Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə43/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   39   40   41   42   43   44   45   46   ...   61

QIRX DÖRDÜNCÜ DƏRS


 İmamiyyə məzhəbi hansı məzhəbə deyilir?

 İmamiyyə məzhəbi necə meydana gəlmişdir?


İMAMİYYƏ


«İmamiyyə» sözü şiə məzhəbli firqələrə verilən ümumi bir addır. Onlar «imamət» məsələsini dini əsasların biri hesab edir və onu dinin qorunub saxlanılmasında ən mühüm amil kimi qiymətləndirirlər. Onların əqidəsinə görə, yer üzü heç vaxt imamsız olmayacaq, istər qeybdə, istərsə də zahirdə olmaqla daim dinin keşiyində duracaqdır.

İmamət digər islam məzhəblərinin diqqət mərkəzində olmadığı üçün bu ad yalnız onların müqabilində dayanan İmamiyyə firqələrinə verilmişdir. Əvvəlki dərslərimizdə qeyd etdiyimiz kimi, İmamiyyə məzhəbi tarix boyu ağır mərhələlərlə qarşılaşmış və nəticədə «Zeydiyyə», «İsmailiyyə» və sair firqələrə bölünmüşdür.

Bunun üçün də İmamiyyə deyildikdə, yalnız «on iki imamçı» şiə məzhəbi nəzərdə tutulur. Demək, hal-hazırda İmamiyyə məzhəbinin ardıcılları Əli ibni Əbu Talibdən başlayaraq, Məhəmməd ibni Həsən Mehdi Sahibəzzəmana qədər olan on iki mə᾿sum şəxsin imamətinə e᾿tiqadı olan şəxslərdir.

Bu məzhəb altıncı imam Cə᾿fər ibni Məhəmməd Sadiqin adı ilə bağlı olaraq, Cə᾿fəri məzhəbi də adlanır. Bunun isə əsas səbəbi şiə məzhəbinin fiqhi əsaslarının məhz onun dövründə genişlənib vüs᾿ət tapmasıdır. E᾿tiqadi məsələlərə gəldikdə isə, şiə məzhəbi əksər hallarda imamiyyə adlandırılır.

İMAMİYYƏ MƏZHƏBİNİN YARANMASI


Əvvəlki dərslərimizdə islam firqələrinin necə və kimlər tərəfindən meydana gəlməsi haqda söhbət açdıq. Lakin İmamiyyə barədə belə bir fikir irəli sürmək düzgün və əsaslı olmazdı. Çünki, İmamiyyə tərəfdarları bu məzhəbin onların hər hansı bir alimi tərəfindən meydana gətrildiyini düzgün anlayış hesab etmir. Yə᾿ni, şiə məzhəbinin meydana gəlməsi heç də Vasil ibni Ətanın öz şəxsi nəzəriyyələrini irəli sürməsi və Mö᾿təzilə məzhəbini tə᾿sis etməsi kimi olmamışdır. Əksinə, onlar belə bir əqidədədirlər ki, şiə məzhəbi İslamın əvvəllərində Qur᾿an, sünnə və Peyğəmbərin (s) öz canişinləri haqda buyurduğu tövsiyələrdən irəli gəlmişdir. Peyğəmbər (s) vəfat etdikdən sonra isə onun sadiq davamçıları olan imamlar fiqh və əqidə üsullarının əsasını qoymuş və o həzrətin tə᾿limlərindən bəhrələnərək şiə ideologiyasını öz davamçılarına şərh və tə᾿lim etmişlər. Bu səbəbdən də İmamiyyə alimləri şiə məzhəbinin meydana gəlməsində özlərinin heç bir rol oynamadıqları fikrini irəli sürürlər.

33-34-cü dərslərdə qeyd etdik ki, İmamiyyə alimləri şiə məzhəbinin müxtəlif şəxs, dövlət və ya xalq tərəfindən meydana gəlməsinə dair irəli sürülmüş nəzəriyyələri əsaslı dəlillərlə rədd və təkzib etmişlər.

Bunun üçün də İmamiyyə alimləri şiə məzhəbini Peyğəmbərin (s) sünnə və buyuruqlarına tabe olub, müsəlman ümmətinin hidayət olunması üçün o həzrətin özündən sonra canişin tə᾿yin etdiyi imamların yolunu davam etdirməkdən savayı bir şey hesab etmirlər. Məsum imamlar ümmətin hidayət və rəhbərliyini öz üzərlərinə götürməklə yanaşı, şər᾿i hökmlərin təfsir və təbliğ olunması vəzifəsini də birbaşa rəhbərlik etmişlər. Bunun üçün də şər᾿i əqidə və qanunlar mə᾿sum imamların həyat tərzi ilə sıx əlaqəlidir. İmamiyyə almilərinin üzərinə düşən ən başlıca vəzifə isə Peyğəmbərin (s) tə᾿limlərini şərh və izah etmək, şər᾿i qanunları fiqhi mənbələrdən üzə çıxarmaqdır. İmamiyyə alimləri şiə məzhəbinin formalaşdığı tarixi mərhələni üç hissəyə bölürlər:

1. Məzhəbin tə᾿sis və yaranması;

2. Zühuru;

3. Bəyan və davam etdirilməsi.


1. ŞİƏ MƏZHƏBİNİN TƏ᾿SİS EDİLMƏSİ


Bu mərhələ Peyğəmbərin (s) sağlığında o həzrətin özü tərəfindən həyata keçirilmişdir. İmamiyyə alimləri belə bir əqidədədirlər ki, bu mərhələ iki əsas hədəf və məqsəd daşımışdır:

1. «Şiə» kəlməsinin meydana gəlib açıqlanması;

2. İmamətin əsasının qoyulması.

BİRİNCİ HƏDƏF


Peyğəmbər (s) buyuruqlarının bir çoxunda Əli ibni Əbu Talibin tərəfdarlarını «Əli şiəsi» adlandırmış və onun razılığını qazanan şəxslərin böyük mükafata nail olacaqları və᾿dəsini vermişdir. (31-ci dərsdə bu hədislərdən bə᾿zilərin gətirdik). Orada qeyd olunan mənbələrlə yanaşı, aşağıda adları çəkilən kitablarda da bu məzmunda yüzlərlə hədis və rəvayət nəql olunmuşdur: «Yənabiul-məvəddə», 2-ci cild, (Qunduzi); «Nurul-əbsar», səh.78. (Şəblənci); «Şəvahidut-tənzil», 2-ci cild, (Hakim Həskani); Tarix, Əli ibni Əbu Talibin həyatının tərcüməsi, 2-ci cild, (İbni Əsakir); Mənaqib, səh.3. (Xarəzmi); Təfsir, 3-cü cild, (Təbəri); Künuzul-Həqaiq, 1-ci cild, (Mənadi); Fəthul-Qədir, 5-ci cild, (Şəvkani); Əl-füsulul-muhimmə, səh.107. (İbni Səbbağ Maliki); Təzkirətul-Xəvas, səh.27. (Səbt ibni Covzi); Ruhul-Məani, 16-cı cild, (Alusi); Ənsabul-Əşraf, 182-ci cild, (Bəlazəri).

İKİNCİ HƏDƏF


Peyğəmbərin (s) özündən sonra canişin tə᾿yin etməsinə dair üç fərziyyə irəli sürmək olar:

a) Peyğəmbər (s) bu məsələyə e᾿tinasızlıqla yanaşaraq sükut etmişdir. (Yə᾿ni, kimsəni özündən sonra canişin tə᾿yin etməmişdir);

Bu fərziyyə tamamilə əsassız və batildir. Çünki, Peyğəmbər (s) özünün sonuncu Peyğəmbər olduğunu bildiyi və on il ərzində bütün sə᾿yini islam cəmiyyətinin qurulmasına sərf etdiyi bir halda müsəlman ümmətinin gələcəyinə qarşı bu qədər e᾿tinasız ola bilməzdi. Digər tərəfdən də, Peyğəmbər (s) hələ öz sağlığında ümmətinin gələcək aqibətindən agah olmuş və buyuruqlarının bir çoxunda dəfələrlə bu mətləbə işarə etmişdir. Bu bir daha Peyğəmbərin (s) ümmətin gələcəyinə qarşı e᾿tinasız olmadığını sübuta yetirir. Bütün bunlarla yanaşı, Peyğəmbər (s) ümmətin gələcəyinin işıqlı olması üçün bə᾿zi tədbirlər də görmüşdür.

Üsamənin rəhbərlik etdiyi qoşunu döyüş hazırlığına gətirib ölkədən xaricə e᾿zam olunmasını buna misal çəkmək olar. Peyğəmbərin (s), ümmətin gələcəkdə qarşılaşdığı çətinliklərin öhdəsindən gələcəyinə əmin olmasına dair irəli sürülən ehtimalı da əsaslı hesab etmək olmaz. Çünki, tarix bunun tam əksini göstərmiş və müsəlman ümməti bir çox məsələlərdə ixtilaf və qarşıdurmalara düçar olmuşlar.

Gətirilən dəlili nəzərə alaraq, birinci fərziyyəni düzgün hesab etmək olmaz.

b) Peyğəmbər (s) imamət və canişinlik məsələsini şuranın üzərinə qoymuşdur;

Bunu sübuta yetirəcək mö᾿təbər tarixi sənəd mövcud olmadığı üçün irəli sürülmüş bu fərziyyəni də əsaslı hesab etmək olmaz.

v) Peyğəmbər (s) öz canişinini əvvəlcədən tə᾿yin etmişdir.

Bu mətləbə dəlalət edəcək bir çox mö᾿təbər hədis və rəvayətlər nəql olunmuşdur. «Qədir-xum», «Səqəleyn», «Yovmud-dar» və «Mənzilət» hədislərini buna misal çəkmək olar. Yuxarıdakı iki fərziyyə rədd edilməklə, istər-istəməz irəli sürülən bu fərziyyə böyük e᾿tibar kəsb edir. İmamiyyə alimləri deyilənlərdən belə bir nəticəyə gəlirlər ki, bu məzhəb Peyğəmbərin (s) sağlığında tə᾿sis olunmuş və hər iki hədəf Peyğəmbərin (s) öz tərəfindən tə᾿min olunmuşdur.

2. ZÜHURU VƏ AŞKAR EDİLMƏSİ


Bu mərhələ Peyğəmbərin (s) vəfatından sonraya - Peyğəmbərin (s) canişinlik məsələsinin diqqət mərkəzinə çıxdığı bir dövrə aiddir. İmamiyyə alimləri belə bir əqidədədirlər ki, bu mərhələdə «Əli şiələri» kimi tanınan şəxslər, yə᾿ni Salman Farsi, Əbuzər Ğəffari, Əmmar Yasir, Miqdad ibni Əsvəd, Əbu Əyyub Ənsari, Xəzimət ibni Sabit, Əbul Heysəm və başqaları Peyğəmbərin (s) hədislərini nəzərə alaraq, Əli ibni Əbu Talibin həqiqi canişin olduğunu dəfələrlə iqrar etmiş və onun xəlifə e᾿lan olunmasını istəmişlər.

Bu mərhələdə müsəlman ümməti arasında yaranmış ixtilaflar özünü biruzə verdi və beləliklə, tarixdə iki böyük cərəyan, yə᾿ni şiə və sünnü məzhəbləri meydana gəldi.


3. BƏYAN VƏ DAVAM ETDİRİLMƏSİ


Əbu Bəkr xəlifə tə᾿yin olunduqdan sonra İmamiyyə şiələri Əhli-beytin ətrafına yığılaraq, onlara olan sevgi və məhəbbətlərini biruzə verməkdə davam etdilər.

İmamların hər biri öz dövründə fiqhi və e᾿tiqadi əsasların müəyyən bir qismini tərtib və təkmil edərək, şiəliyi kamil məzhəb kimi ərsəyə çatdırdılar.

İmamiyyə tərəfdarlarının fikrincə, imamların hər biri şiə məzhəbinin formalaşıb tarix boyu müstəqil məzhəb kimi fəaliyyət göstərməsində başlıca rol oynamışlar. Bu məzhəb son dərəcə çətin tarixi və ictimai şəraitlərlə üzləşməsinə baxmayaraq, onların sə᾿y və çəkdikləri zəhmətlər nəticəsində öz həyatını davam etdirə bilmişdir.

SUALLAR VƏ TAPŞIRIQLAR


1. İmamiyyə məzhəbinin e᾿tiqadi əsaslarını nə təşkil edir?

2. İmamiyyə məzhəbi nə üçün Cə᾿fəri məzhəbi də adlandırılır?



3. İmamiyyə məzhəbi kim və ya kimlər tərəfindən meydana gəlmişdir?

4. İmamiyyə məzhəbinin meydana gəlməsi mərhələlərini ixtisarla izah edin.



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə