20
xatırlamağa çalışıram. Bu dəfə də belə oldu. Amma yadıma heç nə düşmürdü ki, düşmürdü.
Sadəcə olaraq
rahatlaşmışdım bir az. Deməli başqa qadın, xəyanət məsələsi deyilmiş.
- Səni aldadırdım?
Sevil tərəddüdlə:
- Əlbəttə - dedi. - Bütün kişilər kimi, sənin də ayağın sürüşürdü hərdən. Bunu hiss etsəm də, əlimdə sübut olmurdu deyə,
içimdə çəkməyə məcbur olurdum.
Sevilin dedikləri mənə olduqca mənasız, hətta gülməli göründü. Necə yəni “hiss edirdim amma sübutum yox idi”? Deməli
dəqiq bilmədiyi halda, ona xəyanət etdiyimi ehtimal edirdi. Görəsən bütün qadınlar belədir? Hə, mən biləni, daha
doğrusu mən xatırlayanı, hamısı bir bezin qırağıdır. Amma bunları Sevilə deyə, səsli düşünə bilməzdim.
- Bəs uşaq? Onu nə vaxt görə bilərəm? – soruşdum.
- İstəyirdim sənə sürpriz olsun, amma Zöhrabın sözlərindən sonra deməliyəm – gülümsündü. –
Səhər anama zəng
eləmişdim. Bu axşam gətirəcək onu. Özgürlə elə görüşməlisən ki, elə bil unudub eləməmisən. Bəlkə doğrudan da görən
kimi yadına düşəcək? Bilmək olmaz – kədərli ifadə ilə deyib yanıma gəldi, stula oturdu.
- Ürəyin nəsə istəyir?
- Heç nə - dedim. – Söhbət eləmək istəyirəm. Şeydi... nəsə soruşacaqdım axı səndən. Hə, mən harda işləyirdim?
- Asiadent adlı klinikada.
- Asiadent... Sağalandan sonra neynəyəcəm bəs?
Sevil çiyinlərini dartdı.
- Nə bilim. Əşi ora olmasın, başqa yer olsun. Sənin kimi yaxşı həkim işsiz qalmaz – dedi və əlimi qaldırıb öpdü.
Dünəndən məni girinc edən sual düşdü yadıma:
- Qəza haqqında danışa bilərsən?
Diksinib üzümə baxdı, sonra gözlərini qaçırtdı. Ağır bir xəbər eşidibmiş kimi ovqatı təlx oldu.
- Deyirəm bəlkə bir az da...
- Mənə qəzadan danış!
- Nə danışım? – açıq-aşkar görünürdü ki, əlavə vaxt qazanıb, mənə cavab hazırlamaq üçün vermişdi bu sualı.
- Necə yəni “nə danışım”? Qəza necə baş verib, harda baş verib? Bunun cavabı başqa nə cür ola bilər?
Köks ötürüb boynunu bükdü, danışmağa başladı:
- Dostunun maşınında yüksək sürətlə gedirdiniz. Rayon yolunda
sürüşmə olub görməmisiniz, uçurumdan düşmüsünüz.
- Hansı uçurumdan?
- Şamaxı yolundakı. Çox hündürdən düşməmişdiniz, amma sürət yüksək olduğuna görə...
- Şamaxı, Şamaxı...
- Belə bir şəhər var.
Tavana baxıb düşündüm:
- Hə, bilirəm. Bilirəm ki, belə bir şəhər var. Bəs dostum kim idi?
Sevil təəssüflə dodaqlarını büzüb üzüntü ilə mənə baxırdı.
- Klinikada bir yerdə işləyirdiniz. Maşını da o gün o sürürdü.
- Adı nədir?
- Toğrul.
Toğrul, Toğrul... Duman pərdəsi ardından bulanıq, çox bulanıq bir üz, ifadə, sözlər... Bilmirəm, bəlkə də o deyil. Bəlkə də
tamam başqa bir adama aid qeyri-müəyyən xatirədir, görüntüdür? Yadıma heç nə düşmür. Heç nə! Acizliyimdən
yumruqlarımı dişləmək, ağlamaq istəyirəm.
- Bəs ona nə oldu? – pis xəbər eşitməyə hazır
olsam da, yenə də ehtiyatla soruşdum.
Gözlərimin içinə baxırdı. Nə o, nə də mən gözlərimizi bir-birimizdən qaçırtmırdıq. Sevilin daşlaşmış üzü sonda dilə gəldi:
- Öldü.
Deməzdim çox pis oldum, ya da ürəyim ağrıdı. Sadəcə ölüm faktının özü kədərləndirmişdi məni. Deməli Toğrul adında
dostum varmış, onunla yola çıxmışmışıq, o da qəzada ölübmüş. Mən isə sağ qalmışam.
- Yaxın dost olmuşuq?
Sevil “hə” mənasında başını buladı.
21
- Deməli yaxın – gözlərimi yumub fikrə daldım.
Necə yaxın? Nə qədər yaxın? Mən axı niyə yoruram özümü? Arvadını, uşağını xatırlamayan adam, dostunu necə yada
salacaq?
- Onun da ailəsi varıydı?
- Anası, atası sağdır. Özü evlənməmişdi. Bir qızla görüşürdü. Yeri gəlmişkən, srağagün sən yatanda polisdən
gəlmişdilər. Zöhrab içəri buraxmadı. Dedi hələ tezdir, xəstədən ifadə almaq olmaz. Amma
gec-tez gəlib dindirəcəklər
səni.
- Nə deməliyəm onlara?
- Nə deyə bilərsən ki, əzizim?
Gülmək tutdu məni. Ümumiyyətlə ayılandan bəri tez-tez gülmək, ya da qəzəblə qışqırmaq keçir könlümdən. Yəni qarışıq
emosiyalar içindəyəm. Əlbəttə, düz deyir Sevil - polislərlə nə danışacam, necə danışacam?
- Bəs sənin yadına heç nə düşmür? – ürkəkcə soruşdu.
Üzümü ona çevirib ciddi nəzərlə baxdım.
- Dəqiq deyə bilmirəm – Bir müddət susub düşündüm. Sevil səbirlə gözləyirdi. - Əşi, ona qalsa səni də hardansa yadıma
salıram – dedim. - Elə bil çoxdan, nə vaxtsa gördüyüm, amma harda, nə vaxt gördüyümü yada
sala bilmədiyim adam
kimi. Üzün, yanaqların, gülümsəmən yad gəlmir mənə.
- Bəs anan, atan?
- Anam? - əzabla düşündüm. – Hə, amma yadıma yaxşı şeylər gəlmir. Əzab çəkirəm onu düşünəndə. Deyəsən
sevmirdim anamı, hə?
- Sizi atıb gedəndə sən hələ uşaq idin. İki il sonra da özü öldü. İçkidən.
“Sevil, sən çox qəddarsan” düşündüm.
- Haqlısan. Yadıma düşür deyəsən – dedim. – Düz deyirsən, atmışdı bizi.
- Atan necə? – Sevil soruşdu, ardından da gülümsədi. – Deyəsən lap psixiatrlar kimi danışıram.
- Elə sən mənim psixiatrımsan da, bilmirdin? – deyib əlini tutdum. – Atam da yadımdadır. Yadımdadır ki, çox istəyirdim
onu. Amma o da ölüb – son cümləni taleyi ilə barışmış adamlar kimi, çarəsizcə dedim.
Sevil mənə sarı əyildi. Ehtirasla öpüşməyə başladıq. Danışmaq istəyirdim amma öpüşməkdən də doymurdum. Bəlkə
oyanaram, nəhayət onunla sevişə bilərəm deyə ümidlənmişdim yenə. Amma olmadı. Deməli, yaddaşımın təftişinə
qayıtmaq lazımdır.
Sevil başını qaldırıb saçlarını qulaqlarının arxasına yığdı, yenə əlimi tutdu.
- Deyirsən Toğrulla çox yaxın olmuşuq? – soruşdum.
- Həddən artıq yaxındınız. – Dizlərinə dirsəklənib üzünü üzümə yaxınlaşdırdı – Bilirsən əzizim...
məncə tələsməməlisən
yadına salmağa. Vaxtı var. Yavaş-yavaş o da yadına düşəcək. Yadına düşəndə də sənə əzab verəcək. – kədərli
təbəssüm ona necə də yaraşır. - Ondansa heç xatırlamamaq yaxşıdır.
- Başa düşürəm – dedim. - Əzab verəcək. Əlbəttə. Eşidəndə ki, dostun-tanışın ölüb, yaşıdın ölüb, fikirləşirsən ki, deməli
sən də ölə bilərsən. Yadımdadı, mən uşaq olanda... Necə də qəribə səslənir, hə?
- Nə? – Sevil başa düşmədi.
- “Yadımdadır” deməyim.
Sevil yanağıma sığal çəkib:
- Qəribə niyə olur? Sən
hər şeyi, hər kəsi yada salacaqsan – dedi. - Hər şey hələ qabaqdadır.
- Nə isə. Yadımdadır ki, mən uşaq olanda sarsıntı keçirmişdim. Bir uşaq ölmüşdü. Yaşıdım.
- Məktəb illərindən danışırsan.
- Doğrudan? Sən də bilirsən bunu?
Şəfqətlə baxdı üzümə.
- Danışmısan mənə. Beşinci sinifdə oxuyanda, sinif yoldaşını maşın vurmuşdu. Bu da səni çox sarsıtmışdı. Görürsən,
hər şey yavaş-yavaş düşür yadına.
Yavaş-yavaş. Nədənsə hafizəmin bərpası uşaqlığımdan başlayıb. Əvvəl anam-atam, sonra da sinif yoldaşım. Yadıma
düşür bir-bir. Maşının altında qalan oğlan. Adı nə idi görəsən? İlk dəfə onda fikirləşmişdim ki, mən də ölə bilərəm. Amma
məni qorxudan ölümün özü deyildi. Məni böyüklərin üzündəki kədər, iztirab qorxudurdu. Onlar ağlamasaydılar, mən də
ağlamazdım. İtkinin nə olduğunu başa
düşməyəcək yaşda idim deyə, ölümə göstərdiyim reaksiya, yalnız böyükləri
təqliddən ibarət olurdu.
- Mənə oğlumdan danış Sevil.