Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   45   46   47   48   49   50   51   52   53

belə, əcnəbi tərəfdaşla bağlı olan bu ictimai tapşırıq da şübhəsiz ki, vacib idi. K. onu da yaxşı 
bilirdi ki, yalnız işində qazandığı uğurlara görə vəzifəsində qala bilər və əgər bu olmasa, 
italiyalını lap valeh eləsə də, xeyri yox idi. Bircə günlüyə də olsa, işindən kənarda qalmasını 
istəmirdi, çünki təzədən yerinə qayıtmamaq qorxusu çox böyük idi. Düzdür, bu qorxunu çox 
şişirtdiyini də bilirdi, ancaq bununla belə, əl-qolu bağlanırdı. İndiki halda ağılabatan bir 
bəhanə tapmaq da, demək olar ki, mümkün deyildi. Düzdür, italyan dilini o qədər də yaxşı 
bilmirdi, ancaq bildikləri kifayət edərdi. Burda əsas məsələ o idi ki, K.-nın tarixi sənət 
əsərlərindən başı çıxırdı və onun bir vaxtlar, ticarət yönümlü olsa da, Şəhər Tarixi Abidələrin 
Qorunması Cəmiyyətinin üzvü olması da bankda həddən artıq şişirdilmişdi. Deyilənə görə, 
italiyalı da incəsənət vurğunu idi və onu şəhərdə gəzdirmək üçün K.-nın seçilməsi çox təbii 
görünürdü. 
Onu ağır bir gün gözlədiyindən əsəbiləşən K. səhər saat yeddidə banka gələndə, yağışlı, 
tufanlı bir hava idi. İstəyirdi ki, qonaq gəlib onun başını qarışdırana qədər, heç olmasa, bir 
işini görüb qurtarsın. Çox yorğun idi, çünki bir az hazırlaşmaq üçün gecənin yarısına kimi 
italyan dilinin qrammatikası ilə məşğul olmuşdu. Son vaxtlar tez-tez qarşısında oturduğu 
pəncərə onu yazı stolundan çox özünə tərəf çəkirdi, ancaq özünü saxlaya bildi və oturub 
işləməyə başladı. Heyif ki elə həmin anda da xidmətçi içəri girib dedi ki, cənab direktor onu 
cənab prokuristin gəlib-gəlmədiyini öyrənmək üçün göndərib; əgər gəlibsə, onda zəhmət 
çəkib qəbul otağına buyursun, italiyalı qonaq artıq gəlib. 
 
– Gəlirəm, – deyən K. balaca lüğəti cibinə qoydu, şəhərin görməli yerləri haqqındakı 
kitabçanı – bunu əvvəlcədən qonaq üçün hazırlamışdı – qoltuğuna vurdu, müavinin otağından 
keçərək direktorun kabinetinə girdi. Heç kəsin gözləmədiyi halda işə belə tez gəldiyinə, 
direktor çağıran kimi hazır olduğuna çox sevindi. Məlum məsələ idi ki, direktor müavininin 
otağı boş idi, elə bil hələ sabah açılmamışdı, yəqin xidmətçi onu da direktorun otağına 
çağırmaq istəmiş, ancaq yerində tapmamışdı. K. qəbul otağına girəndə, iki cənab dərin 
kreslolardan qalxdılar. Direktor mehribanlıqla gülümsədi, hiss olundu ki, K.-nın gəlişinə 
sevindi və həmin dəqiqə də onu təqdim etdi, italiyalı K.-nın əlini bərk-bərk silkələdi, 
təbəssümlə hansı tez yuxudan duran adamınsa adını çəkdi. K. onun kimi nəzərdə tutduğunu 
başa düşmədi, üstəlik də çox qəribə söz idi, onun mənasını xeyli sonra anladı. Bir-iki sığallı 
cümlələrlə ona cavab verdi, italiyalı yenə də gülə-gülə, eyni zamanda da titrəyən əlini 
çallaşmış qalın bığlarına çəkə-çəkə ona qulaq asdı. Hiss olunurdu ki, bığlarına ətir vurub, 
adam az qalırdı ona yaxınlaşıb iyləsin. Üçü də oturub qısa giriş söhbətinə başlayanda, K. 
gördü ki, italiyalını yalnız hərdən başa düşə bilir və bundan çox narahat oldu. O, sakit 
danışanda, demək olar ki, hamısını başa düşürdü, ancaq bu hərdən belə olurdu, qalan 
vaxtlarda sözlər sanki ağzından daşıb tökülürdü, üstəlik də bundan ləzzət alırmış kimi başını 
yellədirdi. Belə danışanda, tez-tez hansı dialektəsə keçirdi və bu da artıq K. üçün italyan dili 
olmurdu. Ancaq direktor nəinki onu başa düşür, hətta özü də həmin dialektdə danışırdı. 
Əslində, K. bunun səbəbini bilməli idi: qonaq Cənubi İtaliyadan idi və direktor da orda bir 
neçə il yaşamışdı. Hər halda, K. anladı ki, italiyalı ilə ünsiyyət yaratmaq imkanları xeyli 
azaldı, çünki onun fransızcası da güclə başa düşülürdü. Fransızca danışanda da bığları 
dodaqlarını görünməyə qoymurdu, yoxsa onların tərpənişindən nəsə tutmaq olardı. K. hiss 


etdi ki, onu bu gün çoxlu xoşagəlməz hadisələr gözləyir, ancaq hələlik italiyalını başa düşmək 
cəhdindən vaz keçdi – onu yaxşı başa düşən direktorun yanında özünə havayı əziyyət 
verməyə dəyməzdi – və qaşqabaqla onun dərin kresloya necə rahatca yayxandığına, tez-tez 
qısa, sadə biçimli pencəyinin yaxasını dartışdırdığına, bir dəfə də əlini yuxarı qaldıraraq 
dirsəkdən yellədə-yellədə nəyisə izah etməyə çalışdığına tamaşa etməklə kifayətləndi. Özü də 
bir az qabağa əyilərək onun əllərinin hərəkətini nə qədər izləsə də, heç nə başa düşmədi. 
Axırda bekarçılıqdan, gah onun gah da bunun ağzına baxmaqdan əvvəlki yorğunluğu təzədən 
qayıtdı və bir də onda özünə gəldi ki, – nə yaxşı ki, bunu vaxtında hiss elədi! – fikri tamam 
dağılıb, ayağa durmaq, geri dönüb getmək istəyir. Nəhayət, italiyalı saatına baxıb ayağa 
durdu. Direktorla vidalaşandan sonra K.-ya yaxınlaşdı və o qədər yaxın gəldi ki, o, tərpənmək 
üçün kreslosunu bir az geri itələməli oldu. Direktor yəqin ki K.-nın gözlərindən onun necə 
çətinə düşdüyünü oxumuşdu və ona görə də söhbətə qarışdı, ağıllı, həssas adam olduğu üçün 
özünü elə göstərdi ki, guya ayaqüstü məsləhət verir, ancaq əsil həqiqətdə italiyalı nə qədər 
onun sözünün arasına girsə də, hər şeyi qısa şəkildə K.-ya başa saldı. K. direktordan öyrəndi 
ki, italiyalının bəzi işləri var, təəssüf ki, vaxtı da azdır, bütün görməli yerlərə də belə tələsik 
baxmaq istəmir, ona görə də qərara alıb ki, – əlbəttə, K. buna razı olsa, çünki son qərarı o 
verəcək – yalnız kilsəyə getmək, ancaq ona yaxşı-yaxşı baxmaq istəyir. Çox sevinir ki, belə 
mehriban, alim adamın müşayiətilə kilsəyə baxacaq – o, K.-nı nəzərdə tuturdu, K. isə ona 
qulaq asmır, daha çox direktorun dediklərinə fikir verirdi – və xahiş edir ki, əgər 
mümkündürsə, iki saatdan sonra, yəni təxminən saat onda orda görüşsünlər. Ümid edir ki, özü 
həmin vaxt mütləq orda ola biləcək. K. ona lazım olan cavabları verdi, italiyalı əvvəlcə 
direktorun, sonra da K.-nın, daha sonra bir də direktorun əlini sıxdı, hər ikisinin müşayiəti ilə 
gah ona, gah da buna tərəf dönərək danışa-danışa qapıya doğru getdi. Sonra K. bu gün daha 
çox xəstəhal görünən direktorla bir yerdə qaldı. Direktora elə gəldi ki, nə üçünsə K.-ya 
üzrxahlıq eləməlidir – onlar bir-birinə mərhəm adamlar kimi çox yaxın dayanmışdılar – və 
dedi ki, əvvəlcə özü italiyalı ilə getmək istəyirmiş, sonra fikirləşib ki, – ancaq səbəbini 
demədi – K. getsə yaxşıdır. O, italiyalını əvvəlcə başa düşməsə, özünü itirməsin, bir az 
keçəndən sonra başa düşəcək. Ancaq hamısını başa düşməsə də olar, eyib etməz, çünki 
italiyalı üçün onun başa düşülməsi çox da vacib deyil. Yeri gəlmişkən, K.-nın italyancasına 
söz ola bilməz və bu işin öhdəsindən lap yaxşı gələ biləcək. Bunu deyib K. ilə xudahafisləşdi. 
K. ona qalan boş vaxtı kilsədə izahat verərkən ona lazım olacaq çətin sözləri lüğətdən seçib 
yazmaqla məşğul oldu. Çox zəhlətökən iş idi, üstəlik də xidmətçi poçtu gətirdi, işçilər 
müxtəlif suallarla gəldilər, onun məşğul olduğunu görüb qapının ağzındaca dayanıb durdular, 
sözlərini deməmiş getmədilər, direktor müavini də mane olmaq fürsətini əldən vermədi, tez-
tez içəri girdi, lüğəti ondan alıb mənasız yerə vərəqlədi, hər dəfə qapı açılanda yarıqaranlıq 
qəbul otağında müştərilər göründü, onlar tərəddüdlə təzim etdilər – bununla K.-nın diqqətini 
özlərinə cəlb etmək istəyir, ancaq görünüb– görünmədiklərini dəqiq bilmirdilər – ... və K. 
bütün bu işlərin mərkəzində dayana-dayana ona lazım sözləri seçir, onları lüğətdə tapıb 
mənalarını yazır, tələffüzünü məşq edir, axırda da əzbərləməyə çalışırdı. Deyəsən, əvvəlki 
yaxşı yaddaşı yox olub getmişdi, hərdən onu belə əziyyətə salan italiyalıya elə acığı tuturdu 
ki, lüğəti kağız-kuğuzun arasına atırdı, qəti qərara gəlirdi ki, daha hazırlaşmayacaq, sonra da 
fikirləşirdi ki, italiyalı ilə kilsədəki sənət əsərlərinin qarşısından lal-dinməz keçib gedə bilməz 
və bayaqkından betər hirslənərək lüğəti təzədən götürürdü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə