19
Rəşid Behbudov konsertləri saxlamışdı:
- O boyda Amerikada məni soymadılar...
... Onda Amerikada oğurluq, quldurluq baş alıb gedirdi. Adam ölümünün biri bir
qəpikiydi. Adamları küçənin ortasında soyurdular. Belə şeylərə görə Çarlz Xeyder aclıq
eləməkdən əldən düşmüşdü. SİTA hər gün Xeyderin yüz qram arıqladığını Xeyderin xətrinə əlini
çörəyə uzatmağa ayıb bilən Sovet xalqına çatdırırdı:
-SİTA-nın məlumatı. Çarlz Xeyder 45-ci gündür ki, aclığı davam etdirir. Dünyanın
tərəqqipərvər xalqları...
Dünyanın tərəqqipərvər xalqlarının kapitanı da biz idik.
İndi o boyda cinayət yuvası Amerikada Rəşid Behbudovu soymadıqları halda bu boyda
tərəqqipərvər xalq dünyanın ən məşhur xanəndəsinin papağını və xəncərini oğurlamışdı...
... - Öz doğma şəhərimdə soydular.
Doğrudan da ayıb olan bir şey idi. Ağsaqqallar yığışıb getmişdilər Rəşid Behbudovun
yanına üzr istəməyə:
- Sənə ondan da gözəl papaq tikdirərik. Xəncərini qızıldan düzəltdirərik.
Rəşid Behbudov:
- Mən itən şeylərin qiymətinin davasını eləmirəm. Mən şərəfimin davasını eləyirəm. Bu
oğurluq deyil, mənə sataşmaqdı. Özü də dəhşətli budur ki, mənə özümünkülər sataşır.
Haqqı da var idi. Çünki nə puluna dəymişdilər, nə qızıl saatına, nə də bir avtomobilin
qiyməti olan brilyant üzüyünə, təkcə papağını və xəncərini götürmüşdülər, vəssalam.
Rəis əvvəl xidmətçilərin hamısını doldurdu KPZ-yə. Babat da döydürdü.
- Rəis, balalarımız sənə qurban! Seyid Lazım ağanın cəddi haqqı, bizlik deyil.
- Rəis, götürsək bahalı şeyləri götürərik də. O xəncərin heç yüz manat qiyməti yoxdu.
Ondan da gözəl papağı bizim öz ustalarımız yüz-yüz əlli manata tikirlər.
Rəis də görmüşdü yazıqlar düz deyir, buraxmışdı. Nə rəis indiyə qədər belə qəribə
oğurluqla rastlaşmışdı, nə də Dünyanın Ən Varlı Şəhəri.
Hərə bir söz deyirdi.
- Yəqin dədə-baba düşmənlərinin işidi.
- Ə, belə də biabırçılıq olar? Dünyada bihörmət olduq. Ə, bu Rəşid Behbudova yox ey,
Pənah xana sataşmaqdı.
Rəşid Behbudovun doğulduğu Bayat kəndinin camaatı da yığılıb gəlib tökülmüşdülər
Qonaq evinin qabağına:
- Ya papaqla xəncər tapılacaq, ya da ortaya qan düşəcək.
Rəis çıxmışdı qarşılarına:
- Əşi, çıxın gedin xarabanıza, siz hardan çıxdınız?! Qoyun görək başımıza haranın daşını
salırıq!
Amma camaat getməmişdi:
- Onda bəyimizi verin özümüzə. Siz qoruya bilmədiniz, aparıb özümüz qoruyarıq.
Tüstüsü təpəsindən çıxan rəis bağırmışdı:
- Ə, sizin də, sizin qonağınızın da... Bu dəqiqə hamınızı soxacam kepezeyə.
Bundan xəbər tutan Katib dərhal rəisə xəbər göndərmişdi:
- Ə, avara, bir çepe azdı, birini də eləmək istəyirsən?! Camaatla işin yoxdu. Get itən
şeyləri tap, yoxsa partbiletini alıb verəcəm Rəşid Behbudova.
Rəis görmüşdü vəziyyət ağırdı, camaat da getmir, içəri keçib Rəşid Behbudova
yalvarmışdı:
- Sənə qurban olum, iki-üç saata tapacam. Kişi sözü! Sən çıx bu camaatı başa sal,
dağılsınlar. Yoxsa şəhər camaatı da bunlara qoşulacaq, vallah, onda məni Sibirə göndərəcəklər.
Rəşid Behbudov da rəisin Sibirə göndərilməsini istəməmişdi, çıxmışdı həmkəndlilərinin
qabağına və xahiş eləmişdi ki, dağılsınlar. Söz də vermişdi ki, mütləq gələcək kəndə, onlarla
ayrıca görüşəcək, hələ bir konsert də verəcək.
Lit.az
20
Kövrələn kim, ağlayan kim, Rəşid Behbudovu duz kimi yalayan həmkəndliləri bundan
sonra dağılmışdılar. Amma kəndə qayıtmamışdılar, gedib oturmuşdular Qonaq evi ilə üzbəüz
çayxanadakı görsünlər axırı nə olur.
Əli hər yerdən üzülən rəis prokuroru da götürüb getmişdi Bayata, Azər Hüseynin
yeməkxanasına, Drakonu da çağırtdırmışdı ora.
Rəis:
- Drakon, bilirsən ki, ikimiz də sənin xətrini çox istəyirik. Sən bizim qardaşımızsan.
- Xətriniz xoş olsun.
Rəis:
- Ölmüşük, bizi yerdən götür.
- Vallah, mən bilən, ölüləri yerdən götürmək işi ilə Molla Rəşid məşğul olur.
Prokuror:
- Zarafat vaxtı deyil. Doğrudan vəziyyət ağırdı. Sənin köməyin lazımdı. Kömək elə, itən
şeyləri tapaq.
Drakon:
- Düzü, mənə də pis təsir edib, şəhərimizə ləkədi. Sizsiz də axtarıram. Bu, oğru işi deyil.
Oğru işi olsaydı o biri şeyləri də aparardı. Sataşmaq, nə bilim dədə-baba düşmənçiliyi, bunlar da
boş şeylərdi. Kimin Rəşidlə nə işi? Bu nəsə başqa məsələdi. Uşaqlara tapşırmışam məşğuldurlar.
Özümün də ağlımda bir şey var. Tapacam. Amma bir şərtim var.
Prokuror:
- Buyur!
- Mən söz verirəm ki, itən şeyləri tapacam. Amma siz də söz verin ki, oğrunu
tutmayacaqsınız.
Prokuror:
- Kişi kimi söz verdim.
Sevdikləri qızlara özlərini yetişmiş göstərmək üçün təzə-təzə siqaret çəkməyə başlayan
və məktəblərin qabağında dava salmağı özlərinə peşə edən cüvəllağı uşaqlar məsələlərini ayırd
eləmək üçün Fazil Müəllimin Kinoteatrının arxasındakı bulvara yığışırdılar. Drakon da vaxtilə
bu bulvarda çox məsələləri ayırd etmişdi, çox dalaşmışdı.
Bulvara adam göndərdi ki, bu cüvəllağı uşaqların avtoritetlərini onun yanına gətirsinlər.
Bu cüvəllağılar nə qədər özlərindən razı olsalar da dərhal çağırışa gəldilər.
Drakon məsələni çox kəskin qoydu:
- Rəşid Behbudovun şeylərini kim aparıb, bir saatdan sonra burda olmalıdır. Kim aparıb,
niyə aparıb, məni maraqlandırmır. Heç kim də cəzalanmayacaq. Amma şeylər bir saata qədər
burda olmasa, sizin hər biriniz məktəblərinizin qabağında, özü də dalına düşdüyünüz qızların
gözü önündə eşşək kimi döyüləcəksiniz. Aydın oldu?! Di durun!
Yarım saat keçməmiş cüvəllağı uşaqlar özləri kimi bir cüvəllağıyla qayıtdılar, papaq və
xəncərlə bir yerdə.
- Ə, lotu, bunları neyləyirsən?
- Drakon əmi, bir dostumla qız üstə mərc gəlmişdik.
- Yaxşı, bəs bunları necə götürə bildin?
- Sinif yoldaşımızın nənəsi Qonaq evində xadimədi. Ondan öyrənmişdim ki, Rəşid
Behbudov neçədə gəlir, neçədə yatır. Mən də küçədəki palıd ağacından keçdim dama, ordan da
düşdüm içəri. Gördüm yatıb, sakitcə götürüb gəldiyim kimi də qayıtdım.
- Adın nədi?
- Pələng.
- Ə, lotu, sən əjdahasan ki?! İndi dur get. Amma yadında qalsın, kişi baş kəsər, adam
öldürər, oğurluq etməz. Oldu?
- Oldu, Drakon əmi.
Rəislə prokuror təzədən doğulmuşdular, amma Rəşid bəy onların sevincini gözlərində
qoydu: