1918-ci ildə Milli Ordumuzun təməl daşını qoyan tam aptilleriya
generalı Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, onların hərbçi
məsləkdaşlarının, müstəqilliyimiz uğrunda canından keçən əsgər və
zabitlərimizin ruhuna bağışlayıram.
Möhtərəm oxucum! Bu kitabı bir nəfəsə oxuma. Burda nə
məhəbbət macərası var, nə də fantaziya. Bu kitabın hər vərəqində xalqımızın
hərb tarixindən səhifələr, sərkərdə oğullarımızın döyüş və ömür yolu var.
Əgər səbrin çatmayıb, birnəfəsə oxumalı olsan, onda 20-ci və 37-ci
illərdə
qanına qəltan edilmiş generallarımızın acı taleyindən kədərlənmə. Əksinə,
nikbin ol, qururlan, qoy sənin varlığında düşmənə qarşı nifrət artsın. 70 ildən
çox unutdurulan yaddaşın ayılsın. Ayılsın ki, indi sən müstəqil Azərbaycanın
övladısan, sayıq ol ki, əhatən düşmənlə doludur. Unutma ki, torpağında
parçalanma, qəlbində yara var. Bu yaralarına məlhəm olacaq gənc
ordumuzun sıralarının möhkəmlənməsi üçün əlindən gələni əsirgəmə.
©
“Elm” nəşriyyatı
1999
Hər bir həqiqi insan öz irsiyyəti ilə fəxr etməlidir.
Səməd VURĞUN.
***
Vaxt gələr açılar bağlı qapılar
Əsrin arxivindən nələr tapılar.
Məmmədhüseyn ŞƏHRİYAR.
***
Səni sevirəm, Xalqım! Bütün məramımla,
bütün qəlbimlə sevirəm. Səni bəşəriyyətin böyük
ailəsinin üzvü kimi sevirəm.
Səni sevərkən
həyatını müşahidə edir, Sənin övladlarını
öyrənir, dost-düşmənlərini ayırd edirəm. Mən
Sənin məhəbbətindən ilham alıram...
Eynəlibəy SULTANOV,
yazıçı-publisist.
İFTİXAR DUYĞUSU
Hörmətli Vətən oğlu
Şəmistan Nəzirli!
Sizin tədqiqatlarınızı maraq və minnətdarlıq hissi ilə müntəzəm izləyirəm.
Mən bütün varlığı ilə xalqa bağlı, onun kədəri, sevinci ilə yaşayan insanları
demirəm, ürəyinin yalnız bircə teli xalqa bağlı olub, xalq
məfhumunu dərk etməyə
qadir ola bilən hər kəs bu tədqiqatlar üçün Sizə minnətdar olmalı, bu müqəddəs,
çətin işdə Sizə imkanı həddində kömək əlini uzatmalıdır. Əsrimizin əvvəlində və
ötən əsrdə yaşamış Hərbi sərkərdələrimiz haqqındakı tədqiqatınız nə qədər
qiymətlidir.
Bu parçalanmış, fəlakətlər görmüş xalqın nə qədər şücaətli, mütəfəkkir
sərkərdələri olub. Onların şəkillərindən uzun müddət gözümü çəkə bilmədim. Həm
iftixar duyğusu yaşadım, həm də bu milli qəhrəmanların taleyinə ağladım.
Firidun bəy Köçərli və general oğullarımız haqqındakı tədqiqatlarınız məni
Sizin ünvanınıza kiçik bir şer yazmağa sövq etdi.
Azərbaycan ədəbiyyat tarixini nəsillərə xatirə qoymuş iki
mötəbər
şəxsiyyətin - Firidun bəy Köçərlinin və Hüseyn Əfəndi Qayıbovun kitablarını
açarkən, onların ruhuna rəhmət oxuyur və Sizə uzun ömür, əbədi xalq hörməti
arzulayıram. Qələm sahibləri ürəkləri ilə yaşayırlar. Onların ən böyük dövləti xalq
hörmətidir.
Nə Firidun bəy Köçərli, nə Mirzə Hüseyn Əfəndi Qayıbov,
nə də görkəmli
sərkərdələrimiz haqqında biz öz borcumuzu hələ verməmişik. Nə onların təntənəli
yubileylərini keçirmiş, nə də onların həyatını, milli duyğularını tədqiq edərək,
haqqında nəsillərə dərin məlumat vermişik. Yəqin ki, bu şərəfli vəzifə də Siz
tədqiqatçıların, xalqımızın ziyalılarının və dövlətimizin üzərinə düşür.
Əziz oğlumuz, qardaşımız, yorulmaz tədqiqatçı Şəmistan Nəzirli!
Siz əsl
vətənpərvər, özünü xalq işinə təmənnasız həsr etmiş ziyalısınız. Siz
mədəniyyət və hərb tariximizin səhifələrində yeni çıraqlar yandırır, işıqlı nə varsa,
onları xalqa qaytarmağa, yaşatmağa çalışırsınız, onları yaşadırsınız.
Əziz Şəmistan müəllim! Sizi bu əvəzsiz xidmətiniz yaşadacaqdır. Sizə yeni
yaradıcılıq müvəffəqiyyətləri, uğurlu yollar!
Televiziyadakı çıxışınızdan sonra Sizə və Firidun bəyə ithaf etdiyim şerləri
Sizə göndərirəm.
Dərin hörmət, minnətdarlıq
hissilə Xalq şairi
Mirvarid Dilbazi.
8 iyun 1985-ci il.
ŞƏMİSTAN !
Böyük
Vurğun demiş,
Şəmistan sən də
Müsəlləh əsgərsən bizim Vətəndə.
Qələmdir sənin də topun, tüfəngin
Həqiqət uğrunda qurtarmır “Cəngi” n
Aşikar edirsən nə varsa punhan,
Qələmlə musəlləh əsgər Şəmistan.
İmzalar içində imzamızı sən -
Bu kəşflərinlə təsdiq edirsən.
* * *
FİRİDUN BƏY KÖÇƏRLİYƏ
Başına tuşlanan düşmən xəncəri
Xalqının qəlbinə tuşlandı sənin.
Bu müdhiş ölümün acı xəbəri
Sağalmaz dərdidir bizim Vətənin.
Sinəmiz ocaqdır, sönmür məşəli,
Yandıqca gur yanıb, yandırır bizi...
O xəncər vuranın
qurusun əli,
İllərlə göynətdi ürəyimizi...
O müqəddəs qanın tökülən yerdə,
Ruhlar da hər zaman səcdəyə gəlir.
Dözməyib şair də bunca kədərə,
Gündə neçə dəfə dirilir ölür.
R.S. Xalq şairi Mirvarid xanım Dilbazi Şəmistan Nəzirlinin
“Qoridən gələn qatar” sənədli povestini oxuduqdan sonra müəllifə məktub və
şerləri yazıb göndərmişdir. Əsər Firidun bəy Köçərlinin 1920-ci
ildə daşnak-
bolşevik əsgərləri tərəfindən faciəli surətdə qətlə yetirilməsinə həsr olunmuşdur -
red.