Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə76/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   70   71   72   73   74   75   76   77   78
Flora-Namazova-Dissertasiya

Baş. Bunu aydınlaşdırmaq öz işinizdir...Doğrusunu bilmək istəyirsinizsə, mən Rahilənin də elə söz danışmasına inanmıram. Midhət. İnanmırsınız? Baş. Yox, inanmıram [53, c.2, s.378].

“Bəlkə” sözü dialoqlar arasında təkrarı yaratmaqla replikaları da bağlamağa xidmət edir: Midhət (dərd içində) Bəlkə mən səhv etmişəm... Bəlkə... Rahilə yox... Baş (səbirsiz halda). Yaxşı, dostum, bura sayıqlama yeri deyil. Gedin və özünüz də yaxşı fikirləşin...Bəlkə...Bəlkə, ticarətdə işləmək sizin üçün çətindir...[53, c.2, s.378].

“Tələb etmək” birləşməsi replikalarda təkrar olunur, təkidlik məzmununu ifadə edir: Midhət. Mən əxlaq dərsi vermirəm, mən tələb edirəm!.. Rahilə (gülümsəyir). Tələb edirsiniz...iş də orasındadır ki, siz həmişə tələb edirsiniz. Bir dəfə də olsun, yadınıza düşmür ki, biz də bir şey tələb eləyə bilərik! [53, c.2, s.379].

Ümumiyyətlə, belə təkrarlar intensivləşir: Rahilə (maraqla). Midhətə nə mükaat verəcəklər ki? Pəri. Necə nə mükafat verəcəklər? Bəs, siz yaxşı işləyib, planı dolduranda mükafat almırsınız? (Rahilə ona diqqətlə baxaraq susur) Yoxsa, sizə mükafat vermirlər? Midhət. Verirlər, Pərican. Yaxşı işləyəndən sonra nə üçün verməsinlər? [53, c.2, 380].

Monoloqun – mətnin qurulmasında “mən istərdim” təkrarı mühüm rol oynayır: Uğur. Mən istərdim ki, Qalmaqal Mədəd yalnız toyda-bayramda deyil, həmişə yaxşı geyinsin! Onun bir dəst əvəzinə on dəst kostyumu olsun! Xanmuradın şəhərdən gətirdiyi çarpayılarda təkcə rayondan gələn təhkimçilər deyil, onun anası Pəri də yatsın. Evlər planla tikilsin. Əyri-üyrü, dar dalanlar əvəzinə kənarlarında alma ağacları əkilmiş geniş asfalt küçələr olsun!.. Mən istərdim ki, elektrik yalnız kəndlərimizə işıq deyil, tarlalarımıza su versin! Taxıl döysün! Yük daşısın! Mən istərdim ki, kolxozun o qədər dövləti olsun ki, mənim anam Ballı arvadın öz qapısında xüsusi inək saxlamağa ehtiyacı olmasın [53, c.2, s.253].

İ.Əfəndiyevin dramlarının dilindəki müxtəlif quruluşlu sintaktik təkrarlar mətnin struktur-semantik bütövlüyünü təmin edir. Mətnin komponentlərini əlaqələndirir, mikromətnlərin qapanmasında əsas rol oynayır. Bu cür təkrarlar obraz və personajın nitqini təşkil edən mətnin semantikasını açır, müxtəlif münasibətləri meydana çıxarır. Təkrarlar qapalılıq keyfiyyətinə malik olduğu üçün sintaktik konstruksiyaları dövrəyə alır. Təkrar olunan elementlər leksik və sintaktik-semantik münasibətləri təmin edir, tematik-rematik bağlılığın xarak­terini açır [131, s.38].

Beləliklə, İ.Əfəndiyevin dram əsərlərinin dilində təkrarlar bir sistem təşkil edir. Dilimizin daxili strukturundan xalq dili imkanlarından çıxış edən dramaturq yaratdığı obraz və personajların nitqində müxtəlif tipli təkrarlara müraciət etmişdir. Bu və ya digər təkrar növləri semantik çalarları gücləndirir, mətnin emosionallığını təmin edir.

Bədii ədəbiyyat dil sahəsində geniş novatorluq meydanıdır. Burada mövcud sözlərə yeni məna vermək, sözə emosional çalarlıq gətirmək və bunları müxtəlif formalarda, məqam və vəziyyətdə işlətmək mümkündür. Sözün təsir qüvvəsi personajların nitqində, danışığında daha güclü olur. İlyas Əfəndiyev dramlarında miqyasından və çəkisindən asılı olaraq hər bir personajın xasiyyətinə, hadisələrin inkişafına uyğun nitq vahidlərindən – canlı danışıq dilindən geniş dairədə istifadə etmişdir. Ümumiyyətlə, İlyas Əfəndiyevin əsərlərində sözə tarixi-mədəni, emosional-ekspressiv kateqoriya kimi yanaşılır, mümkün semantik məna çalarlarına diqqət verilir. Dramaturqun istedadı sözün gücü ilə obraz yaratmasındadır.



NƏTİCƏ
“İlyas Əfəndiyevin dramaturgiya dili” ad­lı tədqiqat işindən aşağıdakı elmi nəticə və ümu­miləşdirmələr əldə edilmişdir:

1.Azərbaycan dramaturgiya dilinin inkişaf tarixində İlyas Əfəndiyevin dram yaradıcılığı xüsusi yer tutur. Onun dramaturgiyaya gətir­diyi yeni mövzu və süjetlər bu janrda lirik-psixoloji dram qolunun yaranmasına səbəb olmuşdur. O, dram əsərlərində Azərbaycan xalqı­nın həyatını, məişətini, ağrı-acılarını təsvir etməklə kifayət­lənməmiş, eyni zamanda, mənsub olduğu xalqın zəngin dilinin incəliklərindən bəhrələnmiş, danışıq dilini dramlarının dilinə tətbiq etmişdir.

2. İlyas Əfəndiyevin dram dilinin leksik-semantik zənginliyi bədii-səciyyələndirici amillərlə dəyərlidir. Dramaturgiya dilində personajların nitqində daha çevik leksik vahid olan ümumişlək sözlər fikri bütün incəliyi və dərinliyi ilə, sadə və təbii şəkildə diqqətə çatdırır.İ.Əfəndiyevin dram dilində ümumişlək sözlər vasitəsilə aydın, yaddaqalan obrazlar yaradılmışdır. Obraz və personajların dilində işlənən dialekt sözlər isə mili koloriti gücləndirir, yerli şəraiti əks edirir. O, dialoqlarda iştirak edən obraz və tiplərin təhsilini, dünyabaxışını, eləcə də onların yumorunu ifadə etmək üçün terminlərə müraciət edir, müəyyən ictimai qrupların spesifik xüsusiyyətlərini açmaq üçün emosional-ekspessiv çalara malik söz qruplarından olan arqolardan, loru və tüfeyli sözlərdən də məharətlə istifadə edir.

3.İlyas Əfəndiyev dram əsərlərində şəxs adlarını bu prinsiplər əsasında seçmişdir: 1. Obrazın, personajın adı ilə xarakteri arasında bağlılıq prinsipi. Bu prinsipə görə dram iştirakçılarının adının leksik mənası həmin surəti xarakterizə edə bilir. 2. Dram dilində personajların oxşar xarakterləri ilə oxşar onomları arasında ümumilik prinsipi. 3. Dramaturqun obraza və personaja bəslədiyi rəğbət hissi ilə bağlı olaraq obrazın adlandırılması prinsipi. 4. Obrazın əsas xarakterik cizgilərinə, cəmiyyətdə qazandığı mövqeyə müvafiq, mənsub olduğu sosial təbəqənin əksinə uyğun olaraq adlandırılması prinsipi. 5. Gerçək həyatdan alınmış insanların prototipini yaradaraq obrazı adlandırmaq prinsipi.

4.İlyas Əfəndiyevin dram əsərlərində qurduğu dialoq nitqi obraz və personajların münasibətlərini dəqiq ifadə edir, bu nitqlərdə işlənən frazeologizmlər üstünlük təşkil edir. İlyas Əfən­diyevin dram dilinin semantik strukturunda frazeoloji vahidlər bədii-ifadəlilik vasitəsi kimi fəal iştirak edir. Dramaturq onun müxtəlif formalarından poetik, kontrast, alleqorik, ənənəvi, metaforik müqayisələr zamanı geniş surətdə istifadə edir. Yazıçının istifadə etdiyi atalar sözləri, müdrik məsəllər, kəskin aforizmlər, gözəl ibarələr dilimizin son dərəcə bədii və obrazlı olmasını göstərir. Obrazların nitqində əlvanlıq yaradan frazeoloji ifadələr çox hallarda danışığı daha emosional edir. Nitqi fərdiləşdirmək, tipikləşdirmək üçün frazeoloji ifadələr əsas vasitələrdən birinə çevrilir.

5. İ.Əfəndiyevin dramlarında remarkaların iki qrupu müəyyən edilmişdir: 1)şərhetmə funksiyasını (iştirakçıların hərəkətlərini göstərir, ya da hadisənin yerini və zamanını təsvir edir) yerinə yetirirən remarkalar; 2) şərhetmə funksiyasını yerinə yetirməklə yanaşı, personajların vəziyyətini izah edən remarkalar. Bu remarkaların leksik tərkibinə emosiya ifadə edən sözlər, eləcə də kontekstdə əlavə emosional-qiymətləndirmə mənalar qazanan leksemlər daxil olur. Bununla da müəllif remarkaların köməyi ilə qəhrəmanların hisslərini daha tam və ətraflı çatdırır. Bu cəhət onun əsərlərinə psixoloji və realistik dram xüsusiyyəti əlavə edir.

6. İlyas Əfəndiyevin dramlarında intensiv sözişlətmələrin təhlili aşağıdakı nəticələri çıxarmağa imkan verir: a) İlyas Əfədiyevin nəsr əsərlərində olduğu kimi onun dram əsərlərində də söz obrazlı nitqin təsirli və düşündürücü bir nümunəsidir; b) yazıçının öz məxsusi nitq üslubu, sözişlətmə tərzi, hadisələrin inkişafı ilə dəyişə bilən dinamik, dram əsəri üçün xarakterik obrazlar sistemi vardır.

7. Dram əsərində obraz yaratmağın başlıca vasitəsi personaj nitqidir. Personaj nitqində replikaların leksik tərkibi böyük rol oynayır. İlyas Əfəndiyev dram əsərlərində yaratdığı obraz və personajlarının mükalimələrində qüvvətli replikalardan istifadə etmişdir. Daha doğrusu, replikaların bağlanmasında onun dilin müxtəlif vasitələrindən ibarət tapıntıları yalnız yazıçının özünə məxsusdur. Bu replikalar ədəbi və loru danışıq sözləri ilə, adi sözlə, terminoloji mənaların bağlılığı ilə əlaqədar yaradılmışdır.

8. İlyas Əfəndiyevin dram əsərlərinin dilində təkrarlar bir sistem təşkil edir. Dilimizin daxili strukturundan çıxış edən dramaturq yaratdığı personajların nitqində aşağıdakı tiplərdən olan təkrarlara müraciət etmişdir: ana anadır, qız qızdır, gəliş gəlmək, gedəndə getsin, gələndə gəlsin, baxmırlar ki, baxmırlar, gələndə…gəlməyəndə, yalançının yalançısı, artırmağına artıra bilərik, qayıdanda qayıdarıq, çatdırarıq çatar, deyirlər qoy desinlər, öküzsən öküz, öküz gəldin, öküz də gedəcəksən, qəribənin qəribəsidir, kor-kor, gör-gör və s. Bu və ya digər sintaktik-konstruktiv təkrar növləri semantik çalarları gücləndirir, mətnin intensivliyini, emosionallığını təmin edir.

9. Mətnaltı məna özündə dərin və fərdi mənaları birləşdirir. Bu mənalar İlyas Əfəndiyevin dram dili üçün xarakterik cəhətlərdəndir. Onun qurduğu dialoqlar təkcə yaşanan dövrü, həyatı təsvir etmək üçün deyil, həm də mətnaltı mənaların, gizli-potensial, emosional fikirlərin, ideyaların açılmasına xidmət edir. Dialoq içində monoloqun yaradılması dramaturqun ustalığıdır. Pyes qəhrəmanlarının dilində monoloqlar da əhəmiyyətlidir, çünki onlar bir tərəfdən, obrazın fikir və duyğularını ötürülmə vasitəsidir, digər tərəfdən, yaradılan obrazın mahiyyətini oxucuya daha yaxşı çatdırmaqda müəllifə kömək edir.

10.Dram əsərinin tam təhlili müəllif sözünün (remarka konstruksiyaları, başlıqlar) təhlili olmadan mümkün deyil. Dram əsərində remarka və başlıqlar, eləcə də obrazlara verilən adlar müəllif mövqeyini əks etdirən əsas vasitələrdəndir. Başlıqda hər zaman müəllifin fikrincə, əsərin məna mərkəzi sayılan cəhət öz əksini tapır. Yazıçı üçün oxucunun diqqətini pyes qəhrəmanlarında cəmləşdirmək, digər personajlardan fərqini qeyd etmək vacibdir. Tədqiqat nəticəsində aydın olur ki, İ.Əfəndiyev əsərlərindəki başlıqlar cəmiyyətin metaforik obrazını əks etdirə bilir, eyni zamanda, dram əsəri üçün vacib olan hadisəni, onun yerini adlandırır. Başlıq təsvir olunan ümumiləşdirilmiş adı da ola bilər. İştirakçıların siyahısı üçün iyerarxik quruluş xarakterikdir, bu isə personajların sosial statusu, əsərdəki mövqeyi ilə bağlıdır.

11. İ.Əfəndiyevin dram əsərlərinin əsas məzmunu diskursiv təhlil yolu ilə də aydınlaşır. Replikalarda dialoji vahidlərin zəngin struktur-semantik cəhətləri diskurs yolu ilə açılır. Dram dilinin təhlili bədii diskursa aiddir. Kommunikativ fəaliyyətin bir elementi olan diskurs İ.Əfəndiyevin dramlarında ünsiyyət prosesinin yazı və ya nitq şəklində ifadəsinin nəticəsi olaraq meydana çıxır. Diskurs aktual nitq fəaliyyəti və nitq təsirinə məruz qalır. Diskurs daim konkret obyekt və konkret şəraitlə əlaqədardır. Dialoq diskurslarında kommunikativ-ünsiyyət modeli “danışma-dinləmə-dərketmə” prosesindən keçir.



12.Tədqiqat göstərir ki, xalq yazıçısı İlyas Əfəndiyev həm də qüdrətli qələmə malik, istedadlı bir dramaturq olmuşdur. Onun dram əsərləri Azərbaycan xalqının sosial-siyasi həyatının hər bir sahəsini əhatə edərək, bu xalqın öz kökü, öz soyu üzərində inkişaf tarixinin bədii salnaməsi olmaqla, Azərbaycan xalqının zəngin dil özəlliklərinə əsaslanmış və bu bina üzərində ucalmışdır. Nəticə etibarilə dramaturq müasir Azərbaycan ədəbi dilinin ən gözəl, ən oxunaqlı, yeni, bədii-estetik məzmunlu, oxucunu cəlb edən sənət nümunələrini yaratmışdır.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə