16
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2 Humanitar elmlər seriyası 2010
ƏDƏBİYYATŞÜNASLIQ
Ə.HAQVERDİYEV VƏ XALQIN MİLLİ ÖZÜNÜDƏRKİ
M.С.HƏSƏNOVA
Bakı Dövlət Universiteti
M.Hasanova@mail.ru
Məqalədə Azərbaycan maarifçi realist ədəbiyyatının görkəmli simalarından olan
Ə.Haqverdiyevin yaradıcılığı yeni məfkurə nöqteyi-nəzərindən dəyərləndirilir. M.F.Axundov
ideyalarının davamçısı olan Haqverdiyev irsinin xalqın milli şüurunun təşəkkülünə xidməti
analitik təfəkkürlə qiymətləndirilir. Müəllifin əsərinin ideya-bədii xüsusiyyətləri və dil
zənginlikləri də tədqiq obyektinə çevrilir.
XIX yüzilliyin sonunda dramaturgiyamızda maarifçiliyin M.F.Axundov və
N.Vəzirovdan sonrakı mərhələsini Ə.Haqverdiyev başa çatdırır. Ədəbiyyatımıza 4
böyük faciə əsəri (“Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar”,
“Pəri Cadu”) bəxş edən Haqverdiyev üçün bədii yaradıcılıq xalqı təkamülə yetirmək
üçün bir vasitə idi. O, ədəbiyyata maarifçi realizmin aydın proqramı ilə gəlmişdir.
Maarifçiliyin əsas meyarı olan ağıl onun bütün əsərlərinin ölçü vahidi olur və
“Müsibəti-Fəxrəddin”dən sonra məhz “Dağılan tifaq” ikinci maarifçi faciə kimi öz
missiyasını uğurla yerinə yetirir.
Maarifçi
mütəfəkkirin hər bir əsərində mühitin və millətin ağrı-acısı duyulur.
Bu milli ağrıların əsl vətəndaşlıq nisgili ilə şərhi, təhlili və ifşası onun yaradıcılığının
məğzini təşkil edir.
Mərhum tənqidçimiz Y.Qarayevin göstərdiyi kimi, mülkədar dudmanlarının
dağılması “Dağılan tifaq”da da məhz maarifçi ideallara xəyanətin təbii, zəruri cavabı
və cəzası kimi təsvir, təhlil olunur. Qaçılmaz bəla olan nadanlıq bu əsərdə də milli
bəyliyin şəxsi və sosial faciəsinin səbəbi və motividir. Maarifçilər üçün əxlaq nor-
malarını, ictimai münasibətləri yaxşılaşdırıb ideal insan, ideal cəmiyyət yaratmaq
lazım idi. Onlar üçün mühüt mikrocəmiyyət olan ailədən başlayırdı.
Əsərdə Nəcəf bəyin faciəsi elə inandırıcı təsvir edilmişdir ki, onun maddi və
mənəvi iflası oxucuya tarixin qanuni hökmü kimi təsir bağışlayır. Nəcəf bəyin tragik
vəziyyəti onun zahiri təzahür formaları ilə göstərilsə də, hadisələrin real məntiqi,
onların yaranma səbəbləri haqqında müəyyən təsəvvür doğurur.
Müəllif süqut etməyə başlamış mülkədarlığın faciəsini realist qələmlə göstərə
bilmişdir. Tragik qəhrəman kimi canlı və qüvvətli göstərilən Nəcəf bəyi müəllif bir
xarakter kimi mürəkkəb və ziddiyyətli təsvir etmişdir.
17
Professor
T.Mütəllibov Ə.Haqverdiyevə həsr etdiyi fundamental tədqiqatında
haqlı olaraq Nəcəf bəyi müxtəlif tragik vəziyyətlərə salan müəllifin onun istismarçı
təbiətini lazımınca açmadığını vurğulayır və bu cəhəti obrazln qüsuru kimi qiy-
mətləndirir.
Nəzərə alsaq ki, rejim dövrü ədəbiyyatı bəyliyin istismarçı təbiətini ifrat
dərəcədə şişirdirdi, onda Haqverdiyevin obyektivliyinə inamımız artar.
Əsərdə Nəcəf bəyin arvadına qarşı kobudluğu nəzərə çarpmasa da, Sona
xanımın şikayətlərindən və ərinin onunla amiranə münasibətindən biz bu qadının
hüquqsuz vəziyyətini anlayırıq.
Maarifçilər insanın xoşbəxtliyi və bədbəxtliyini onun şəxsi keyfiyyətlərinin
məhsulu sayıb, bütün məsuliyyəti fərdin öz üzərinə yıxırdılar. Ə.Haqverdiyev də Nə-
cəf bəyin faciəsinə məhz bu aspekdən yanaşmışdı. Nəcəf bəyin son özünümüdafiəsi
Allaha, İslama sığınmasıdır.
“O adamlar ki, mənəm-mənəm dedilər, hamısının axırı belə oldu. Pərvər-
digara, məsləhət sənindir. Evlər yıxmışam, yetim uşaqların gözlərinin yaşını tökdür-
müşəm. Övrətlər başıaçıq, ayaqyalın müsəlləyə çıxıb üstümə nalə töküblər, heç birinə
qulaq verməmişəm. Demişəm, mənim kefim kök olsun. Cəmi insan tayfası belədir.
İstərik həmişə öz qardaşımızdan üstün olaq. Ondan ötrü öz qardaşımızın ayağının
üstünə çıxıb, başından basırıq. Amma demirik ki, qardaş başından basanın da allah
başından basar. Allah divanını yada salmırıq, qiyaməti yada salmırıq...”
M.F.Axundovun
dinə, İslama qarşı (daha çox fanatizmə) yönələn məfkurəsi
N.Vəzirov və Ə.Haqverdiyevdə formasını dəyişir. Onların qəhrəmanları son anda
İslama, Allaha sığınırlar: “...Xudaya! Dərgahında günahdan savayı bir iş tutmamışam,
amma indi sidqlə əl götürmüşəm dərgahına, ümid əlimi naümid qaytarma. Xudaya!
Bilirəm, o dünyada mənim üçün cəhənnəmdir. Amma ikinci cəhənnəmi bu dünyada
mənə çəkdirmə. Pərvərdigara, ucuz ölümünü məndən əsirgəmə. Məni insan yanında
üzüqara etmə. Qiyamətdə hər nə tənbeh etsən, hamısına layiqəm”.
Arvadı Sona xanımın kölgəsi ondan imarətlərini tələb etdikdə, Nəcəf bəy
daha aydın dərk edir ki, tövbə ilə günahlarını yumaq qeyri-mümkündür. Bu zaman o,
ikinci etirafını söyləməli olur: “İndi ölmək istəmirəm. Mən əziyyətə layiq adamam.
Gərək Allah mənə dünyada çoxlu ömür versin və çoxlu əzab...”
Mülkədarlığın iyrəncliyini ifşa edən bu qüdrətli ittihamnamə onun son tə-
səllisidir. Pyesin əsas ideyası bu hissədə öz bədii təsdiqini tapmış olur. İnsanın təka-
mülü budur! Mənən dəyişən, zənginləşən, özünü dərk edən və saflaşan insan! Son
anda həyatı anlayan və bunun çox gecikdiyini anlayan fərd.
“Bəxtsiz cavan”da (1900) müəllif idealının ifadə tərzi daha aydındır.
Azərbaycan maarifçilərinin işıqlı ideyalarına mane olan istismarçı cəmiyyətin ifşasına
bu əsərdə də Haqverdiyev tam nail olmuşdur.
Əsərin qəhrəmanı Fərhadın xarakterindəki maarifçi xüsusiyyətləri tarixi hə-
qiqətlərə uyğun canlandıran müəllif, qəhrəmanın gələcək arzularını da gizlətmir.
Gimnaziyanı bitirməklə kifayətlənməyən Fərhad Xarkovda ali məktəbin tibb fakül-
təsində təhsilini davam etdirmək niyyətindədir. Onun bu qətiyyəti atalığı və qəyyumu
Hacı Səmədağanı ona görə qorxudurdu ki, nüfuzlu həkim olub qayıtsa, Fərhadın ma-
likanələri qəyyumun əlindən çıxa bilər. Deməli, konfliktin əsasında mülkiyyət mə-
nafeyi durur. Fərhadı zorən evləndirməklə ailə-məişət buxovu vasitəsilə onun maarif-
çilik fəaliyyətinə əngəl yaratmağa çalışırlar. Bu əngəldən xilas üçün yeganə çarəni
18
Fərhad intiharda tapır. Lakin təsadüfən güllə qəyyuma dəyir. Beləliklə, əmisi ilə
Fərhad arasında süjet ənənəvi sərvət və mülkiyyət münaqişəsi xətti ilə davam edir.
Bədii ideyaya sosial-maarifçi vüsətini və sanbalını isə Fərhadla, Hacı Səməd-
ağa ilə kəndlilər arasındakı münasibətlərin məzmunu aşılayır. Gimnazıst bəy onlarla
ünsiyyətdə yeni ziyalı maarifçi mədəniyyətinin bütün normalarını dərhal real işdə,
əməldə tətbiq etməyə can atır: kəndliləri ağa mülkünə dəvət edir, onlarla qeyri-adi bir
sadəlik və səmimiyyətlə söhbət edir. Maarifçi münasibətinin ənənəvi çərçivəsi buraya
qədər hələ pozulmamışdır. Çərçivə o vaxt pozulur ki, mənəvi ünsüyyətə aşkar sosial
notlar qarışır. Qəyyum qəzəblə irəli atılanda əxlaqı çərçivədən əsər-əlamət qalmır; o
kəndliləri itələyib otaqdan çölə tullayandan sonra Fərhadla əmisi arasında kəskin
mübahisə başlayır. “Kəndli adamdır, yoxsa heyvan? – dialoqun bu “problemə” qə-
dərki davamı hələ o qədər də dramatik və “fəlsəfi” deyil, sosial fəlsəfə onda başlayır
ki, opponentlər konkret ictimai (maarifçi) detallara gəlib çıxırlar. Fərhad yada salır ki,
kəndlilərə barama qurdunu elmi əsaslarla necə çoxaltmaq barədə bir kitab verirlər və
bütün kənddə bu kitabı oxuya bilən tapılmır: kəndli uşağı gərək kitab oxusun, barama
qurdunun da, mülkədar ağanın da hər üzünü görüb tanıya bilsin (barama qurdu ifadəsi
məncə qəsdən seçilib. Niyə məhz barama qurdu), başa düşsün ki, torpağa heç kimin
sahiblik haqqı yoxdur. Allahdan başqa hətta bəy də bir tikə çörəyi öz halal zəhməti ilə
qazanıb yeməli, yoxsulun uşağına “atalıq edib” onu oxutmalıdır. Yoxsa gec-tez qisas
alınacaq və avam xalq “acgöz vəhşiləri” öz yolundan qoparıb kənara atacaqdır. Bu-
rada diapazon çox genişdir və səhnədə sinfi ziddiyyətdən, sosial inqilabdan açıq da-
nışılır. Bütün bunlardan sonra gənc Fərhadın təklifi odur ki, gərək uşaqlar təhsil alsın
və kəndli barama barədə elmi məlumatdan xəbərdar olsun. Onun bütün davranışı,
xarakteri, mübarizə proqramı inandırır ki, Fərhadın nə inqilabi-demokratik, nə də
liberal-maarifçi şüarları real fəaliyyətlə, əməli-işlə tamamlana bilməyəcək və gənc
maarifpərvər zadəganlıq kənddə əməli islahata hələ hazır deyil.
“Pərvərdigara, sən özün məzlumları zalımların əlindən xilas elə” - deyə
Fərhad allaha yalvarır və bir maarifçi kimi cəmiyyətin mübarizəsiz inkişafına inanır.
“Fərhadın “baxtsızlığı” - maarifçi proqramın əməldə, işdə gücsüzlüyüdür.
İslahatçı ictimai demokratiya ideyalarının hələ maarifçi konteksdə davamı, “bətn
dövrü” deyəndə biz bunu nəzərdə tuturuq” (Y.Qarayev).
Amma bu həm də o deməkdir ki, kənddə ictimai ziddiyyət kəskin həddə çat-
mışdır. Mülkədar da, ziyalı da eyni güllənin qurbanına çevrilir. Fərhad ölsə də, ilk
dəfə ucadan elan etdiyi islahatçı, demokratik ideyalar yaşayır.
Azərbaycanda sovet dövrünə qədərki Haqverdiyev nəsrinin əsas tərkibini
“Marallarım”, “Xortdanın cəhənnəm məktubları” silsiləsi, “Şeyx Şaban” povesti təş-
kil edir. Onun nəsrində realist gülüş, maarifçi satira daha sabitdir. Bu süjetlər üçün ib-
rətli felyeton, novella və lətifə vəziyyətləri səciyyəvi, naqis əxlaq problemi aparıcıdir.
Haqverdiyev yaratdığı surətlərin daxili aləminə dərindən nüfuz edə bilir, onların özü-
nəməxsus konkret mənəvi dünyasını həyata, insanlara, cəmiyyət hadisələrinə baxışını
dəqiq müəyyənləşdirir. Bu isə onları orjinal fərd kimi təbii, həyati və canlı göstərir.
“Xortdanın cəhənnəm məktubları”nın cəhənnəməqədərki hissəsində Bərdə
bazarlarından danışılarkən bir hampa müəllimi ilə kənd müəlliminin mübahisəsi gös-
tərilir. Hampa müəllimi axtaran inspektora – “gedib dərs gətirməyə” dediyi üçün
müəllimin qəzəbinə gəlib. Məlum olur ki, bütün günü veyil-veyil kəndləri gəzən
müəllimdən kim harda olduğunu soruşduqda “getmişdim dərs gətirməyə” – deyirmiş.
19
Hampanın dili ilə müəllimin dərs metodu gülüş hədəfinə çevrilir. Etirafetmə üsulunun
kütləvi formasından istifadə edən müəllif hər surətin daxili aləmi, xarakteri haqqında
konkret təsəvvür yaradır.
Hekayə yaradıcılığında zahirən C.Məmmədquluzadə kimi milli varlığın
keçmişini təsvir etsə də, əslində bu formasını dəyişib saxlanmış mahiyyətdir, “köhnə
dünyanın bu günüdür”. C.Məmmədquluzadə satirasındakı ehyamlı, tikanlı, atmacalı
üslubla Ə.Haqverdiyevdəki baməzəlik, şuxluq xeyli fərqlidir. Müdrük və şaqraq şərq
gülüşündən yararlanan müəllif heç vaxt tam müsbət və ya tam mənfi qəhrəman
yaratmağı planlaşdırmır. O, müəyyən məqsədli, müəyyən arzulu, qüvvətli xarakter
yaradır, onu ciddi maneələrlə qarşılaşdırır, həyat imtahanları qarşısında qoyur, güclü,
zəif cəhətlərinin meydana çıxarır və orijinal xarakterli, düşünüb-daşınan, uğurlu-
uğursuz həyat yaşayan canlı insan surəti yarada bilir (T.Mütəlimov).
Etirafetmə üsulunun kütləvi formasından istifadə edən müəllif hər surətin
daxili aləmi, xarakteri haqqında konkret təsəvvür yaradır. Amma hər kəsin gülüşü
fərdi, özünəməxsusdur.
“Xortdanın cəhənnəm məktubları”nda ədib yazır: “Günahkar cəhənnəmə dü-
şən kimi Qəllaz və Şəddad adında məlakələr, rus kazakları əlsiz-ayaqsız füqəranın
üstünü alan kimi, onun üstünü alıb başlayırlar onları odlu dəyənəklərlə vurmağa və
zəncir bağlayıb odun içində sürüməyə”. Nə qədər qüvvətli bir bənzətmə! Cəhən-
nəmdə günahkarın ətini didib, sümüklərini sındıran 70000 barmaqlı qaradovoylar da
bizim qaradovoylara bənzədilir.
- Xülasə, nə ərz edim. Lap bizim qaradavoylar! Ədib xalqın incə yeri olan
dindən istifadə etməklə onların diqqətini milli məsələyə, özünüdərk məsələsinə
yönəldir və məqsədinə nail olur. Bu əsərdə Ə.Haqverdiyev Allaha, islama qarşı
çıxmır. Rejim dövrünün ədəbi tənqidində çox şişirdilmiş formada təqdim olunsa da,
qətiyyətlə deyərdik ki, ədib islama ləkə gətirən və onu hörmətdən salan “yalançı din
xadimləri”ni məzhəkəyə qoyur. Fazil Dərbəndi kimi ruhani din xadimlərinin əməl-
lərinin nəticəsi kimi, yerlərini cəhənnəmdə görürük. Bu özü islamın əxlaq kodeksi ilə
tərbiyələndirmə metodudur. Cəmiyyətdən qorxub çəkinməyənləri müəllif Allah xofu
vasitəsilə naqisliklərindən döndərməyə çalışır, cəhənnəm qorxusu ilə qorxudur.
“Xortdanın cəhənnəm məktubları”nın niyyəti zahirən “İlahi komediya”nı (Dante)
xatırlatsa da, bədii sujetin mahiyyəti etibarilə o, “Qulliverin səyahətləri” ilə, həmçinin
fantastik fabulası, kəskin satirik mübarizəsi ilə seçilən digər maarifçi – realist po-
vestlərlə bir tipologiyaya daxil edilir. Əsərdə dələduzluqla məşğul olub bəd əməllər,
bais işlər görənlərin cəhənnəmdə hansı əzablara düçar olduqları konkret faktlarla
göstərilir. Əsər milli özünüdərk, pak əməl, tanrı dərgahına inam aşılamaqla yanaşı,
dini xürafata, din adından alver edən mömünlərə nifrət oyadır və onları məsxərəyə
qoyur. Əsərin sonunda rus qoşununun cəhənnəmə dolması faktı ilə bağlı müəllifiin
mükaliməsi maraqlıdır. Ordakılardan biri:
-Bundan sonra gərək hamımız cəhənəmdən baş götürüb qaçaq. Odabaşıya
dedim:
-Əmi oğlu, tez olun buradan məni çıxardın. Bunlar ki, buraya sahibləndilər,
məni başburtsuz görüb əziyyət edəcəklər. Tez olun, qardaşım. Şərhə ehtiyac yoxdur.
“Maralların” silsiləsi – milli gerçəklərə, tarixi həqiqətlərə bütöv bir yanaşma
tərzidir. Silsilə bütünlükdə struktur məzmunu və kompozision əhatəsi ilə söz deyir,
fikir söyləyir. Həm də satirik məqamda:
20
“Qulaqlar hər biri bir qarış, yaranıblar eşitməyə. Amma nə? Mərsiyyə, qəsidə,
mütrüb nəğməsi... Hər biri bir çatdaq boyda gözlər? Dünyada heç bir şey görmə-
yən...” milli-müsəlman həyatının bütöv bir qatının tənqid-təsiviri nəzərdə tutur. Ədib
milli tühafların böyük bir sırasını cəm eliyib “hamısına birdən gülmək” niyyətində-
dir:... Gedərsən İrana, Hindistana, Türküstana, Ərəbistana, İrəvana, Naxçıvana, Qara-
bağa və s. ... Hər yer mənim marallarım ilə doludur... Burda bir sizi deyib gəlmişəm
... məqamı da var: -Gözəl marallarım, göyçək marallarım, hər biri bir can maralla-
rım... Keçəl marallarım, qotur, bitli marallarım... Başları qapazlı, üzləri tüpürcəkli
marallarım.
Əzizləmə başlanğıcı ərkyanalığa, yaxınlığa yer qoyur. Müəllif məhz bu
məqamdan qəhrəmanlarının aləminə daxil olur.
Dünyanın gedişatını laqeyd izləyən, bir yanda xoş əxlaqlı, saf təbiətli, o
yanda məzəli, qayğıları əyləncəyə, problemləri tədbirə çevirə bilən... dəcəl insanlar
yurdu “Dəccələbad”.
Əsr irəllilədikcə milli ideyalar daha gerçək məzmun kəsb edir, konkret millət
problemi şəklində qabarır. Millət özünüdərk mərhələsini yaşayır və bu ədəbiy-
yatımızda özünü daha çox büruzə verir.
Ə.Haqverdiyevin “Ata və oğul” hekayəsi (1906) milli müsəlman həyatının
“proza”sını verən ibrətli bir əsərdir. Müsəlman həyatını diriliyi, səbatı, özünəxаs
üstünlükləri nədədir? Müsəlmanın güzəranı, tərəqqi və səadəti nə ilə bağlıdır?
“Əvvəla, bala, bu gündən ömürünün axırınadək sən bunu heç xəyalından
çıxartma ki, müsəlmansan. Quranın və peyğəmbərin şəriətinin hökmlərinə həmişə
itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən savayı, dünya xoşbəxtliyi də
səninlə olar və Allahın əli və kölgəsi heç vaxt sənin üstündən kəm olmaz... Bacar
dünyada hamıya yaxşılıq elə...” Ata vəsiyətində yığcam şəkildə ehtiva olunmuş mü-
səlmanın bu həyat kodeksi əsərdə iki rakursdan sınanır. Atanın simasında bunun ideal
gerçəkliyi verilir: - Hacı Xəlil ömrü boyu islami dəyərlərə tapınıb, səadətini tapır:
oğlunun timsalında real həyat həqiqəti görk olunur: - Əhməd ata vəsiyyətinə göz
yumur, bundan uzaqlaşdıqca iflasa uğrayır, məhv olur. Hacı Xəlilin ömrü halallıq
üzərində qərar tutmuşdur. “Yalan”, “günah” Əhmədin uçuruma yuvarlanan ömrünü
səciyyələndirən amillərdir. Hacı Xəlilin övrəti oğlunun dərdindən bir neçə günün
içində əriyib sönür. Kərbəlayi Qulaməli ağasının ardınca Sibirə getməyə hazırlaşır:
“Qurbanın olum, əlacım nədir. 40 il atasının çörəyini yemişəm, əgər onun yaman
günündə gözdən qoysam, o çörək mənim gözlərimə durar”. Milli-mənəvi dəyərlərə
hörmətin ən ali forması budur. “Ata nəsiyyəti”ndə Hacı Xəlil oğluna deyir: “Yüz
zəhmətlə səni mən bu boya yetirmişəm. Hərçənd uşqoladan yarımçıq çıxıbsan”...
Müəllif diqqəti bu “uşqoladan yarımçılıq” bəlasının nə olduğuna, sağlam təhsilə
yönəldir. Hacı Xəlil mollaxana təhsili almış şəxsdir: “Bu dövlətin binası mənim
savadım olub. Ona görə, bala, övladın olsa, bitərbiyə qoyma...” Məhz bu “uşqoladan
yarımçılıq” qapalı müsəlman dünyasının dağılmasına səbəb olur. Bütünlükdə həyat
tərzi başqalaşır. Milli-mənəvi dəyərlər qiymətdən düşür. Milli cəmiyyət istər ideal,
istərsə də real planda tipik münasibətləri, tipik xarakterləri ilə onun hər bir heka-
yəsində yenidən canlanır. Xeyirxahlıq və bədxahlıq, doğruluq və yalan, dostluq və
hörmət, hiylə, məkr və sevgi, inam və inamsızlıq, nəhayət, təbiətən saf işıqlı insanlar.
– Mirzə Səfər, Usta Zeynal, Şeyx Şabanlar və milli tühaflar – “marallarım” burada
yanaşı gəlir, birgə, ədəbi qonşuluqda yaşayır (T.Əlişanoğlu).
21
“Mirzə Səfər” hekayəsində əsrin əvvəlləri Azərbaycan türkünün “həyat
tarixçəsi” verilir. Mərd, saf əxlaqa malik türk xarakteri geniş dünyagörüşlü, vətəndaş
siması, övlad tərbiyəsində milli dəyərləri yaşatması ilə təqdim və təsvir olunur.
Mirzə Səfər kimi qəhrəmanların daxili bütövlüyü Həsən ağaların cılızlığına
üstün gəlir.
“Ayın şahidliyi” hekayəsində müəllif ayın dilindən öz əsas məqsədini
açıqlayır: “Amma indi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub
danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz.
Xeyr! O, qara ləkə deyil, belə mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyətin hər
cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxarıram!”.
Ə.Haqverdiyev nəsrinin realizmi - dolğun realizmdir. Realizmin başlıca prin-
sipi olan xarakterlərin sosial gerçəklərə uyğun təqdim-təsviri burada aparıcıdır.
Ə.Haqverdiyevin milli müsəlmanı konkret müsəlman cəmiyyətinin övladıdır, bütöv
bir ictimai münasibətlər daşıyıcısıdır. Realizmin digər əlamətinə - tarixiliyə gəldikdə
isə bu, Haqverdiyevin nəsrində özünəməxsus tərzdə təzahür edir. Tarix şərti olaraq
fonda, konteksdə, ümumi ideya xəttində də vardır. Yazıçının yaratdığı dünya gerçək
tarixin bir hissəsi olmayıb, onun alternativi kimi təzahür edir.
ƏDƏBİYYAT
1.
Qarayev Y. Realizm, sənət və həqiqət. Bakı: Elm, 1980, 255s.
2.
Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2 cilddə. I, II c. Bakı: Lider, 500s
3.
Mütəllimov T.Ə. Haqverdiyevin poetikası. Bakı: Yazıçı, 1988, 323 s.
4.
Əlişanoğlu Т. Əsrdən doğan nəsr. Bakı: Elm, 1999, 117s.
А.АХВЕРДИЕВ И НАЦИОНАЛЬНОЕ САМОСОЗНАНИЕ НАРОДА
М.С.ГАСАНОВА
РЕЗЮМЕ
В статье оценивается новая точка зрения в творчестве одного из выдающихся
личностей азербайджанской просветительной и реалистической литературы А.Ах-
вердиева. Оцениваются заслуги ахвердиевского наследия в возрождении национального
самосознания народа и аналитических мышлений как продолжители идей М.Ф.Ахун-
дова. Идейно-художественные особенности и богатство словарного запаса является
основным объектом исследования автора.
A.ЩАGВЕРДИЙЕВ АНД THE PEOPLE’С NATIONAL SЕЛФ-ЪОНСЪИОUСНЕСС
М.С.ЩАСАНОВА
СУММАРЙ
The артиъле elucidates a new point of view in the creativity of one of the most remarkable
figures in the Azerbaijan enlightening – realistic literature. As a successor of
M.F.Akhundov’s ideas, the role of Hagverdiyev’s literary heritage in the development of
the people’s national self-consciousness is estimated by analytic thinking. The idea-
artistic features and rich linguistic value of the writer’s work are also the object of
research in the article.
Dostları ilə paylaş: |