“ Azərbaycan”.-2010.-31 mart.-N 66.-S.4.
Ermənistanın soyqırımı siyasəti bəşəriyyət üçün qlobal təhdiddir
Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən İrandan və Osmanlı
imperiyasına daxil olan ərazilərdən erməni əhalisinin köçürülüb yerləş dirilməsi, demoqrafik vəziyyətin zorla
dəyiş dirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi
qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, Dağlıq Qarabağa muxtariyyət statusunun təmin
edilməsi, 1948-1953-cü illərdə sovet rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlının indiki Ermənistan
ərazisindəki əzəli yurdlarından deportasiyası xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir".
İlham ƏLİYEV
Hər il martın 31-i respublikamızda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, ermənilərin dövlət
səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi ehtiramla yad edilir. 92
il əvvəl - 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri
amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına
yiyələnmək olmuşdur. Başqa dövlətlərin ərazisi hesabına "böyük Ermənistan" yaratmaq istəyən məkrli erməni
ideoloqlarının əsl xislətini nümayiş etdirən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın ərazi bütövlüyünə
qarşı yönəlmiş təcavüzkar qəsd olmaqla, bütövlükdə bəşəriyyət və insanlıq əleyhinə yönəlmiş qəddar cinayətdir.
Bədnam qonşularımız iki əsrdən artıq müddətdə başqa xalqların himayəsinə sığınaraq əsassız iddialarını
gerçəkləşdirməyə çalışmış, bu məqsədlə terrorizm, soyqırımı və deportasiya kimi dəhşətli cinayətlərə əl atmış,
azərbaycanlıları və türkləri kütləvi qırğınlara məruz qoymuşlar. Hələ XIX əsrin əvvəllərindən başlayaraq ermənilər
tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlanmış, azərbaycanlılar qədim
torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası məqsədyönlü şəkildə həyata keçirilmişdir.
Şərqdə öz təsir dairəsini genişləndirmək, regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar
Rusiyası XVII əsrin sonu, XVIII əsrin əvvəllərindən Türkiyə və İrana qarşı müharibə apararkən məhz "erməni
kartı"ndan siyasi alət kimi yararlanmağa çalışmışdır. 1813-cü və 1828-ci illərdə Rusiya ilə İran arasında imzalanmış
"Gülüstan" və "Türkmənçay" müqavilələri isə tarixi ədalətsizliyin əsasını qoymuş, Azərbaycanın ərazisi iki dövlət
arasında bölüşdürülmüşdür.
"Türkmənçay müqaviləsi"nin 15-ci maddəsində İran vilayətində yaşayan ermənilərin Rusiyaya sərbəst
keçmələri üçün bir il vaxt verilmişdi. Müqavilənin bu maddəsinə əsasən, 1828-ci ildən İrandan 40 min, Türkiyədən
isə 84 min erməninin İrəvan və Qarabağ xanlıqları ərazisinə köçürülməsi təmin edilmişdir. İrəvan, Naxçıvan və
Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər tədricən Azərbaycan torpaqlarının ilhaqı prosesinə
başlamış, havadarlarının himayəsi altında 1828-ci ildə "erməni vilayəti" adlandırılan inzibati bölgünün
yaradılmasına nail olmuşlar.
Belə qondarma ərazi bölgüsü ilə azərbaycanlıların öz tarixi torpaqlarından qovulması və məhv edilməsi
siyasətinin bünövrəsi qoyulmuşdur. Bundan ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə Rusiyada gedən
inqilabi proseslərdən istifadə edərək azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Həmin
illərdə Bakıda, Şuşada, Zəngəzurda, İrəvanda, Ordubadda, Naxçıvanda, Eçmiədzində, Cavanşirdə və Qazaxda
azərbaycanlıların tarixi torpaqlarından çıxarılması prosesi geniş vüsət almış, ümumilikdə, 75 azərbaycanlı kəndi
məhv edilmişdir. Bu dövrdə azərbaycanlıların kütləvi qırğınları ilə bağlı tarixi faktlar M. S. Ordubadinin "Qanlı
illər", M. M. Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" kitablarında aydın əksini tapmışdır.
Birinci dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən
istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin martında
əzəli Azərbaycan torpaqlarında "Ararat respublikası" yaradılmış, eyni zamanda əksinqilabçı ünsürlərlə mübarizə
şüarı altında Bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi
güdən mənfur planın həyata keçirilməsinə başlanılmışdır.
1917-ci il dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar
təyin edilmiş Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş
müharibəsinin başlıca istehkamına çevrilməlidir. Brest-Litovsk (mart, 1918-ci il) sülh müqaviləsinin bağlanması ilə
Rusiya qoşunları işğal etdikləri Qars, Ərdəhan və Batumini tərk etdilər. İran və Türkiyə cəbhəsindən geri dönən rus
və erməni əsgərlərinin bir qismi də Bakıda yerləşdirildi. Bu vəziyyətdən yararlanan Şaumyan həmin qüvvələrdən
azərbaycanlılara qarşı istifadə etmək qərarına gəldi. Həmin dövrdə Bakıda çox az sayda könüllü müsəlman
əsgərinin olması ona mənfur planını həyata keçirməyə əlverişli imkan yaradırdı. Böyük qırğınlara başlamağa isə
yalnız bəhanə lazım idi. Bu bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina"
gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Şaumyanın göstərişi ilə ermənilər
şayiə yaydılar ki, guya bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bundan sonra
isə o, gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Bundan narazı qalan yerli əhali isə küçələrə çıxıb
zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı kütləvi qətliama start verildi. Martın
30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən atəşə tutdular. Bunun arxasınca silahlı daşnaklar
azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış
istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.
1918-ci ilin mart-aprel aylarında ermənilər Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox
azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Təkcə Bakıda 10 minə yaxın
azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüş, Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər məhv edilmişdi. Quba
ərazisində 112, Qarabağda 157, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 82 kənd yerlə yeksan
olunmuşdu. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Əməkçi" qəzeti, 2 noyabr 1919-cu il)
göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920
ev yandırılmış, 131 min 970 nəfər öldürülmüşdür.
Ermənilər həmin dövrdə Azərbaycanla yanaşı, Gürcüstana da ərazi iddiaları irəli sürmüş, bir sıra bölgələri
zorla işğal etmişlər. Ermənilər 1918-ci ilin dekabrında Gürcüstana müharibə elan etmiş, ağır döyüşlərdə Borçalı
qəzasının cənub hissəsini (Lori və onun ətrafını) təcavüzkarlıqla ələ keçirmişlər.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Azərbaycanda sovet hakimiyyəti
qurulandan sonra da bədnam qonşularımız adət etdikləri çirkin metodlarla azərbaycanlıları daimi yaşadıqları
ərazilərdən çıxarmış, eləcə də qonşu respublikaların torpaqları hesabına "ərazilərini" böyütmüşlər. 1920-ci ildə
Zəngəzuru və Azərbaycan torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi elan etmişlər. 1923-cü ildə SSRİ
rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ "muxtar vilayət" elan edilmişdir.
Sonrakı dövrdə isə ermənilər bu ərazilərdəki azərbaycanlıların deportasiyası siyasətini daha da genişləndirmək
məqsədilə yeni vasitələrə əl atmışlar. Onlar 1943-cü ildə Tehranda keçirilən konfransda İranda yaşayan ermənilərin
Sovetlər birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri V.Molotova müraciət
ünvanlamışlar. İosif Stalinin buna razılıq verməsi isə faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə kütləvi
şəkildə Ermənistandan deportasiyasının əsasını qoymuşdur.
Ümummilli lider Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli "1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanı ilə
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə
deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi
cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası
yaradılmışdır. Fərmanda bu deportasiya aktları ilə bağlı vurğulanır: "SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr
tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi
cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR
ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd
olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş,
minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki
sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ
rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi,
soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır".
Erməni millətçiləri ötən əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz
kampaniyasını daha da genişləndirmişlər. Ermənistanda yaşayan azərbaycanlı əhalinin hüquqları ermənilər
tərəfindən kobudcasına pozulmuş, ana dilində təhsil almalarına əngəllər törədilmiş, onlara qarşı repressiyalar həyata
keçirilmişdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, toponimika tarixində misli görünməyən qədim
toponimlərin müasir adlarla əvəzolunma prosesi baş vermişdi. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin
şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Azərbaycan xalqının
mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin
yaratmaq məqsədinə yönəlmişdi. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri antiazərbaycan
təbliğatı ötən əsrin 80-ci illərinin sonunda daha da güclənmişdi.
Bu mərhələdən təcavüzkar erməni millətçilərinin Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli
sürməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların kütləvi qırğını və əsrlər boyu
yaşadıqları tarixi ərazilərdən deportasiyası, şəhər və kəndlərimizin, maddi-mədəniyyət abidələrimizin dağıdılması
ilə nəticələnmişdir. 1918-ci il iyunun 4-də Türkiyə ilə Ermənistan arasında imzalanmış Batumi müqaviləsinə
əsasən, cəmi 9 min kvadratkilometr ərazisi olan ermənilər 1988-ci ilədək onu 30 min kvadratkilometrə çatdırmışlar
(hazırda isə işğal etdikləri ərazilərlə birlikdə təqribən 45 min kvadratkilometr əzəli Azərbaycan torpaqlarını nəzarət
altına almışlar). Erməni şovinistləri 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı kütləvi təqiblər - fiziki
zorakılıqlar, qətllər, talanlar, yanğınlar həyata keçirməyə başlamışlar.
Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək olan
müddətdə 22 rayonda sırf soydaşlarımızın yaşadığı 170, ermənilərlə qarışıq 94 yaşayış məntəqəsi
azərbaycanlılardan tam təmizlənmişdir. Nəticədə 200 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürd, min
nəfərdən çox rusdilli əhali Azərbaycana pənah gətirmişdir. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə
Ermənistanın tərkibinə verilib) sonuncu Azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan
faktiki olaraq monomillətçi dövlətə çevrilmiş, daşnakların "Türksüz Ermənistan" ideyası reallaşmışdır. Deportasiya
zamanı 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca müxtəlif bədən xəsarəti almış,
on minlərlə ailənin əmlakı qarət olunmuşdur.
Ümumiyyətlə, 1990-1993-cü illərdə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan əlavə, Azərbaycanın
daha 7 rayonunu, 877 şəhər, kənd və qəsəbəsini işğal etmiş, dağıtmış və yandırmış, 20 minə yaxın Azərbaycan
vətəndaşını öldürmüş, 4 minə yaxın əhalini girov götürmüşlər. 10 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox
adam əlil olmuş, bir milyona yaxın azərbaycanlı öz torpaqlarından didərgin salınmış, ölkə iqtisadiyyatına 60
milyard ABŞ dollarından çox ziyan vurulmuşdur. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı isə dünya
tarixində bənzəri olmayan vəhşiliyin daha bir nümunəsi olmuşdur.
1944-cü ilədək "soyqırımı" anlayışı beynəlxalq ictimaiyyətə məlum olmamış, bu termini ilk dəfə məhz yəhudi
mənşəli polşalı hüquqşünas Rafael Lemkin işlətmişdir. O hesab edirdi ki, soyqırımı - müəyyən insan qruplarının
mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş,
planlı şəkildə həyata keçirilməsidir. Bir ildən sonra isə Nürnberq beynəlxalq hərbi tribunalı faşist liderlərini
"bəşəriyyət əlehyinə cinayətlərdə" ittiham etmişdir. İlk dəfə olaraq Nürnberq Hərbi Tribunalının Nizamnaməsinin
6-cı maddəsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmişdir. Sənəddə beynəlxalq cinayətlərin üç
növü - sülh, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri fərqləndirilir. Soyqırımı cinayəti insanlıq əleyhinə
olan cinayətlər kateqoriyasına aid edilmişdir.
BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 9 dekabr 1948-ci il
tarixli Konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır. 12 yanvar 1951-ci ildə
qüvvəyə minmiş bu konvensiyada ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini
fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırımı adlandırılmışdur. Eyni zamanda, bu
konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və bu cinayəti törədənlərin
cəzalandırılması vəzifəsi qoyulmuşdur. Konvensiyanın 2-ci maddəsinə görə, soyqırımı hər hansı milli, etnik, irqi və
dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir:
a) bu cür qrup üzvlərinin öldürülməsi;
b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi;
c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması;
d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi;
e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqasına verilməsi.
Konvensiyanın 3-cü maddəsinə görə, soyqırımı; soyqırımı törətməyə yönəlmiş gizli sövdələşmə; soyqırımı
törətməyə birbaşa iştirak və açıq təhrik; soyqırımı törətməyə yönəlmiş qəsd; soyqırımıda iştirak cəzalandırılan
əməllər sırasındadır. Bu kriteriyalar baxımından 1918-ci ilin 31 mart və Xocalı qətliamlarının soyqırımı kimi tövsif
olunmasına ciddi hüquqi əsaslar vardır. Ümumən Azərbaycan hakimiyyəti bu məsələdə həm də keçmiş Yuqoslaviya
üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I
maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statutunu, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan
Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 103-cü və 104-cü maddələrini əldə əsas tutur. Azərbaycanlılara qarşı tarixən tətbiq olunan soyqırımı,
deportasiya, işgəncələr və qeyri-insani rəftar eyni zamanda Avropa İnsan Hüquqları Konvensiyasının, İşgəncələrə
qarşı BMT və Avropa Şurası konvensiyalarının və digər aktların kobud şəkildə pozulması deməkdir.
Azərbaycan 1996-cı il mayın 31-də BMT-nin 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının
alınması və onun cəzalandırılması haqqında" Konvensiyasını ratifikasiya etmiş, milli qanunvericiliyini bu sənədə
uyğunlaşdırmaq istiqamətində tədbirlər görmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin VII bölməsinin
fəsillərə bölünməsində bu konvensiyanın tələbləri nəzərə alınmış, 16-cı fəsil "Sülh və insanlıq əleyhinə cinayətlər",
17-ci fəsil "Müharibə cinayətləri" adlandırılmışdır. Konvensiyadan irəli gələn öhdəliklərin həyata keçirilməsi
istiqamətində görülən tədbir kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə "Soyqırımı", (maddə 103),
"Soyqırımının törədilməsinə təhriketmə" (maddə 104) maddələri daxil edilmişdir.
Erməni silahlı qüvvələrinin, Dağlıq Qarabağın separatçı silahlı qüvvələrinin və Xankəndiyə dislokasiya
olunmuş keçmiş SSRİ-nin 366-cı alayının hərbçiləri ilə birlikdə Xocalıda törətdikləri qətliamda Birləşmiş Millətlər
Təşkilatı Baş Məclisinin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 1948-ci il 9
dekabr tarixli Konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı
cinayətinin tərkibi vardır. Cinayət işi öyrənilərkən həmçinin müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata
keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr və SSRİ-nin Xankəndidə
yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da
riayət edilməmişdir. 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin
yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması
haqqında" Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan - döyüş əməliyyatlarında bilavasitə
iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək,
şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən
təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək kimi qadağalar kobud surətdə pozulmuşdur.
366-cı alayın hərbi qulluqçuları və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş, onların
Azərbaycan Respublikası CM-in soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və
insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyəti nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama,
cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa
hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə
qərarlar çıxarılmışdır. Həmçinin barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq
axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna
göndərilmişdir.
Tarixi ədalətsizlik üzündən ötən əsrin sonlarınadək xalqımızın üzləşdiyi bu ağır faciələrə obyektiv qiymət
vermək mümkün olmamışdır. Xalqımız uzun illər bu gerçək tarixindən məlumatsız olmuş, saxta ideoloji ehkamlar
və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Bədnam erməni
millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı
mütəşəkkil müqavimət yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə Azərbaycanda siyasi
hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.
Ümummilli liderin 1998-ci il 26 mart tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı ilə tarixi
həqiqətlərin üzə çıxmasına təkan vermiş, bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş
kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik
düşmənçilik siyasətinin kökləri açıqlanmışdır. "Böyük Ermənistan" xülyasını həyata keçirməyin əsas yolunu tarix
boyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və
mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş xəyanətkar erməni millətçilərinin
mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmanda deyilir: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün
faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə
həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il
mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi
Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq
soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir". Fərmanla, həmçinin, 31 mart
günü son yüz ildən artıq müddətdə şovinist erməni millətçilərinin qurbanı olmuş günahsız insanların xatirəsinə
ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində
mühüm tədbirlər həyata keçirilir. Eyni zamanda, Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı
aktının real mahiyyəti, onun soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır.
Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin soyqırımı ilə bağlı
xalqa 2006-cı il 28 mart tarixli müraciətində də ermənilərin müxtəlif dövrlərdəki terror siyasətinə geniş
toxunulmuşdur. Müraciətdə soydaşlarımızın yurd-yuvalarından didərgin salınmaları, ərazilərimizin işğalı, şovinist
erməni millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi qeyd olunmaqla yanaşı, belə bir
zamanda dövlətin və hər bir vətəndaşın qarşısında duran başlıca vəzifələr göstərilir. Sənəddə qarşıda duran
məqsədlər kimi erməni millətçilərinin cinayətlərinin dünya dövlətlərinin parlamentləri tərəfindən pislənməsi, tarixi
ədalətin bərpa edilməsi, soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasının
vacibliyi vurğulanır: "Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan
rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpasına, onilliklər boyu planlı olaraq əsl soyqırımı həyata keçirənlərin,
insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq".
Dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli
inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda ermənilərin "böyük dövlət" yaratmaq iddiasında olan
ideoloqları beynəlxalq hüquq normalarına açıq hörmətsizlik nümayiş etdirir, xalqları bir-birinə qarşı qoyur, milli və
dini əlahiddəlik, ayrı-seçkilik siyasəti və təbliğatı aparırlar. Lakin Ermənistanın və onun havadarlarının təcavüzkar
siyasəti iflasa məhkumdur, çünki bu xətt hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə kəskin ziddiyyət təşkil edir.
Bu siyasətə qarşı geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti, siyasi nüfuzu,
dünya azərbaycanlılarının gündən-günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü və müasir Azərbaycan ordusu
dayanır. Dövlət başçısı İlham Əliyev bu il martın 21-də Novruz bayramı ilə əlaqədar bayram şənliyində çıxış
edərkən ölkəmizin qətiyyətli və prinsipial mövqeyini bir daha bəyan etmişdir: "Biz danışıqlar prosesində öz
prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin
mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıbdır və
olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan
çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar. Bütün kommunikasiyalar açılmalıdır. Dağlıq
Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa mütləq qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda
yaşamalıdırlar. Bu status nədən ibarət olacaq, - onu gələcək göstərər. O gələcək ki sabah da, yüz ildən sonra da ola
bilər və olmaya da bilər".
Azərbaycan Prezidenti, İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın Dağlıq Qarabağ üçün təklif etdiyi
yüksək muxtariyyət statusu münaqişənin həllinin ən optimal yoludur və gec-tez separatçı rejimin havadarı olan
Ermənistan bu reallıqla barışmalı olacaq. Cənab İlham Əliyev Dağlıq Qarabağa dünya miqyasında mövcud olan ən
yüksək muxtariyyət statusunun verilməsi təklifini beynəlxalq hüquq normalarına tamamilə adekvat hesab edir.
Bununla yanaşı, dövlət başçısı Ermənistanın bu təklifi düzgün dəyərləndirməyəcəyi təqdirdə, Azərbaycanın həmin
təklifə yenidən baxmalı olacağı mesajını da vermişdir. Ölkə başçısının yeritdiyi prinsipial daxili və xarici siyasətə
ürəkdən inanan Azərbaycan vətəndaşları erməni işğalının tezliklə aradan qaldırılacağına və haqq-ədalətin öz yerini
tapacağına əmindirlər.
Zahid CƏFƏROV,
hüquq elmləri namizədi,
BDU-nun Mülki proses,
əmək və ekologiya hüququ
kafedrasının dosenti
Dostları ilə paylaş: |