öldüm” deməyə vaxt tapmır.

Göyün əlində şəkil – günəş və ay.

Günəşin, ayın güzgüsü – dəniz.

Dənizin içində balıq,

Balığın içində kürü

Hərdən tavada “yandım” deməyə vaxt tapmır.

Insanın içində ürək,

Ürəyin içində sevgi,

Sevginin içində sevdiyin.

İnsan hərdən “sevirəm” deməyə vaxt tapmır – Ölür.

Əslində, sevmək də, ölmək də

zamansızlığın içində gizlənir.

Saat, dəqiqə və saniyə şərti zaman ölçüləridir.

Sevmək də, ölmək də bir anda olur,

Bir anda...


Susma

Dünyanın ən sakit adamına
Bir-bir ev nişanıdı uzaqdakı işıqlar.

Hər ev varlığın işıqla ifadəsi.

Indi o evdə bəlkə bir uşaq səsi, divarı malalayır.

Şəhər aftomobil səsləriylə zarıyır.

Bax o oğlan dayanıb bir qızın gözlərinin işıqforunda.

Gözlərinə baxır, əllərinin qarmağına taxılıb.

Bu gecə adamlar evlərinə getmirlər, dostum.

Bu gecə hərəni öz dərdi gəlib aparır...

Torpaq və tabut sözünün ahəngində titrəyir ölüm.

Addım uzunluğu ən yaxşı ayrılıq vahididi.

Sərhəddi ikimizdən başlayır.

Şəhər payız qədər yoxsul,

İnsanlar qış qədər soyuqsa,

Əynindəkilər və eynindəkilər qızdırmaz bədənini.

Susma... susma... susma...

Soyun dilindəki bu laldinməzliyi.



Unutmamışam
Unutmamışam,

Heç nəyi unutmamışam.

Küçəniz şeirlərini satan şairin adını daşıyır.

Qapınızın nömrəsi Gəncə maşınlarının nömrəsidi.

Eyvanınızı rahat görmək olur küçədən,

Hasarınız alçaqdı.

Yadında varsa, müəllimə olmaq istəyirdin,

Mən də polis.

İndi sən anasan

Mənsə, eh!...

Məndən yaxşısını axtarırdın,

İndi gör kimə qismətsən.

Arzularımız yuxu kimi tərsinə oldu,

Tərsinə...

İndi eşitdiyimə görə uşaq arzulayırsan,

Ana olmaq istəyirsən.

Mənsə, beşik düzəldib satıram.

Bir gün, nə vaxtsa gələcəksən yanıma...


Qarnıma fikir verirəm
O gün yolda gördüm səni.

Dəyişmisən,

Bir az kökəlmisən,

Bir az da gözəlləşmisən,

Təbii haldı, hamiləsən.

O gün saçın da bir az dağınıq idi,

Uzun donun da sənə heç yaraşmırdı,

Əlini qarnına qoyub yeriyirdin.

Baxdım, avtomobilə minəndə də,

Düşəndə də, ancaq qarnına fikir verirdin.

Eh, daha mən də dəyişmişəm,

Daha saçımı daramıram,

Üzümü qırxmıram,

Təzə geyinmirəm,

Ətir vurmuram.

Sən gedəndən elə mən də

ancaq qarnıma fikir verirəm,

Yeyirəm, içirəm və yaşayıram sənsiz...


Kitablar aldatdı bizi, Nazim baba

Sonu yaxşılıqla bitən kitablar göndərin mana”



Nazim Hikmət

Yox, Nazim baba, olmadı...

Gəncəm, fəqət inanmıram Nazim baba,

Sonu yaxşılıqla bitən kitablara,

Sonu nikbinliklə bitən nağıllara.

Ömrün çoxu zülümsə,

İnsanın sonu ölümsə,

Yaxşılıqla bitə bilməz heç nə.

Kitablar aldatdı bizi Nazim baba.

Qızların ağ atlı oğlanları gəlmədi,

Ömrümüzü yandırdıq simurq quşu gəlmədi.

İnsanlar haqqında iki yüzdən çox elm oldu,

Amma, insanları tanıya bilmədik.

Çox ağların altından qara çıxdı, çox...

Səndən sonra da yoxdu

Sonu yaxşılıqla bitən kitablar.

“güllələnən partizan xilas olmadı,

Həkim gülərək çıxmadı əməliyyatdan

Qanadları qırılan təyyarə sağ-salamat enmədi yerə”.

Hər birinin öz ölümü oldu Nazim baba.

Sonu yaxşılıqla bitən kitablar nağıllardı,

Nağıllarsa uydurmadı.

Sənə çatmadı sonu yaxşılıqla bitən kitablar,

Bizə də.


İnşallah bizdən sonrakılara çatar...
Belə olacaq
Sevmədiyin qıza sevirsənmiş kimi davransan,

Əvvəl utanmaq, sonra yalan demək,

Sonra da öpməkçün fürsət axtarmaq.

Ən sonda başa düşsən ki,

Hədərdi, hədərdi hər şey,

Ayrılıb evinə gələndə

“Ayrılıq” mahnısı sənə ləzzət versə,

Dəfələrlə qulaq assan

Anlayarsan ki, sən necə də tənhasan.

İçsən, fəqət sərxoş olmasan,

Küçənin ortasında girlənsən,

Xatirələrdə qalsan, göllənsən

Anlayarsan ki, sən necə də tənhasan.

Evə gəlib mənimtək şeir yazsan,

Amma, həsr etməyə adam tapmasan,

Bircə özünü sən başa düşsən

Anlayarsan ki, sən necə də tənhasan.

Küçələrdə söhbət etməkçün

Qəpik kimi adam axtarsan,

Hamıyla söhbət etsən,

Amma, heç kəsə dərdini deyə bilməsən

Anlayarsan ki, sən necə də tənhasan.

Öz qollarınla özünü qucaqlasan,

Pişiyə təpik vursan, əzsən hörümçəyi,

Müqəddəslərin müqəddəsliyini qısqansan.

Anlayarsan ki, sən necə də tənhasan.

Üzünə gülən adamların içini axtarsan,

Və hər dəfə əlinə ancaq “təmənna” keçsə

Anlayarsan ki, həm yaşayırsan, həm də yaşamirsan

Pəncərəni açıb tüpürsən

Səkkizinci mərtəbədən birinci mərtəbənin ayaqlarına,

Küçə süpürən qadın

Dərin səmimiyyətlə səni söysə

Anlayarsan ki, sən tək deyilsən,

Sevənin olmasa da, söyənin var.
Hərdən
Bir az küsmək,

Bir az barışmaq qatdın.

Sağ ol, dəyişdin sevginin dadını.

Xoşbəxt yaşamaq çətindi,

Hərdən insana kədər də lazımdı.

Sağ ol, düzgün nizamlayırsan məhəbbətin balansını.

Hərdən ümüdlər də qırılmalıdı,

İtirmədiyin yerdə axtararkən

arxayın olursan tapmayacağına.

Hərdən tapmamaq lazımdı...

İzli yollar əvvəlki ünvanlara aparacaq bizi.

Bir az tərsinə yaşamaq lazımdır,

Gəldiyimiz yolları bir də qayıtmamalıyıq...

Divarlar küçələrə üz çevirir, həm bizə,

Həm də divarın əks tərəfindəkilərə,

sənə, mənə...

Amma həmişə yox, hərdən.

Qalalar ölkələri,

Divarlar həyətləri,

Ayrılıq sevgini qoruyur.

Amma həmişə yox, hərdən.

Dünyaya sığmıram

Şəhərdən də, rayondan da bezmişəm...

Nəsimi kimi dünyaya sığmıram.

Deyirlər ki, dünyaya sığmırsansa öl.

Başa sala bilmirəm ki,

Ölsəm o biri dünyaya gedəcəyəm...

Mənsə dünya istəmirəm.
Qurbağa

İlqar Fəhmiyə
Kasıblar köhnə evlərində

yaşaya bilmədiyindən,

Varlılar təzə evlərinin

dözümlülüyünü yoxlamaq üçün

zəlzələ “arzulayırlar”…

Allahsa, qurbağa yağdırır!


Yağış
Yağış yağır,

yaman yağır.

kəndçi deyir taxıla xeyirdi,

evini su basan sanır ki,

Allah onu cəzalandırır.

Molla deyir ki, mələklər qan ağlayır.

Düzünü guya mən bilirəm:

Hardasa buludlar yamanca tərləyib.


Utancaq
Mən ona baxıram,

O şəhərə.

O mənə baxır,

Mən yerə.


Alın yazısı
Alnımızın yazısı Allahın şeirləridi.

Allah bəlkə ilk şairidi dünyanın.

Alınımızdakı yazıları oxuya bilmirik,

Bilmirik Allahın əlifbasını.


Yaralarım
Ayın əksin dənizdə basdırmısan,

Səma yenə yerindədi, göydədi.

Sən özgənin yeməyinə duz səpdin,

Amma mənim yaralarım göynədi.


Ömrümüz
Yaşımız artdı,

Böyüdü boyumuz,

Artdı çəkimiz.

Böyüdük..

Böyüyürük...

Böyüyəcəyik...

Düz qəbrimiz boyda olanadək...

Sıravi vətəndaş
Telefon nömrələrinə baxıb

Zəng edəsi bir kəsin olmadığı vaxt – dəhşətdi.

Pulun olmadığına görə dustaqsansa

Tüpür taleyin məhkəməsinin üzünə,

Hələlik güzgüdəki özünə.

Qoy sındırsın qələmini,

Dəyər ölüm bir qələmə.

Edama qədər həbsxana nəfəsliyini əyə bilsən,

sonuncu olsa da, bu da bir mübarizədi.

Yaşamaq nəfəs alış-verişi deyil dost,

Uzaqlaş bu dəhşətlər şəhərindən.

Hər şeyin həddi var sənə qarşı bu şəhərdə.

“Halal” incələr, üzülməz deyərək,

Halalla ürək üzürlər bu şəhərdə.

Telefon simlərini oğurlayanların sevinci,

Zəng edə bilməyən sevgililərin kədəri ilə

hesablaşmır bu şəhərdə.

Küçə-küçə, ev-ev uçulur başına hər şey.

Uzaqlaş dost, uzaqlaş...

Məktəb illərində sevdiyin qızın

uşağının yıxılmağı da

sənə əzab verir bu küçədə,

keçmişin ağrıları şəkilində.

Keçmişinsə hərdən zamanı olmur...

Sən bu yerlərdə ömür sarğacının

qiymətini ödəyə bilməzsən dost.

Uzaqlaş bu dəhşətlər şəhərindən... uzaqlaş...

Uzaqlaş dost, uzaqlaş...


Müharibə
Beşgünlük oğlu ölmüş ata

İnandı dünyanın beşgünlüyünə.

Bətnində ölmüş körpəsini ağlayan ana

Bənzədə bilmədi onu heç kəsə.

Ana yanmış övladını ovcuna yığanda

Onu yenidən qucağına aldı.

Atasız uşaq ağlamırdı.

Arsız deyildi o, sadəcə ölümü anlamırdı.

Əkilməyəcək torpağı belləyirdilər qəbirqazanlar.

Tabut arxasınca qaçanlar anlamırdılar ki,

Ölümün arxasınca qaçmaq olmur,

Qaçsan da çatmaq olmur.

Kişi ağlamaz sözünü unutmuş ata,

Kişi kimi ağlayırdı.

Gəlin güllü paltar geyinməmişdi,

Ərinin qanı GÜl-GÜl hopmuşdu əyninə.

Saçını yolan qadınlar

Hörüklərini açmağı unutmuşdular.

Uşaqlar yerdən qəlpələri yığıb,

Oyuncaq evlərinə aparırdılar.

Ölmüş itinin alnını sığallayan Əhməd

anasına deyirdi: – Ana, Boz yatıb oyada bilmirəm.

Hərə bir cür ağlayırdı.

Fəqət, kədərin müxtəlifliyi belə yeknəsəkdi.

Bu gündə ən gözəli də o idi ki,

Sevdiyi oğlanın qanlı əllərinə su tökən qız,

Bu qədər ölüm sözünün içində

Məhəbbət sözünü unutmamışdı.



Eynəklər gizlədə bilməz kədəri

Rəbiqə üçün
Bilirəm, uzaqlara baxırsan,

Gizli-gizli ağladığını da bilirəm...

Axşamkı dərdindən danışır gündüzki ovqatın.

Eynəyinin altındakı kədəri də görürəm...

Eynəklər gizlədə bilməz kədəri...

Bədən ancaq ruhumuzun üstündən asılmış şəkildi,

Bunu, yaxın günlərdə ölmüş dostumuz bir də sübut elədi.

Bilirəm, darıxırsan, şeir yazmırsan,

Gözlərini aynaya zilləyib özünü tapmırsan, hərdən.

İnsanlar insanlardan başlayır, ölkələr sərhədlərdən.

Hələ döz, telefonundan “Ümid”lərin adını silmə,

Hələ uzaq düşmüş “Sevinc”ə gözlərini bərəltmə,

Qoy, öz ayağıyla gəlsin yanına...

İnsanlar incimirlər, insanları incidirlər... Bilirəm...

Hər şeyin arxasına üç nöqtə qoy hələ...

Bir az səbr et, bir az döz... bir az gözlə...

Yuxunu yozma bir səhər, insanlara fikir vermə,

Qaraçıya pulla bərabər mərhəmətini də ver...

Çətin sözü, çətinliyin özü qədər çətin deyil. Bilirəm...

Ürəyin otağından çıxan hər kəs, işığı söndürməyi,

Qapını örtməyi unudur. Bilirəm...

Sən kiminsə əvəzinə söndürmə, örtmə...

Duyğularını yiyəsiz uşaqlar kimi küçəyə burax...

Bu dəfə qızına yox, özünə, duyğularına izin ver...

Qoy, sən görmədiyin küçələrdə dolaşsınlar...

İnsan kimin üçün doğulduğunu bilməsə də,

kimin üçün öldüyünü bilir...

İnsanlar ... İnsanlar... İnsanlar... yenə də İNSANLAR...

Yəni, mən, sən, o, biz, siz və ONLAR...




Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə