STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
136
“Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafı-
na, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir.
Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir.
Qeyri-neft sektorunun inkişafı ilə bağlı olan bu istiqamət
çox önəmlidir” [1].
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Giriş
Turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm
də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat
səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. Azərbaycan
dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sek-
toru üzrə prioritet istiqaməti elan etmişdir. Son illər turizmin təşviqi ilə bağ-
lı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın
təkmilləşdirilməsi bunu bir daha sübut edir. Dövlət və regional səviyyələrdə
həyata keçirilən sosial siyasətdə turizm strateji əhəmiyyətli məsələ kimi çıxış
edir.
Sosial-iqtisadi inkişaf sahəsində də şaxələndirmə siyasətini yürüdən
Azərbaycan XXI yüzilliyin əvvəllərində dinamik inkişafla səciyyələnən proseslər
kontekstində dünyaya yeni dövlətçilik modelini tanıtdırmağa nail oldu. Daha
dəqiq deyilsə, bu nailiyyət ölkənin ümumdaxili məhsulun artım tempinə
görə 2005-ci ildən başlayaraq sıçrayışlı dövr yaşaması, bir neçə il ərzində isə
ÜDM-in artım tempinə görə dünyada lider dövlətə çevrilməsi oldu. Son on
ildə Azərbaycanda adambaşına düşən ümumdaxili məhsul 7.5 dəfə, dövlət
büdcəsinin xərclər hissəsi isə 21 dəfə artmışdır. Bu illər ərzində ölkədə orta
illik iqtisadi artım tempi 15.6 faiz təşkil etmişdir. Məhz sosial rifaha ünvanlan-
mış islahat və balanslaşdırılmış inkişaf kursu nəticəsində Azərbaycan postso-
vet ölkələri arasında ilk olaraq bir ictimai-iqtisadi formasiyadan digərinə keçid
dövrünü uğurla başa çatdırmış oldu.
1. Turizmin təkamülü və perspektivlərinə qısa baxış
XVIII – XIX əsrlərdə turizm elitar xarakter daşıyırdı və yalnız kübar təbəqələrə
xas olan əyləncə forması idi. Bu zaman səyahətlər elitar submədəniyyətin ayrıl-
maz hissəsi kimi çıxış edir və təhsil almaq, müalicə olunmaq məqsədilə həyata
keçirilirdi. XIX əsrdə kütləvi mədəniyyətin inkişafı kütləvi turizmin də inkişafına
səbəb oldu.
Turizm əsasən XIX əsrin ortalarından inkişaf etməyə başlamışdır. Bu
dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşımış, qeydiy-
yata düşməyən müxtəlif əraziləri, ölkələri gəzən adamlara “turist” deyilmiş-
dir. 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının yığıncağında “turizm” sözü
müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, sosial-kulturoloji əhəmiyyəti
müəyyənləşdirilmişdir.