K. indi, əlində kağızlar, otağın ortasında dayanıb qapıya baxırdı. Qapı isə bir daha açılmadı və
açıq pəncərənin qabağındakı stolun arxasında oturmuş gözətçilərin səsini eşidəndə diksindi,
yenicə gördü ki, onun səhər yeməyini aşırırlar.
– O niyə içəri girmədi? – deyə K. soruşdu.
– İxtiyarı yoxdur! – Ucaboy keşikçi dilləndi. – Axı, siz həbs olunubsunuz!
– Necə yəni həbs olunmuşam? Belə də həbs olar?
– Aha, yenə başladınız! – deyə keşikçi əlindəki buterbrodu bala batırdı. – Bu cür suallara biz
cavab vermirik.
– Cavab verməli olacaqsınız! Bu da mənim icazə kağızlarım! İndi isə siz sənədlərinizi
göstərin! İlk öncə də həbs orderini!
– İlahi! Siz hələ də düşdüyünüz vəziyyətlə barışa bilmirsiniz! Elə hey çalışırsınız ki, bizi –
bəlkə də bu dəqiqə yer üzündə sizə ən yaxın adamları heç nədən əsəbiləşdirəsiniz!
– İnanın ki elədir, – deyə Frans əlindəki qəhvə fincanını ağzına aparmaq əvəzinə, K.-nı uzun-
uzadı, bəlkə də mənalı, ancaq anlaşılmaz baxışlarla süzdü. K. istər-istəməz Fransla bir az göz-
göz oynamalı oldu, sonra da əlindəki kağızları göstərib dedi:
– Bu da mənim icazə kağızlarım!
– Onların bizə nə dəxli? – Ucaboy keşikçi qışqırdı. – Özünüzü uşaqdan da betər aparırsınız!
Bununla nə demək istəyirsiniz? Bizimlə, yəni adi keşikçilərlə icazə kağızları, həbs orderi
barədə danışmaqla o lənətə gəlmiş məhkəmənizi tez-tələsik sona çatdırmaq istəyirsiniz? Biz
xırda məmurlarıq, icazə kağızlarından başımız çıxmır. Bizim vəzifəmiz yalnız ondan ibarətdir
ki, hər gün on saat sizin keşiyinizi çəkək, əvəzində də haqqımızı alaq. Bizim işimiz bundan
ibarətdir, vəssalam. Ancaq buna baxmayaraq bilirik ki, tabe olduğumuz yüksək çinli
məmurlar belə bir həbsə qərar verməmişdən əvvəl onun səbəblərini, həbs olunan adamın
şəxsiyyətini dəqiq müəyyənləşdirirlər. Burda səhv ola bilməz. Mən bildiyimə görə, bizim
idarə – mən orda yalnız aşağı çinli məmurları tanıyıram – ictimaiyyətin arasında günahkar
axtarmır, qanunda deyildiyi kimi, günah özü onu axtarıb tapır, o da biz keşikçiləri göndərir.
Qanun belədir! Burda səhv ola bilər?
– Mən belə qanun tanımıram, – K. dilləndi.
– Sizin üçün lap pis! – keşikci cavab verdi.
– Yəqin bu qanun sizin başınızdadır, – deyə K. nəsə bir yol tapıb keşikçilərin nə fikirləşdiyini
duymaq, ondan öz xeyrinə istifadə etmək istədi. Ancaq keşikci çəmkirdi:
– Onun nə demək olduğunu hiss edəcəksiniz.
Frans da söhbətə qarışdı:
– Ona bax, Villem, deyir ki, qanundan xəbəri yoxdur, ancaq eyni zamanda da günahsız
olduğunu iddia edir.
– Tamamilə doğru deyirsən, ona heç nəyi başa salmaq mümkün deyil.
K. onlara cavab verməyib ürəyindən keçirdi: “Axı nə üçün bu alçaq məxluqların – özləri deyir
ki, belədirlər – çərənləmələri məni çaşdırmalıdır? Özləri də başları çıxmadığı şeylərdən
danışırlar. Səfeh olduqları üçün də belə qətiyyətlidirlər. Belələri ilə uzun-uzadı çənə
vurmaqdansa, öz səviyyəmdə olan bir adamla iki-üç kəlmə danışıb hər şeyi aydınlaşdırmaq
olar.”
O, otağın boş yerində iki-üç dəfə var-gəl etdi və gördü ki, bayaqkı qarı özündən yaşlı bır
kişini dartıb pəncərənin qabağına gətirib və özü də, az qalır, onun belinə çıxsın. K. bu
tamaşaya son qoymalı idi və ona görə də dedi:
– Məni öz rəisinizin yanına aparın!
– O istəyəndə, aparacağıq, – Villem adlanan keşikçi cavab verdi, – əvvəlcədən apara
bilmərik... – Sonra da əlavə etdi: – Sizə məsləhətim budur ki, otağınıza gedin, bir az
sakitləşin, haqqınızda çıxarılacaq qərarı gözləyin. Məsləhət görərdik ki, beyninizi mənasız
fikirlərlə yormayın, özünüzü ələ alın, çünki sizi qarşıda daha böyük çətinliklər gözləyir.
Bizimlə çox pis rəftar etdiniz, halbuki sizə göstərdiyimiz münasibət heç də buna layiq deyildi,
unutdunuz ki, biz hər kim olsaq da, sizinlə müqayisədə ən azı azad insanlar idik. Bunun özü
az üstünlük deyil. Ancaq bütün bunlara baxmayaraq, pulunuz varsa, üzbəüz qəhvəxanadan
sizə səhər yeməyi alıb gətirə bilərik.
K. bu təklifə cavab verməyərək bir anlığa susdu. Bəlkə də indi yan otağın, ya da elə qonaq
otağının qapısını açıb çıxsaydı, heç birinin ona mane olmağa cəsarəti çatmazdı. Bəlkə də “ya
allah” – deyib aradan çıxmaq məsələnin ən sadə həlli olardı. Ancaq nə bilmək olar, bəlkə də
onu tutardılar. Onda həmin adamların qarşısında alçalmış olardı, indiyə qədər onlara qarşı
qoruyub saxladığı psixoloji üstünlüyü də itirərdi. Buna görə də riskə getmək istəmədi. Hər
şeyi öz axarına buraxmaq qərarına gələrək otağına qayıtdı, nə özü bir kəlmə söz dedi, nə də
keşikçilər dilləndi.
Özünü çarpayıya atdı, dünəndən səhər yeməyinə saxladığı qəşəng almanı əlüzyuyanın
üstündən götürdü. İndi bu alma onun olub – qalan səhər yeməyi idi. Hər halda, elə ilk
dişləmdə hiss etdi ki, bu alma keşikçilərin mərhəmət göstərib üzbəüzdəki iyrənc
qəhvəxanadan gətirmək istədikləri səhər yeməyindən qat-qat ləzzətli oldu. Özünü yaxşı və
inamlı hiss etməyə başladı. Düzdür, bu gün günortaya qədər bankdakı işinə gedə bilməyəcək,
ancaq eybi yoxdur, tutduğu vəzifəyə görə bağışlayarlar. Bəlkə hər şeyi olduğu kimi orda açıb
desin? Fikirləşdi ki, belə də eləsin.
Ona inanmasalar – belə bir vəziyyətdə onları da qınamaq olmazdı – ya frau Qrubaxı, ya da
artıq o biri pəncərənin qarşısına tərəf gedən qocaları şahid göstərərdi. Eyni zamanda,
təəccübləndi və ən azı da, özünü keşikçilərin yerinə qoyaraq heyrətləndi ki, nə yaxşı, onu
otağına qaytarıb tək buraxdılar, axı, burda adamın özünü öldürmək üçün çoxlu imkanları
vardı. Elə həmin anda da özünü öz yerinə qoyaraq sual elədi ki, bunu eləmək üçün əsası var,
ya yox? Ona görə eləməlidir ki, indi iki nəfər yanında oturub onun səhər yeməyini həzm-
rabedən keçirir? Özünü öldürmək o qədər mənasız idi ki, hətta istəsəydi də, bu mənasızlığına
görə həmin işi tutmazdı. Keşikçilərin kütlüyü bu qədər açıq-aşkar olmasaydı, fikirləşmək
olardı ki, onlar da belə düşündüklərindən heç nədən şübhələnməyib onu tək buraxıblar. İndi
nə qədər istəyirlər onun divardakı dolaba yaxınlaşaraq öz sevimli şnapsını necə götürdüyünə,
bir qədəh süzərək səhər yeməyinin əvəzinə, ikincini də cəsarətlənmək üçün gillətdiyinə
kənardan tamaşa etsinlər. Düzdür, bəlkə də bu cəsarət heç lazım olmayacaqdı, ancaq bilmək
olmazdı...
Bu vaxt qonşu otaqdan gələn səs onu elə diksindirdi ki, əlindəki qədəh dişlərinə dəyib
cingildədi.
– İnspektor sizi çağırır!
Onu diksindirən qısa, kəsik, hərbiçilərə xas olan bir səs idi və Frans adlı gözətçidən belə səsi
heç gözləmirdi. Ancaq əmr ürəyindən oldu: – Axır ki! – deyərək dolabın qapısını bağladı və
qonşu otağa tələsdi.
Onu yenə keşikçilər qarşıladılar və təbii bir olay kimi itələyib öz otağına saldılar:
– Neylədiyinizdir?! – dedilər, – Köynəkdə də inspektorun yanına getmək olar? Sizi də
kötəklətdirər, bizi də...
– Lənət şeytana, buraxın məni! – gözətçilərin az qala paltar dolabına qədər itələyib
gətirdikləri K. qışqırdı. – Yataqda başımın üstünü kəsdirəndə elə bilirdiniz, əynimdə ütülü
köynək olacaq?
– Xeyri yoxdur!
K. nə qədər qışqırsa da, keşikçilər haldan getmir, hətta az qala kədərlənirdilər, sanki bununla
onu ya özündən çıxarmaq, ya da bir az ağıllandırmaq istəyirdilər.
– Gülməli mərasimdir! – deyə donquldanan K., hər halda, pencəyini stulun başından götürüb
onu bir anlığa hər iki əlində saxladı, sanki keşikçilərin nə deyəcəklərini gözlədi.
Keşikçilər başlarını yırğaladılar və dedilər:
– Qara rəngli sürtuk olmalıdır!
K. pencəyi döşəməyə tullayıb dedi:
– Axı bu hələ istintaq deyil! – Ancaq bununla nə demək istədiyini özü də bilmədi.
Keşikçilər gülümsədilər, lakin dediklərindən dönmədilər:
– Qara sürtuk olmalıdır, vəssalam!
– Əgər bununla iş tezləşəcəksə, etirazım yoxdur, – deyə K. dolabı açdı, bir xeyli ordakı
paltarları eşələdi, ən yaxşı qara pencəyini seçib götürdü.
Dostları ilə paylaş: |