71
uyğundur və Türk Dil Qurumu da Türkiyə türkcəsi üçün məhz bu variantı seçməkdə tam
haqlıdır. Göründüyü kimi, latın əlifbası imkan verir ki, hər dil yazısını öz səslərinə uyğun
qursun. Ərəb əlifbası isə bu baxımdan çox tutucudur (mühafizəkardır) və daha çox ərəb
dilinin hakimliyini qorumağa qulluq etməkdədir.
Dünyaya öz dilinin gözü ilə yox, fars, ərəb vb. dillərin gözlüyü ilə baxanda sözlərin
təkcə səs və forma baxımlarından yox, anlamca dəyişdirilməsi də imkansız olur. Belə ki,
hərdən bəzi arxadaşlar, özəlliklə Azərbaycanın güneyindən olan və ərəb, fars dillərini bilən
ayrı-ayrı dostlar bizimlə dartışaraq etiraz edirlər ki, Azərbaycan türkcəsi ədəbi dilində filan
sözlər düzgün işlədilmir. Örnəyin, farscadan alınan xəstə sözü farsca yorğun deməkdir və ona
başqa anlam yüklənməsi doğru deyil, gümrah (qomrah) sözü sağlam yox, yol azmıĢ
anlamındadır, təsərrüf sözü ərəbcə ələ keçirmək, zəbt etmək anlamında olduğundan kənd
təsərrüfatı termini çox qəribə görünür vb.
Təbii ki, bu dostlar Azərbaycan türkcəsindən yox, fars dilindən, ərəb dilindən çıxış
edirlər və fərqinə varmırlar ki, bu cür anlam dəyişdirməsi Azərbaycan türkcəsinin öz haqqıdır.
Bu cür anlam dəyişimi təkcə alınma sözlərdə yox, hətta milli sözlərdə də özünü göstərə bilər
və onların hamısı doğrudur, düzgündür. Örnəyin, heç kim deyə bilməz ki, düĢmək sözünü
enmək anlamında işlətmək və “Uçaq hava alanına düşdü” demək olmaz, çünki düĢmək
Türkiyə türkcəsində yıxılmaq, qəzaya uğramaq anlamındadır. Doğrusu budur ki, düşməyin
yıxılmaq, qəzaya uğramaq anlamı Türkiyə türkcəsinə, enmək anlamı isə Azərbaycan
türkcəsinə aiddir və hər dil üçün öz qəbul etdiyi anlam düzgündür (Azərbaycan türkcəsi ilə
Türkiyə türkcəsi arasındakı yaxınlığa baxmayaraq, anlam fərqinə malik bir sıra sözlərin
varlığı da bilinən məsələdir). Bunun kimi, xəstə, gümrah sözləri fars dilində, təsərrüf sözü
ərəb dilində nə anlamlarda işlənir-işlənsin, o anlamların Azərbaycan türkcəsinə aidiyyəti
yoxdur və biz öz dilimizdən, öz dilimizdə var olan anlamlardan çıxış etməliyik. Fars dilində
sər “baş”, bəst “bağlı” demək olduğu halda, Azərbaycan türkcəsində bu sözlərin
birləşməsindən oluşan sərbəst “bağlı olmayan, azad, müstəqil” sözü işlənir və farsca əslinə
tərs düşən həmin sərbəst sözü farscanın yox, Azərbaycan türkcəsinin yaratdığı sözdür (Təbii
ki, hər kəs hər sözə istənilən anlamı yükləyə bilməz və biz bundan yox, sözün bir toplumda
qəbul edilən, yayılıb işlədilən fərqli anlamından danışırıq).
Maraqlıdır ki, Türkiyə türkcəsində hasta sözü (< fars. xəstə) Azərbaycan türkcəsindəki
anlamla eyni olsa da, gümrah sözü “aşırı dərəcədə böyüyən (bitki); gur, qüvvətli; uzun və
qıvrım (saç)” anlamlarında işlədilməkdədir. Deməli, hər dil sözə öz qəbul etdiyi anlamı
yükləyir və sözün hər dildə işlənən anlamı məhz o dilin özü üçün doğrudur və ona yanlış
anlam deyilə bilməz.
72
Anlamca dəyişdirilmə sözün mənimsənilməsinin – milliləşdirilərək bir dilə
uyğunlaşdırılmasının yollarından biridir və indiki anda bizi daha çox başqa bir yol – sözün səs
tərkibinin dəyişdirilməsi ilgiləndirir. Bəllidir ki, istənilən dil, o sıradan bizim dilimiz bir sıra
alınma sözləri milliləşdirmək üçün onları səs tərkibi baxımından dəyişdirir və özünə
uyğunlaşdırır. Özəlliklə, tərkibində özümlü səslər (və yazıda bu səsləri ifadə edən hərflər)
işlənmiş sözlərin öz dilimizə uyğun dəyişdirilməsi – o sözlərin öz uyğun səslərimiz (və
yazıda öz uyğun hərflərimiz) ilə verilməsi qaçılmaz bir zərurətdir. Bu zərurətdən irəli gələrək
artıq çoxdan ərəb dilinin özümlü səslərini (və ərəb əlifbasındakı özümlü hərfləri) öz dilimizin
səsləri (və uyğun hərfləri) ilə işlətməkdəyik. Təbii ki, bu gələnək davam etdirilməli, dilimizə
keçən alınma sözlər və işlətməli olduğumuz yabançı adlar mütləq öz dilimizin qaydaları
əsasında deyilməli və yazılmalıdır.
Ancaq çox yazıqlar ki, son dönəmdə bunun tərsi yayılmaqda və yabançı sözlərin, adların
yazılışında bəzən dilimizin qaydaları bir qırağa atılaraq həm danışıq dilimizə, həm də
özəlliklə yazılı ədəbi dilimizə başqa dillərin (daha doğrusu, hakim dövlət dillərinin) qaydaları
gətirilməkdədir. Dilimizlə bağlı ciddi dövlət siyasətimiz hələ tam biçimlənib oturuşmadığına
və dilimizi qorumaq üçün ona-buna satılmaz dil gömrüyümüz hələ yaranmadığına görə, bu
başqa dil qaydaları asanlıqla yazımıza yol tapır, ədəbi dil standartlarımızı pozub ikilik salır və
dilimizi korlayırlar. Örnəyin, dilimizin qaydaları əsasında doğru yazılışı “Speys”,
“VaĢinqton Post”, “Nyu-York Tayms”, “Bi-Bi-Si”, “Fridom Haus”... kimi olan yabançı
adların “Space”, “The Washington Post”, “The New-York Times”, “BBC”, “Freedom
House”... yazılışı imla qaydalarımızı kiçik düşürməkdən, ayaqlar altına atıb tapdalamaqdan
başqa bir nəsnə deyil...
Burada bir-birinə tərs olan iki qayda üz-üzə gəlib qarşılaşmaqdadır: 1. alınma sözlər və
yabançı adlar öz dilimizin qaydalarına uyğun yazılmalıdır; 2. alınma söz və yabançı
adların qaynaq dildəki yazılıĢı eynilə bizdə də qorunmalıdır.
Birinci qayda dilimizin imla (orfoqrafiya) normalarını düzənləyən fonetik ilkədən irəli
gəlir və dilimizdə geniş yayılmış tam aparıcı bir qaydadır.
İkinci qayda tarixi-gələnəksəl ilkəni andırır və sanki ona uyğunmuş kimi görünür. Ona
görə yansıdır (əks etdirir) yox, andırır (xatırladır) deyirik ki, gerçək tarixi-gələnəksəl ilkə
qaynaq dildəki yazılışı deyil, öz dilimizdəki yazılışı bildirir və bizim tariximizdə olan, bizim
keçmişdən indiyə sürüb gələn yazı gələnəyimizi ortaya qoyur. Qaynaq dildəki yazılışı olduğu
kimi qoruma isə bizim yox, qaynaq dilin tarixi-gələnəksəl ilkəsinə uyğunluqdur. Qaynaq dilin
tarixi-gələnəksəl ilkəsinə uyğunluq bizim üçün yeni bir ilkə deməkdir və bu yeni ilkəni
qaynaq dili yamsılama ilkəsi adlandıra bilərik.
Dostları ilə paylaş: |