hakimiyyət orqanlarının özü belə bunu etiraf etməyə məcbur olurdu. Çoxsaylı
rəsmi sənədlərdə qaçaqların xalqın ən geniş yardımına arxalandıqları qeyd edilir.
Yelizavetpol qubernatoru Cənubi Qafqaz diyarı baş rəisinin adına 1885-ci
il 25 iyul tarixli hesabatında qaçaqlarla mübarizə üçün görülmüş tədbirlər
barəsində məlumat verərək, bədbin halda etiraf edirdi ki, ... ―nə qədər onlar, demək
olar ki, bütün müsəlman əhalisinin himayədarlığından istifadə edirlər, görülmüş
tədbirlərin tam müvəffəqiyyətinə ümid bəsləmək qeyri-mümkündür‖ [47].
Şimali Azərbaycanın bütün quberniyalarında qaçaqların gizlədilməsi
fövqəladə dərəcədə geniş yayılmışdı. Polis ―quldurların (qaçaqların - Red.) hansı
kəndlərdə gizləndiklərini bilir, əl-ayaqdan düşür, lakin gizlədilməyə əməli yardım
göstərən bütün əhli polisə qarşı olduğundan, onları tapa bilmir‖ [48].
Qeyd etmək lazımdır ki, çox vaxt qaçaq dəstələrində zülmkarlara qarşı təkcə
azərbaycanlılar deyil, başqa millətdən olanlar da çıxış edirdilər.
Mütləq qüvvə üstünlüyünün çar hakimiyyəti tərəfində olması və böyük
dəstələrin hakimiyyət orqanlarının təqibindən yaxa qurtarmasının çətinliyi üzündən
qaçaqlar partizan mübarizəsi taktikasını tətbiq edirdilər: onlar sayı 10 nəfərdən ibarət
olan xırda dəstələr halında fəaliyyət göstərirdi. Lakin bəzən onlar daha böyük dəstələr
şəklində də birləşirdilər. Qaçaqlar qəflətən basqınlar edir, gözlənilmədən meydana
atılır və o sürətlə də, aradan çıxırdılar. Qaçaqlar adətən at üstündə hərəkət edir, bəzən
gün ərzində böyük məsafələri qət edirdilər. Qaçaqlar üçün fövqəladə igidlik və hünər
səciyyəvi idi. Onlar hər addımda özlərini izləyən ölümün gözünə dik və cəsarətlə
baxırdılar.
XIX yüzillikdə qaçaq hərəkatı tarixinin ən şanlı səhifələri Azərbaycan
xalqının əfsanəvi qəhrəmanı Qaçaq Nəbi tərəfindən yazılmışdır. Belə hesab edirlər
ki, o, 1854-cü ildə Zəngəzur qəzasının Mollu kəndində anadan olmuşdur. Onun atası
yoxsul kəndli olan Əli özünün böyük ailəsini çətinliklə dolandırırdı. Nəbi hələ uşaq
ikən həmkəndlisinə - qolçomaq Kərbəlayı Cəfərə çobanlığa verilmiş, ağır istismar və
hədsiz özbaşınalığın bütün dəhşətlərini öz üzərində hiss etmişdi. O, artıq gənc
yaşlarından kəndin yoxsul adamlarının qanını zəli kimi soranların hamısına nifrət
edirdi. 1875-ci ildə o, aşağımolluların torpaqlarını ələ keçirmiş yerli torpaq sahibkarı
Məmməd bəyi ağır yaralamışdı, həmin vaxtdan Nəbi hökumətdən gizlənməli olmuş və
qaçağa çevrilmişdi. Nəbi 20 il ərzində əldə silah kəndlilərin mənafeyini qoruyaraq,
yerli istismarçıları və çar müstəmləkəçilərini dəhşətə salmışdı.
Naxçıvan qəzasının Zeyvə kəndində ən məhsuldar torpaqlardan kənd varlıları
və torpaq sahibkarlarının özləri istifadə edirdilər. Bu, kəndlilərin vəziyyətinə ağır təsir
göstərir, onlan ağır ehtiyaca möhtac edirdi. Kəskin aztorpaqlılıq üstündə varlı və
yoxsul kənd sakinləri arasında hər il toqquşmalar baş verirdi. Kəndlilər çarın
özünədək bütün idarələrə şikayətlə müraciət edirdilər. Kəndlilərin inadlı mübarizəsi
hakimiyyət orqanlarını Tiflisdən bu kəndə məmurlar göndərməyə məcbur etdi.
Kəndlilər bunu Nəbiyə çatdırdılar. Nəbi yolda məmurların qabağını kəsərək, onlara
divan tutacağı ilə hədələdi. Bu məsələnin taleyini həll etdi. Bərk qorxuya düşmüş
məmurlar mübahisəni şikayətçilərin xeyrinə həll etdilər.
Nəbinin dəstəsi harada olursa olsun, kəndlilər onların ağır vəziyyətlərində
nəinki at, ərzaq verir, həm də qaçaqların mübarizəsində bilavasitə iştirak etməklə
düşməni əzməkdə onlara kömək edirdilər.
Qaçaq Nəbinin arvadı, xalq arasında igidlikdə ad qazanan Həcər onun sadiq
silahdaşı idi.
İran və yerli feodallara qarşı mübarizədə Cənubi Azərbaycan kəndlilərinə
kömək üçün Nəbinin dəstəsi tez-tez Arazın o tayına keçirdi. Cənubi Azərbaycan
xanları Nəbiyə nifrət edərək, hər vasitə ilə onu məhv etməyə çalışırdılar.
Nəbi öz qəhrəman mübarizəsi ilə xalq qəhrəmanı və zəhmətkeş
mənafelərinin müdafiəçisi şöhrətini qazandı. Azərbaycan kəndliləri öz qəhrəmanları
ilə fəxr edirdilər. Onların çoxu çətin anlarda kömək üçün Nəbiyə müraciət edir, çar
məmurlarını onun adı ilə hədələyirdilər.
Kəndlilərin çıxışı təkcə yerli çar hakimiyyət orqanlarını deyil, həm də
imperiyanın ali məmurlarını narahat edirdi. İstismarçılara qarşı vuruşan Nəbi və digər
igidlərin geniş xalq kütlələri içərisində müdafiə edilməsi onlan xüsusən təşvişə
salırdı.
1894-cü il iyunun 20-də Gürcüvan kəndində Nəbinin qardaşı Mehdi
hökumət casuslarının qurbanı oldu. Bundan üç gün sonra Nəbi həmin kəndin
mülkədarı və tacirlərinə divan tutdu. Sonra o, Həcəri Çiçəkli kəndində qoyaraq,
Arazın o tayına keçdi. Hökumət casusları dərhal bunu Zəngəzur və Naxçıvan qəza
rəislərinə çatdırdılar. Onlar Çiçəkliyə hücum təşkil edib Həcəri tutdular və Gorus
qalasına saldılar. 1895-ci il oktyabrın 28-də Nəbi öz dəstəsi ilə Gorusu mühasirəyə
aldı və qala rəisi Səlim bəydən Həcərin buraxılmasını tələb etdi. Tələb yerinə yetirildi.
Çar hakimiyyəti orqanları Nəbini öldürən və ya onun öldürülməsində
fərqlənən adamlara çoxlu pul, qiymətli hədiyyələr, vəzifə və medalla
mükafatlandırmağı vəd etmişdi.
1895-ci ilin sentyabrında Naxçıvan qəza rəisi Urmiya şəhərində yaşayan,
orada ticarətlə məşğul olan Ordubad taciri hacı Fərəc oğluna Nəbinin İranda
öldürülməsini təşkil etməyi tapşırdı. Nəbinin qətli üçün tacirə qızıl medal və 1000
man. xərclik vəd edildi o qaçaqlardan Şahhüseyn və Kərbəlayı İmamı satın almağa nail
oldu. Onlar bir həftə ərzində Nəbini öldürməyə boyun oldular. 1896-cı il martın 12-də
onlar İranın Larni kəndində Nəbiyə hücum edərək onu öldürdülər [49]. Nəbinin
dəstəsi hamı tərəfindən tanınmış başçının ölümündən sonra dağıldı. Nəbinin ölümü
kəndlilərin qəzəbinə səbəb oldu. Onlar sevimli xalq qəhrəmanının xatirəsini həmişəlik
əziz tutaraq, haqqında ürəkdən gələn nəğmələr qoşdular. Sonralar bu nəğmələr
"Qaçaq Nəbi" xalq dastanının əsasını təşkil etdi.
Qaçaq hərəkatı müstəmləkəçiləri ciddi surətdə narahat edir, onu yatırmaq
üçün çarizm ən amansız tədbirləri görürdü [50]. Hakimiyyət orqanları zemstvo
mühafizə dəstələrini, ovçu komandalarını və hərbi hissələri qaçaqlara qarşı göndərirdi.