Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Yüklə 3,91 Mb.
səhifə18/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

6.6. Pul islahatları
Pul islahatları pul sisteminin nizamlanması və möhkəm­lən­diril­məsinə nail olmaqdan ötrü pul tədavülü sahəsində dəyişikliklərin edilməsi istiqamətindəki tədbirlər toplusudur. Pul islahatlarının məqsədi inflyasiyanın mənfi nəticələrinin aradan qaldırılmasıdır. Lakin isla­hat­ların həyata keçirilmə üsulları ölkənin iqtisadi və siyasi inkişaf səviy­yəsindən, ölkədə konkret iqtisadi, siyasi və sosial vəziyyətdən, inflya­siya­nın müxtəlifliyindən və səbəblərindən, pulun dəyərsizləşməsi dərə­cəsindən, inflyasiya nəticələrinin səciyyəsindən, cəmiyyətin müxtəlif təbəqə və siniflərinin mənafeləri və qüvvələri arasındakı nisbətdən və b. asılı olaraq fərqlənirlər. Pul islahatları çox vaxt iqtisadi islahatların tərkib hissəsi kimi çıxış edir və buna görə də onların konkret məzmunu və istiqamətlənməsi iqtisadi islahatların məzmunu, məqsədi və vəzifə­lərin­dən irəli gələ bilər. Bununla əlaqədar olaraq, tarixi təcrübəyə nəzər salsaq təkamülün müxtəlif mərhələrində pul islahatlarının fərqli növlərinin tətbiq edildiyini görərik.

İlk növbədə, tam miqyaslı və natamam pul islahatlarını fərq­ləndirirlər. Pul sisteminin bütün ünsürlərinin yeniləşməsini nəzərdə tutan tam miqyaslı pul islahatının nəticəsində yeni pul sistemi yaradılır. Adətən, bu, dövlət quruluşunun köklü dəyiş­məsi, yeni siyasi-iqtisadi quruluşlu cəmiyyətin yaradılması, dövlətlər ittifaqının təşkil edilməsi, yaxud onların dağılması ilə əlaqədar olur. Məsələn, Rusiya imperiyasında 1917-ci il Oktyabr çevrilişi və bolşeviklərin hakimiyyətə gəlməsi, Sovet Respublikaları İttifaqının yaradılması; Sovet İttifaqının dağılması, yeni dövlətlərin yaranması və onların bazar münasibətlərinə keçməsi; keçmiş müstəmləkələrin siyasi müstəqilliyə nail olması; Avropada İqtisadi və Valyuta İttifaqının yaradılması.



Natamam pul islahatları pul sisteminin ayrı-ayrı ünsürlərinin yeniləşməsini nəzərdə tutur. Bu tip islahatın isə müxtəlif növləri məlumdur. Belə ki:

  1. Pul sisteminin bir tipindən digərinə keçid. Bu, bir pul əmtəə­sinin digəri ilə əvəzlənməsidir. Məsələn, bir metaldan başqasına, bime­tallizmdən monometallizmə, qızıl sikkə standartından qızıl-deviz və qızıl-külçə standartlarına keçid.

  2. Sikkələrin, yaxud pul nişanlarının yeniləri ilə əvəzlənməsi. Məsələn, 1695-ci ildə İngiltərədə qəbul edilmiş qanuna əsasən əvvəlki çəkilərini itirmiş köhnə sikkələr yenidən zərb olunmaqdan ötrü təhvil verilməli idilər.

  3. Pul emissiyası sistemində dəyişikliklər, o cümlədən, bank­not­ların emissiya qaydasının, təminatının, qiymətlər miqyasının, pul vahi­dinin adlanmasının dəyişdirilməsi. Məsələn, ABŞ-da 1913-cü ildə qəbul edilmiş qanuna əsasən pul emissiyası və banknot təminatı qayda­larında dəyişikliklər edilmişdir. Belə ki, emissiya hüququ xəzinə­dar­lıqdan yeni yaradılmış 12 Federal Ehtiyat Bankına keçmiş, banknotlar isə dövlət qiymətli kağızlarının təminatı ilə deyil, qızıl və kommersiya vekselləri təminatı ilə (40% : 60% nisbətində) buraxılmaqa başlandı. 1934-cü ildə dolların əvvəlki qızıl məzmununun (1,50463 qr.) 0,888671 qr. qədər azadlılması ölkədə qiymətlər miqyasının dəyişməsi demək idi. 1939-cu ildə Fransada banknotların qızıl təminatı ləğv edildi. ABŞ banklarındakı depozitlərin 25%-nin qızıl təminatı 1965-ci ildə, banknotların qızıl təminatı isə 1968-ci ildə ləğv edilmişdi.

  4. Pul tədavülünün nisbi sabitləşdirilməsi. Məqsəd inflyasiyanın aradan qaldırılmasıdır ki, bunun üçün çox vaxt vergilərin artırılması, Mərkəzi Bankın uçot dərəcəsinin qaldırılması, bankların kredit əməliyyatlarının məhdudlaşdırılması, bəzi hallarda isə tədavüldən pul kutləsinin bir qisminin çıxarılması kimi inflyasiya tədbirlərindən istifadə edilə bilər. Pul sisteminin sabitləşdirməsi və ya nizamlanması metodları isə bunlardır:

- Denominasiya, yəni pul nişanların nominal dəyərinin dəyiş­dirilməsi. Buna «sıfırların pozulması» da deyilir, yəni milli pul vahilinin və qiymətlər miqyasının iriləşdirilməsi. Dəyişmə nisbətinə müvafiq qaydada qiymətlər, tariflər, əməkhaqları və b. dəyər göstəriciləri yenidən hesablanır. Məsələn, 1922-1924-cü illərin pul islahatları zamanı SSRİ-də üç dəfə – 1922, 1923 və 1924-cü illərdə denominasiyalar keçirilmişdir. 1961-ci ildə yenə də SSRİ-də 1:10 nisbətində denominasiya keçirilmişdir. Fransada 1958-1960-cı illərdə frankın 1 yeni frank = 100 köhnə frank nisbəti ilə denominasiyası keçirilmişdir. 2006-2007-ci illərdə Azərbaycanda denominasiyanın nisbəti 1 yeni manat = 5000 köhnə manat olmuşdur.

- Nullifikasiya, yəni yüksək inflyasiya nəticəsində dəyərsizləşmiş kağız pulların dövlət tərəfindən etibarsız elan edilməsi. Metallizm döv­ründə nulli­fikasiya tam dəyərli metal pullara yenidən qayıdılması ilə müşayiət olunurdu. Müasir dövrdə isə nullifikasiya metal pulların tə­davülə buraxılması isə deyil, dəyərsizləşmiş kağız pulların yeniləri ilə əv­vəl­cədən müəyyən edilmiş məzənnə əsasında əvəz edilməsi ilə səciy­yələnir. Məzənnə çox aşağı olduqda nullifikasiya faktiki olaraq milli val­yutanın devalvasiyasına uyğun gəlir. Məsə­lən, 1924-cü ildə Almaniyada tədavülə buraxılan yeni pul vahidi köhnələrini 1 yeni marka = 1 trilyon köhnə reyxsmarka nisbətində əvəzləmişdir. 1944-cü ildə Yunanıstanda nullifikasiya zamanı hər 50 mlrd. köhnə drax­ma 1 yeni draxma ilə əvəz edilmişdir. Latın Amerikası ölkələrində dəfələrlə nüllifikasiya keçirilib.

- Devalvasiya, yəni xarici valyutalara nisbətən milli valyuta məzən­nəsinin düşməsi və milli valyutanın revalvasiyası, yəni xarici valyutalara nisbətən onun məzənnəsinin qalxması. Qızıl paritetlər sistemi ləğv edilənə qədər devalvasiya milli pul vahidinin qızıl məzmununun azal­dılması, revalvasiya isə əksinə artırılması şəklində baş verirdi. Qızıl sikkə standartı dövründə devalvasiya və revalvasiyadan pul təda­vülü və milli valyuta məzənnəsinin sabitləşdirilməsi üsulları kimi istifadə edilirdi və onlar kredit pulların qızıla dəyişdirilməsinin bərpa olunması və qızıl standarta yenidən qayıdılması ilə müşayiət olunurdu.

Qızıl paritetlər ləğv edildikdən sonra dəyişən («üzən») məzənnələr şəraitində inkişaf etmiş ölkələrdə devalvasiya milli valyutanın məzən­nə­sinin xarici valyutaya nisbətən enməsi, revalvasiya isə qalxması məz­mununu daşıyır. Hər ikisi gündəlik olaraq valyuta bazarlarında öz-özünə baş verir. Valyuta məzənnəsi təsbit edilmiş ölkələrdə isə hər iki proses milli pul vahidinin rəsmi valyuta məzənnəsinin qanunvericilik əsasında dəyişdirilməsi yolu ilə baş verir.

Kredit pulların qızıla dönərliliyi tamamilə ləğv ediləndən sonra pul tədavülünün sabitləşdirilməsi üsulları kimi devalvasiya və revalvasiya öz əhəmiyyətlərini itirdi və yalnız milli valyuta məzənnəsinin tənzim­lən­məsində istifadə olunurdu.

Həyata keçirilmə müddətinə görə qısa və uzunmüddətli pul islahatları məlumdur. Birinci halda pul islahatı maksimum 10 gün çəkir. Qısamüddətli pul islahatları əhalinin islahatın müddəti və məzmunu haqqında əvvəlcədən məlumatlandırılmasını nəzərdə tuta bilər. Belə edilmədikdə, SSRİ-də 1990-cı ilin pul islahatında olduğu kimi, əslində şok islahat baş verir. Uzunmüddətli islahat isə bir neçə həftədən bir neçə ilə kimi uzana bilər. Bu zaman islahat tam başa çatdırılana qədər köhnə pul nişanları ilə yanaşı yeni pul nişanları eyni vaxtda, yəni paralel olaraq tədavüldə iştirak edir.

Keçirilmə məqsədlərinə görə köklü (geniş) məqsədli və məhdud məqsədli pul islahatları məlumdur. Köklü məqsədli pul islahatı yenitipli milli pul sisteminin yaradılmasına yönəlir. Buna tam miqyaslı pul islahatları uyğun gəlir.

Məhdud məqsədli pul islahatları cəmiyyətin siyasi-iqtisadi quru­luşunu, o cümlədən pul sistemini kökündən dəyişmədən, yalnız milli pu­lun sabitləşdirilməsi məqsədini güdür. Deməli, belə islahatlar sabit­ləşdirici pul islahatları adlandırıla bilər.

Sabitləşdirici pul islahatları keçirilmə metodlarına görə müsadirəli və müsadirəsiz ola bilər. Müsadirəli sabitləşdirici pul islahatları qısa müddətdə keçirilir, bir qayda olaraq pul sisteminin bəzi ünsürlərinin ye­ni­ləşməsini nəzərdə tutur. Buna görə də, natamam pul islahatının məq­sədi müsadirə yolu ilə artıq pul kütləsinin tədavüldən çıxarılması ol­duqda, onun keçirilmə müddətləri və məzmunu heç vaxt əvvəlcədən elan edilmir. Belə islahatlar qəfildən və çox qısa zaman ərzində keçirilir. Bunun klassik misalı kimi, 1990-cı ildə SSRİ-də keçirilmiş və əhali arasında «Pavlov islahatı»36 adını almış pul islahatı göstərilə bilər. Onun rəsmi məqsədi müsadirə yolu ilə nominal pul kütləsinin azaldılması vasitəsilə «qara bazarı» boğmaq idi. Odur ki, islahatın başlaması əhali üçün tam gözlənilməz oldu. Qərb iqtisadçıların rəyinə görə, məhz gözlənilməzliyin təsiri ilə pul kütləsinin təqribən 20% müsadirə yolu ilə tədavüldən çıxarıldı. Bu mənada islahat nominal pul kütləsinin azaldılması məqsədinə nail oldu. Lakin, «qara bazarı» aradan qaldırmaq mümkün olmadı. Əvəzində isə, əhalinin dövlətə olan inamı sarsıldı.

Müsadirəsiz sabitləşdirici pul islahatlarının məqsədi qanunsuz pul nişanlarının dövriyyədən çıxarılması, köhnə pul nişanlarının saxta­kar­lıq­dan daha yaxşı qorunan yeniləri ilə əvəzlənməsi ola bilər. Belə isla­hatların keçirilməsi dövrü və məzmunu, mahiyyəti haqqında əhaliyə əvvəlcədən kifayət qədər ətraflı məlumat verilir.

Sabit pul sistemi, pul tədavülü və milli valyutanın başlıca düşməni olan müasir inflyasiyanın aydın görünən çoxamilli səciyyəsi yalnız hər hansı bir üsul və alətdən istifadə olunmasını səmərəsiz və hətta müm­künsüz edir. Əksinə, pul sisteminin və onun bütün ünsürlərinin sabitləş­dirilməsinin ilkin şərtlərinin bütöv bir sisteminin mövcudluğu olmayan yerdə isə onun yaradılması tələb olunur.

Pul sisteminin sabitləşdirilməsinin birinci, köklü ilkin şərtini iqtisadi ar­tıma, yüksəlişə, istehsal və ticarətin genişlənməsinə nail olmaq təşkil edir.

Pulun sabitliyinin ikinci ilkin şərti kimi çox vaxt inflyasiyanın generatoru ad­lan­dırılan dövlət büdcəsi kəsirinin aradan qaldırılması və yaxud da əhəmiyyətli dərəcədə azaldılması təşkil edir.

Pul kütləsinin iqtisadi dövriyyənin normal hərəkəti üçün kifayət olan səviyyəyə qədər azaldılması üçüncü ilkin şərti müəyyən edir.

Milli valyutanın sabitliyinin növbəti ilkin şərtini ölkənin ticarət, tədiyyə və hesablaşma balanslarının tarazlığı və sabitliyi, onun bey­nəlxalq hesablaşma və ödənişlərinin nizama salınması, ölkənin tədiyyə qabiliyyətini və milli valyuta məzənnəsini qoruyub saxlamaqdan ötrü zəruri və kifayət olan rəsmi qızıl və valyuta ehtiyatlarının toplanılması təşkil edir.


6.7. Azərbaycan Respublikasında inflyasiya prosesləri
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin «Azər­baycan Respublikası milli valyutasının tədavülə buraxılması haq­qında» 15 iyul 1992-ci il Fərmanına əsasən 15 avqust 1992-ci il ta­ri­xindən etibarən ölkəmizin ərazi hüdudlarında ilk dəfə olaraq Azər­baycan manatı buraxılmaqa başlandı. 1994-cü ilə qədər manat Rusiya rublu ilə paralel olaraq 1 manat = 10 rubl nisbətində istifadə olunurdu. 1994-cü ildən isə manat Azərbaycan Respublikası ərazisində yeganə qanuni ödəniş vasitəsi oldu.

Qeyd edilməlidir ki, bu hadisə Azərbaycan tarixinin postsovet dövrünün 1991-1995-ci illəri əhatə edən ilk mərhələsinə təsadüf edir. Bu, məlum hərbi-siyasi və sosial-iqtisadi sarsıntılar dövrü idi. Sovet döv­ründə əldə edilmiş bütün müsbət nailiyyətlər – sosial, iqtisadi, siyasi sa­bitlik itirildi. Hərc-mərclik və tənəzzül dövrü olan 1991-1995-ci illərdə ölkənin ÜDM-in illik azalması 13-20% arasında olmuşdur. Hər adambaşına düşən orta gəlir 3,6 dəfə, əhalinin əməkhaqları 8,2 dəfə azalmışdır.

Bu illərdə iqtisadi islahatlar beynəlxalq iqtisadi fəaliyyətin və qiymətlərin liberallaşması ilə başladı. Artıq 1991-ci ildə istehlak qiymətləri 1990-cı illə müqayisədə 2,07 dəfə qalxmışdır. 1992-1994-cü illər Azərbaycanda hiperinflyasiya dövrü oldu. İnflyasiya 1992-ci ildə 1012,3%, 1993-cü ildə – 1229,1%, 1994-cü ildə isə 1763,5% təşkil edirdi. Təsadüfi deyil ki, 1995-ci ildə kasıblıq həddindən aşağı səviyyədə yaşayanların xüsusi çəkisi 68,1%-ə çatmışdır. Baxmayaraq ki, həmin 1995-ci ildə inflyasiya çaparaq səviyyəyə (84,5%) düşmüşdür.

1995-ci ildə Milli Bankın faiz dərəcəsi 250%-ə çatmışdır, manatın Rusiya rubluna məzənnəsi 10 dəfə, ABŞ dollarına isə 245 dəfə düşmüşdür.

Deyilənlər onu göstərir ki, bütün keçmiş Sovet respublikalarında olduğu kimi, Azərbaycanda da mərkəzləşmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid istehsalın dərin böhranı, inflyasiyanın kəskin sıçrayışı, milli valyutanın sürətlə dəyərsizləşməsi, əhalinin sosial duru­munun pisləşməsi ilə müşayiət olunurdu. Bunları aradan qaldırmaqdan ötrü köklü islahatlar tələb olunduğundan bir sıra konsepsiya, strategiya və proqramlar qəbul edilmiş və onların həyata keçirilməsinə başlanıldı.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramının icrası və sahibkarlıq üçün imkanların genişlənməsi, torpaq və aqrar islahatların aparılması ardıcıl və sistemli islahatların mühüm istiqamətlərindən olmuşdur. Lakin onların arasında mərkəz yeri, əlbəttə ki, 1994-cü ildən start götürən neft strategiyası tuturdu. 1997–2007-ci illər ərzində neft hasilatı 8,9 mln. tondan 41,7 mln. tona qədər artmışdır. Qaz hasilatı 2004-2007-ci illərdə 4,5 mlrd. m3-dən 11,4 mlrd. m3-ə çatdırılmışdır.

Eyni zamanda, qısa müddət ərzində Mərkəzi (Milli) Bank tərə­findən dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi ÜDM-i 1,2% səviyyəsinə endirilmişdir. Bu, Milli Bankın o illərdə apardığı pul-kredit siyasətinin ilk tədbiri oldu. Bundan başqa, manatın məzənnə sabitliyinin təmin olunması və tədiyyə balansının cari kəsirinin sabit maliy­yə­ləş­diril­məsi üçün ölkənin rəsmi valyuta ehtiyatları lazımi səviyyəyə çat­dırılmışdır. Bu və digər tədbirlərin sayəsində artıq 1996-cı ildə öl­kədəki makroiqtisadi durum tarazlaşdırıldı və ölkənin dinamik iqtisadi in­kişaf mərhələsinə qədəm qoyması üçün zəruri olan ilkin zəmin yaradıldı. 1996-cı ildə ÜDM-in artım sürəti 1,3% olmuşdursa, 1997-ci ildə 5,8%, 1998-2004-cü illər ərzində isə təqribən 10% səviyyəsinə çatmışdır. 2005-2009-cu illərdə isə bu göstərici müvafiq olaraq 26,4%, 34,5%, 25%, 10,8% və 9,3% olmuşdur.

1990-cı illərin ikinci yarısının dayanıqlı iqtisadi siyasəti və islahatları müəyyən keyfiyyət dəyişikliklərini, o cümlədən inflyasiya proseslərinin zəifləməsini şərtləndirdi. Odur ki, 1996-2003-cü illərdə inflyasiya sürəti 2,3%-dən yüksək olmamışdır.

Bütün MDB ölkələrində olduğu kimi, Azərbaycanda da bir çox iqtisadçı-alimlər tərəfindən güclü inflyasiyanın fəsadlarından biri kimi səciyyələndirilən və müəssisələrin qaşılıqlı ödəməmələri, əmək haqqı və sosial ödəmələr, dövlət büdcəsinə vergilər üzrə borcları, dövlətin özünün büdcə sektorunda işləyənlərə, müəssisə və təşkilatlara olan borcları forma­larında təzahür edən ödəməmələr 1990-cı illərin mürəkkəb prob­lemlərindən biri olmuşdur. Güclü inflyasiyanı zəiflətmək məqsədilə aparılan sərt pul-kredit siyasətinin özü inflyasiyanı daha da hərəkətə gətirən amilə çevrilmişdir, çünki bu siyasət çərçivəsində pul kütləsinin sıxılması müəyyən həddən başlayaraq inflyasiyanı şiddətləndirən hallar yaratmaqa başlamışdır. Büdcə kəsirini azaltmaqa çalışan dövlətin müəssisələr qarşısındakı borcu artır, bu isə ödəməmələrin texnoloji əlaqələr xətti ilə yayılmasına və ödəməmələr böhranına gətirib çıxarmışdır. Beləliklə, pul kütləsinin və büdcə kəsirinin süni olaraq sıxıl­ması ödəməmələr → istehsalın tənəzzülü (tam dayanması) → büdcə gəlirlərinin azalması → büdcənin maliyyələşdirilməsi üçün kreditə eh­tiyacın yaranması ardıcıllığı ilə iqtisadiyyatda maliyyə böhranına səbəb olmuşdur. Ödəməmələrin artım sürəti ilə inflyasiya və pul kütləsi ara­sın­dakı asılılıq üzə çıxmış olur. Sonuncuların artım sürəti aşağı düşdükcə, ödəməmələrin artım sürəti artırdı.

Ödəməmələr probleminin həlli üçün normativ baza da yara­dıl­mışdır. Belə ki, 1995-ci ildə Azərbaycan Respublikasının «Müflis­ləşmə haqqında» Qanunu qəbul edilmiş, 1996-cı ildə ölkə prezidentinin «Ödəməmələrin həll edilməsi tədbirləri haqqında» Fərmanı verilmişdir. Bu sənədlərlə bank kreditləri və büdcə vəsaitlərini cəlb etmədən müəssisə və təşkilatların borclarının qarşılıqlı əvəzlənməsinin keçirilməsi nəzərdə tutulurdu. Həmin illərdə qəbul edilmiş «Azərbaycan Respub-likasında vergilər üzrə vaxtı keçmiş borcların ödənilməsinin tənzimlənməsi haq­qında» Qanuna əsasən 1 oktyabr 1996-cı il tarixinə qədər büdcə ilə müəssisə və təşkilatlar (mülkiyyət formasından asılı olmayaraq) arasında yaranmış borclar üzrə qarşılıqlı əvəzlənməsinin 1 yanvar 1997-ci il tarixinə kimi keçirilməsi nəzərdə tutulurdu. Görülmüş tədbirlər nəti­cəsində sonrakı illərdə ödəməmələrin həcmi azalmağa başlamışdır. 2001-ci ilin birinci rübündə ölkəmizdə müəssisə və təşkilatların debitor borcları 16,9 trilyon köhnə manta, yaxud $3,4 mlrd. olmuşdur ki, burada da əsas pay sahibləri ARDNŞ, Azərenerji, Azəriqaz, Azərsu, ADDY, Rabitə Nazirliyi, yəni dövlət təşkilatları, o cümlədən inhisarçıları olmuş­lar. 2004-cü ilin əvvəlinə bu göstərici 1,37 mlrd. manata qədər azalmışdır.37

1990-cı illərdə iqtisadiyyatın monetizasiya səviyyəsinin38 çox aşağı olması və pul kütləsinin kiçilməsi ödəməmələr problemin köklü səbəbləri hesab edilirdi. Hətta 2005-ci ildə Azərbaycanda monetizasiya səviyyəsi 6,4% olmuşdur ki, «bu da iqtisadi təhlükəsizliyin beynəlxalq səviyyədə qəbul edilən astana kəmiyyətindən (50%) xeyli … geri qalır».39

Cədvəl 4

1995-2005-ci illərdə Azərbaycan iqtisadiyyatının monetizasiyası





1995

2000

2001

2002

2003

2004

2005

ÜDM

(mln. manat)



2133,8

4718,2

5315,6

6062,5

7146,5

8530,2

12522,5

Pul kütləsi – M2

(mln. manat)



191,5

325,8

351,1

405,2

518,4

685,7

796,7

Monetizasiya (%)

9,0

6,9

6,6

6,7

7,3

8,0

6,4

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq illər üzrə statistik bülletenləri.
Beləliklə, 1990-cı illərin birinci yarsının şiddətli inflyasiyasının köklü səbəbi SSRİ-nin dağılması ilə əlaqədar yaşanan siyasi, iqtisadi, sosial, hərbi sarsıntılar olmuşdur. Bu sarsıntıların yaratdığı ən kəskin, mənfi, dağıdıcı nəticələrinin, fəsadlarının aradan qaldırılması hiperinfl­yasiya proseslərinin qısa zamanda mülayimləşməsinə imkan vermişdir.

2003-cü ildən etibarən Azərbaycan Respublikası bir sıra makro­iqtisadi göstəricilərə görə regionda, MDB-də və hətta dünya miqyasında liderə çevrilməyə başlamışdır. Aydındır ki, əldə edilmiş nailiyyətlərin əsasında dünya bazarlarında neftin bahalaşması durur. Etiraf etmək lazımdır ki, iqtisadiyyatımız həlledici dərəcədə neft və qaz hasilatı və ixracından asılıdır. Bununla belə, 2003-2008-ci illərdə, yəni qlobal böhranaqədərki illərdə ölkə iqtisadiyyatı 2,6 dəfə, sənayesi isə 2,5 dəfə artmışdır. İqtisadiyyata edilmiş investisiyaların həcmi $47 mlrd., ölkənin geridə qalan müxtəlif regionlarının inkişafına isə investisiyalar $8,4 mlrd. təşkil etmişdir.

1990-cı illərin ikinci yarısında və XXI əsrin ilk illərində mak­roiqtisadi səviyyədə inflyasiya ilə müxtəlif istiqamətlərdə aparılan mü­barizədə əldə edilmiş ciddi nailiyyətlər 2005-2007-ci illərin deno­minasiya mahiyyətli pul islahatını mümkün etdi. Ölkə prezidentinin «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiya) haqqında» 7 fevral 2005-ci il tarixli fərmanına əsasən 1 yanvar 2006-cı il tarixindən 1 yeni manat = 5000 köhnə manat nisbətində manatın denominasiyası başladı. 2006-cı il ərzində köhnə və yeni manatlar bütün ödəmələrdə, daxil­olmalarda, pul baratlarında, valyuta mübadilələrində paralel işləmişdir. 1 yanvar 2007-ci ildən isə banklarda və onların filiallarında köhnə pul nişanlarının məhdudiyyətsiz və müddətsiz, heç bir komisyon haqq alınmadan yeniləri ilə əvəzlənməsi başlandı.

Eyni zamanda, dövlət büdcəsi 2003-cü ildə $1,2 mlrd. olduğu halda, 2008-ci ildə $13,0 mlrd. çatmışdır. Məhz büdcə xərclərinin sürətlə artması Azərbaycanda inflyasiyanın bu illərdə yenidən canlanmasının amillərindən biri olmuşdur.



Cədvəl 9

Azərbaycan Respublikası dövlət büdcəsinin gəlir və xərclərinin

mütləq və nisbi göstəricilərinin dinamikası





2003

2004

2005

2006

2007

2008

2009

2010

Gəlirlər – cəmi (mln.manat)

1225,5

1481,2

2055,2

3881,2

6006,6

10762,0

10325,9

11402,5

Dövlət büdcəsinin gəlirləri ÜDM-də

(%)


17,1

17,4

17,3

21,9

23,8

26,8

29,9

27,4

Xərclər – cəmi

(min manat)



1234,0

1501,0

2140,7

3789,7

6059,5

10680,0

10567,9

11766,0

Dövlət büdcəsinin xərcləri ÜDM-də

(%)


17,3

17,6

18,0

21,4

24,0

26,6

30,6

28,3

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə