Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə30/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

Zəngin düyməsini basmağa əlim qalxmır. Birtəhər özümü toplayıram. Ciyərli olmaq lazımdır. 
Qapının zəngi səslənəndə diksinirəm. Bu nə ağılsız, axmaq işdir tutdum?! Yuxarı çıxanda 
dodaqaltı gic-gic şeylər pıçıldayırdım. Hələ utanmaz-utanmaz pilləkənləri saymağı demirəm. 
Birdən atası, qardaşı çıxsa qapıya, nə edəcəm?! Bəlkə üzüaşağı götürülüm? Ya da özümü 
dördüncü mərtəbədən atıb aradan çıxım? Kim deyə bilər ki, Əsmər məni bağışlamayacaq? 
Əlbəttə, hər zülmətin bir aydınlığı var! 
İçəridən qımıltı gəldi. Ardınca ev başmaqlarının şappıltısını eşitdim. Əsmərin anasının kədərli 
siması qapının ağzında görünəndə udqundum. Əynində özündəngüllü xələt vardı. Elə bil, 
Əsmərin mənə şəkildə göstərdiyi qadın deyildi, saçlarına sıx-sıx dən düşmüşdü. Çuxura düşən 
gözlərinin altında qat-qat qırış görünürdü. Üz-gözündəki nisgil, peşmançılıq sinəmin acısını 
körüklədi. Bədənimə hərarət gəldi, barmaqlarımın ucunacan qızardım. Elə bil, içimdə tonqal 
qalamışdılar. Salam vermək istədim, dişlərim kilidlənmişdi, açılmadı. Aradan bilmirəm nə qədər 
vaxt keçdi, biz nə qədər göz-gözə dayandıq. Məndən hərəkət görməyəndə xırıltılı səslə özü 
dilləndi: 
- Eşidirəm, bala! Niyə gəlmisən?  
Birtəhər başımı tərpədə bildim. Dişlərimin qıcı açıldı. 
- Salam... Bağış... layın. - Zingiltini xatırladan boğuq səslə dilləndim. 
 
- Eşidirəm... 
- Bilirəm, narahat elədim. Bəlkə... bəlkə gəlməyim yaxşı düşmədi, amma...  
- Bekara gəlmisən, bala. Bir də əziyyət çəkib bu qapını döymə.  
Bu, birinci zərbə!  
- Başa düşürəm sizi, əlbəttə, yaxşı düşmədi, yəqin... 
- Niyə gəlibsən, sözünü de, get, nə istəyirsən? - Arvadın aşkar qəddarlıq yağan üz-gözü əyildi.  
- Əsmər...dən, - udqundum - bir xəbər bilmək istədim. On gündən çoxdur danışa bilmirəm. 
Hardadır? Evdədirsə, bircə dəqiqəliyə çıxsın, sözüm var.  
- Əsmərə qarşı elədiyindən utanmırsan, hələ durub evimizə gəlmisən? - Bu dəfə mülayim səslə
hirs-hikkəsiz dedi - Səni görmək istəmir. Get, oğlum, get!  
Qapını bağlamaq istəyəndə özümü irəli atıb dəstəkdən yapışdım.  
- Bir dəqiqə, bir dəqiqə... Xahiş edirəm. Mənə qulaq asın, bu dəqiqə gedirəm.- Arvad gözlərini 
ağzıma zillədi. Hiss edirdim, səbrini basa bilmir, özünü güclə ələ alırdı.  
- Aşağıda balaca qız gördüm, dedi Əsmər harasa gedib. Xahiş edirəm, gizlətməyin, gizlətməyin.  
- Xəstələnmişdi. Özünü yaxşı hiss etmirdi, naxoşluğu çəkiləndən sonra xalası Gürcüstana 
çağırdı. Səndən çox danışmışdı mənə. Sevinc də xeyli yaxşı sözlər dedi. Sevincə inanıram, bəlkə 
pis uşaq deyilsən, amma bu alınmayacaq. Atasının da xəbəri var, hirslənmişdi. Qız Gürcüstandan 
qayıtsın, bacım oğluna nişanlayacam. Özü də istəyir. 
- Yo-x, heç vaxt o belə deməz. İnan... mıram.  
- Atasının gələn vaxtıdır. - Arvad üz-gözünü turşutdu. - Səni burda görməsin. Get, özünə gün-
güzəran qur, bala, Əsmərdən nigaran qalma. İnşallah, qarşına lap yaxşısı çıxar, xoşbəxt olarsan.  
Qapı üzümə bağlandı. Çiynimdə göylərin ağırlığını hiss edirdim. Ürəyim sıxıldı, darıxdım. 
İstədim, qapını bir də döyüm, Əsmərin anasından dönə-dönə xahiş edim ki, məni dinləsin. Əlimi 
yuxarı qaldırıb barmaqlarımı bir-birinə kip sıxdım. Yox, yoxx-x...!!! Qürurum yol vermədi, 
özümü zavallı, əzilmiş hiss etmək mənliyimi zədələyirdi. Ağır-ağır pilləkənləri düşüb təmiz 
havaya çıxdım. Başımı qaldırdım ki, çiçəkli pəncərəyə bir də baxıb təsəlli tapım; ürəyim rahat 
olsun, hisslərim toxtaq! O pəncərəyə ki, yağmurlu payız, günəşli bahar günlərində Əsmər 
çiçəklərin arxasından boylanıb gülümsünər, barmaqlarının ucunda mənə qucaq-qucaq öpüş 
göndərər, gözdən itincə pəncərənin qarşısından çəkilməzdi. İndi bu mikrorayon, hər tini-dalanı 
tanış küçə, üst-başından yorğunluq, qocalıq yağan bu bina, çılpaq ağaclar - hamısı, hamısı 
doğmalığını içinə çəkib mənim gözümdə yaddan yad, ögeydən ögey olmuşdular. Əsmərsiz bu 
həyətin səs-küyü, bu binanın məhrəmliyi, isti-ilıq hərarəti göylərə çəkilmişdi. O vaxt ağacların 
sıx yarpaqları Əsmərin saçları kimi dalğalanardı.  
Bir adam ki gün uzunu səsimi eşitməyəndə özünə yer tapa bilmirdi, indi gözdən-könüldən uzaq 
qürbət Gürcüstanda necə yaşayırdı, ilahi? Bəlkə anası mənim başımı piylədi? Özünü kübar 
göstərən qadının ürəyinin dərinliyindəki riyakarlığı görmək asan iş deyildi. Yəni Əsməri məndən 
ayırmaq üçün əlinə sərfəli fürsət keçmişdi? Bədxah taleyimin mükafatını özgələrə qıyarammı, 


qıymaram! Əsmər məndən özgə kimin qolları arasında uyuya, kimin üzünə qapı açıb bəxtəvər-
bəxtəvər gülümsəyə bilər? Heç kimin! Vallah-billah, heç kimin! İki dünya bir ola, yenə heç 
kimin! Hərdən belə lirik-sentimental fikirlərə qapılanda özümdən zəhləm gedir, di gəl, ürək 
yaman şeydir, ona qarşı çıxmaq olmur, ay əclaflar, vallah olmur!!!  
Avtobus dayanacaqda saxlayanda özümü içəri necə tələsik, fikirli atdımsa, sısqa bir oğlanla sinə-
döş oldum. Ayağını tapdayıb par-par parıldayan ayaqqabısını korlamağımdan yaman qəzəbləndi. 
Üzrxahlıq etdim, keçmədi. Üstümə kükrəyəndə cin vurdu beynimə. Onsuz da heç bir işim düz 
gətirmir. Qoy bu da olsun növbətisi, nolacaq! Gədənin yaxasından yapışmaqla sürüyüb 
avtobusdan salmağım bir oldu. Yaxşı ki araya girənlər tez tapıldı, sısqa da özünə görə deyilmiş, 
yumruğun birini əngimə ilişdirməyə macal tapdı, ikincisini atanda bəxti gətirmədi. İctimai 
Televiziyanın yanında avtobusdan düşüb evə sarı yorturdum. Küləkdən qorunmaq üçün çənəmi 
sinəmə sıxıb addımlarımı yeyinlətdim. Yolboyu düşündüyüm bircə şey vardı: internet klubda 
Əsmərin e-mail ünvanına məktub yazıb ürəyimi boşaltmaq! Nolar, qoy cavab gəlməsin, əsas 
odur, ürəyimi deşən sözlərdən yaxa qurtaracam. Sevgidə qürur gözləmək axmaq şeydir, 
hisslərimin cilovunu buraxacam, əclaflığımı etiraf edəcəm. Söz ki səmimilikdən düşdü, gəlin, 
kişiyana bir etiraf edim, kim nə fikirləşirsə vecimə deyil, cəhənnəmə ki: əzab, peşmançılıq 
çəkməyimə bənd olmayın, mən heç bir Allah bəndəsinin qarşısında öhdəlik götürə bilmərəm ki, 
qara ömrüm uzunu sənə sadiq olacam, heç kimə tamah salıb yolumu azmayacağam. Möhkəm 
ailə ənənəsinin tərəfdarı olan kimsə özünü ortalığa atıb bunu mənim mayamdan-mahiyyətimdən 
gələn naqislik bilirsə, tüpürüm onun üzünə, o nacinsi it sürütməsi edərəm, ürəyim soyumaz. 
Amma Quran haqqı, belə miyana, azğın, alaçiy hisslərin, yabanı düşüncələrin Əsmərə qəti dəxli 
yoxdur, yoxdur. Ona hava, su kimi ehtiyacım var! Bir kişi bir qadını nə qədər sevə, xoşbəxt edə 
bilirsə, bunun min qatının öhdəsindən gəlməsəm, kişi deyiləm, bilirəm axı, qüdrətim çatar. 
Məsələ təkcə Əsmərin ipək saçlarında, bəstə boyunda, gözəlliyində deyil, o mənim yolumda hər 
məhrumiyyətə dözüb: yolumu azıb sərgərdan günlər keçirmişəm - səbr edib, yoxumu var bilib, 
qayğı-ehtiyac içində çabalayanda təsəlli yerim olub; bilmişəm ki, kürək söykəməli, bel 
bağlayası, güvənə bildiyim qadınım var, qadınım!  
 
Romanımın adı Leyla 
 
Kitab yazmaq uzun çəkən iztirablı  
bir xəstəliklə çarpışmaq kimi dəhşətli, 
üzücü bir mübarizədir. 
Corc Oruel, “Mən nə üçün yazıram”  
essesindən  
 
9 noyabr, 2010-cı il 
 
Leyla nigarandı məndən. Tez-tez zəng vurur. Səsindən hiss edirəm, əhvalı yaxşı deyil. Ürək-
dirək, təsəlli verəndə görürəm səsi titrəyir, içini çəkir. Anasının vəziyyəti də ki... - təzyiqi 
düşmür, ayaqları tutulub. Deyir, maşından ötrü bankdan yenə zəng vurub məhkəmə ilə 
hədələyiblər. Dünən Əsməri soruşdu. “Gürcüstana gedib, xəbər tuta bilmirəm. Məktublarıma 
cavab vermir” dedim. Elə üst-üstən üzrxahlıq edir: hər şeyə səbəb mən oldum. Hər dəfə romanı 
soruşanda “xeyli yazmışam” deyər-deməz sevinir. Bilmirəm nəyinə lazımdır. Guya bir qotur 
romanla dağı dağ üstə qoyacam!  
Əsmərin məktubuma cavab verməməsi qəlbimi incitdi. Kitab oxumaqdan usanmışam, İsmayıl 
dayı ilə çənə döymək işə yaramır. Bu boşluğu ancaq yazmaqla doldura bilərəm, yazmaqla. 
Havalar bir az da soyuyub, bekarçılıq, payız nostaljisi üstümə qara-qara fikirlər çökdürüb, yaman 
darıxıram. Leylanın verdiyi yüz dollarlığı cibxərci edib tükətdim. İş tapmaqdan yana sən deyən 
maraqlı deyiləm. İçimdə dəhşətli bir yazmaq ehtirası baş qaldırıb. Dünən bütün gecəni romanı 
necə yazacağımı götür-qoy etmişəm. Saat dördün yarısında yorğanı üstümdən atıb qeyd 
dəftərimi yazıb doldurdum. İlham atımın (lap düzü, ilham yabımın) şahə qalxan vaxtında 
telefonuma sms gəldi: “Səninlə başqa cür danışacağıq deyəsən, küçük. Şəkillərdən dərs 
götürmədin? O qəhbənin zənglərinə cavab vermə!” Yarım saat sonra ikincisi gəldi: ”Sən pis 
oğlan deyilsən. Bu daşı tök ətəyindən. Ağıllı olub kənara çəkilsən, yaxşı olacaq. İnan bizə”. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə