özündə belə razılıq hissi duymamışdı. Eyni
zamanda da narahat oldu ki, birdən kapitan
frölayn Bürstner üçün başağrısına çevrilər...
İKİNCİ FƏSİL
İlk istintaq
Telefonla K.-ya dedilər ki, gələn bazar onun işi üzrə ilk istintaq keçiriləcək. Diqqətinə
çatdırdılar ki, istntaq, hər həftə olmasa da, bir qayda olaraq, tez-tez keçiriləcək. Bu hər iki
tərəfin marağına uyğundur. Belə ki, məhkəmə tez qurtarar,
həm də istintaq hərtərəfli
aparılmalıdır, eyni zamanda da çoxlu gərginliklər yaratdığı üçün çox uzanmamalıdır. Ona
görə də çıxış yolunu tez-tez keçirilən qısa istintaqlarda görüblər. İstintaq günü üçün də ona
görə bazarı seçiblər ki, K.-nın işinə mane olmasınlar. Belə hesab edirlər ki, K. bununla
razılaşacaq, ancaq razılaşmayıb başqa gün istəsə, imkan daxilində, güzəştə gediləcək.
Məsələn, istintaqı
gecələr də aparmaq mümkündür, ancaq K. yəqin ki yorğun olar. Hər halda,
K. etiraz eləmirsə, elə bazar günü də qalsın. Məlum məsələdir ki, o mütləq gələcək, bunu
xatırlatmaq artıqdır. Getməli olduğu evin nömrəsini dedilər. Şəhərin kənarındakı küçələrdən
birində idi, K. orada heç vaxt olmamışdı.
K. cavab vermədən bu xəbəri axıracan dinlədi, sonra dəstəyi asdı. O dəqiqə də qərara aldı ki,
bazar günü getsin. Bu mütləq lazım idi, məhkəmə başlamışdı, özünü müdafiə etməli idi, ilk
istintaq həm də sonuncu olmalıydı. Hələ də fikirli-fikirli telefonun yanında dayanmışdı və
arxadan direktor müavininin səsini eşitdi: o,
zəng etmək istəyirdi, K. isə yolunu kəsmişdi.
– Pis xəbər oldu? – deyə ağızucu soruşan direktor müavininin məqsədi nəsə öyrənmək deyil,
onu aparatdan uzaqlaşdırmaq idi.
– Xeyr, xeyr, – deyən K. yana çəkilsə də, getmədi.
Direktor müavini dəstəyi götürüb bağlantını gözləyə-gözləyə dedi:
– Bir söz soruşum, cənab K., bazar günü tezdən bizi şərəfləndirib mənim yelkənli qayığımla
səyahətə çıxarsınız? Adam çox olacaq, əlbəttə, sizin tanışlardan da gələn olacaq. Prokuror
Hasterer də gələcək. Gələrsiniz? Gəlin, gəlin!
K. çalışırdı ki, direktor müavininin hər sözünün mənasını başa düşsün. Bu, lazım idi, çünki
münasibətlərinin çox pis olduğu direktor müavininin dəvəti onun tərəfindən barışıq cəhdi kimi
qiymətləndirilə bilərdi və bu
da öz növbəsində, K.-nın artıq bankda necə vacib adam
olduğundan, burada ikinci adam hesab olunan bir şəxsin onunla dostluğa can atdığından, ən
azı, neytral mövqeyinə hörmətlə yanaşmağından xəbər verirdi. Bu dəvəti telefon bağlantısını
gözləyə-gözləyə ağzını dəstəyə tutub desə də, hər halda, onun geri çəkilməsi demək idi.
Ancaq K. onu ikinci dəfə də alçalmağa məcbur etməli idi və ona görə də dedi:
– Təşəkkür edirəm! Ancaq təəssüflər olsun ki, bazar günü vaxtım yoxdur, başqasına söz
vermişəm.
– Heyf! – direktor müavini bu sözü deyən anda bağlantı alındı və telefonla danışmağa başladı.
Danıışıq xeyli çəkdi və nə edəcəyini bilməyən K. da bütün bu vaxt ərzində telefon aparatının
yanındaca dayanıb qaldı. Direktor müavini dəstəyi asanda diksindi və burada mənasız yerə
dayandığına, az da olsa, haqq qazandırmağa çalışdı:
– Mənə elə indi zəng vurub bir yerə çağırdılar, ancaq saat neçədə gedəcəyimi demədilər.
– Zəng vurun, soruşun da...
– Yox, elə də vacib deyil, – deyən K. bununla bayaq onsuz da mənasız görünən üzrxahlığını
bir az da qiymətdən saldı. Gedərkən yolda direktor müavini başqa şeylərdən danışmağa
başladı. K. özünü
məcbur edib ona cavab versə də, fikirləşdi ki, bazar günü səhər saat
doqquzda ora getsə yaxşı olar, çünki iş günlərində də məhkəmələr elə həmin vaxtlar
başlayırdı.
Bazar günü hava tutqun idi. K. çox yorulmuşdu, çünki gecənin yarısına qədər həmişə getdiyi
kafedə daimi müştərilərin təşkil etdiyi qonaqlıqda olmuşdu və az qala, yatıb qalacaqdı. Çox
fikirləşmədən tələsik, bütün həftə ərzində qurduğu planları təzədən
saf-çürük eləmədən,
paltarını geyinib deyilən qəsəbəyə tərəf üz qoydu, heç səhər çörəyini də yemədi. Qəribə də
olsa, vaxtı az qalsa da, ətrafına da göz gəzdirə bildi, onun işində iştirak edən məmurları –
Rabenştayneri, Kullixi, Kamineri də gördü. Birinci iki nəfər tramvayda yanından keçib getdi,
Kullix isə qəhvəxananın artırmasında oturmuşdu və K. ordan keçən anda maraqla
arakəsmənin üzərindən küçəyə boylanırdı. Yəqin ki üçü də onu gördü və rəislərinin belə qaça-
qaça getdiyinə təəccübləndi.
Elə bil inada düşmüşdü ki, maşınla getməsin, sanki hamıdan
çəkinirdi, ən azı kiminsə bu işdə ona kömək etməsini istəmirdi. Heç onu da istəmirdi ki,
kiminsə vaxtını alsın, son nəticədə öz sirrini hamıya açmış olsun. Nəhayət, son dərəcə dəqiq
olması ilə özünü istintaq komissiyasının yanında alçaltmaq da ürəyincə deyildi. Buna
baxmayaraq, yenə də qaçırdı ki, dəqiq vaxt qoyulmasa da, saat doqquz tamamda oraya çatsın.
Ona elə gəlmişdi ki, hər hansı bir nişanəsinə və ya qapısından girib-çıxanlara görə binanı
uzaqdan tanıyacaq. Bina Yuliusştrassedə olmalıydı və K. onun başlanğıcında dayanıb
baxanda gördü ki, hər iki tərəfində də,
demək olar, bir-birindən seçilməyən evlərdir. Uca,
bomboz, kirəkeşlərin yaşadığı evlər... Bazar günü olduğundan, pəncərələrin çoxunun qabağı
boş deyildi, uzunqol köynək geyinmiş kişilər divara söykənib ya siqaret çəkir, ya da balaca
uşaqları ehtiyatla, nəvazişlə qucaqlarında tutub küçəni göstərirdilər. Bəzi pəncərələrdən də
yorğan-döşək üzləri sallanır və hərdən də onların arxasından, ötəri də olsa, qadınların
pırpızlanmış başları görünürdü. Qışqıra-qışqıra küçənin bu biri tərəfindən o biri üzü ilə
danışanlar da vardı və bu qışqırtılardan biri də K. oradan keçərkən gülüş doğurdu. Uzun küçə
boyu bir-birindən eyni məsafədə aralı zirzəmilərdə, səkidən iki-üç pilləkən aşağıda ərzaq
malları mağazaları vardı. Qadınlar da mağazalara girib-çıxır, ya da elə pilləkəndəcə dayanıb
çənə vururdular. Meyvə satan bir kişi öz mallarını pəncərədən baxanlara tərifləyə-tərifləyə K.
kimi
özünü unudaraq, az qala əl arabası ilə onu vurub yerə sərəcəkdi. Həmin anda qəsəbənin
nisbətən varlılar yaşayan hissəsində bir qrammofon səsləndi.