Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə1/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   50



TƏKFİR

FİTNƏSİ
ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

TOPLAYAN VƏ TƏRTİB EDƏN: K.HÜSEYN

KİTABIN BÜTÜN HAQLARI QORUNUR



ÖN SÖZ

Xutbətul-Hacə

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.



«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71)1.

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - səllallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət isə oddadır2.



«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman qardaş və bacılarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - sallallahu aleyhi və səlləm in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - sallallahu aleyhi və səlləm - də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»3.

Ən-ənəmizə sadiq olaraq Uca və Böyük olan Allahın izni ilə Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin əqidəsi ilə bağlı olan kitabları toplamağa davam edirik. Bu günkü mövzumuz günümüzdə ən aktual mövzu olan Təkfir fitnəsi ilə bağlıdır.

Əhli Sünnə vəl Cəmaat əqidəsinin əsaslarından biri də budur ki, onlar cahil və təvilçi bir kimsənin küfrə aparan bir əməl işləməsi halında tərk edənin kafir olmasına səbəb təşkil edəcək olan dəlili ona qarşı ortaya qoymadıqca İslam dinindən çıxdığını söyləməzlər. Onlar yenə də qəlbi iman ilə dolu olub onunla rahat və hüzur tapması ilə məcbur edilən bir kimsənin də küfrə götürən bir əməl etməsiylə və ya sözüylə dindən çıxdığını söyləməzlər.

Şirkdən daha aşağı olan, böyük günahlardan hansını işləyirsə işləsin bu günahı səbəbiylə heç bir müsəlmanın kafir olduğunu söyləməzlər, belə bir günahı işləyən kimsənin kafir olduğu hökmünü verməzlər. Onlar o, kimsəni o, günahı halal qəbul etmədiyi müddətdə və ya dindən olduğu qəti (zəruri) olaraq bilinən bir şeyi inkar etmədiyi müddətdə o, kimsənin fasiq və ya imanının əskik olduğuna hökm edərlər. «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar» (ən-Nisa 48). «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar». (ən-Nisa 116). (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de ki: «Ey mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O bağışlayan və rəhm edəndir». (əz-Zumər 53). Əbu Hureyrə radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olarsa zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğruluq edən, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»4. Əbu Zərr radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah sallallahu aleyhi və səlləm ilə birlikdə Mədinənin qara daşlı sahəsi ilə gedirdik. Uhud tərəfə döndükdə o, mənə buyurdu: «…Yerində qal! Mən gəlmədikcə heç bir tərəfə tərpənmə deyib qaranlıq gecədə gözdən itənə qədər irəlilədi… O, qayıtdıqda mən dedim: «Ya Rəsulallah! Məni qorxudacaq səslər eşitdim» deyib eşitdiklərimi ona danışdım». O: «Sən həqiqətəndə bu səsləri eşitdin». Mən: «Bəli. Ya Rəsulallah!». O: «O, Cəbrail əleyhissəlam idi. Mənə müjdə verərək dedi: «Ümmətindən Allaha heç bir şeyi ortaq qoşmayaraq ölən hər kəs Cənnətə girəcəkdir». Mən: «Zina və oğurluq etsə də?». O: «Zina və oğurluq etsə də?» deyə cavab verdi5. Belə bir şəxsin imanı əskik bir mömindir və ya imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu vəziyyətdə ona nə mütləq olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir kimsənin iman adı qaldırılmaz. Mötəzilə, Xavaric və onlara oxşayanların dedikləri kimi onun əbədi olaraq Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan çıxmadığını da ittifaq ilə qəbul etmişlər. Əksinə belə bir kimsə Allahın mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab edər.

Çünki küfrün əsası qəsdli olaraq yalanlamaq, küfrə qəlbən razı olmaq, küfrə inanmaq, küfrdən sevinmək və rahatlıq hiss etməkdir. Necə ki, kafir imanı küfrdən üstün tutmadıqca mömin olmaz, eləcə də mömin də məqsədli şəkildə küfrü imandan üstün tutmadığı halda müsəlmanların rəyinə görə kafir sayılmaz. «Qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar» (ən-Nəhl 106).

Kitab və Sünnədən bir işin küfr olduğunu ortaya qoyan bir dəlil olmadığı müddətdə kimsənin kafir olduğuna hökm etməzlər. Bir kimsə bu hökm üzərə öləcək olarsa işi Uca Allaha qalmışdır. Dilərsə ona əzab verər, dilərsə onu bağışlayar. «Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir (mükafatını alacaqdır). Kim zərrə qədər pis bir iş görmüşdürsə, onun zərərini görəcəkdir (cəzasını çəkəcəkdir) (əz-Zilzal 7-8). Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Allah kimə bir əməl qarşılığı savab vəd etsə, Allah onu şübhəsiz ki, yerinə yetirəcəkdir. Kimə də bir əməl qarşılığında cəza vəd etsə, Allah onda ixtiyar sahibidir (yəni istərsə ona cəza verər, istərsə onu bağışlayar)6.

Böyük günah işləyən kimsənin kafir olduğuna və ya iki mənzil arasında bir yerdə olduqlarını hökm edən sapıq firqələrdən fərqli fikirdədirlər. Belə bir kimsəyə qarşı haqq açıqlanmadığı müddətdə, onun haqqında belə hökm verməzlər. Haqqın açıqlanması isə ona qarşı dəlilin ortaya qoyulması və şübhəsinin aradan qaldırılması ilə olur. Müəyyən bir kimsəni də yalnız lazımı şərtlərin gerçəkləşməsindən və maneələrin ortadan qaldırılmasından sonra təkfir edərlər. Qəti olaraq müsəlman olduğu sabit olan kimsənin bu müsəlmanlığı şübhə ilə ortadan qalxmaz – şəklindəki Sələfi qaydalarının işığında Sələfi Salihin hərəkət etmiş və bu baxımdan insanları təkfir etməkdə insanlar arasında ən uzaq kimsələrdir. Əbu Bəkr deyir ki: “Mənim üçün əmin-amanlıqda olmaq və buna görə Allaha həmd etmək, imtahanlara məruz qalıb buna səbr etməkdən daha yaxşıdır”7. Ömər radıyallahu anhu – deyir ki: “Şübhə olan bir hədd cəzasını mənim üçün tərk etmək, şübhəli olaraq hədd cəzasını tətbiq etməkdən mənim üçün yaxşıdır”8. İmam İbn əl-Munzir rahmətullahi aleyhi deyir ki: “Elm əhli ittifaq etmişlər ki, şübhə və bəlli olmayan bir halda hədd cəzası tətbiq edilməz”9. İbn Abdul Bərr rahmətullahi aleyhi deyir ki: “Quran və Sünnə müsəlman bir kimsəni açıq-aydın dəlil olmadan, şübhə əsasında kafir və ya fasiq adlandırmağı qadağan edir”10.

Belə ki, küfr olan hər bir şeyə görə müəyyən bir şəxs təkfir olunacaq deyə bir şey yoxdur. Bir sözün küfr olduğuna hökm vermək ilə o, sözü söyləyən kimsənin kafir olduğuna hökm etmək arasında fərq qoymaq lazımdır. Məs: Allahın zatının hər yerdə olduğunu söyləmək küfrdür, Allahın sözünün məxluq olduğunu söyləmək küfrdür, Allahın İsim və Sifətlərini qəbul etməmək küfrdür və s. bu kimi xüsuslar haqqında hökm vermək əməl və ya söz haqqında hökm vermək qəbilindəndir. Lakin durum müəyyən bir kimsə ilə əlaqədar olduqda o, vaxt durmaq və o, kimsəyə sual verib onunla mübahisə etməkdən əvvəl əleyhinə küfr hökmü verməmək lazımdır. Belə ki, bir kimsəyə görə bu xüsuslarda hədis olmamış ola bilir və ya təvilçi bir kimsə ola bilir. Nasları (Quran və Hədisi) başa düşməyən, həmçinin Cahil bir kimsə ola bilir. Mübahisədən sonra şübhə ortadan qalxar və ona qarşı dəlil ortaya qoyulacaq olursa artıq bundan sonra vəziyyət fərqli bir hal alır. Belə ki, təvil edən kimsə ilə cahil kimsənin hökmü, inad edən və bilərək günaha yönələn kimsənin hökmü ilə eyni deyildir. İmam Hərəvi rahmətullahi aleyhi deyir ki: “Quranın məxluq olması barəsində əl-Əzhəridən soruşurlar. Sən belə bir kimsəni kafir sayırsanmı?”. O: “Onun dediyi küfrdü”. Ondan üç dəfə soruşurlar və eyni cavabı da verir və: “Müsəlman bir kimsə də bu sözləri söyləyə bilər”11. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Buna görə də təvil edən cahil kimsə ilə cahilliyi qəbul edilən bir kimsənin hökmü heç bir zaman inadçı və bilə-bilə inkar edənin hökmü eyni deyildir. Uca Allah bunların hər birini ayrı-ayrı şəkildə dəyərləndirmişdir»12.

Əhli Sünnə vəl Cəmaat imamlarının cumhuru avamın və avamın dəlili anlamağa incələmə və araşdırma aparmağa gücü çatmayan kimsələrin əqidə və əhkam məsələlərində təqlidini caiz görür. Onlar təqlidin təkfirə mane olan hallardan biri olduğunu ittifaqla qəbul etmişlər. Çünki muqallid cahildir, dəlili və ya hüccəti başa düşməz, bəsirət və başa düşməyi yoxdur. Ona bir hüccət göstərilincəyə və öyrədilincəyə qədər məzurdur. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Ümmətin böyük çoxluğuna görə ictihad caizdir, təqlid də caizdir. Onlar ictihadı hər kəsə vacib görmədikləri kimi, təqlidi də hər kəsə haram görməzlər. Eyni şəkildə təqlidi hər kəsə vacib, ictihadı da hər kəsə haram görməzlər. İctihad, ictihada gücü çatan hər kəs üçün caizdir, təqlid isə ictihaddan aciz olanlar üçün caizdir. İctihada gücü çatan bir kimsə üçün təqlid caizdir, yoxsa yox? Bu mövzuda ixtilaf vardır. Səhih görüşə görə belə bir kimsənin ictihaddan aciz qaldığı durumlarda təqlidə yönəlməsi caizdir. Bu acizlik ya dəlilin eyniliyindən və ya ictihad üçün yetərli vaxtın olmamasından, ya da dəlilə açıq çatmamasından ola bilər…»13.

Bu mövzuda söyləniləcək son söz budur: Bir müsəlmana açıq bir şəkildə, haqqında naslar və hüccət sabit olmadıqca, xüsusəndə içində olduğu cəhalət və ya təvildən faydalanırsa, kafir – deyilməz. Lakin hüccət sabit olub, şübhə, təvil və cəhalətə yer qalmadıqda yenə də israr edərsə, haqqında şirk və ya küfr hökmü qalxar. Heç kəs bu sözlərlə bizim Muvahhid olanları təkfir etdiyimizi zənn etməsin. Şirk və küfr yalnız şəriətdəki şərtlər və qaydalar içərisində istifadə edilir. Müsəlmanın haqsız yerə təkfir edilməsi isə caiz deyildir. İbn Teymiyyə rahmətullahi aleyhi sözlərinə davam edərək deyir: «Muhəmmədin ümmətindən ictihad edib xəta edən və bu ictihadında haqqı tapmağı qəsd edib və xəta edərək səhv edən kimsə təkfir edilməz. Çünki xətası bağışlanır. Rəsuldan gələn məlum olduqdan sonra, Rəsulun gətirdiyi hidayətə zidd davranan və möminlərin yolundan başqasına uyan kafirdir. Kim də həvasına uyaraq haqqı öyrənmək xüsusunda qüsur edər və elmi olmadan danışarsa asi və günahkardır»14.

Kitabın adı barəsində çox düşündüm: Düşündüm ki, adını Əhli Sünnə vəl Cəmaatın təkfir məsələsində mövqeyi, bu məsələdə mənhəci və s. adlarla adlandırım. Lakin sonda qərara gəldim ki, bu kitabın adını «Təkfir Fitnəsi» qoyum. Artıq kitabın bu adı özündə həm Əhli Sünnənin bu məsələdə mövqeyini, minhəcini, yolunu və bidətçi təkfirçilərə qarşı sərt ismarıcını əhatə etmişdir. Çalışdım ki, Qurana, Sünnəyə, səhabələrin və alimlərin dəlillərinə əsaslanaraq bu kitabı toplayım. Allahın yardımı, zəfəri və köməkliyi ilə bacardığım bu oldu. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Ümidvaram ki, kitabda olan dəlillər bu məsələdə doğru yolu tapmaq istəyənlərə, ağıllı və dərrakəli müsəlmanlara kifayət edəcəkdir. Bu kitabı topladığımız zaman məqsədimiz yalnız və yalnız Allahın rizasını qazanmaq, doğru yolda olanların doğruluğunun daha da yəqinləşməsinə, şübhədə olanların şübhələrinin qaldırılmasına və azmışların da doğru yola hidayət olunmaları üçün bir səbəb olacağıdır.

Uca və Böyük olan, Əl-Vəhhəb olan Allahdan bu kitabı İslam ümməti, Muhəmməd ümməti üçün xeyirli və bərəkətli olmasını diləyirəm. Amin! Ya Rəbbim! İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını və sünnəyə uyğun olaraq məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüt-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm. Güvəndiyim Allahdır, işlərimi ona həvalə edirəm və ona arxalanıram. Həmd və nemət yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - sallallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.


Bitirdim: Miladi 10 İyul 2013-Ci İl

Hicri: 1 Ramazan 1434-Cü İl

Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha (Yunus 10)






XƏVARİCLƏR YOXSA TƏKFİRÇİLƏR?




XƏVARİCLƏR KİMLƏRDİR?


Xəvaric xarici sözünün cəm formasıdır. Xarici sözü ərəb dilində xaric olunmuş, çıxmış deməkdir. İstilahi mənası – müsəlman alimləri və rəhbərlərinə qarşı çıxan, böyük günah sahibi olan müsəlmanlara kafir damğası vuraraq, onların qanını axıdanlara deyilir. İslam ümmətində ən azmış firqələrdən biridir. Onun tərəfdarları böyük günah sahiblərini və onların fikirləri ilə razı olmayan hər bir kəsi kafir sayırlar. Günahkarlar Allaha şərik qoşmasalar da belə onların mallarına və canlarına təcavüz etməyi özlərinə halal görürlər. Onların fikir və ideyalarına zidd olan bir çox hədisləri inkar edir və insanları da əmirlərə qarşı çıxmağa çağırırlar. Xəvariclər İslam tarixində bir çox müsibətlərin və fəlakətlərin baş vermə səbəbkarıdırlar. Məhz Həzrəti Osman və Həzrəti Əli Allah onlardan razı olsun qətlə yetrilməsində və müsəlmanların parçalanmasında səbəb Xəvariclər olmuşlar.

Abdullah b. Şəddaf b. əl-Hadi rəvayət edir ki: «Xəvariclər Əli - radıyallahu anhu dan ayrıldıqdan sonra Əli - radıyallahu anhu onlara İbn Abbas - radıyallahu anhu nu göndərdi. Bunlar da İbn Abbas - radıyallahu anhu ilə Allahın kitabı üzərində üç gün mübahisə etdilər. Nəhayət onlardan 8 min kişi geri döndü». Sayı 12 minə yaxın, qəlbində mərəz olan Xəvariclər Rəsulullah sallallahu aleyhi və səlləm in yolu ilə gedən Əlinin başçılıq etdiyi cəmaatdan ayrılıb, ona qarşı çıxdılar və Əli - radıyallahu anhu nu kafir saydılar. Əli - radıyallahu anhu ilə Muaviyə - radıyallahu anhu arasında döyüş uzandığı təqdirdə Muaviyə - radıyallahu anhu nun tərəfdarları Quranın müshaflarını nizələrin ucuna taxaraq Əli - radıyallahu anhu nun tərəfdarlarını Qurana tabe olmağa çağırdılar. Bizdən bir adam, sizdən də bir adam çıxardaq dedilər. İnsanlar buna razı olduqda Muaviyə - radıyallahu anhu tərəfdən Amr b. As - radıyallahu anhu , Əli - radıyallahu anhu tərəfdən isə Əbu Musa əl-Əşari - radıyallahu anhu çıxdı. Lakin Əli - radıyallahu anhu İbn Abbas - radıyallahu anhu nun çıxmasını istəyirdi. Lakin bunu görən Urvə b. Uzeynə: «Allahın əmrində adamlarınızı hakim təyin edirsiniz, hökm ancaq Allahındır – deyərək döyüş hazırlığını görməyə başladılar. Əli - radıyallahu anhu nəsihət etmək üçün İbn Abbas - radıyallahu anhu nu onların yanına göndərdi. İbn Abbas - radıyallahu anhu deyir ki: «Elə bir qrupun yanına gəlmişdim ki, onlardan daha çox ibadət edən görməmişdim. Səcdə etməkdən alınları qaralmış, əlləri səcdə etməkdən dəvələrin dizləri kimi sərt olmuşdu. Əyinlərində sərt köynək, izarları isə topuqdan yuxarı idi. Onlara salam verdim. Onlar da: «Xoş gəldin, İbn Abbas! Nə üçün gəlmisən?» dedilər. Mən də: «Mən Mühacir və Ənsaram. Peyğəmbərimizin kürəkəninin yanından gəlirəm ki, onlara Quran nazil olmuşdu və onlar Quranın təvilini sizdən daha yaxşı bilirlər. Quranın onlara nazil olmasına baxmayaraq onlardan heç kəsi sizin aranızda görmürəm. Nə vaxt İbn Abbas Xəvariclərlə danışıq aparmaq üçün onların yanına gəldiyi zaman onlardan bəziləri: “Onunla söhbət etməyin” deyə qışqırmağa başladılar. Bu zaman hələ də Xəvaric olan İbn əl-Qayya ayağa duraraq deyir: “Ey Quran Əhli! Əgər sizdən kimsə bu kimsəni İbn Abbası tanımırsa mən onu tanıyıram. Bunlar barəsində Allah Quranda buyurmuşdu: Doğrusu, onlar höcətləşən adamlardır. (əz-Zuxruf 58). Qoy öz ağasının yanına qayıtsın, qoy öz ağasının yanına qayıtsın, siz isə Qurandan ayrılmayın”15.

Onlar Əli - radıyallahu anhu nun günahkar saydılar və üç məsələdə onu ittiham etdilər: 1. Nə üçün Əli - radıyallahu anhu Muaviyə - radıyallahu anhu ilə sülh bağladıqda Əmir əl-Möminin ifadəsini qeyd etmədi? Əgər o, möminlərin əmiri deyilsə o, zaman kafirlərin əmiridir.

2. Nə üçün Əli - radıyallahu anhu Muaviyə - radıyallahu anhu tərəfdən cariyə götürmədi?

3. Nə üçün Əli - radıyallahu anhu Quran və Sünnə ilə yox, iki nəfərin danışığı nəticəsində əldə edilən razılıq ilə sülh bağladı? Allahın əmrinə zidd olaraq adamlar təyin etdi. Halbuki hökm Allahındır.

İbn Abbas - radıyallahu anhu onların etirazlarını dinlədikdən sonra dedi: 1) Peyğəmbər sallallahu aleyhi və səlləm Hudeybiyyə zamanı müşriklərlə sülh müqaviləsi bağladıqda – Rəsulullah (Allahın elçisi) – ifadəsini qeyd etmədi. Həmçinin Əli - radıyallahu anhu nun etdiyi bu əməl Sünnəyə müvafiqdir.



2) Deyin görək Peyğəmbər sallallahu aleyhi və səlləm in zövcəsi və möminlərin anası sayılan Aişə - radıyallahu anhə ni əsir alacaqsınız? Vallahi əgər o, anamız deyildir desəniz İslamdan çıxacaqsınız. Vallahi onu əsir alacaqsınız və başqaları bizə halal olduğu kimi o, da bizə halaldır desəniz yenə də İslamdan çıxacaqsınız. «Onun zövcələri möminlərin analarıdır». (əl-Əhzab 6). Bu suala da cavab verdimmi? Onlar: «Bəli».

3) Həqiqətən də Əli - radıyallahu anhu Quran ilə hökm vermişdir. «(Ey möminlər!) Əgər onların (ər-arvad və s.) arasında ixtilaf olacağından qorsanız, o zaman hər tərəfdən bir münsif (vasitəçi) təyin edib göndərin. Onları barışdırmaq istəsə Allah da onların köməyi olar. Həqiqətən Allah (hər şeyi) bilən və (hər şeydən) xəbərdardır». (ən-Nisa 35, əl-Maidə 95). Bu cavablardan sonra onların əksəriyyəti düz yola qayıtdı. Yerdə qalanı isə fitnə-fəsad törətməkdə davam etdilər16. Onlar Abdullah b. Xabbəb - radıyallahu anhu nu, zövcəsini və onlarla olan üç qadını da öldürdülər. Abdullah b. Xəbbab - radıyallahu anhu hamilə zövcəsi ilə birlikdə əsir götürülürlər. Xəvariclər: «Sən kimsən?». Abdullah: «Mən Allah Rəsulunun səhabəsi Abdullah b. Xəbbabam. Siz məni qorxudursunuz». Onlar: «Sənə bizdən heç bir zərər toxunmaz. Atandan eşitdiklərini bizə danış?». Abdullah: «Mən atamın belə dediyini eşitdim: «Mən Allah Rəsulunun belə dediyini eşitdim: Fitnə baş qaldıracaq. O, zaman oturan durandan, duran gəzəndən, gəzən də qaçandan xeyirli olacaqdır»17. Abdullahın əlləri bağlı idi. Yolda gedərkən Zimmiyə məxsus bir donuza rast gəldilər. Onlardan biri qılıncı ilə vuraraq dərisini parçaladı. Onlardan biri: «Sən nə üçün belə etdin, axı bu zimmiyə məxsusdur». O, da zimminin yanına gedərək onunla mehriban danışaraq onu razı saldı. Həmçinin onlardan biri ağacdan düşən xurmanı da yemişdi. İçərilərindən biri: «Sən icazə olmadan və ya pulunu ödəmədən götürürsən?». O, isə dərhal xurmanı ağzından atdı. Buna baxmayaraq onlar Abdullah b. Xəbbabın başını kəsdilər, hamilə zövcəsinin yanına gələrək: «Mən hamilə qadınam, Allahdan qorxmursunuz!». Beləcə onun da başını kəsib qarnını yararaq dölünü çıxardıb bayıra atdılar18. Bu hadisə Əli - radıyallahu anhu ya çox təsir etdi. Bu dəfə o, əl-Hərb b. Murranı - radıyallahu anhu nu onların yanına göndərdi. Onlar Əli - radıyallahu anhu nun bu elçisini də öldürdülər. Əli - radıyallahu anhu onlardan öldürülənlərin qatillərini tələb etdikdə, onlar qatilləri Əli - radıyallahu anhu ya verməkdən imtina etdilər və: Biz hamımız qatilik – dedilər. Səbri tükənmiş Əli - radıyallahu anhu qoşun hazırlayıb onların üzərinə hücum etdi və Bağdad şəhərinin cənub-şərqində yerləşən Nəhrəvan adlı yerdə onların hamısını məhv etdi. Cundub əl-Əzdəri deyir ki: «Biz Əli - radıyallahu anhu ilə birlikdə idik. Xəvariclərin yanına çatdıqda Quran oxumaqdan səsləri arı vızıltısı kimi gəlirdi». 12 mindən 8 minə yaxın Xəvaric tövbə edərək geri dönmüşdü. 4 minə yaxın qalmışdı ki, onlar da Nəhrəvanda təxminən H. 37-38-ci illərində Əli radıyallahu anhu ilə döyüşdə məhv edildilər. Əli radıyallahu anhu nun qoşunundan 7 və ya 9 nəfər şəhid edildi. Lakin 4 min Xəvariclərdən təxminən 9 nəfəri sağ qalmışdı. Əli radıyallahu anhu ölülərin üstündə bir-bir gəzir və deyərdi: «Şeytan bunları aldadıb. Onlar aldandılar»19.

Muhəmməd b. Sad deyir ki: «Xəvariclərdən üç nəfər AbdurRahman b. Mulcəm, Bərk b. Abdullah, Amr b. Bərk ət-Təmim – Məkkədə toplandılar. Əli, Muaviyə və Amr b. Ası - radıyallahu anhum öldürməyi öz üzərlərinə götürdülər. İbn Mulcəm: «Mən Əlini», Bərk: «Muaviyəni», Amr: «Amr b. Ası» dedi. Hər biri də andlarını pozmayacaqlarına dair bir-birilərinə söz verdilər. Mulcəm Əli - radıyallahu anhu nu sübh namazı üçün evindən çxdıqda zəhərli qılıncla vurdu. Əli - radıyallahu anhu şəhid oldu. Mulcəm həbs edilərək edam olundu. Abdullah b. Cəfər öncə iki əlini və ayağını kəsdi. O, isə heç sıxılmadı və qışqırmadı. Gözlərinə əridilmiş qurğuşun (civə) töküldü. Gözləri əridiyi halda İqra surəsini oxuyurdu. Dilinin kəsilməsi əmr edildi. Buna sıxıldı və ağladı. Nə üçün ağlayırsan? Bu dünyada ölərkən Allahı zikr etmədən öləcəyimə üzülürəm – dedi. Zikr edə bilməyəcəyinə görə İbn Mulcəm dilinin kəsilməsinə üzüldü, lakin Əli - radıyallahu anhu nu öldürməyi halal gördü. Şeytan necə onları bu hala gətirib çıxartdı20. Məgər kimsə deyə bilərmi ki, Xəvariclər dünya mənfətinə görə, pula görə döyüşüb ölmüşlər. Xeyr, Onlar hesab edirdilər ki, öz həyatlarını Allah yolunda fəda edirlər. Lakin hər bir kəsə məlumdur ki, onların bu fədakarlıqlarını Allah qəbul etmir, çünki onlar Allahın razılığını qazanmağa qadağan etdiyin etmişlər. Lakin bu yenilməzlik, səbatlıq və şövq Allahdan deyildir, şeytandan olan bir hisslərdir ki, öz tərəfdarlarını ruhlandırır. Yalnız ağılsız insanlar ən əfzəl insanı Əlini öldürmüş bu bədbəxt kimsənin etdiyi ilə öyünə bilər.



Xəvariclərin Qolları - Hərurilər (Xəvariclər) on iki firqəyə bölünmüşlər: 1 Əzrakilər Əbu Rəşid Nəfi b. əl-Əzra adlı bir nəfərə nisbət edilmişdir. Ən çox olan və ən güclü qrupdur. Darul şirkdə olduğumuz müddətdə biz müşrik, oradan çıxdıqda isə müsəlmanıq. Bizim bu görüşümüzə müxalif olanlar da müşrikdirlər. Əhli qibləni təkfir edərlər və heç kəsi də mömin görməzlər. Bizimlə birlikdə döyüşməyənlər kafirdirlər, böyük günah sahibləri müşrikdirlər. Müsəlman qadın və uşaqları öldürülməsini mübah sayarlar və onların kafir olduqlarına hökm edərlər. 2 Ibadiyyə Abdullah b. Əsədə nisbətlə bu ad verilmişdir. Onlar kimi deyənləri mömin, deməyənləri isə münafiq sayarlar. (İbadilər qolu bu günlərdə yer kurəsində Oman dövlətinin rəsmi halda əqidələri-dir. Onların vəsiqələrində bu söz yazılır. Onlar rəsmi şəkildə Xəvaric dövlətidir. Yalnız bu qol insanların xətalarına görə onlarla silah ilə mübahisə etməyi görmürlər). 3 Sələbiyə Sələbə b. Mişkan. Qəza və Qədərin olmadığını söyləyirlər. 4 Hazimiyə Həzim b. Əli. 5 Hələfiyə. 6 Məkrəmiyə Məkrəm b. Abdullah əl-Acli. Namaz qılmayanı təkfir edərlər. Bu kimsənin namaz qılmadığından deyil, Allahı tanımadığına görə küfrə girdiyini deyərlər. 7 Kənziyə. 8 Şəmrahiyə. 9 Əhnəsiyə Öldükdən sonra ölüyə heç bir xeyr və şər toxunmayacaqdır. 10 Məhkəmiyə. 11 Mutəzilə Hərurilərin bir qoludur. 12 Meymuniyə Meymun b. Xalid.21

Xəvariclərdən sonra təkfir fitnəsi Rafizilərə keçdi. Rafizilər 4 nəfərdən başqa bütün səhabələri təkfir etdilər, onların mürtəd olduqlarını iddia etdilər. Onlardan sonra bu fitnə bütün bidət əhlinə Qədərilərə, Cəhmilərə və s. keçdi. Bütün bunlar Əhli Sünnəni təkfir etsələr də, Əhli Sünnə onları təkfir etməz. İbnul Covzi rahmətullahi aleyhi deyir ki: «Zülm zülm ilə qaytarılmaz».


XƏVARİCLƏR HAQQINDA PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm DƏN GƏLƏN HƏDİSLƏR
Ənəs İbn Məlik - radıyallahu anhu deyir ki, bir gün Peyğəmbərə sallallahu aleyhi və səlləm bir nəfər haqqında xəbər verdik. Peyğəmbər: “Mən onu tanımıram” dedi. Biz: “Yə Rəsulullah! O, bu cür, bu cür görünür” dedik. Peyğəmbər: “Mən onu tanımıram” dedi. Bu söhbət əsnasında haqqında danışdığımız kimsə gəldi. Biz də: “Bax, bu o kəsdir Yə Rəsulullah!” dedik. Peyğəmbər: “Mən onu tanımıram” dedi. Bu kimsə bizlərə yaxınlaşaraq salamladı. Biz də onun salamını aldıq. Bu əsnada Peyğəmbər: “Allahı şahid tuturam, məgər sən bura gələndə qəlbində düşünmədinmi ki, mən burada olanların hamısından xeyirliyəm (üstünəm)”. O: “Allaha and olsun Hə” deyib məscidə namaz qılmağa getdi. Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Bəkrə - radıyallahu anhu buyurdu: “Get onu öldür!”. Əbu Bəkr - radıyallahu anhu məscidə daxil olur və onu namaz qılar halda görür. Öz-özünə: “Həqiqətən də namazın qədir qiyməti vardır, bizlərə namaz qılanı vurmaq qadağan edilmişdir. Soruşum bu barədə Peyğəmbərdən” dedi. Qayıtdıqda Peyğəmbər: “Sən onu öldürdünmü?” deyə buyurdu. Əbu Bəkr: “Yox, mən onu namaz qılan halda gördüm Axı, namazın qədir qiyməti vardır. Əgər sən əmr etsən onu öldürərəm” dedim. Peyğəmbər: “Yox, bu sənə aid deyil” buyurub Ömərə - radıyallahu anhu onu öldürməyi əmr edir. Ömər - radıyallahu anhu məscidə daxil olur və onu səcdə edər halda görür. Bir müddət onu gözlədikdən sonra öz-özünə deyir: “Həqiqətən də səcdənin qədir qiyməti vardır. Peyğəmbərdən sallallahu aleyhi və səlləm icazə alım bu mənim üçün daha yaxşıdır”. Qayıtdıqda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Onu öldürdünmü?”. Ömər: “Xeyr, mən onu səcdə edər halda gördüm, axı səcdənin qədir qiyməti vardır. Lakin sən əmr etsən onu öldürərəm” dedi. Peyğəmbər: “Yox, bu sənə aid deyil” deyib Əlini - radıyallahu anhu onu öldürməyə göndərdi. Sən bunu edə bilərsən əgər onu tapsan. Əli - radıyallahu anhu məscidə daxil olur, lakin onu orada tapmayıb geri qayıdaraq Peyğəmbərə sallallahu aleyhi və səlləm xəbər verir”. Peyğəmbər: “Əgər o, bu gün öldürülsəydi ümmətimdən iki nəfər belə ixtilaf etməzdi”22. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Hüneyn günü (döyüş qurtardıqdan) sonra qənimət bölgüsündə bəzi kimsələrə digərindən daha çox qənimət verdi. Akra b. Xabisa yüz dəvə, Uyeynəyə də bu qədər verdi, Ərəblərin tanınmışlarına da yüz dəvə verərək həmin günü digərlərindən üstün tutdu. (Peyğəmbər sallallahu aleyhi və səlləm in bu məqsədini başa düşməyən) bir nəfər: «Vallahi bu bölgü ədalətli olmayan və Allah rızası gözlənilməyən bir bölgüdür» dedi. Mən də: «Vallahi, bu sözləri Peyğəmbərə sallallahu aleyhi və səlləm xəbər verəcəyəm dedim və Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək ona xəbər verdim. Peyğəmbər sallallahu aleyhi və səlləm in üzü dəyişdi, hətta qırmızı rəng aldı və: «Allah və Rəsulu ədalətli olmazsa, kim ədalətli ola bilər? Allah Musaya rəhmət etsin! O, bundan da daha çox əziyyətlərə məruz qaldı, lakin səbr etdi» deyə buyurdu23. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qənimətlərdən əldə edilmiş qızılı bu dörd kişi arasında bölüşdürürdü. Arka b. Xabis əl-Hənzəli, Uyeynə b. Bədr əl-Fəzari, Alqamə b. Ulasə əl-Amiri və Kilab oğullarından olan Zeydul Həyl ət-Tai və ya Nəbhan oğullarından olan biri. Qureyş bundan qəzəbləndi və: «Bizləri buraxaraq Nəcdin böyüklərinəmi verirsən?» dedilər. Peyğəmbər: «Mən bunu yalnız onları İslama bağlamaq üçün edirəm» deyə buyurdu. Bu vaxt gur saqqallı, yanağının iki almacığı çıxmış, gözləri içəri batmış, yekə alınlı və başı keçəl biri gəlib dedi: «Ya Muhəmməd! Allahdan qorx». Peyğəmbər: «Əgər mən də Allaha üsyan edərəmsə onda kim ona itaət edər? Sizlər mənə inanmadığınız halda O, məni yer üzərinə əmin etmişdir» deyə buyurdu. Sonra o, kimsə dönüb getdi. Səhabələrdən biri onu öldürmək üçün Peyğəmbər sallallahu aleyhi və səlləm dən izin istədi. Peyğəmbər: «(Başqa rəvayətdə: İnsanların, Muhəmməd sallallahu aleyhi və səlləm səhabələrini öldürür demələrindən Allaha sığınıram) Bu kimsənin nəslindən elə bir qövm törəyəcək ki, Quranı gözəl səslə oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar müsəlmanları öldürəcək, müşrikləri isə tərk edəcəklər. Onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. (Başqa rəvayətdə: Ox şikarın bədənini sürətlə deşib çıxdığı kimi dindən çıxacaqlar) Əgər mən onların zamanına çatmış olsaydım, Ad (Digər rəvayətdə: Səmud24) qövmünün öldürüldüyü kimi onları da öldürərdim» deyə buyurdu25. Başqa rəvayətdə: Veyl sənə! Mən yer üzündə insanların Allahdan qorxmağa ən layiqlisi deyiləmmi? Sonra o, kimsə dönüb getdi. Xalid b. Vəlid: «Ya Rəsulullah! İzin ver boynunu vurum» dedi. Peyğəmbər: «Xeyr, namaz qılan bir kimsə olması umulur» deyə buyurdu. Xalid: «Ya Rəsulullah! Namaz qılanlardan neçə kimsələr var ki, qəlblərində olmayanları dilləri ilə söyləyirlər» dedi. Peyğəmbər: «Mən insanların qəlblərini yarıb baxmaq üçün göndərilmədim» deyə buyurdu26. İmam Qurtubi rahmətullahi aleyhi deyir ki: “Peyğəmbərin sözlərinin mənası ondan ibarətdir ki: Xəvariclərlə dəstə dəstə deyil, bir dəfəyə Allahın Ad qövmünü bir dəfəyə məhv etdiyi kimi məhv etməsidir”27. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qənimətləri payladığı zaman Bəni Təmim qəbiləsindən olan Zul Xuveysra adlı bir nəfər gəldi və: «Ey Allahın Rəsulu adil ol!» dedi. Peyğəmbər: «Vay sənin halına! Əgər mən adil olmasam kim adil ola bilər! Əgər mən adil olmasaydım (sən mütləq adil olmayan bir insana tabe olduğun üçün) əliboş qalardın və zərər çəkənlərdən olardın» deyə buyurdu. Ömər: «Ey Allahın Rəsulu! İzin ver boynunu vurum» dedi. Peyğəmbər: «Onu tərk et, onun kimi onun dostları vardır ki, sizdən biriniz öz namazını onların namazı yanında, öz orucunu onların orucu yanında kiçik görər. Onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. (Başqa rəvayətdə: Ox şikarın bədənini sürətlə deşib çıxdığı kimi dindən çıxacaqlar). Ovçu oxunun dəmirinə baxar orada qandan bir əlamət görməz, oxun taxta hissəsinə baxar yenə də orada bir əlamət tapmaz. Onların əlaməti qolu qadın döşü və ya yellənən ət parçası kimi olan qara kimsədir. Onlar (müsəlmanlar) arasında ayrılıq düşdüyü zaman ortaya çıxarlar. Onları iki tayfadan haqqa ən yaxın olanı öldürər» deyə buyurdu28. Əli b. Əbu Talib - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Axır zamanda yeniyetmə (yaşları kiçik) səfehlər çıxacaqdır. Onlar məxluqata verilən sözlərin ən xeyirlisindən Qurani Kərimdən (və hədislərdən) dəlil gətirəcəklər. (danışdıqları zaman çox gözəl danışacaqlar). Onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar (Başqa rəvayətdə: Dinə geri qayıtmayacaqlar. Onlar yaradılmışların - insanların və heyvanların - ən şərliləridirlər). Onlarla harada qarşılaşsanız onları öldürün, onları öldürənə Qiyamət günü savab yazılacaqdır (Onlarla vuruşmaq hər bir müsəlman üçün haqdır2930. Ubeydullah b. Rafi - radiyallahu anhu deyir ki, Əli - radıyallahu anhu ilə birlikdə idim. Hərurilər meydana çıxıb üsyan etdikləri zaman İnil Hukmu İllə Lilləh Höküm Allahdan Başqasının Deyildir (əl-Ənam 57, Yusuf 40,67, əş-Şura 10). Allahdan başqa hakim olmaz dedilər. Əli: «Bu haqq bir sözdür ki, onunla batil qəsd olunmuşdur»31. Əbu Ğalib, Peyğəmbər sallallahu aleyhi və səlləm in səhabələrindən Əbu Umamə - radıyallahu anhu nun belə dediyini rəvayət edir: «Şamda Xəvariclər baş qaldırdı və qətlə yetirilərək quyuya atıldılar. Əbu Umamə - radıyallahu anhu onların atıldığı quyunun başında durub ağladı və: «Subhənəllah! Şeytan bu ümməti necə azdırdı? Cəhənnəm köpəkləri, Cəhənnəm köpəkləri, Cəhənnəm köpəkləri, yer üzündə ən şərli öldürülmüşlər, ən şərli öldürülmüşlər» dedi32. Uqbə İbn Vəcis deyir ki: “Mənə Xəvariclər və onların əmirləri pisləmələri barəsində danışdılar. Bir gün Abdullah İbn Amrı - radıyallahu anhu gördüyüm zaman ona: “Sən Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrindən və Allahın elm verdiyi kimsələrdənsən. İraqda bir qrup insanlar öz əmirlərini pisləyir, onların yanılmaları barəsində açıq-aydın söz açırlar. Bu barədə nə deyə bilərsən?”. O: “Bu o, kəslərdir onların üzərinə Allahın, mələklərin və bütün insanların lənəti vardır”33. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Xəvariclər – od sakinləri arasında olan itlərdir»34. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həqiqətən aranızda elə bir məxluq yaranacaq ki, onlar ibadətdə o, dərəcədə çalışqan olacaqlar ki, insanları təəccübləndirəcəklər, hətta özlərini də. Amma onlar oxun şikardan çıxdığı kimi dindən çıxacaqlar»35. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Onlar mənim ümmətimin ən pis adamlarıdır və ümmətimdən ən yaxşılarını öldürəcəklər»36. İbn Ömər - radıyallahu anhu deyir ki: «Onlar kafirlər barəsində nazil olan ayələri möminlərə qarşı tətbiq edirlər»37. İbn Əbu Aufə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Xəvariclər Cəhənnəmin köpəkləridir»38. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Axır zamanda bir qövm çıxacaqdır ki, onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. Onların əlamətləri başlarını qırxmaq olacaqdır. Onlar həmişə mövcud olacaqlar. Onların axırıncısı Dəccəllə bərabər çıxacaqdır. Onlar məxluqatın ən şərlisi və ya məxluqatın ən şər təbəqəsidir. Onlarla qarşılaşdığınız zaman onları öldürün»39. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Hədislərdə xəbər verilmişdir ki, onlar Dəccəlin çıxdığı dövürə qədər çıxmaqda davam edəcəklər»40. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mənim ümmətimdən şərq tərəfdən insanlar peyda olacaqlar və onlar Quran oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir. Onlar hər yüzillikdə peyda olacaqlar və darmadağın ediləcəklər, hər yüzillikdə peyda olacaqlar və darmadağın ediləcəklər və Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözləri iyirmi dəfədən çox təkrar etdi: Bu Dəccəl onların qoşunundan çıxanadək davam edəcəkdir»41. Peyğəmbər buyurdu: “Ümmətimdə ayrılıq və parçalanma olacaqdır. Sonra pis işlər görən, lakin gözəl sözlər söyləyən bir qrup insanlar çıxacaqdır. Onlar Quran oxuyacaqlar, lakin (Quran) onların boğazlarından aşağı enməyəcəkdir. onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. Onlar məxluqatın ən şərliləridir, onları öldürənə və ya onların öldürdüyünə Tuba olsun. Onlar Allahın kitabına çağırar, lakin özlərinin onunla heç bir əlaqəsi olmayacaqdır. Onları öldürən kimsə onlardan daha çox Allaha yaxındır”. Biz: “Ey Allahın Rəsulu! Onların əlaməti nədir?” dedik. Peyğəmbər: “Saçlarını daz qırxmaları” deyə buyurdu42. Alimlər deyirlər ki, başı üç halda qırxmaq olar: “Həcc və ya Ümrə, körpənin doğumunun yeddinci günü, kafirin İslamı qəbul etməsi. Digər vaxtlarda saçın qırxılması caiz deyildir”43.

Bu hədislər Xəvariclər ancaq səhabələrin dövründə olub, bu günlərdə Xəvaric yoxdur deyənlərin sözlərini təkzib edir. Çünki onlar o, zaman da mövcud olublar, bu gündə mövcuddurlar və Qiyamətə qədər də olacaqlar. Xəvariclərə heç vaxt hakimiyyət verilməyəcəkdir və onlar haqq tərəfdarlarının üzərində qələbə çala bilməyəcəklər. Onlar hər dəfə çıxdıqda haqq tərəfdarları tərəfindən darmadağın ediləcəklər44.



Bu günkü Təkfirçi, ixvanlara Xəvaric deyildikdə özündən çıxır, coşur və deyir ki: Mən Xəvaric deyiləm, mənə nə üçün Xəvaric deyirsiniz? Bir tərəfdən baxdıqda bu sözlərdə həqiqət vardır. Çünki Xəvariclər daha imanlı və ağıllı idilər. Sizlər isə cahil və onların quyruqlarısınız. Təkfirçi, ixvansınız. Peyğəmbər sallallahu aleyhi və səlləm dən gələn hədislər, səhabələrin və alimlərin onlar haqqında dedikləri sözləri və irəlidə onların vəsflərini, sifətlərini qeyd edəcəyik. Əgər səndə bu vəsflər yoxdursa qəzəb etməyə dəyməz, əksinə Allaha həmd et! Yox əgər səndə bu vəsflər olarsa onda tövbə etməyə tələs! Əbul Aliyə rahmətullahi aleyhi - deyir ki: «Allah mənə iki nemət (xeyir) bəxş etmişdir. Mən bilmirəm ki, bunlardan hansı daha yaxşıdır. Allahın məni İslam dininə hidayət etdiyinəmi, yoxsa Allahın məni Həruri (Xəvaric) etməməsinə görəmi?».
XƏVARİCLƏR HAQQINDA SƏLƏFLƏRDƏN GƏLƏN SÖZLƏR
İbn Həcər rahmətullahi aleyhi deyir ki: «Xəvariclər, İslamdan çıxmış bir firqədir və onlar bidətçidirlər. İslam dininə və ən xeyirli müsəlmanlara qarşı çıxdıqları üçün onlara Xəvariclər deyilir»45. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «İlk əvvəl müsəlmanları kafir sayan Xəvariclər olmuşlar. Xəvariclər günah edənləri, onlara müxalif olan digər müsəlmanları kafir adlandırır, qanlarını və mallarını halal sayırlar». «Qiblə əhlinə ilk kafir deyənlər Xəvariclər olmuşlar. Günahlara görə qiblə əhlini kafir saymışlar»46. əl-Əcuri rahmətullahi aleyhi deyir ki: «Xəvariclər murdar nəcasətdirlər»47. İmam Nəvəvi rahmətullahi aleyhi deyir ki: «Xəvariclər İslama yenilik gətirən firqələrdən olub, böyük günah sahibinin kafir olduğunu və əbədi Cəhənnəmdə qalacağını etiqad edirlər. Buna görə rəhbərlərə tənə edir və onlarla cəmaat və cümə namazlarını qılmazlar»48. əl-Mənəvi rahmətullahi aleyhi deyir ki: «Köpəklərin hürdüyü kimi Xəvariclər də Cəhənnəmdə hürəcəklər. Köpəyin digər heyvanlara nisbətdə ən aşağı heyvan olduğu kimi, onlar da Cəhənnəm əhlinin ən alçağıdırlar»49. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Bu iki firqənin Xəvaric və Mötəzilə sözləri İrcə əhlinin sözlərindən pisdir. Həqiqətən İrca əhli içərisində Allaha ibadət edən alimlər olmuşdur ki, imamlar onlardan xeyirlə söz açmışlar. Lakin Xəvarc və Mötəziləyə gəldikdə Əhli Sünnə onları və əhlini daima pisləmişlər”50. Peyğəmbərin sallallahu aleyhi və səlləm Xəvaricləri öldürmək əmri müsəlman rəhbərlərə aiddir. İmam Buxari öz “Səhih” əsərində başlıqlardan birini: “Xaricinin ona dəlil (burhan) çatdırılandan sonra öldürülməsi” və ayəni zikr edir: Allah bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir. (ət-Tövbə 115)51. İbn Kəsir rahmətullahi aleyhi deyir ki: «Sələflər bu ayədə Xəvaricləri nəzərdə tuturdular: «Sizə əməlləri ən çox zərər vuracaq kəslər haqqında xəbər verimmi? Bunlar o, şəxslərdir ki, onların səyləri dünya həyatında azğınlığa düşmüşdür, halbuki onlar yaxşı hərəkət etdiklərini düşünürlər» (əl-Kəhf 103-104)52. Şeyx Saleh əl-Fovzan Allah onu qorusun sual verirlər: «Dövrümüzdə Xəvaric ideyasının daşıyıcıları mövcuddurmu?». Cavab: «Subhənəllah! Hal-hazırda Xəvariclər mövcuddur. Müsəlmanlara kafir damğası vurmaq, müsəlmanları qətl etmək Xəvariclərin əməlləri deyilmi? Bu Xəvariclərin məzhəbidir». Sual: «Xəvariclər qiblə əhlindən sayılırlarmı? Onların arxasında namaz qılmaq olarmı?». Cavab: «Xəvariclərin kafir olmaları və ya sadəcə zəlalət əhli olmaları barəsində alimlər arasında iki rəy vardır. Xəvariclərin kafir olması rəyi həqiqətə daha yaxındır. Çünki dəlillər onların kafir olmasına dəlalət edir. Xəvariclərin arxasında namaz qılmağa gəldikdə isə onların arxasında namaz qılmaq olmaz»53. Sual: «Partlayış törədənlər Xəvaricdirlərmi?». Cavab: «Onları Xəvaric adlandırmaq ən az hökmdür. Onlar bu əməli halal bilərək edirlərsə nəinki Xəvaric, hətta kafirdirlər. Yox əgər bunu halal saymırlarsa, savab və ya cihad adı altında edirlərsə onlar Xəvaricdilər. Bu yer üzündə fitnə-fəsad törətmək, mal-dövləti tələf etmək və günahsız insanların qanını tökməkdir. Müsəlmanların qorxu içərisində yaşamağa vadar etmək Xəvariclərin ən pis əməlləridir. Əvvəlki Xəvariclər belə etməyiblər. Onlar açıq savaş edib və qətillər törədiblər. Lakin müasir Xəvariclər bunu gizli şəkildə və insanların yaşadığı binalarda törədərək qan tökürlər»54. Xəvariclərin kafir olmaları rəyini İslam alimlərindən: Buxari, Qadi Əbu Bəkr, Subki, Qurtubi Allah onlara rəmət etsin - dəstəkləmişlər55.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   50


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə