4
"...Əlbəttə, hakimiyyət kiçik, imtiyazlı bir zümrəyə
aid olduğu halda belə, ölkə sərvətlərinin bərabər, ədalətli bölgüsü aparıla,
insanlara özəl mülkiyyət və komfortlu həyat haqqı tanına bilər.
Lakin belə bir cəmiyyət uzunömürlü olmayacaq.
Çünki hər
kəsə sərvətlərdən pay düşsə, insanların əyləncəyə vaxtı qalsa
kütlə savadlanacaq, müstəqil düşünməyə başlayacaq, nəticədə isə imtiyazlı fəqət
heç bir funksiyası olmayan kiçik hakim zümrəni devirəcək. Bu səbəbdən
iyerarxik cəmiyyət yalnız yoxsulluq və cəhalət üzərində bərqərar olmalıdır...”
“...Partiyanı dağıtmaq qüdrətində olan narazılar, ölkənin 85 faizini təşkil edir...
Bu narazılar öz güclərinin, imkanlarının fərqinə varsalar, çevriliş etmək üçün
əlbir olmalarına da ehtiyacları qalmaz.
Bunun üçün, onların ayağa qalxaraq,
at kimi üstlərindəki milçəkləri silkələməsi kifayətdir. Partiyanı məhv etmək
onların istəklərinə bağlıdır və çox asandır. Gec-tez buna ağılları çatacaq. Amma!..”
George Orwell
“1984”
“...Respublika Prezidentinin adını anmaq, millətin müqəddəs maraqlarına
məşəl kimi işıq tutmaq deməkdir! O millət ki, ulu öndərin müdrik rəhbərliyi altında
bütün sahələrdə inkişafa nail olub və olmaqda davam edir! Öz taleyi, dolaylı olaraq da
Vətənin taleyi üçün narahat olan, ləyaqətli və anarxiya düşməni azad vətəndaşlar
olaraq
bildiririk ki, ölkəmizin çiçəklənməsi yalnız və yalnız bizim ulu
prezidentimizin yenidən bu posta seçilməsilə mümkündür! Nə üçün dövlət gəmisinin
idarəsini başqasına verərək riskə getməliyik? Axı bizim ölkəni hal-hazırda əsrimizin
ən görkəmli dövlət xadimi idarə edir! Tarix onu dahilərin dahisi, müdriklərin müdriki,
azadlıq mücahidi, mütəfəkkir və demokrat kimi ucaldıb artıq! Prezident postunda
onun yerinə hansısa başqa adamı təsəvvür
edən kəs, dərhal millətin, yəni
bizim hamımızın maraqlarına xəyanət edən xain kimi damğalanmalıdır!
Belə bir fikri ağlına gətirənlər, kimliyindən asılı olmayaraq cəmiyyət üçün təhlükəli
ruhi xəstələr kimi təcrid olunmalı, əgər ruhi xəstə deyillərsə, onda qanunlarımıza
müvafiq olaraq Vətənə xəyanət maddəsi ilə ittiham olunaraq həbsxanaya göndərilməlidirlər!..”
Migel Anxel Asturias
“Sinyor prezident”
5
HƏR ŞEY BELƏ BAŞLADI
(Trivial reminissensiya)
Hər şey, sərsəri bir bombanın partlaması ilə başladı.
Yox, müharibə çoxdan bitmişdi, bomba da göydən düşməmişdi. Heç kəs - o cümlədən 3 yaşlı İslamın
II Dünya
müharibəsinin veteranı olan qəhrəman atası da - yerin dibindən bombanın çıxacağını təsəvvür edə bilməzdi.
Talıb Qulamov 1950-ci ildə ali məktəbi bitirən kimi, Odessa şəhərindəki Maşınqayırma zavoduna təyinat almışdı.
Odessanın cənub-qərbində, almanların bombalayaraq yerlə bir etdiyi yaşayış məntəqələri – kəndlər və qəsəbələr artıq
bərpa olunmuş, həyat normal axarına düşmüşdü. Bərpa olunan rayonlardan biri də, Artsiz rayonu idi. Talıbgilin ailəsinə
də bu rayondakı Nadejdovka qəsəbəsində, elə qəsəbənin adına uyğun, ailənin ümid yeri olan bir mənzil verilmişdi.
Talıbın işləyəcəyi Maşınqayırma zavodu da, evinin yarım kilometrliyində yerləşirdi.
Yeni inşa edilmiş, gözoxşayan üç mərtəbəli “stalinka”nın
birinci mərtəbəsində, iki otaqlı mənzil hələ də boya, lak, aseton
qoxuyurdu. Talıbın arvadı Ceyranın ilk işi, bütün pəncərə altlarını və balkonu dibçəklərlə bəzəmək olmuşdu.
Nadejdovka qəsəbəsinin mərkəzində tikilən dörd üç bloklu “stalinka” kvadrat formada inşa edildiyi üçün, həyətdə geniş
bir meydan boş qalmışdı. Sakinlər mənzillərə köçəndən sonra, qəsəbə soveti onlara həyətyanı sahə ilə bağlı göstəriş
vermişdi. “Müharibə yenicə bitib, hələ hökumətimiz özünə gəlməyib, çətinliklər var. Bu həyəti də siz abıra salmalısınız.
Uşaqlara
meydança qurun, özünüz üçün ağaclar əkin. Mərkəzə yazmışıq. Skamyalar, bir-iki dənə də karusel söz
veriblər. İş üçün lazım olan bütün alətlər veriləcək...”
Yeni mənzillərdən son dərəcə razı qalan, xoşbəxt sovet vətəndaşları, böyük həvəslə işə girişdilər. SSRİ müharibədə
qalib gəlmişdi və bu insanlar, hələ də zəfər eyforiyasından çıxmamışdılar. Hər kəs böyük məmnuniyyətlə dövlətlə əl-ələ,
qol-qola olmağa, gecə-gündüz işləməyə, yoldaş Stalinə kömək etməyə hazır idi. Həyətdə park salmaq, uşaqlarına oyun
meydançası hədiyyə etmək istəyən sakinlər hamılıqla qollarını çırmayıb, qadınlı-kişili torpaqda eşələnirdilər.
İslamın anası Ceyran da qonşu qadınlarla bir yerdə yer belləyir, ağac əkir, hamıdan daha əzmli və inadkar olmağı ilə
ərini qürurlandırırdı. Tibb bacısı olan Ceyranın həyəcanını başa düşmək çətin deyildi - canından əziz oğlu, uzağı bir həftə
sonra bu həyətdə o baş-bu başa qaçacaqdı. Ceyran əlinin tərsi ilə alnının tərini silib, belı növbəti dəfə,
var gücü ilə
torpağa sancdı. “Bu nədi belə?” - belin tiyəsi sərt bir cismə dirənmişdi.
Daş plitələrin döşəndiyi hissədə işləyən Talıb, Ceyranın səsləməsi ilə arvadına yaxınlaşdı. Onun əlindən beli alıb bir
neçə dəfə sərt cismə vurdu. Cisim daşa oxşamırdı. Qəribə küt səs çıxarırdı.
Talıbın yəhudi, gürcü, kalmık qonşuları karıxdığını görüb ona yaxınlaşdılar.
- Lopatka ilə olmur – Talıb dedi. – Gəlin lomla vuraq.
Talıb, gürcü Aftandilin əlindən lingi alıb, birinci zərbəni özü vurdu. Sonra yenə, yenə, yenə vurdu. Tərlədi. Aftandil lingi
götürüb bir neçə dəfə özü vurdu. Ceyran da bir yandan belin ucu ilə torpağı eşələməklə kişilərə kömək edirdi.
Yəhudi David qonşularının əziyyət çəkdiyini görüb:
- Çəkilin qırağa. Bu dəfə mən sınayım.
Davidin zərbəsi sonuncu oldu.
Hər şey bir göz qırpımında baş verdi. Üçüncü Reyxin “Luftwaffe”sindən qalma “yadigar” mərminin partlaması ilə,
bayaqdan sərt cismin ətrafında toplaşıb ona zərbələr endirən, hətta tamaşa edənlərin hamısı parça-parça oldu.
Üç yaşlı İslam isə, o vaxt Zoya Kosmodemyanskaya adına 2 saylı uşaq bağçasında mışıl-mışıl yatırdı.
***
Faciənin xəbəri SSRİ-yə yayılmadı.
Ümumiyyətlə SSRİ-də nəinki pis, bəzən yaxşı xəbərlər də yayılmırdı. Total təcrid sistemi mükəmməl işləyirdi bu
dövlətdə. Elə də olmalıydı. “Əmin addımlarla kommunizmə doğru irəliləyən” vətəndaşları ruhdan sala biləcək, onları
bədbinləşdirəcək xəbərlərin qarşısı alınmalıydı. Hər şey elə ustalıqla ört-basdır edildi ki, bir ay sonra “stalinkalara” köçən
yeni sakinlər, onlardan əvvəl bu həyətdə nələrin baş verdiyindən bixəbər idilər.
Bəs 3 yaşlı İslamın taleyi necə oldu? Azərbaycanın gələcək birinci katibinin, daha sonra
isə prezidentinin rəsmi
tərcümeyi-halında valideynlərinin faciəvi surətdə öldüyü, İslamın isə uşaq evində böyüdüyü yazılmaqdadır. Bu
məlumatların üstündən ötəri keçilsə və uşaqlığı ilə yeniyetməliyi barədə başqa heç nə bilinməsə də, onun tələbəlik
dövrü, xüsusən də Leninqrad Politexnik İnstitutunda oxuduğu illər haqqında kifayət qədər məlumat var.