– Təəssüf ki nə vaxt qayıdacağını bilmirəm. Teatra gedəndə, adətən, gec qayıdır.
– Eybi yoxdur, – deyən K. getmək istədi. – Sadəcə, bu səhər otağını əlindən aldığıma görə
üzrxahlıq etmək istəyirdim.
– Lazım deyil, cənab K., siz cox nəzakətli adamsınız, qızın heç nədən xəbəri yoxdur, səhər
tezdən çıxandır, hələ qayıtmayıb, indi də gördüyünüz kimi, hər şey yerli-yerindədir. – Qadın
bunu deyib frölayn Bürstnerin otağının qapısını açdı.
– Təşəkkür edirəm, dediklərinizə inanıram, – deyən K. ancaq yenə də açıq qapıya tərəf getdi.
Qaranlıq otağa ayın işığı düşürdü. Görünən yerlərdə, doğrudan da, hər şey yerində idi, hətta
koftanı da pəncərənin dəstəyindən götürmüşdülər. Diqqəti ən çox cəlb edən çarpayının ay
işığında parıldayan pardaxlı yerləri idi.
– Frölayn tez-tez evə gec gəlir... – deyə K. frau Qrubaxa baxdı, sanki buna da o cavabdeh idi.
– İndi bütün cavanlar belədir! – frau Qrubax üzr istədi.
– Elədir, elədir! Ancaq bunun axırı pis ola bilər.
– Olar! Çox düz deyirsiniz, cənab K. Bəlkə də indiki vəziyyətdə tam haqlısınız. Əlbəttə,
frölayn Bürstnerə qara yaxmaq istəmirəm, çünki çox yaxşı, sevimli, mehriban, səliqəli, dəqiq,
zəhmətkeş qızdır və bunların hamısını yüksək qiymətləndirirəm, ancaq bu da həqiqətdir ki, o
daha məğrur, səbirli olmalıdır. Elə bu ay onu iki dəfə xəlvət küçələrdə, özü də başqa-başqa
oğlanlarla görmüşəm. Çox pisimə gəldi. Allah haqqı, bu haqda yalnız sizə deyirəm, amma ola
bilsin, qızın özü ilə də bu barədə danışdım.
– Siz çox böyük bir səhvə yol verirsiniz, frau Qrubax! – K. qəzəbini gizlədə bilmədi. – Yeri
gəlmişkən, frölayn haqqında mənim dediklərimi də düz başa düşməmisiniz, mən o mənada
demirdim. Düz sözümdür, qıza heç nə deməyin, çünki yanılırsınız, mən frölaynı çox yaxşı
tanıyıram, sizin dediklərinizin heç biri həqiqətə uyğun deyil. Bəlkə də mən bir az ağ eləyirəm,
sizə mane olmaq istəmirəm, ona nə istəyirsiniz deyin. Gecəniz xeyrə qalsın.
– Cənab K., – frau Qrubax yalvarıcı bir səslə dilləndi və qapını açıb öz otağına girən K.– nın
ardınca tələsdi. – Hələlik frölayna heç nə demək istəmirəm, əlbəttə, ona hələ göz qoyacam,
indi yalnız sizə etibar eləyib, bildiklərimi dedim. Axı pansionda təmizliyin olması da
kirəkeşlərin xeyrinədir.
Həmin anda K. qapını örtdü və onun yavaşdan döyülməsinə fikir vermədi.
Yatmağa həvəsi olmadığından qərara aldı ki, oyaq qalsın və fürsətdən istifadə edərək frölayn
Bürstnerin nə vaxt qayıtdığından xəbər tutsun. Bəlkə də, çox gec olsa da, onunla bir-iki kəlmə
kəsə bildi. Pəncərənin qabağında uzanıb yorğun gözlərini ovuşduranda hətta bir anlığa
fikirləşdi ki, bəlkə frölayn Bürstneri də inandırsın, ikisi də başqa yerə köçüb getsin. Ancaq elə
həmin dəqiqə də hiss etdi ki, məsələni çox şişirdir. Hətta özündən şübhələnməyə başladı ki,
bəlkə də səhərki hadisəyə görə buralardan uzaqlaşmaq istəyir. Yox, bundan böyük səfehlik
ola bilməzdi, hər şeydən əvvəl də, nifrət qazanardı, niyə belə elədiyini heç özü də bilməzdi.
Boş küçəyə baxmaqdan bezdi, durub divanda uzandı, qapını da bir az aralı qoydu ki, içəri
girən olsa, görsün. Təxminən saat on birin yarısına kimi sakitcə uzanıb siqar çəkdi. Sonra
dəhlizə çıxdı, sanki bununla frölayn Bürstnerin gəlişini tezləşdirmək istəyirdi. Onunla
görüşməyə cox da həvəsli deyildi, hətta qızın görkəmini də düz-əməlli xatırlaya bilmirdi,
ancaq onunla danışmaq istəyirdi, əsəbiləşirdi ki, gec qayıtdığı üçün bu gün belə narahat,
qarışıqlıqla sona yetir. Axşam yeməyinə, sonra da Elzanın yanına gedə bilməməsinin
günahkarı da qız idi. Ancaq ikisinin də əvəzini Elzanın işlədiyi meyxanaya getməklə çıxa
bilərdi. İstəyirdi ki, frölayn Bürstnerlə danışandan sonra belə də eləsin.
Pilləkəndə ayaq səsləri eşidiləndə, saat on ikinin yarısını keçmişdi. Fikirli-fikirli, sanki öz
otağındaymış kimi, ön dəhlizdə arxayın-arxayın gəzişən K. qapısının arxasına keçdi. Gələn
frölayn Bürstner idi. O, çöl qapısını bağladı, üşüyə-üşüyə ipək şalı çiyninə saldı. İndicə
otağına girəcək və məlum məsələ idi ki, K. da gecənin bu vaxtında oraya gedə bilməyəcəkdi.
Deməli, indi onunla danışmalı idi, ancaq bədbəxtlikdən otağının işığını yandırmamışdı və
birdən-birə qaranlıq otaqdan çıxması hücum çəkmək kimi başa düşülərdi, ən azı, qızı
qorxudardı. Nə edəcəyini bilmədi, vaxt da itirmək olmazdı və ona görə də qapının açıq
yerindən pıçıldadı:
– Frölayn Bürstner! – bu, sanki çağırış deyil, nəsə bir xahiş kimi səsləndi.
– Kim var burda? – gözləri böyümüş qız ətrafa boylandı.
– Mənəm, – deyə K. içəridən çıxdı.
– Ah, sizsiniz, cənab K.! – frölayn Bürstner gülümsədi. – Axşamınız xeyir, – deyib ona əl
verdi.
– Sizə bir-iki kəlmə sözüm var. İndi icazə olar?
– İndi? Mütləq indi? Bir az təəccüblüdür, elə deyilmi?
– Saat doqquzdan sizi gözləyirəm.
– Elədir, teatra getmişdim, gözlədiyinizi bilmirdim axı...
– Səhər-səhər baş verən hadisədən sonra sizinlə danışmağı qərara aldım.
– Elə isə mənim ciddi etirazım yoxdur, ancaq o qədər yorulmuşam ki, az qalır yıxılam. Onda
bir-iki dəqiqəliyə mənim otağıma gəlin. Onsuz da burada danışa bilmərik, hamını oyadarıq.
Heç özümüzə də yaxşı deyil, camaat eşidər. Mən otağımın işığını yandırana kimi gözləyin,
sonra buranı söndürərsiniz.
K. onun dediyi kimi elədi, qız öz otağından “Gəlin” – deyənə kimi gözlədi.
– Əyləşin, – deyə qız divanı göstərdi, özü isə bayaq dediyi kimi, çox yorğun olsa da,
çarpayının yanında dayandı. Hətta güllərlə bəzədilmiş şlyapasını da çıxarmadı. – Nə
buyurursunuz? Doğrudan da maraqlıdır...
– Bəlkə də deyəcəksiniz, bu elə vacib məsələ deyilmiş ki, bu gün müzakirə olunsun... – K.
sözə başladı. – Ancaq....
– Onsuz da mən giriş hissəsinə qulaq asmıram.
– Bu mənim işimi daha da asanlaşdırır. Bu gün səhər tezdən otağınıza, qismən də olsa, mənim
günahım üzündən yad adamlar girmişdi. Mənim xəbərim olmayıb, ancaq dediyim kimi,
mənim günahım üzündən olub və buna görə də üzr istəyirəm.
– Mənim otağıma? – frölayn Bürstner otağa baxmaq əvəzinə K.-nı sualedici nəzərlərlə süzdü.
– Elədir... – Onlar bayaqdan bəri ilk dəfə bir-birinin gözünün içinə baxdı. – Bunun necə və
niyə belə olduğu barədə də heç danışmağa dəyməz.
– Ancaq, əslində, ən maraqlısı elə budur.
– Xeyr.
– Olsun! Mən kiminsə sirrini öyrənmək fikrində deyiləm. Əgər bunun maraqlı olmadığını
israr edirsinizsə, onda mən də israr etmirəm. Məmnuniyyətlə də sizin üzrxahlığınızı qəbul
edirəm. Ən azı ona görə ki, buraya kiminsə girdiyindən əsər-əlamət yoxdur. – O, əllərini
belinə qoyaraq otaqda gəzişdi, fotoşəkillərin yanına çatanda dayandı. – Bir bura baxın! –
Ucadan dilləndi. – Şəkilləri qurdalayıblar... Yaramazlar! Deməli, kimsə özbaşınalıq eləyib,
otağıma soxulub...
K. başını tərpədərək ürəyində səfeh, mənasız çılğınlığını heç vaxt cilovlaya bilməyən məmur
Kamineri söydü.
– Qəribədir, – frölayn Bürstner sözə başladı, – mən sizə özünüz özünüzə yasaq etməli
olduğunuz bir şeyi qadağan etməliyəm, daha doğrusu, mən olmayanda, otağıma girməyi...
– Axı sizə dedim, frölayn, – K. da şəkillərə yaxınlaşdı,– şəkilləri mən qurdalamamışam. İndi
ki mənə inanmırsınız, onda düzünü deyərəm: istintaq komissiyası özü ilə üç bank işçisi
gətirmişdi, yəqin ki onlardan biri – imkan düşən kimi, onu işdən qovacam – fürsətdən istifadə
eləyib şəkillərə əl vurub. – frölayn Bürstnerin sualedici nəzərlərlə ona baxdığını görən K.
əlavə etdi: – Bəli, istintaq komissiyası idi.
– Sizə görə gəlmişdi?
– Bəli...
– Ola bilməz! – frölayn Bürstner güldü.
– Olar! Elə bilirsiniz, mən günahsızam?
– Hə, günahsız... Mən elə bu dəqiqə nəticəsi bəlkə də ağır olan hökm vermək istəməzdim, sizi
də elə yaxından tanımıram. Ancaq çox ağır cinayət olmalıdır ki, kiminsə arxasınca evə
istintaq komissiyası göndərilsin. Ancaq indi siz azadlıqdasınız, bu sakit görkəminizdən bilinir
ki, həbsxanadan qaçmamalısınız, deməli, ağır cinayət törətməmisiniz.
Dostları ilə paylaş: |