Hökumət orqanlarının əlinə düşən qaçaqlar hərbi səhra məhkəmələrində mühakimə
edilir, qaçaqlara yardım göndərənlərə qarşı amansız tədbirlər görülürdü. Cəza
tədbirləri həm ayrı-ayrı şəxslərə, həm də bütöv kənd cəmiyyətlərinə qarşı tətbiq
edilirdi. Sonunculara qarşı tətbiq edilən cəza tədbirlərinin məqsədi sərt iqtisadi təzyiq
yolu ilə kəndliləri qaçaqlara yardımı dayandırmağa məcbur etməkdən ibarət idi. Bu
tədbirlərdən ən ağırı ekzekusiya (bədən cəzası) idi: qaçaqlarla əlaqədar olan kəndlərdə
hərbi, adətən kazak komandası yerləşdirilir və bu komandanı sakinlər öz hesablarına
saxlamalı idilər. Məsələn, 1896-cı ildə Göyçay qəzasının Qarabucaq kəndi ekzekusiyaya
məruz qaldı, 25 nəfər kazak da bir aylığa burada yerləşdirildi [51].
Ekzekusiyalar hərbi komandalar tərəfindən kəndlilər üzərində kobud
özbaşınalıq, ələsalınma və birbaşa zorakarlıqla müşayiət olunurdu. Çar hökuməti
qacaqlara yardım göstərmiş kəndlərin bütünlüklə sürgün edilməsi kimi amansız cəza
tədbirlərini tətbiq etməkdən çəkinmirdi. Hökumət orqanları sürgün edilmiş
kəndlilərin yerində rus köçkünlərini yerləşdirir, onlardan özünün müstəmləkə
siyasətini həyata keçirmək aləti kimi, qismən də qaçaqlara qarşı mübarizədə istifadə
etməyə can atırdı. Yalnız altı il (1889-1894) ərzində Quba qəzasında beş kəndin
sakinləri bütünlüklə sürgün edilmiş, onların yerində köçkün rus kəndləri
yaradılmışdı,
Kəndlilərin sosial və müstəmləkə zülmünə qarşı etirazının digər, müxtəlif
hakimiyyət orqanlarına, vəzifəli şəxslərə sözün əsl mənasında, ərizə yağışı
yağdırırdılar.
Kəndli etirazının bu, ən az fəal formasının geniş yayılması Şimali
Azərbaycan kəndlilərinin əsrlər boyu despotik rejimdə (əvvəl xan, sonra isə
mütləqiyyət rejimi) yaşaması ilə şərtlənirdi. Ağır əsarət isə ―nəsildən-nəslə‖ keçən
itaət vərdişi doğururdu. Hakimiyyət orqanları ilə açıq toqquşmadan çəkinən kəndlilər
şikayətlərə geniş şəkildə əl atırdılar. Qanun şikayətləri qadağan etmirdi. Hakimiyyət
orqanlarından himayədarlıq axtaran kəndlilərin əsassız ümidləri şikayətlərin, bəzən
məqsədlərinə çatması da, bu etiraz formasının geniş yayılmasına təkan verirdi.
Kəndli şikayətlərinin ən çox hissəsi kəndlilərin torpaq sahibliyi və torpaqdan
istifadə məsələləri ilə əlaqədar idi. Kəndlilər torpaq təminatlarının yaxşılaşdırılması
tələbi ilə müxtəlif idarə və vəzifəli şəxsləri sanki aramsız ―atəşə‖ tuturdular. Lakin kiçik
istisnalar edilməklə, aztorpaqlılıq barəsindəki kəndli şikayətləri nəticəsiz qalırdı.
Xəzinə torpaqlarının kütləvi şəkildə bəylər tərəfindən tutulması ilə əlaqədar
olaraq dövlət kəndlilərindən çoxlu şikayətlər gəlirdi [52]. Əksər hallarda pay
torpaqlarının zorla tutulması barəsindəki kəndli şikayətləri müsbət nəticə vermirdi
[53]. Kəndli şikayətlərinin ancaq kiçik bir hissəsi onların xeyrinə həll edilirdi.
Kənddə kapitalist münasibətlərinin inkişafı və kəndlilərin təbəqələşməsi ilə
əlaqədar zəhmətkeş kəndlilərin istismarçı qolçomaqlara qarşı mübarizəsi meydana
çıxdı və genişlənməyə başladı. Kəndlilər öz pay torpaqlarının qolçomaqlar tərəfindən
tutulması cəhdlərinə qarşı fəal mübarizə aparırdılar. Onlar varlıların vaxtaşırı torpaq
bölgülərini ləğv etmək yolu ilə əvvəllər ələ keçirilmiş pay torpaqlarını əldə saxlamaq
cəhdlərinə inadlı müqavimət göstərirdilər. Kəndlilər kəndin varlı təbəqəsinin
zorakılığına qarşı mübarizə apararaq, pay torpaqlarının vaxtaşırı olaraq yenidən
bölüşdürülməsini tələb edirdilər.
1895-ci ildə Bakı qəzası Saray kəndinin 34 torpaqsız kəndlisi Cənubi
Qafqaz diyarının baş rəisinə şikayətlə müraciət edib tələb edirdilər ki, ya onlar
mükəlləfiyyətləri daşımaqdan azad edilsinlər, ya da pay torpaqları bərabər bölünsün.
Kəndli həyatının ən vacib məsələlərindən biri vergi əsarətini
yüngülləşdirmək uğrunda mübarizə idi. Kəndlilər öz şikayətlərində həddən artıq ağır
vergi və mükəlləfiyyətləri azaltmağı, onları özlərinin iqtisadi imkanları ilə
uyğunlaşdırmağı, ödənilməmiş vergiləri bağışlamağı və s. inadla tələb edirdilər. Bir
qayda olaraq, çar hakimiyyət orqanları bu məsələlərdə kəndlilərin ağır vəziyyəti ilə
hesablaşmır və ancaq xəzinənin mənafeyi qayğısına qalırdı. Kəndli şikayətlərinin
əksəriyyətinin taleyi göstərir ki, ancaq çox nadir hallarda çar hakimiyyət orqanları vergi
yükünü azaltmağa, ödənilməmiş vergiləri ləğv etməyə razılıq verirdilər.
Buna görə də bəzi kəndlilər bütöv kənd cəmiyyətləri halında vergiləri
ödəməkdən boyun qaçırırdılar. Bəzən də məsələ kəndlilərin nifrət etdikləri vergi
yığanlara qarşı zorakılığa qədər gedib çıxırdı. Hətta kəndlilərin mükəlləfiyyətləri
yerinə yetirmək iqtidarında olmayan borclular sırasına düşdükləri hallarda belə, çar
hakimiyyət orqanları onların vergi yükünü yüngülləşdirməkdən boyun qaçırırdı [54].
Buna görə də kəndlilər tez-tez mükəlləfiyyətləri yerinə yetirməkdən boyun
qaçırırdılar.
Kəndli ərizələrinin böyük hissəsini yerli hakimiyyət orqanlarında çalışan
vəzifəli şəxslərin özbaşınalığı və sui-istifadələrinə (bunlar çarizmin Rusiya
imperiyasında yaratdığı zorakılıq rejiminin qanunauyğun nəticələri idi) qarşı
şikayətlər təşkil edirdi.
Kəndli hərəkatı formalarından biri meşələrin qırılması idi. Məlum olduğu kimi,
kəndlilərin meşə ilə təmin olunma səviyyəsi onların maddi təminatı vəziyyətini
müəyyənləşdirən mühüm amillərdən biri idi.
XIX yüzilliyin 50-ci illərinədək Şimali Azərbaycanın dövlət kəndliləri
meşələrdən sərbəst və təmənnasız istifadə edirdilər. Sonralar hakimiyyət orqanları
kəndlilərin meşədən istifadə hüquqlarına qarşı hücuma başladı. Bunun da nəticəsində
80-ci ilin ortalarında, yüksək vəzifəli bir çar məmurunun etiraf etdiyi kimi, ―meşələrdən
sərbəst istifadə etməkdən əhaliyə ancaq xoş xatirələr qalmışdı‖ [55].
Meşələrin qırılması üstündə 1899-cu ildə Nuxa qəzasının Sabatlı kəndində
ciddi həyəcanlar baş verdi. Qətiyyən meşələri olmayan sabatlılar ağac materiallarını ya
satın alır, ya da onu gizlicə Zaqatala dairəsinin qonşuluğunda yerləşən xəzinə
meşələrindən qırırdılar. 1899-cu il mayın 15-də berdankalarla silahlanmış bir qrup
sabatlı arabalarda meşəyə gəlib ağac kəsməyə başladı. Meşə gözətçilərı onları görüb
yaxınlaşmağa başlayanda, kəndlilər meşəni qırmaqda davam edə-edə atəş açdılar.
Gözətçilərin özbaşına meşə qırılması barəsində göndərdikləri xəbərdən sonra atlı-