20
müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq
işi aparmaqdan başqa bir şey deyildi.
Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17
aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi
yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də
parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr-
1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Altı aya qədər davam edən bu müddət ərzində
Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan
ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdi. İlk Parlamentimiz 1918-ci il mayın
28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi
İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici
bir tarixi məqamda Tiflisdə - Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi
Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün
də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis
toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas - 1918-ci il mayın 27-də Tiflisdə, son iclas -
1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş,
iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi
çağırılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdi. Xalq
Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası
noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdi. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il
dekabrın 3-də Müəssislər Məclisinin - geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında
qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu
dövründə, daha doğrusu
Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il
dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. İlk iclas - 1918-ci il dekabrın 7-də,
son iclas - 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün
bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi
prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və
müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir
hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi.
Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və
məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.
Birinci dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin
həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir
daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm
hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi.
Qeyd olunmalıdır ki, Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament
üzvləri,
bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.
Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi
etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin
inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər,
gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd
yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə
aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis
olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması
Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan
Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən
müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti bu
sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan
Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün
xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi
ondan görünür ki, Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin
başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy
Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq
üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi.