Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə32/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

OTUZ ÜÇÜNCÜ DƏRS


 Şiə məzhəbi nə vaxt meydana gəlmişdir?

 Bu barədə irəli sürülən nəzəriyyələr nədən ibarətdir?


ŞİƏLİYİN YARANMASI (2)

3. ŞİƏ MƏZHƏBİNİN BÜNÖVRƏSİNİ ƏBDULLAH İBNİ SƏBA QOYMUŞDUR


Bu barədə irəli sürülən nəzəriyyələrdən birində şiə məzhəbinin Osmanın xilafəti dövründə yaşamış Əbdullah ibni Səba tərəfindən yaradıldığı göstərilir.

Bu dərsimizdə Əbdullah ibni Səbanın şəxsiyyəti, nə zaman və necə islamı qəbul etməsi, əqidə və şiə məzhəbini necə təbliğ etməsi barədə söhbət açacağıq. Daha sonra tarixi sənədlərə istinad edərək şiə və sünni alimlərinin bu barədə irəli sürdükləri nəzəriyyələrlə tanış olacağıq.


ƏBDULLAH İBNİ SƏBANIN KİMLİYİ BARƏDƏ SÖYLƏNİLƏN FİKİRLƏR


İbni Əmətus-souda (qara kənizin oğlu) ləqəbi ilə məşhur olan Əbdullah ibni Səba əslən yəhudi olmuş və Yəmənin Sən᾿a, ya Hira və ya Həmir vilayətində dünyaya gəlmişdir. Üçüncü xəlifənin dövründə islamı qəbul etmiş, onun dövründə də müsəlmanlar arasında öz əqidəsini yaymağa başlamışdır. Müsəlmanları haq yoldan azdırmaq məqsədi ilə Şam, Kufə və Bəsrədən tutmuş, Kiçik Asiya, İran, Misir və Şimali Afrika ölkələrini gəzərək öz əqidəsini geniş surətdə təbliğ etmişdir. Yüksək natiqlik qabiliyyətinə malik olduğu üçün az bir zamanda minlərlə müsəlmanı öz ətrafına toplamış, səhabə və tabeinlərdən olan Əbuzər, Əmmar, Məhəmməd ibni Huzeyfə, Malik Əştər, Məhəmməd ibni Əbi Bəkr, Sə᾿sə᾿ət ibni Suhan və Əbdürrəhman ibni Udeys kimi şəxslərin diqqətini özünə cəlb edə bilmişdi.1

Əbdullah Səba müsəlmanlar arasında ondan əvvəl kimsənin e᾿tiqadı olmayan üç şeyi təbliğ edirdi:

1. O, «Peyğəmbər (s) özündən sonra Əlini vəsi və imam tə᾿yin etmişdir» deyən ilk şəxs olmuşdur;

2. Peyğəmbər (s) və Əlinin (ə) (vəfat etdikdən sonra) yenidən qayıdacağına dair fikir irəli sürən ilk şəxs olmuşdur.

3. O deyirdi: Əli öldürülməmişdir, həmişə diridir. O, buludların arasında sakin olmuşdur. Şimşək onun səsi, ildırım isə onun qırmancıdır. İlahi varlığın bir hissəsi Əlinin vücudunda yerləşdirilmişdir, o yenə qayıdacaq və yer üzündə haqq-ədaləti bərqərar edəcəkdir.

İbni Səba getdiyi bütün yerlərdə öz batil əqidəsini təbliğ edər və deyərdi: «Həzrət Məsihin qayıdacağına inanıb, həzrət Məhəmmədin (s) rəc᾿ətini qəbul etməyən şəxslərə təəccüb edirəm. Allahın min peyğəmbəri olmuş və onların hər birinin öz vəsisi olmuşdur. Həzrət Məhəmmədin (s) də vəsisi Əlidir». O, İslamı qəbul etməzdən əvvəl və yəhudi olduğu zaman öz əqidəsini Musa və Yuşə ibni Nuh barəsində bəyan edərdi.1

Dördüncü xəlifə Əli ibni Əbu Talibin (Allah ondan razı olsun) adı ilə bağlı olan şiəlik, zahirdə özünü müsəlman kimi qələmə verən, olduqca hiyləgər Əbdullah ibni Səba adlı bir şəxs tərəfindən meydana gəlmişdir. O, müsəlmanlar arasında təfriqə və ayrı-seçkilik salmaq, din və dünyalarını dağıtmaq üçün onları Əliyə pərəstiş etməyə çağırırdı.2

Yəhudilər Əbdullah ibni Səbanın Əlinin (ə) xilafət və ilahiləşdirilməsinə dair irəli sürdükləri nəzəriyyələrdən istifadə edərək daim müsəlmanlar arasında bid᾿ət və təfriqə yaratmağa cəhd göstərmişlər.3

İnqilabçıları xəlifə Osmana qarşı təhrik edən məhz Əbdullah ibni Səba olmuşdur. O, Osman barədə deyirdi: «Osman xilafəti qəsb etmişdir, camaat ona qarşı qiyam etməli və qəsb etdiyi hakimiyyətə qarşı mübarizə aparmalıdır.» Cəməl döyüşündə Əli və Ayişə arasında bağlanılan sülh sazişinə mane olanlardan biri də Əbdullah ibni Səba idi.4

ƏBDULLAH İBNİ SƏBA BARƏDƏ APARILAN İKİNCİ ARAŞDIRMA


Bütün tarixçilər, o cümlədən İbni Kəsir, İbni Xəldun, İbni Əsir, Fərid Vəcdi Bəstani, Əhməd Əmin və Həsən İbrahimhəsən bu əhvalatı Təbəridən nəql etmişlər. Rəşid Riza isə bunu İbni Əsirdən nəql edir. İbni Əsir isə kitabının müqəddiməsində bu mətləbi Təbəridən nəql etdiyini göstərir. Çünki bu kitab camaatın əksər hissəsinin istinad etdiyi ən mö᾿təbər mənbə hesab olunur.5

Buradan belə bir nəticəyə gəlirik ki, bütün tarixçi alimlər Əbdullah ibni Səbaya və onun gördüyü işlərə dair olan mə᾿lumatları məhz Təbəridən nəql etmişlər. Bəs görəsən Təbərinin özü bütün bunları kimdən və necə nəql etmişdir?

Bu mə᾿lumatları nəql edən ilk şəxs Rical alimləri tərəfindən mö᾿təbər sayılmayan və özündən bir çox saxta hədislər nəql edən Seyf ibni Ömərdir.

Onun barədə deyilənlərə nəzər salın:

Yəhya ibni Muin (h.q.233) deyir: «Onun nəql etdiyi hədislər zəif və əsassızdır».

«Sünən» adlı kitabın müəllifi Nəsai (h.q. 302) deyir: «Nəql etdiyi hədislər zəifdir və kimsə tərəfindən qəbul edilmir. O, e᾿timad olunası bir şəxs deyildir.»

Əbu Davud (h.q.215) deyir: «O olduqca yalançı və e᾿tibarsızdır.»

İbni Hatəm (h.q.377) deyir: «Onun nəql etdiyi hədislər kənara qoyulmuşdur.»

İbni Səkən (h.q.353) deyir: «O həddindən artıq zəif bir ravidir.»

İbni Həbban (h.q.354) deyir: «Özünün uydurduğu hədisləri mö᾿təbər bir şəxsin dilindən nəql edərdi. O, zındıqlıqda* ittiham olunurdu.»

Dar Qutbi: (h.q.385) deyir: «Nəql etdiyi hədislər zəif olduğu üçün əksəriyyət tərəfindən rədd edilmişdir.»

Hakim (h.q.405) deyir: Nəql etdiyi hədislər rədd edilmiş və zındıqlıqda ittiham olunmuşdur.

Firuzabadi (h.q.817) deyir: İbni Həcər (h.q.852) və Süyuti (h.q.911) onu olduqca zəif ravi hesab edirlər.1

Qeyd etmək lazımdır ki, səhabə və tarixçilərin bir çoxu öz kitablarında Əbdullah ibni Səba haqda heç bir mə᾿lumat verməmişlər.

O cümlədən İbni Sə᾿d özünün «Təbəqat» və Bilazəri «Ənsabul Əşraf» adlı kitablarında Osmana qarşı edilən üsyan haqda söhbət açarkən Əbdullah ibni Səbanın hətta adını da çəkməmişlər. Əbdullah ibni Səba haqda mə᾿lumat verən tarixçilərin kitablarında onun barəsində tam ziddiyyətli xəbərlər müşahidə olunur. Onun Sən᾿a, Hirə və ya Həmir şəhərlərinin hansı birindən olduğu və Osmana qarşı edilən qiyamda necə iştirak etməsi də tarixçilərə bəlli deyildir. Cəməl və Süffeyn döyüşlərində də onun adı çəkilmir. Sual doğuran məsələlərdən biri də bundan ibarətdir ki, görəsən nəyə görə Osman, Peyğəmbərin (s) hədislərini İbni Əbi Huzeyfə və Əbuzərə nəql etməyi yasaq etdiyi bir halda, İbni Səbaya tam ixtiyar verərək islam ölkələrini dolanıb öz xürafi əqidəsini təbliğ etməyə imkan vermişdir?

Yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, bir çox tarixçi alimlər Əbdullah ibni Səba haqda deyilənləri Seyf ibni Ömərin uydurduğu cəfəngiyat sanır və onu tarixi hadisə kimi qəbul etmirlər.


3. ALİMLƏRİN ƏBDULLAH İBNİ SƏBA BARƏDƏ İRƏLİ SÜRDÜKLƏRİ NƏZƏRLƏR


Müasir alimlərin Əbdullah ibni Səbaya olan münasibətlərinə nəzər salaq. Görəsən ilk dəfə şiə məzhəbinin bünövrəsini qoyan şəxs həqiqətən də o olmuşdurmu?

Misrin məşhur yazıçılarından olan doktor Taha Hüseyn onun barəsində yazır: «Mənim nəzərimcə İbni Səbanın əhvalatını bu qədər böyüdənlər həm özlərinə, həm də tarixə ağır zərbə vurmuşlar. Nəzərə çarpan ilk şey bundan ibarətdir ki, Osmanın əleyhinə edilən qiyamlardan xəbər verən mö᾿təbər tarixi kitablarda İbni Səba adlı bir şəxsə rast gəlmirik. İbni Sə᾿d Osmanın xilafət dövrü və camaatın onun əleyhinə qiyam etməsindən söz açarkən orada İbni Səbanın adını çəkmir. Bu barədə ən müfəssəl kitab hesab etdiyim Bəlazərinin «Ənsabul Əşraf» adlı tarix kitabında da İbni Səba barədə heç bir mə᾿lumat verilmir. Bu haqda yeganə mə᾿lumat verən şəxs varsa, o da Təbəridir. Sonrakı tarixçilər də onun barəsində deyilənləri məhz ondan nəql etmişlər.

Osmanın xilafət dövründə İbni Səbanın mövcud olması və onun hər hansı bir ictimai-tarixi hadisədə mühüm rol ifa etməsi mənə dəqiq mə᾿lum deyildir. Amma bunu yəqin bilirəm ki, diqqət mərkəzində olsaydı belə, bir o qədər də əhəmiyyətli şəxsiyyət deyildi. Çünki, islamı təzə qəbul etmiş yəhudi bir şəxsin ölkə və şəhərləri dolanaraq belə bir mövqeyə nail olması, müsəlmanların böyük bir hissəsini özünə cəlb etməsi qeyri-mümkündür.

Əgər hiylə işlədərək müsəlman olmuş bu yəhudini Müaviyə və ya Əbdullah ibni Amir tutsaydı, onlardan biri və ya hər ikisi xəlifəyə (Osmana) xəbər verər və İbni Səba öz layiqli cəzasına çatardı.

Osmana məktub yazaraq Əbu Bəkrin və Əbu Huzeyfənin oğlanlarının, eləcə də Əmmar Yasirin cəzalandırılmasını tələb edən şəxslər müsəlmançılıqdan sui-istifadə edərək təfriqə salan və onlarda imam və dinlərinə qarşı şəkk yaradan yəhudi bir şəxsi cəzalandırmamalı idilər...?»

Təəccüb doğuran burasıdır ki, Osmanın əleyhinə edilən qiyamlar, onun qətlə yetirilməsi və ondan sonra Əli (ə), Təlhə, Zubeyr və Ayişə ilə qarşı-qarşıya durmazdan əvvəl baş vermiş hadisələrdən söhbət açarkən İbni Souda yə᾿ni, Əbdullah ibni Səba və onun tərəfdarlarının adını tez-tez çəkmişlər. Həmçinin Əli (ə) sülhün bərqərar olunması üçün öz adamlarını Təlhə, Zubeyr və Ummul-mö᾿mininin* yanına göndərdiyi zamanda onların adına tez-tez rast gəlmək olur. Sonra yazırlar: «Qarşıdurma yaratmaq məqsədi ilə onlar Əlinin icazəsi olmadan döyüş meydanına gəlmişlər. Süffeyn döyüşünə gəldikdə isə, İbni Səbanın tərəfdarlarının adlarını əsla çəkmirlər. Əgər İbni Soudanın əhvalatı tarixi baxımdan əsaslı olsaydı, hiylə və məkrləri bu ağır döyüşdə də özünü biruzə verərdi. Belə bir səhlənkarlığı necə başa düşmək olar? Onun Süffeyn döyüşündə iştirak etməməsini necə yozmaq olar? Bunun yalnız bir səbəbi olar bilər. O da bundan ibarətdir ki, İbni Souda bir şəxsiyyət kimi mövcud olmamış, sadəcə olaraq şiə məzhəbinin düşmənləri mübarizə məqsədilə ondan sui-istifadə etmişlər.1

Bağdad universitetinin doktoru Əli Əliverdi deyir: «Günlərin bir günündə bir kişi islam dininə istehza edərək deyirdi: Dinə bir baxın, qalib gəldiyi və inkişafda olduğu bir halda asanlıqla tarixə bir o qədər tanış olmayan qərib bir şəxsin ovuna çevrilir. Peyğəmbər (s) və onun davamçılarının islam ölkələrində nüfuzunun artdığı, dini hökm və tə᾿limlərin sürətlə yayıldığı bir vaxtda, yəhudi bir şəxs meydana gəlir və kimsə qarşısını alıb onunla mübarizə aparmır. Doktor Əliverdi sonra əlavə edərək deyir: Bu qəribə şəxsiyyəti bilərəkdən meydana çıxarmışlar... Əbdullah ibni Səba haqda deyilənlər camaatı cadugərlik yolu ilə özünə cəlb edən xariqüladə iste᾿dada malik olan bir şəxsdən başqa kimsədən gözləmək olmaz. Demək, heç olmasa İbni Səbanın vücudunda elə bir qeyri-adi qüvvə olmuşdur ki, camaatı tam ixtiyarsız olaraq özünə tabe etmiş və onları ovsunlayaraq öz tə᾿siri altına sala bilmişdir. Əgər Osmanın xilafət dövründə belə bir şəxs mövcud olsaydı, tarix kitablarında malik olduğu fövqəl᾿adə xüsusiyyətlərlə birgə onun haqda xəbər verilərdi. Lakin təəccüb doğuran budur ki, Osmana qarşı edilən qiyamlar barədə xəbər verilən mö᾿təbər mənbələrdə İbni Səba haqda heç bir mə᾿lumat verilmir.»2

Məşhur şiə alimlərindən olan Abdülhüseyn Əhməd Əmini öz kitabında yazır: «Bu məsələyə bir qədər ehtiyatla yanaşmalıyıq və islamın zühur etdiyi ilk illərdə bu müqəddəs dini qəbul etmiş müsəlmanlar barədə deyilənlərə aldanmamalıyıq. Belə ki, yəhudi bir şəxsin islamdan sui-istifadə edərək müsəlmanların din və siyasətlərini oyuncağa çevirməsi, hiylə yolu ilə xəlifəyə qarşı qiyam edib onun qətlinə və nəhayət müsəlmanlar arasında parçalanmaya səbəb olması olduqca qeyri-məntiqi bir fərziyyədir.»1

Həmçinin başqa bir məşhur şiə alimlərindən olan Məhəmmədhüseyn Kaşiful Ğita bu barədə yazır: «Şiə kitablarında Əbdullah ibni Səba lə᾿nətlənmiş və hər bir müsəlmana onun barəsində yazılanlardan uzaq olmağa əmr olunmuşdur. İbni Səbanın şəxsiyyəti hətta təhqir olunmağa belə layiq deyildir.»2

SUALLAR VƏ TAPŞIRIQLAR


1. Əbdullah ibni Səba kimdir?

2. Əbdullah ibni Səbaya nə kimi işlər aid edilir?

3. İbni Səbaya aid olan mə᾿lumatları sənəd baxımından araşdırın.

4. Doktor Taha Hüseyn İbni Səba barəsində nə fikirdədir?

5. Alimlərin İbni Səba barədə irəli sürdükləri nəzəriyyələrdən hansı nəticəyə gəlmək olur?


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə