texnikasına görə, rəngarəng olan və xalq məişətində geniş istifadə edilən bədii
tikmə də geniş yayılmışdı. Geyimin, binanın içəri hissəsinin və xırda
avadanlıqlarının müxtəlif əşyaları əsasən güləbətinli, muncuqlu tikmələrdən,
parıltılı lövhələrdən və s. tərtib edilirdi.
Şimali Azərbaycanın bədii sənətkarlığında basma üsulu ilə hazırlanan
güllü ipək qadın baş örtükləri – kəlağayı və pambıq parçalar – qələmkar mühüm
yer tuturdu. Metaldan olan bədii məhsullar – mis qablar, müxtəlif naxışlarla
bəzədilmiş silahlar, dəmirçilik məmulatı geniş yayılmışdı. Qızıldan və gümüşdən
hazırlanmış, rəngli daşlarla və emalla naxışlanmış boyunbağılar, kəmərlər, üzüklər,
qolbaqlar və kişi geyim əşyaları orijinal olub, Rusiyanın və Qərbi Avropanın
bazarlarında maraq doğururdu. Ağac üzərində oyma da geniş yayılmışdı.
XIX yüzilliyin birinci yarısında Şimali Azərbaycanın monumental
memarlığında tənəzzül meyli özünü aydın göstərirdi. Digər tərəfdən isə xalq
memarlığında kifayət qədər intensiv inkişaf müşahidə olunurdu.
Bu dövr ilk növbədə onunla əlamətdardır ki, Şimali Azərbaycanda rus
şəhərsalma mədəniyyətinin təcrübəsi yayılırdı. Ən iri şəhərlər olan Bakının,
Şamaxının, Naxçıvanın, Gəncənin rus hərbi mühəndisləri tərəfindən tərtib edilmiş
planları bu şəhərlərin gələcəkdə hazırlanacaq baş planlarının başlanğıcı oldu.
İlkin baş plana əsaslanaraq həyata keçirilən daha erkən şəhərsalma
tədbirləri əvvəlcə Xəzər vilayətinin mərkəzi, sonra isə quberniya mərkəzi kimi
abadlaşdırılmağa başlayan Şamaxı şəhəri ilə bağlıdır.
Bu dövrdə Rusiyada bütün quberniya şəhərlərində tikinti və abadlıq
işlərinə nəzarət edən baş memarın olmasını nəzərdə tutan qanun mövcud idi. Baş
memarı olan ilk Azərbaycan şəhəri quberniya mərkəzinə çevrildikdən sonra
Şamaxı olmuşdur. Şamaxının bizə gəlib çatmış 1839, 1844, 1847-ci illərə aid
planlarında şəhərin ilk müntəzəm tikinti rayonu qeydə alınmışdır.
Bu planları diqqətlə nəzərdən kerçirdikdə aydın olur ki, Şamaxının hələ
feodalizm dövründə formalaşmış quruluşu şəhərin yeni tikinti-abadlıq işlərinə
müəyyən təsir göstərirdi. Şəhərin daha yüksək hissəsində yerləşən və toxunulmaz
saxlanan Şamaxı bürcü – Bala Qala şəhərin baş küçəsinin istiqamətində təsir
göstərirdi. Belə ki, baş küçə bu bürcün divarlarına paralel gedir, digər küçələr isə
bu küçəni düzbucaq altında kəsirdilər.
Şəhərsalma mütəxəssisləri, öz növbəsində, əsas küçələrdən birinin
istiqamətinə təsir göstərən Cümə məscidi tikinti kompleksinə də toxunmamışdılar.
Göstərilən küçə bu qədim məscidin baş fasadına paralel gedirdi.
Şamaxı şəhərinin o vaxtkı baş memarı Abrocianın müavini Qasım bəy
köhnə anbar binasının teatr binasına çevrilməsini lahiyələşdirmişdi. Parterdən
əlavə lojalar da olan bu binada artıq 1857-ci ildə tamaşalar verilirdi.
1810-cu ildə Bakının İçərişəhərində ilk dəfə müntəzəm tikinti rayonu
meydana gəldi. İçərişəhərdə iki və bəzi hallarda üçmərtəbəli evlər tikilirdi. Bu
evlərin memarlığında Azərbaycanın mənzil tikintisi memarlığının təcrübəsi həm
şəhər mənzil tikintisi memarlığının ənənələri, həm də şəhər mənzil tikintisi
memarlığının yenilikləri ilə üzvi şəkildə birləşirdi. Azərbaycanın feodal
şəhərlərindəki yaşayış evlərindən fərqli olaraq, bu yeniliyin xarakterik cəhəti əsas
fasadın pəncərələrlə birlikdə küçəyə baxmasında idi.
XIX yüzilliyin birinci yarısında Şəki və Şuşa şəhərlərində də xeyli
şəhərsalma işləri görülmüşdü. Gəncə isə əsasən özünün keçmiş görkəmini
saxlayırdı.
Bu dövrdə onunla əlamətdardır ki, xalq memarlığı ənənələri əsasında
yarımşəhər tipli yaşayış evləri meydana gəlir və yüzilliyin ikinci yarısında onlar
Azərbaycanın qəza və quberniya şəhərlərində aparıcı yer tuturdular.
Bu hadisənin mahiyyəti ondan ibarətdir ki, öndə ―eyvan‖ yerləşməklə bir
sırada düzülən yaşayış otaqları ilə xarakterizə olunan Şimali Azərbaycanın ənənəvi
yaşayış evlərindən fərqli olaraq, otaqları iki sırada düzülmüş ev tipi formalaşır.
Eyvanlar həyət tərəfdən şüşəli qalereyalara çevrilir, küçə tərəfdən isə küçə
eyvanları meydana gəlirdi.
Tikinti texnikasının özündə də ciddi dəyişiklik baş verir. Yaşayış evlərinin
tikintisində ağırçəkili günbəz və qülləşəkilli konstruksiyalar yastı damlarla əvəz
olunur ki, bu da Rusiyadan gətirilən ağac material gətirilməsi hesabına mümkün
olurdu.
Memarlığın inkişafında həmin dövrdə tikinti işlərində adi şeyə çevrilən və
həmçinin Rusiyadan gətirilən şüşə də az rol oynamırdı.
Yaşayış evlərinin istilik sisteminin təşkilini də mütərəqqi hadisə hesab
etmək lazımdır. Məlum olduğu kimi, əvvəllər Şimali Azərbaycanda yaşayış
evlərinin qızdırılması kürsü və buxarı kimi qurğular vasitəsilə həyata keçirilirdi.
Kürsünün mahiyyəti ondan ibarət idi ki, otağın ortasında qazılmış çuxura içərisində
közərdilmiş kömür dolduran manqal qoyulur, onun üstünə isə kiçik masanı
xatırladan qurğu bərkidilir və bu masa yorğanla örtülürdü. Bu masanın ətrafında
oturarkən və yaxud gecələr onun ətrafına salınmış yorğan-döşəkdə yatarkən kifayət
qədər isti olurdu.
Divar içində olan buxarı isə tüstü dövriyyəsi olmadığından lazımi səmərə
vermirdi, istiliyin çox az hissəsi otağın qızdırılmasına gedir, əsas kütləsi isə boru
vasitəsilə bayıra çıxırdı. Tüstüçəkəni olan divar sobalarının meydana gəlməsi,
şübhəsiz ki, həmin dövrdə Azərbaycanda mənzil mədəniyyətinin yüksəlməsində
müəyyən rol oynadı.
Bu dövrdə Şimali Azərbaycanda xeyli mahir memar, həkkak yaşayıb-
yaradırdı ki, bunlar arasında da Rəcəbəli, Tağı, Mehdi, Xalıq, Zeynal, Rəcəb və b.
ustalar seçilirdilər. Bu ustalar tərəfindən Ağsu və Şamaxıda sərdabələr tikilmiş,
Abşeronda daş üzərində bir sıra yazılar həkk edilmiş, bir neçə məscid, ovdan və s.
inşa olunmuşdu. Lakin bu dövr tikililərinin əksəriyyəti bir çox cəhətdən
Azərbaycanın m emarlıq incilərindən geriyə qalırdı.