– Niyə sənə elə gəlir ki, o, vəzifəsini yerinə yetirib? Əslində, yerinə yetirməyib. Onun vəzifəsi
bəlkə də başqalarını rədd eləmək, bu kişini isə qapı onun olduğu üçün içəri buraxmaq idi.
– Sən bu yazıya kifayət qədər hörmətlə yanaşmırsan və əhvalatı dəyişdirirsən. Bu əhvalatda
Qanunun içərisinə buraxılmaq üçün keşikçinin iki vacib izahatı var – biri əvvəldə, biri də
axırda. Birində deyilir ki, indi ona içəri keçməyə icazə verə bilməz, o biri isə belədir: bu qapı
yalnız sənin üçün idi. Əgər bu izahatlar arasında təzad olsaydı, onda sən haqlı çıxardın və
keşikçi kişini aldatmış olardı. Ancaq burda heç bir təzad yoxdur. Əksinə, birinci izahat
ikinciyə aparıb çıxarır. Hələ bəlkə də demək olar ki, keşikçi kişiyə gələcəkdə buraxıla
biləcəyini deməklə vəzifə borcunu aşıb. Deyəsən, o vaxtlar yalnız kişini rədd etmək onun
vəzifə borcu hesab olunub və bu yazının tədqiq edənlərin çoxu təəccüb edir ki, görəsən
gözətçi niyə buna işarə vurub, çünki onun özü dəqiqliyi sevən adam olub, qapını yaxşı
qoruyub. Uzun illər keşik çəkir, qapını da lap axırda bağlayır, vəzifəsinin vacibliyini yaxşı
başa düşür, çünki belə deyir: “Mən güclüyəm!” Vəzifəcə özündən böyüklərə hörmətlə
yanaşır, çünki belə deyir: “ Mən keşikçilərin içində ən zəifiyəm!” O, boşboğaz deyil, illər
uzunu, orda yazıldığı kimi, yalnız “məsələyə dəxli olmayan suallar verir”, rüşvət almır, çünki
hər dəfə hədiyyəni götürəndə belə deyir: “ Ona görə götürürəm ki, sonra fikirləşməyəsən: vay,
bundan istifadə eləmədim...” Söhbət vəzifəsinin yerinə yetirilməsindən gedəndə, onu nə
yumşaltmaq, nə də özündən çıxarmaq olur, çünki orda kişi haqqında yazılıb ki, “ o öz xahiş-
minnəti ilə gözətçini yorur”. Nəhayət, onun xarici görnüşü necə pedant adam olduğunu
göstərir: iri dik burnu, uzun, seyrək, qara saqqalı. Öz vəzifəsinə bundan da sadiq keşikçi
tapmaq olarmı? Ancaq bu keşikçidə içəri buraxılmasını tələb edən adam üçün çox əlverişli
xasiyyətlər də var və elə onlardan bilinir ki, keşikçi onun gələcəkdə buraxıla biləcəyinə işarə
vurmaqla vəzifə həddini aşa bilər. Əslində, bunu da inkar etmək olmaz ki, o, bir az sadəlövh
və elə buna görə də bir az lovğadır. Onun istər öz gücü, istərsə də digər gözətçilərin gücü,
eləcə də onlardan birini görəndə qorxduğu barədə dediklərinin – mənim fikrimcə, hətta bunlar
lap düz olsa da, – ifadə tərzi göstərir ki, bu sadəlövhlüyü, lovğalığı onun anlama qabiliyyətini
məhdudlaşdırır. Tədqiqatçılar bu barədə deyir: “Hər hansı bir işin düzgün anlamı və onun
səhv başa düşülməsi bir-birini heç vaxt qəti şəkildə inkar etmir”. Ancaq hər halda belə hesab
etmək lazımdır ki, ondakı bu sadəlövhlük, lovğalıq nə qədər az olsalar da, giriş qapısının
qorunmasını zəiflədir, deməli, bunlar keşikçinin xarakterindəki zəif yerlərdir. Üstəlik də
keşikçi təbiətən mehriban adam təsiri bağışlayır və buna görə də həmişə rəsmi məmur ola
bilmir. Elə ilk dəqiqələrdə lağlağıya başlayır ki, qəti qadağan olunmasına baxmayaraq, içəri
keçə bilər, sonra da onu qovmur, əksinə, orda yazıldığı kimi, kətil də verir ki, qapının yanında
otursun. Uzun illər boyu kişinin xahişlərinə səbrlə dözməsi, qısa sorğu-suallar, hədiyyələri
qəbul etməsi, elə yanındaca belə bir keşikçiyə rast gəldiyi üçün kor təsadüfü ucadan
lənətləməsinə alicənablıqla yanaşması... – bütün bunların hamısı onun qəlbində mərhəmət
hissinin baş qaldırdığına dəlalət edir. Hər keşikçi belə hərəkət etməzdi. Axırda da bircə işarəsi
ilə kişiyə tərəf əyilir, son sualını vermək üçün ona şərait yaradır. Yalnız “Səni heç razı salmaq
olmur” sözlərində keşikçinin səbrinin azaçıq tükəndiyi hiss olunur – onda da bilirdi ki, artıq
hər şey qurtarıb. Bu növ yozumlarda hətta bəziləri bir qədər də dərinə gedərək iddia edirlər ki,
“Səni heç razı salmaq olmur” sözləri bir növ səmimi heyranlığın ifadəsidir ki, bu da, əlbəttə,
mərhəmətdən xali deyil. Hər halda, keşikçi obrazı sən düşündüyün kimi deyil.
– Sən bu əhvalatı məndən yaxşı, özü də çoxdan bilirsən.
Onlar bir anlığa susdular. Sonra K. dedi:
– Deməli, sənə elə gəlir ki, kişini aldatmayıblar?
– Məni düzgün başa düş! Mən sənə yalnız bu haqda olan fikirləri çatdırıram. Ancaq sən bu
deyilənlərə fikir vermə. Yazıya pozu yoxdur və bu fikirlər də çox vaxt onun haqqında yaranan
şübhələri ifadə edir. Hətta burda belə bir fikir də var ki, aldadılan elə keşikçinin özüdür.
– Maraqlı fikirdir! Bəs bunu necə əsaslandırırlar?
– Gözətçinin sadəlövhlüyü ilə. Deyirlər ki, o, Qanunun iç tərəfini tanımır, yalnız onun
qapısına qədər olan yolu gedir, elə ordan da geri dönür. Onun İçəri haqqındakı təsəvvürləri
uşaq təsəvvürü kimidir və deyirlər ki, kişini qorxutmaq istədiyi şeydən özü də qorxur. Bəli,
özü kişidən çox qorxur, çünki kişi hətta içəridəki keşikçilərin çox dəhşətli olduqlarını
biləndən sonra da oraya girmək istəyir, ancaq keşikçi, əksinə, girmək istəmir, ən azı, bu haqda
heç nə bilinmir. Düzdür, bəziləri deyir ki, o, əvvəllər içəridə olub, nə vaxtsa onu məhkəmədə
qulluğa götürüblərmiş və bunlar da yalnız İçəridə baş verə bilərdi. Onlara belə cavab vermək
olar ki, o, İçəridən gələn bir səslə də keşikçi təyin olunardı və özü, ən azı, üçüncü keşikçinin
görkəmindən qorxduğu üçün heç İçəridə olmaya da bilərdi. Bundan əlavə də, orda onun uzun
illər ərzində İçəri haqqında, üçüncü keşikçi barədə dediklərindən əlavə nəsə deməsi yazılmır.
Ola bilsin, bu ona yasaq edilibmiş, ancaq yasaq barədə də heç nə yazılmayıb. Deyilənlərdən
belə nəticə çıxarmaq olar ki, o, İçərinin görünüşü, mahiyyəti barədə heç nə bilmir və onun
haqqında da səhv təsəvvürdədir. Eyni zamanda, kənddən gələn kişi haqqındakı təsəvvürü də
səhvdir, çünki özü ona tabedir, ancaq bundan xəbəri yoxdur. Ancaq onunla tabeliyində olan
adam kimi rəftar etməsi çox yerdə hiss olunur və sən onların hamısını xatırlaya bilərsən. Elə
bu fikrə əsasən, həm də onun kişiyə tabe olması aydınca üzə çıxır. Hər şeydən əvvəl, azad
adam asılı adamdan yüksəkdə dayanır. Əslində, kişi azad bir adamdır, hara istəsə gedə bilər,
ona yalnız Qanunun qapısından içəri girmək yasaqdır və bunu da ona yalnız bir nəfər –
keşikçi yasaq edir. Qapının yanına kətil qoyub ömrü boyu orda oturması da könüllüdür, heç
yerdə məcburiyyətdən söhbət getmir. Keşikçi isə, əksinə, vəzifəsindən asılı adamdır, burdan
aralana bilməz və göründüyü kimi, istəsə də, içəri keçə bilməz. Bundan əlavə, Qanun
qulluqçusu olsa da, yalnız onun giriş qapısını qoruyur və deməli, təkcə bu qapının aid olduğu
adama qulluq edir. Həm də elə bu səbəbdən həmin kişiyə tabe olur. Belə hesab eləmək olar ki,
o, uzun illər, bir insan ömrü qədər, necə deyərlər, mənasız bir işlə məşğul olub, çünki orda
yazılır ki, bir kişi gəlir, yəni yaşlaşmış çağında gəlir. Deməli, keşikçi öz vəsifəsini yerinə
yetirmək üçün çox gözləməli olur. O qədər gözləməli olur ki, kişi özü gəlmək fikrinə düşür,
könüllü gəlir. Ancaq onun vəzifəsinin sonu da kişinin həyatının sonu ilə müəyyənləşir,
deməli, o, axıra qədər kişidən asılı olur. Və həmişə də vurğulanır ki, deyəsən, keşikçinin
bunlardan xəbəri olmur. Ancaq burda gəribə heç nə yoxdur, çünki həmin fikrə görə keşikçi
bundan da pis aldadılıb və bu da onun vəzifəsinə aiddir. Lap axırda giriş qapısından danışır və
deyir: “İndi gedib onu bağlayaram”, ancaq əvvəldə deyilir ki, Qanunun qapısı həmişəki kimi
açıq idi. Əgər həmişə, həmişə açıq olursa, bu o deməkdir ki, aid olduğu adamın nə qədər
yaşamasından asılı deyil, onda da belə çıxır ki, keşikçi onu bağlaya bilməz. Burda fikirlər
haçalanır: keşikçi qapını bağlayacağını deyəndə, sadəcə olaraq, cavab vermək, yoxsa vəzifə
borcunu vurğulamaq, ya da kişini son anda peşman etmək, kədərləndirmək istəyir?! Çoxları
bu fikirdədir ki, o, qapını bağlaya bilməyəcək. Onlara elə gəlir ki, ən azı sonda, həqiqətin dərk
edilməsi baxımından, kişi ondan üstündür, çünki o, Qanunun qapısından gələn parıltını görür,
keşikçi isə həmin anda arxası qapıya tərəf dayanır, nəsə bir dəyişiklik hiss etdiyi barədə heç
nə demir.
-Yaxşı əsaslandırılıb, – deyən K. keşişin söylədiyi bəzi fikirləri güclə eşidiləcək tərzdə öz-
özünə təkrar elədi. – Yaxşı əsaslandırılıb, mən də inanıram ki, keşikçi aldanıb. Ancaq yenə də
əvvəlki fikrimdən dönmürəm, çünki hər iki yozum yalnız müəyyən məqamlarda bir-birinə
uyğun gəlir. Keşikçinin burda hər şeyi bilməsi və ya aldadılması əsas deyil. Mən bayaq dedim
ki, kişi aldadılıb. Əgər keşikçi hər şeyi bilsəydi, onda buna şübhə etmək olardı, yox, əgər
keşikçi aldanıbsa, deməli, onda onun səhvi mütləq kişiyə də keçməlidir. Düzdür, keşikçi
yalançı deyil, ancaq bu qədər sadəlövh olduğuna görə işdən qovulmalı idi. Unutma ki,
keşikçinin aldanması ona ziyan gətirmir, ancaq kişinin aldanması ona çox baha başa gəlir.
– Belə olan halda, sən başqa bir fikirlə qarşılaşırsan. Bəziləri deyirlər ki, bu əhvalat heç kəsə
keşikçini mühakimə etməyə hüquq vermir. Biz də belə fikirləşə bilərik ki, o, Qanunun
qulluqçusudur, deməli Qanuna aiddir, deməli, insanlar onu mühakimə edə bilməzlər. Onda
kişinin keşikçidən yüksəkdə dayandığına da inanmaq olmaz. Yalnız vəzifəsilə bağlı həmişə
Qanunun qapısı ağzında dayanıb qalmaq bu dünyada azad yaşamaqdan qat-qat üstündür. Kişi
yenicə Qanunun yanına gəlir, keşikçi isə çoxdan ordadır. Bu qulluğa onu Qanun qoyub,
keşikçinin ləyaqətini şübhə altına almaq – Qanunun özünü şübhə altına almaq deməkdir.
– Mən bu fikirlə razı deyiləm, – K. başını buladı, – çünki bununla razılaşmaq, keşikçinin
dediklərinin hamısını həqiqət hesab eləmək deməkdir. Ancaq bunun mümkün olmadığını
özün indicə geniş şəkildə əsaslandırdın.
– Xeyr, hamısını həqiqət hesab etmək lazım deyil, bunu yalnız vacib hesab etmək lazımdır.
– Kədərli nəticədir, – dedi K., – dünyanı yalanla düzəldirlər!
K. bunu son söz kimi desə də, hələ son qərarı deyildi. Çox yorulmuşdu, bütün yozumların
mahiyyətinə vara bilmirdi, bu cür mühakimələr yürütməyə də öyrəşməmişdi, hamısı da gerçək
olmayan şeylər idi, məhkəmə məmurlarının öz aralarında müzakirəsinə yaxşı yarayardılar, K.-
ya lazım deyildilər. Adicə bir əhvalat çox şişirdilmişdi, onu tamamilə unutmaq istəyirdi və
keşiş də indi böyük bir həssaslıq göstərdi, K.-nın dediyi son sözlər onun fikirlərinə uyğun
gəlməsə də susdu.
Onlar kirimişcə yollarına davam etdilər. K. indi harda olduğunu bilmədən keşişlə yanaşı
gedirdi. Əlindəki lampa çoxdan sönmüşdü. Qəflətən qarşısında hansı Müqəddəsinsə gümüş
heykəlindən gümüşü bir parıltı qopub qaranlığa qarışdı. K. tamamilə keşişdən asılı vəziyyətdə
qalmamaq üçün soruşdu:
– Biz indi əsas qapının yanındayıq?
– Xeyr, biz ordan çox uzaqdayıq. Getmək istəyirsən ki?
K. indi bu barədə düşünməsə də, tez dedi:
– Əlbəttə getmək istəyirəm. Bankda prokurist işləyirəm, orda məni gözləyirlər. Buraya da bir
əcnəbi dostumuza kilsəni göstərməyə gəlmişdim.
– Yaxşı, – deyə keşiş əlini ona uzatdı, – onda get!
– Ancaq qaranlıqda yolu tək tapa bilmərəm.
– Sola – divara tərəf get, sonra onun dibi ilə gedərsən. Ondan aralanma, axırda çıxış qapısını
tapacaqsan.
Keşiş yenicə ondan bir-iki addım aralanmışdı ki, K. lap ucadan qışqırdı:
– Xahiş edirəm, dayan!
– Dayandım!
– Daha məndən heç nə istəmirsən?
– Xeyr!
– Əvvəlcə mənə qarşı çox mehriban idin, hər şeyi başa saldın, ancaq indi qoyub gedirsən, elə
bil sənin üçün heç kiməm...
– Axı sən getməlisən.
– Elədir... Ancaq məni başa düş...
– Əvvəlcə sən özün başa düş ki, mən kiməm...
– Sən türmənin keşişisən, – deyə K. ona tərəf getdi. Banka belə tez qayıtması o qədər də vacib
deyildi, hələ burda xeyli qala bilərdi.
-Deməli, mən də məhkəmənin adamıyam. Niyə səndən nəsə istəməli idim?! Məhkəmə səndən
heç nə istəmir. O səni gələndə qəbul edir, gedəndə də yola salır.
ONUNCU FƏSİL
Son
Otuz bir yaşı tamam olmağa bir gün qalmış – axşam saat doqquz radələri idi, küçələrin səs-
küyü səngimişdi – K.-nın yaşadığı mənzilə iki cənab gəldi. Əyinlərində sürtuk, başlarında isə
sanki oraya yapışdırılmış dik şlyapa vardı, kök idilər, özləri də avazımışdılar. Mənzilin
qapısından girərkən az çəkən “Buyur! – Yox, sən buyur!” mərasimi K.-nın yaşadığı otağın
qapısında xeyli çəkdi. Kimlərinsə gələcəyini əvvəlcədən ona xəbər verməsələr də, K. özü qara
geyinib qapının yanındakı kresloda oturmuşdu və təzə, dar əlcəklərini yavaş-yavaş
barmaqlarına taxırdı, sanki qonaq gözləyirdi. O dəqiqə ayağa durub maraqla gələn cənablara
baxdı.
– Məni aparmağa gəlmisiniz? – deyə soruşdu.
Cənablar başlarını tərpətdilər və əllərindəki şlyapaları ilə bir-birini göstərdilər. K. öz-özünə
dedi ki, axı o başqa qonaq gözləyirdi. Pəncərəyə tərəf gedib, bir daha qaranlıq küçəyə baxdı.
Küçənin o biri üzündəki pəncərələrin, demək olar ki, hamısı qaranlıq idi və çoxunun da
pərdəsi salınmışdı. Yalnız hansısa pilləkən xanasının torlanmış pəncərəsindən işıq gəlir və
orda da uşaqlar oynayırdılar. “Arxamca yaşlı, ikinci dərəcəli aktyorları göndəriblər!” – deyə
ürəyindən keçirən K. buna bir daha əmin olmaq üçün ətrafına baxdı, – “ Çox ucuz yolla
mənim axırıma çıxmaq istəyirlər”. Və qəflətən onlara tərəf dönüb soruşdu:
– Hansı teatrda oynayırsınız?
-Teatrda? – deyə dodaqları səyriyən cənab sanki o birindən məsləhət istədi. O biri isə özünü
lallığa vurdu, sanki gücənir, ancaq danışa bilmirdi. “Suallara hazır deyillər” – deyə ürəyindən
keçirən K. şlyapasını götürməyə getdi.
Artıq elə pilləkəndəcə cənablar onun qolundan tutmaq istədilər, ancaq K. qoymadı:
– Küçədə tutarsınız... Mən xəstə deyiləm.
Ancaq giriş qapısına çatan kimi ondan elə asıldılar ki, K. ömründə heç kəslə belə yol
getməmişdi. Onlar çiyinlərini bərk-bərk K.-nın çiyinlərinə söykədilər, lap aşağıda əllərindən
möhkəm-möhkəm yapışdılar, sanki məktəb uşaqları əl-ələ vermişdi. K. dimdik onların arası
ilə yeriyirdi və üçü də bir-birinə elə yapışmışdı ki, birinə əl vursan, üçünə də dəyərdi. Yalnız
cansız əşyaları bir-birinə belə yaxın qoymaq olardı...
Küçə fənərlərinin altından keçəndə, bu cür gedişlə çox çətin olsa da, K. öz müşayiətçilərinə
yaxşı-yaxşı baxmaq istədi, çünki otağı yarıqaranlıq olduğu üçün bunu edə bilməmişdi.
Onların sallaq buxaqlarını görəndə, ürəyindən keçirdi: “Bəlkə də tenorlardır!” Sifətlərinin tər-
təmiz işıldaması onu iyrəndirdi. Ona elə gəldi ki, hətta gözlərin kənarlarını təmizləyən, üst
dodağı silən, buxaqdakı qırışları sığallayan əli də gördü...
K. dayandığı üçün o birilər də dayanmalı oldu. Onlar boş, kimsəsiz, yaşıllıqlarla bəzədilmiş
bir meydanın kənarına çatmışdılar. “Axı niyə məhz sizi göndəriblər?!” – Bu sözlərdə sualdan
çox təəssüf vardı. Deyəsən, cənablar nə deyəcəklərini bilmədilər, xəstənin nəfəsini dərməsini
gözləyən sanitarlar kimi onun əlindəncə tutub dayandılar.
– Mən daha getmirəm! – deyə K. onları yoxlamaq istədi.
Cənablara nəsə demək lazım gəlmədi, sadəcə olaraq, əllərini buraxmadılar, onu yerindən
qoparmağa çalışdılar, ancaq K. müqavimət göstərdi. “Onsuz da mənə güc bir daha lazım
olmayacaq, indi onun hamısından istifadə edəcəm,” – deyə ürəyindən keçirdi. Yadına
yapışqana ilişmiş milçəklər düşdü: dartınanda ayaqları qırılıb orda qalır, özləri isə azad
olurdular. “Cənablara çətin olacaq!”
Bu vaxt aşağıdakı küçədən meydana tərəf qalxan balaca pilləkəndə frölayn Bürstner göründü.
K. onun Bürstner olduğunu dəqiq bilmədi, ancaq çox oxşayırdı. İndi onun frölayn Bürstner
olub-olmamasının K. üçün heç bir mənası yox idi və elə həmin anda da başa düşdü ki,
müqavimət göstərməyin özü də mənasızdır. Müqavimət göstərmək, cənabların işini çətinə
salmaq, özünü müdafiə etməklə son həyat işartısından ləzzət almağa çalışmaq elə böyük
qəhrəmanlıq deyildi. Yerindən tərpəndi və bununla cənablara bəxş etdiyi sevincdən özünə də
bir az pay düşdü. Ona görə cənablar onun hansı tərəfə gedəcəklərini müəyyənləşdirməsinə də
maneçilik törətmədilər və o da onları frölayn Bürstnerin getdiyi yola çəkib apardı. Əlbəttə,
qıza çatmaq, ona uzun-uzadı baxmaq istəmirdi, yalnız onu istəyirdi ki, bir xəbərdarlıq nişanəsi
kimi onu gözdən itirməsin. “İndi əlimdən bircə o gəlir ki... – deyə ürəyindən keçirdi və öz
addım səslərinin cənabların addım səsləri ilə ahəngdarlığı onun bu fikrini təsqiqlədi, – ... indi
əlimdən bircə o gəlir ki, özümü axıra qədər sakit idarə edəm. Həmişə həyatdan dördəlli
yapışmışam və üstəlik də niyyətim həmişə yaxşı olmayıb. Bu, düzgün deyildi! İndi də onu
göstərməliyəm ki, bir il davam edən məhkəmə mənə dərs olmadı? Doğrudanmı mən bu
dünyadan qanmaz bir adam kimi köçməliyəm? Məgər mənim haqqımda mütləq deyilməlidi
ki, məhkəmənin əvvəlində onu tez qurtarmaq istəyirdi, ancaq indi, sonunda onu təzədən
başlamaq istəyir? İstəmirəm belə desinlər! Sağ olsunlar ki, mənə belə yarımlal, qanmaz yol
yoldaşları verdilər, özümə deyiləsi vacib sözləri deməyi öz ixtiyarıma buraxdılar...”
Bu aralıqda frölayn Bürstner yan küçəyə burulmuşdu, ancaq o, daha K.-ya lazım deyildi,
özünü bütünlüklə müşayiətçilərinin ixtiyarına vermişdi. Üçü də bir-birindən razı halda
irəliləyərək ay işığına qərq olmuş bir körpünün üstünə çıxdılar. Cənablar indi K.-nın hər bir
xırda hərəkətinə güzəştə gedirdilər və o, körpünün sürahisinə tərəf meyillənəndə, cənablar da
fırlanıb onun yanında dayandılar. Ay işığında titrəyə-titrəyə parıldayan su iki tərəfə bölünərək
balaca bir ada yaratmışdı və tökülmüş yarpaqlar, ot-alaq orda qalaqlanıb qalmışdı. Aşağıda
indi görünməyən çınqıllı bir yol uzanırdı və həmin yol boyu da rahat skamyalar düzülmüşdü.
K. yayda hərdən gəlib onların üstündə yayxanaraq oturar və ya uzanardı.
– Mən heç burda dayanmaq istəmirdim, – K. müşayiətçilərinin ona belə güzəşt etməsindən
utanaraq dilləndi. Deyəsən, cənablardan biri onu düz başa düşmədikləri üçün K.-nın çiyinləri
üzərindən o birinə yüngülcə iradını bildirdi və onlar yollarına davam etdilər.
Üzüyuxarı qalxan bir neçə küçəni keçdilər. Hərdən də gah uzaqdan, gah da lap yaxından
polisləri gördülər. Onlardan bəziləri gəzişirdi, bəziləri də tində dayanmışdı. Lopabığ bir polis
əli qılıncının qəbzəsində sanki qəsdlə bu şübhəli dəstəyə lap yaxın gəldi. Cənablar dayandılar
və polis yenicə ağzını açıb nəsə demək istəyəndə, K. güclə onları arxasınca dartıb apardı.
Yolda tez-tez ehtiyatla dönüb geri baxdı ki, polis onları izləyir, ya yox. Polisdən bir tin
aralanan kimi K. qaçmağa başladı, cənablar təngi nəfəs olsalar da, birlikdə qaçmalı oldular.
Şəhərdən tez çıxdılar və elə yerə gəldilər ki, burdan o yana birbaşa düzənliklər başlayırdı.
Şəhərdəki son binanın lap yaxınlığında kimsəsiz, başsız qalmış bir daş karxanası vardı.
Cənablar burda dayandılar: ya əvvəlcədən buraya gələcəklərini bilirdilər, ya da yorulub əldən
düşmüşdülər, daha gedə bilmirdilər. Sakitcə dayanıb gözləyən K.-nın əllərini buraxdılar,
şlyapalarını çıxarıb, tərlərini sildilər. Hər yan özünəməxsus təbiiliyi və sakitliyi ilə seçilən ay
işığına qərq olmuşdu.
Cənablar öz aralarında nəzakətlə indi kimin nə edəcəyini müəyyənləşdirəndən sonra –
deyəsən, kimin nə iş görəcəyi əvvəlcədən onlara deyilməmişdi – biri K.-ya yaxınlaşıb
pencəyini, jiletini, axırda da köynəyini çıxardı. K., qeyri-ixtiyari üşəndi, kişi onu
sakitləşdirmək üçün yüngülcə kürəyinə vurdu. Sonra paltarları səliqə ilə qatladı, sanki yaxın
zamanlarda olmasa da, onlardan hələ istifadə ediləcəkdi. K. getdikcə sərinləşən axşam
havasında hərəkətsiz qalıb üşüməsin deyə, kişi onun qolundan tutub gəzişməyə başladı və
həmin vaxt ərzində o biri cənab da karxanada uyğun yer axtardı. Yeri tapan kimi əl elədi,
cənab, K.-nı ora apardı. Karxananın divarına yaxın yer idi, yanında da qırılmış bir daş vardı.
Cənablar K.-nı yerə oturtdular, daşa tərəf əydilər, başını onun üstünə qoydular. Ancaq nə
qədər çalışsalar da, hətta K. özü onlara kömək etsə də, onu avandına uzada bilmədilər, pis
alındı. Cənablardan biri o birindən xahiş etdi ki, bu işi onun öhdəsinə buraxsın, ancaq yenə də
alınmadı. Axırda elə uzandırdılar ki, əvvəlkilərdən də pis oldu. Sonra cənablardan biri
sürtukunun yaxasını açdı, jiletinin üstündən bağlanmış kəmərdən sallanan qından nazik, uzun,
iki tərəfi də kəsən bir qəssab bıçağı çıxardı, onu işığa tutub itiliyini yoxladı. Yenə o iyrənc
“buyur, buyur” mərasimi başladı, biri bıçağı K.-nın başı üzərindən o birinə uzatdı, o da eyni
tərzdə geri qaytardı. K. indi dəqiq bilirdi ki, onun vəzifəsi başı üzərində əldən-ələ keçən, o
tərəf-bu tərəfə süzən bıçağı alıb, öz qarnına soxmaqdır. Ancaq bunu eləmədi, əksinə, boğazını
bir az da geri qanırıb ətrafa baxdı. Özünü tam doğrulda bilmədi, onların vəzifələrini əllərindən
ala bilmədi və bu son səhv üçün də məsuliyyəti o kəs daşıyırdı ki, bunun üçün lazım olan son
gücü ona vermədi. Gözləri karxanaya lap yaxın olan evin son mərtəbəsinə sataşdı. Qəflətən
ordakı pəncərənin gözləri taybatay açıldı, arıq çəlimsiz bir kişi uzaqlardan, lap yuxarıdan
aşağı əyildi, əllərini irəli uzatdı. Kim idi? Dost idi? Yaxşı adam idi? Ona yazığı gələn idi?
Ona kömək etmək istəyirdi? Tənha idi? Yoxsa, hamısı idi? Kömək etmək olardımı? Bəlkə
unutmuşdu, hələ bəhanələr gətirmək olardı? Əlbəttə, olardı! Düzdür, məntiq həmişə güclü
olur, ancaq yaşamaq istəyən adamın qarşısında o da dayana bilməzdi! Bəs bircə dəfə də görə
bilmədiyi o baş hakim harada idi? Əllərini qaldırıb, barmaqlarını araladı...
Cənablardan biri ikiəlli onun xirtdəyindən yapışdı, o biri isə bıçağı ürəyinə yeridib, iki dəfə
burdu. Gözləri çevrilən K. son anda cənabların ona tərəf əyilərək yanaqları bir-birinə dəyə-
dəyə onun necə keçindiyinə tamaşa etdiklərini gördü.
– Lap it kimi oldu! – Bu sözləri elə dedi ki, sanki utancaqlığı özündən çox yaşamalı idi...
Frans Kafka
1914-1915
Tərcümə: Vilayət Hacıyev
Dostları ilə paylaş: |