№-li palata I



Yüklə 452,2 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix26.03.2018
ölçüsü452,2 Kb.
#34621
1   ...   10   11   12   13   14   15   16   17   18

      Mixail  Averyanıç  öz  dostunu  əvvəlcə  İverski  kilsəsinə  apardı.  O, 

ürəkdən  dua  edir,  gözlərindən  yaş  axıdaraq  səcdəyə  düşürdü,  duanı 

oxuyub qurtardıqdan sonra isə dərin bir ah çəkib dedi: 

      - Adamın etiqadı olmasa da, dua eləyəndən sonra, nədənsə, təskinlik 

tapır. Siz də dua eləyin, əzizim. 

      Andrey Yefimıç pərt oldu və əyilib təsviri öpdü. Mixail Averyanıç 

isə  dodaqlarını  şişirtdi  və  başını  yırğalayaraq,  pıçıltı  ilə  dua  oxudu, 

gözləri yenə yaşardı. Sonra Kremlə gedib tras-puşkaya və tsar-kolokola 

tamaşa  etdilər  və  hətta  əlləri  ilə  də  onlara  toxundular. 

Zamoskvoreçyenin  mənzərəsini  seyr  etdilər.  Spasitel  kilsəsini  və 

Rumyantsev muzeyini ziyarət etdilər. 

      Naharı  Testovun  restoranında  elədilər.  Mixail  Averyanıç  saqqalını 

tumarlayaraq xörəklərin adlarına xeyli baxdı və restoranlarda özünü öz 

evindəki kimi sərbəst hiss edən bir qarınqulu kimi dedi: 

      - Görək bu gün bizi nəyə qonaq edəcəksiniz, mələk! 

 

                                                    XIV 



 

      Doktor  gəzir,  baxır,  yeyir,  içir,  lakin  bircə  şey  hiss  edirdi:  Mixail 

Averyanıçın  hərəkətləri  onun  zəhləsini  tökmüşdü.  Öz  dostundan 

qaçmaq,  gizlənmək  istəyirdi,  dostu  isə  onu  gözdən  qoymamağa  və 

mümkün  qədər  çox  əylənməyə  çalışırdı.  Tamaşa  ediləcək  bir  şey 

olmayanda  onu  öz  söhbətləri  ilə  əyləndirirdi.  Andrey  Yefimıç  iki  gün 

dözdü,  üçüncü  gün  xəstə  olduğunu  və  buna  görə  də  bütün  günü  evdə 

qalacağını bildirdi. Dostu da onun xatiri üçün evdə qalacağını söylədi. 

Doğrudan da dincəlmək lazımdır, yoxsa bu qədər gəzməyə ayaq davam 

gətirməz. Andrey Yefimıç divana uzanıb üzünü divanın söykənəcəyinə 

çevirdi  və  canını  dişinə  tutub  dostunun  boşboğazlığını  dinləməyə 

başladı;  dostu  qızğın-qızğın  danışaraq  inandırırdı  ki,  Fransa  gec-tez 

Almaniyanı  darmadağın  eləyəcək,  Moskvada  dələduz  adamlar  çoxdur 

və atın zahirindən onun yaxşı-yamanlığını təyin etmək olmaz. Doktorun 

qulaqları səs salırdı, ürəyi şiddətlə döyünməyə başlamışdı, bununla belə 

ədəb  gözləyərək  dostunun  çıxıb  getməsini  və  ya  susmasını  xahiş  edə 

bilmirdi. Xoşbəxtlikdən Mixail Averyanıç nömrədə oturmaqdan darıxdı 

və nahardan sonra gəzməyə çıxdı. 

      Andrey  Yefimıç  tək  qalıb  istirahət  hissinə  daldı.  Divanda 

qımıldanmadan  uzanmaq  və  otaqda  tək-tənha  olduğunu  düşünmək  nə 

qədər  xoşdur!  Tənhalıq  olmadan  həqiqi  səadət  mümkün  deyil.  İblis, 

yəqin,  başqa  mələklərin  bilmədiyi  təkliyi  arzuladığı  üçün,  Allaha 




xəyanət etmişdir. Andrey Yefimıçın son günlər ərzində gördüklərini və 

eşitdiklərini  düşünmək  istəyirdi,  lakin  Mixail  Averyanıç  heç  cür  onun 

başından çıxmırdı. 

      “Axı o, dostluğundan, alicənablığından  məzuniyyət götürüb buraya 

gəlmişdir,  -  deyə  doktor  təəssüflə  düşünürdü.  –  Bu  dostluq 

qəyyumluğundan  daha  pis  şey  yoxdur.  Bunca  xoşdil,  səxavətli,  nəşəli 

olduğu halda yenə darıxdırıcı adamdır. Dözülməz dərəcədə cansıxıcıdır. 

Həmişə  ağıllı  və  gözəl  sözlər  danışan  bunun  kimi  adamlara  yaxından 

baxdıqda küt olduqları anlaşılır”. 

      Bundan  sonrakı  günlərdə  Andrey  Yefimıç  özünü  xəstəliyə  vurub, 

nömrədən  bayıra  çıxmırdı.  Dostu  onu  öz  söhbəti  ilə  əyləndirməyə 

başlayanda  o,  üzünü  divanın  söykənəcəyinə  tutub  darıxırdı,  dostu 

olmayanda  isə  bu  vəziyyətdə  uzanıb  istirahət  edirdi.  Buraya  gəldiyi 

üçün  özünə  və  gündən-günə  daha  boşboğaz  və  şitəngi  olan  dostuna 

acığı tuturdu, öz fikirlərini ciddi, yüksək bir tonda qurmağa heç cür nail 

ola  bilmirdi,  o  öz  xırdaçılığına  acıqlanaraq  düşünürdü:  “Məni,  İvan 

Dmitriç  deyən  kimi,  həqiqət  əlinə  alır.  Ancaq  bu  boş  şeydir...  Evə 

qayıdaram, yenə hər şey köhnə qayda ilə gedər...”. 

      Peterburqda da eyni vəziyyət oldu: o, bütün günü nömrədən bayıra 

çıxmayıb divanda uzanırdı, yalnız pivə içmək istəyəndə ayağa dururdu. 

      Mixail Averyanıç hey onu Varşavaya getməyə tələsdirirdi. 

      Andrey Yefimıç yalvarıcı bir səslə deyirdi: 

      -  Əziz  dostum,  mənim  orada  nə  işim  var?  Siz  tək gedin,  mənə  isə, 

izn verin evə gedim! Xahiş edirəm! 

      Mixail Averyanıç etiraz edərək dedi: 

      -  Heç  cür  əl  çəkən  deyiləm!  Varşava  misilsiz  bir  şəhərdir.  Orada 

mən beş il bəxtiyar həyat keçirmişəm. 

      Andrey Yefimıç dediyinə israr etmək iradəsi çatmadığından, canını 

dişinə  tutub  Varşavaya  getdi.  Burada  da  nömrədən  bayıra  çıxmır, 

divanda  uzanır  və  özünə,  dostuna  və  rusca  başa  düşmək  istəyən 

lakeylərə  acığı  tuturdu.  Mixail  Averyanıç  isə,  həmişəki  kimi  sağlam, 

gümrah  və  nəşəli  olub  səhərdən  axşama  qədər  şəhəri  gəzir  və  köhnə 

tanışlarını axtarırdı. Bir neçə dəfə o, hətta evdə də yatmamışdı. Bir dəfə 

gecəni  harada  isə  keçirdikdən  sonra,  səhər  tezdən  çox  həyəcanlı  bir 

halda evə qayıtdı, rəngi bərk qızarmışdı, saçları dağınıqdı. Uzun zaman 

otağı  o  küncdən-bu  küncə  gəzdi,  nə  isə  dodaqaltı  mızıldadı,  sonra 

birdən-birə dayanıb dedi: 

      - Namus hər şeydən vacibdir! 




      Bir  qədər  də  gəzdikdən  sonra  ikiəlli  başını  qucaqladı  və  faciəli  bir 

səslə dedi: 

      - Bəli, namus hər şeydən vacibdir! Bu Babil şəhərinə gəlmək fikrinə 

düşdüyüm  dəqiqəyə  lənətlər  olsun!  Əziz  dostum,  -  deyə  doktora 

müraciət  etdi,  -  mənə  nifrət  edin!  Pullarımın  hamısını  qumara 

qoymuşam! Xahiş edirəm, mənə beş yüz manat borc verin! 

      Andrey  Yefimıç  beş  yüz  manat  sayıb  dinməz-söyləməz  dostuna 

verdi.  Mixail  Averyanıçın  rəngi  hələ  də  utandığından  və  qəzəbindən 

qırmızı  idi,  ağızucu  mənasız  bir  and  içərək,  şapkasını  geydi  və  bayıra 

çıxdı. İki saatdan sonra qayıdıb kresloya sərildi və ucadan bir ah çəkib 

dedi: 

      -  Namus  xilas  edildi!  Gedək,  dostum,  daha  bu  mənhus  şəhərdə  bir 



dəqiqə  belə  qalmaq  istəmirəm.  Burada  dələduzlar,  Avstriya  casusları 

doludur! 

      Dostlar öz şəhərlərinə qayıtdıqda artıq noyabr ayı idi, küçələri qalın 

qar  örtmüşdü.  Andrey  Yefimıçın  yerini  doktor  Xobotov  tutmuşdu,  o 

hələ  köhnə  mənzilində  olurdu,  Andrey  Yefimıçın  gəlib  xəstəxanadakı 

mənzilini boşaldacağını gözləyirdi. Aşpaz qadın adlandırdığı kifir qadın 

fligellərin birində yaşayırdı. 

      Şəhərə  yeni  bir  xəstəxana  dedi-qodusu  yayılmışdı.  Deyirdilər  ki, 

həmin kifir qadın nəzarətçi ilə savaşmışdır və nəzarətçi onun qabağında 

diz çökərək üzr istəyir. 

      Andrey Yefimıç gələn kimi özünə yeni mənzil axtarmalı oldu. 

      Poçt müdiri ona qorxaqcasına dedi: 

      - Bağışlayın, soruşmağa cəsarət eləyirəm, dostum, vəsaitdən-zaddan 

nəyiniz var? 

      Andrey Yefimıç dinməz-söyləməz pullarını sayıb dedi: 

      - Səksən altı manat. 

      Mixail Averyanıç doktoru anlamayaraq pərt halda dedi: 

      - Mən o barədə soruşmuram. Mən bilmək istəyirəm ki, ümumiyyətlə 

nə kimi bir vəsaitə maliksiniz? 

      -  Mən  də  sizə  cavab  verdim  ki,  səksən  altı  manat!..  Bundan  başqa 

heç nəyim yoxdur. 

      Mixail  Averyanıç  doktoru  namuslu  və  nəcabətli  bir  adam  hesab 

edirdi,  bununla  belə  onun  heç  olmasa  iyirmi  minə  qədər  pulu  güman 

edirdi. İndi isə Andrey Yefimıçın çox yoxsul olduğu və yaşamağa heç 

mümkünü  olmasığını  bilib,  nədənsə,  birdən-birə  ağladı  və  dostunu 

qucaqladı. 

 



Yüklə 452,2 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə