20
Memarlıq sahəsində Azərbaycan-Hindistan ustaları arasında mədəni əməkdaşlıq Baburun oğlu Nasirəddin
Humayunun hakimliyi dövrünə təsadüf edir. Belə ki, Təbriz, Ərdəbil və Azərbaycanın digər yerlərini görmüş
Humayun azərbaycanlı sənətkar və ustaların yaratdıqlarından böyük zövq alır, Hindistana qayıdarkən özü ilə
onlardan bəzilərini aparır. Bu tarixi hadisədən sonra nəinki memarlıq, eləcə də digər mədəniyyət sahələrində
azərbaycanlı sənətkarların hörmət və nüfuzu daha da artdı.
Humayunun özünün «Dövlətin nadiri» adlandırdığı məşhur Azərbaycan rəssamı Mir Seyid Əli Təbrizi
uzun müddət baş saray rəssamı kimi çalışıb. Bu rəsam Moğol miniatür məktəbinin formalaşmasında aparıcı rol
oynamışdı. Cəfər Qiyasinin adı, çəkilən kitabda azərbaycanlı memar Ağa Mirək Mirzə Qiyasın Moğol
memarlığının formalaşmasında roluna diqqət yetirilir. Xüsusilə, memarın Yeni Dehli şəhərində tikdiyi
Humayun türbəsi memarlıq əlaqələrinin timsalı kimi çıxış edir.
Moğol sülaləsinin gənc varisi olan Humayunun adı ilə bağlı Azərbaycan muğamı, eləcə də «Mahur-hindi»
muğamı iki ölkə arasında, həmçinin musiqi sahəsində əlaqələrin də mövcudluğunu sübut edir. Hind musiqi
motivləri əsasında mövcud olan «Humayun» muğamının Humayun şahın Təbrizdə Şah Təhmasibin sarayında
olarkən bəstələndiyi söylənilir.
Tarixi faktlardan göründüyü kimi, Azərbaycan-Hindistan mədəni əlaqələri təşəkkülü, inkişafının kökləri
qədim çağlara, orta əsrlərə gedib çıxır. Dünyanın ilk sivilizasiyalarından biri kimi tanınan Hind mədəniyyətinə
yaxınlaşmaq, bu mədəniyyətlə ünsiyyətdə olmaq Azərbaycan üçün də həmişə maraqlı və aktual olmuşdur.
Mədəniyyət incəsənətində zəngin dəyərlərə malik olan Hindistanla mədəni yaxınlıq, əməkdaşlıq ən yeni tarixdə
daha geniş və hərtərəfli səciyyə kəsb etdi. Hələ 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının
birinci qurultayında Hindistandan da nümayəndənin Azərbaycana səfəri iki ölkə arasında yeni prinsiplər
əsasında mədəni əlaqələrin başlanğıcında tarixi hadisə oldu.
Xüsusilə, XX əsrin ortalarından başlayaraq Azərbaycan-Hindistan mədəni əlaqələr tarixində yeni bir
dinamik inkişaf dövrü başlayır. Bu ilk növbədə, Hindistanın müstəmləkəçilik zülmündən qurtularaq müstəqillik
qazanması və bu yolda SSRİ-nin həmin ölkəyə himayədarlıq siyasətinin prinsipləri ilə bağlı idi. Azərbaycan
SSRİ-nin tərkib hissəsi kimi bu siyasətin prinsip və istiqamətləri üzrə Hindistan dövləti ilə dostluq
münasibətlərini daha da gücləndirdi ki, bu da mədəni əlaqələrin məqsədyönlü əməkdaşlıq səhiyyəsində
davamına təkan verdi. Yenicə müstəqillik əldə edən Hindistana elmi-tədris, mədəni, mənəvi dəstək məqsədilə
hər iki ölkə, dövlət qarşılıqlı əməkdaşlıq siyasətinə üstünlük verdi.
Yeni tarixi dövrdə yazıb-yaradan Azərbaycan sənətkarları üçün hind tematikası doğma və aktual idi.
Azərbaycan şair və yazıçıları, musiqi xadimləri, rəssamları müstəqillik uğrunda mübarizə aparan hind xalqı ilə
mənəvi həmrəy olduqlarını yaratdıqları sənət əsərlərində bariz şəkildə tərənnüm edirdilər. Səməd Vurğunun
1948-ci ildə yazdığı məşhur «Zəncinin arzuları» poemasında Hindistanın vəziyyəti zəncinin dili ilə təsvir
olunmuşdu.
Qeyd etmək vacibdir ki, hələ ötən əsrin 30-cu illərində iki ölkə arasında mədəni yaxınlığın qabarıq
nümunəsi tarixin mövcud olmuş ədəbi əlaqələrin yeni məzmunda təkanında müşahidə olunurdu. Belə ki, 1930-
cu illərdə görkəmli hind yazıçısı və mütəfəkkiri Rabindranat Taqorun «Fəlakət» romanı artıq Azərbaycan dilinə
tərcümə olunaraq oxuculara təqdim olunmuşdu. Bunun ardınca Azərnəşr tərəfindən nəşr olunan «Hindistan və
Pakistan hekayələri» məcmuəsinə Hindistanın görkəmli yazıçılarından Prem Çand, Mülk Rac Anand, Notac
Sinqxin, Xaca Əhməd Abbas və digərlərinin maraqlı hekayələri azərbaycanlı oxucuların diqqətinə çatdırılmışdı.
Hindistan yazarlarının bu və digər silsilə əsərlərinin Azərbaycan dilinə tərcüməsində Məmməd Rahim, İ. Soltan,
M.Seyidzadə, Əhməd Cəmil, Böyükağa Qasımov, eyni zamanda Azərbaycan əsərlərinin hind dilinə
tərcüməsində isə, hind şairlərindən M.İqbal, Mankulal Şarma Şil, Rameşvar Şukla Ançal, İsrar Ulxan Macaz,
Şankar Şaylandra və digərlərinin adlarını çəkmək lazımdır.
Beləliklə, Azərbaycan-Hindistan mədəni əlaqələri tarixində orta əsrlərdən sonra hökm sürmüş müəyyən
durğunluq XX əsrin 20-30-cu illərində sona yetdi.
1946-cı ilin yanvarın 25-də Moskvada Sovet-Hind mədəni əlaqələri cəmiyyətinin təşkili bu sahə üzrə işin
planlı şəkildə həyata keçirilməsini təmin etdi.
Müstəqillik quruculuğunda digər Şərq ölkələri kimi, Hindistana da mənəvi yardım məqsədilə sovet
hökuməti Azərbaycan elmi, mədəniyyətinin bu missiyaya cəlb edilməsinə diqqət yetirdi. Elmi-mədəni,
incəsənət sahələri üzrə mübadilələrin aparılması məqsədilə, yaradıcılıq ezamiyyətləri, görüşləri, dekada və
həftələrin təşkilindən bu missiyanın reallaşmasında bir vasitə kimi istifadə olundu. Azərbaycan alimlərindən
məşhur cərrah M.A.Topçubaşov, görkəmli filosof A.O.Makovelski həmin ölkəyə elmi mübadiləyə ezam
olunmuş ilk alimlərdəndirlər. Onlar Hindistanın bəzi təşkilat və ilk növbədə, universitetlərin fəxri üzvü
seçilmişlər.
1955-ci ildə texnika elmləri doktoru, professor Ə.İ.Tağıyevin rəhbərliyi altında ilk sovet neftçi elmi-
texniki mütəxəssislər qrupu Kambey və Ankleşvarenin zəngin neft yataqlarının tapılmasında hindlilərə kömək
etmişlər. Azərbaycan neftçiləri Hindistanın nefti kadrlar və neft avadanlıqları ilə təmin olunmasında da
müstəsna rol oynamışlar.
21
50-ci illərdə bir çox hind alimləri də mübadilə məqsədilə Azərbaycanda ezamiyyətdə olmuşlar. Hind
elminin tanınmış nümayəndələri-fiziklər M.Q.Saxa, Ç.V.Raman, X.Baxvha, D.Kothari, geoloq S.P.Çatterci,
tarixçi D.R.Kosambi, riyaziyyatçı və statistik P.Ç. Maxolonovis, politoloq M.Sahni və başqalarının elmi
fəaliyyəti, Azərbaycan səfərləri haqqında respublika qəzetləri - «Kommunist», «Bakinski raboçi», «Vışka»,
«Bakı» və d. məqalələr dərc olunmuşdur.
Elmi əlaqələr getdikcə daha geniş məzmun kəsb etməyə başlayırdı. Artıq 1960-cı illərdə Azərbaycan-
Hindistan alimləri arasında elmi əməkdaşlığın yeni formaları-birgə elmi ekspedisiyaların təşkili ənənəvi
xarakter almağa, ayrı-ayrı elmi sahələrdə əməkdaşlıq müqavilələr əsasında həyata keçirilməyə başladı.
Eyni nailiyyətlər mədəniyyətin digər sahələrində də - ədəbiyyat, musiqi, təsviri incəsənət və s. təzahür
olunmağa başladı. 1947-ci ildə yaradılmış Azərbaycanın Xarici ölkələrində Dostluq və Mədəni Əlaqələr
Cəmiyyətinin Hindistanla yuxarıda adları sadalanan mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsini planlı
və ardıcıl şəkildə həyata keçirtməyə başladı. Xüsusilə, Hindistan, onun mədəniyyəti ilə tanış olunması
məqsədilə bu qızmar günəş ölkəsinə ezam olunmuş Azərbaycan mədəniyyət xadimləri, sənətkarlar
təəssüratlarını yaratdıqları əsərlərdə tərənnüm edirdilər. Azərbaycanın görkəmli yazıçısı Mirzə İbrahimov
Hindistan müstəmləkə zülmündən azad olmamışdan (1947-ci il), həm də Hindistan respublika elan edildikdən
sonra (1954-cü ildə) bu ölkəyə gedərək əldə etdiyi təəssüratlarını «Çandranın üsyanı» kimi bədii cəhətdən
dolğun povestində və digər məqalə, məruzələrində bildirmişdir. 1955-ci ilin yanvarında bir qrup sovet yazıçıları
ilə Hindistana gələn sovet nümayəndə heyətinin rəhbəri Əli Vəliyev «Hindistan tayms» qəzetinin müxbirinə
verdiyi müsahibədə Heydərabad şəhərində Azərbaycan Teleqraf Agentliyinin açılmasını «iki ölkə arasında
mədəni əlaqələrin yeni mübadiləsi» adlandırmışdı. Burada Azərbaycan zəhmətkeşləri, o cümlədən elm,
mədəniyyət və incəsənət ustalarının əsərləri tərənnüm edilirdi.
Azərbaycan-Hindistan mədəni əlaqələrinin canlanması prosesində 1950-ci illərin xüsusi tarixi yeri
olmuşdu. Artıq iki ölkənin sənətkarları arasında dostluq əlaqələri güclənmişdi. Artıq dörd dəfə Hindistana səfər
etmiş yazıçı Mirzə İbrahimovu hindlilər yaxından tanıyırdı. Bu illərdə Azərbaycanın görkəmli rəssamı Mikayıl
Abdullayevin Hindistana etdiyi yaradıcılıq səfəri və bir müddət bu ölkədə yaşayıb-fəaliyyət göstərməsi iki ölkə
arasında mədəni əlaqələrin inkişafına əhəmiyyətli təsir göstərmişdi. Mikayıl Abdullayevin Hindistan
mövzusunda yaratdığı silsilə əsərlərilə, demək olar ki, dünya sənətsevərləri də bələddir.
1956-cı ildə Bakıda olmuş Hindistan vitse-prezidenti cənab S.Radhakrişnan və Hindistanın SSRİ də
fövqəladə və səlahiyyətli səfiri cənab K.P.Ş.Menon respublika gənclər festivalında çıxış etmiş gənc müğənni
Elmira Rəhimovanın ifasında hind filmlərinin mahnılarını diqqətlə dinlədikdən sonra onu Hindistanda təhsilini
davam etdirməyə dəvət etdi. Təklifi məmnuniyyətlə qəbul edən gənc azərbaycanlı qızın sonrakı fəaliyyəti iki
dost xalq arasında mədəni əməkdaşlığın inkişafına bir töhfə oldu. Hindistanın musiqi institutunda təhsil alan
Elmira Rəhimovanın ifasını dinləmiş Hindistan Respublikasının Baş Naziri Cəvahirləl Nehru gənc müğənni ilə
söhbətində belə söyləmişdi: «Vətəninizə-SSRİ-yə gedərkən özünüzlə bərabər Hindistanın qəlbini də aparın. Siz
elə indinin özündə də o qəlbə sahib ola bilmisiniz. Siz Hindistanın qəlbi olan onun mahnılarını olduğu kimi ifa
edirsiniz».
Hər zaman-istər hal-hazırki günlərdə, istərsədə haqqında söhbət gedən tarixin hazırkı çağında hind
musiqisi, mədəniyyətinə məhəbbət, maraq bu ölkənin istehsal etdiyi rəngarəng kinofilmləri vasitəsilə əldə
olunur. Azərbaycan xalqı hind filmlərinə həmişə maraq göstərmiş, bunları sevmiş, ayrı-ayrı film qəhrəmanlarını
yaradan aktyorlar populyarlıq qazanmışdı. Hələ 50-60-cı illərin məşhur hind rejissor və aktyorlarından Rac
Kapur, Kumari Surayyə, Nərgiz, Kaminə Kauşal, Abxi Bhataçariya 1956-cı ilin noyabrında Bakı şəhərinə səfər
etmişlər. Həmin səfər Azərbaycanın mədəni həyatında tarixi bir hadisə kimi əhəmiyyətli yer tutmuşdur. Sonralar
Rac Kapur, Nərgizlə Azərbaycanın görkəmli sənətkarları Rəşid Behbudov, Şövkət Ələkbərova arasında dostluq
və sənət əlaqələri davam etdirilmişdir.
Azərbaycan-Hindistan mədəni əlaqələrinin inkişaf dinamikasında xüsusi çəkisi olan 1950-ci illər digər
tarixi hadisə ilə də yadda qaldı. Bu 1959-cu il iyunun 16-da Azərbaycan-Hindistan Dostluq və Mədəni Əlaqələr
Cəmiyyətinin təsisi ilə bağlıdır. Cəmiyyətin sədri seçilən akademik Mirəli Qaşqay; üzvləri bəstəkar Tofik
Quliyev, Rəşid Behbudov, müğənni Elmira Rəhimova, şairlər Hüseyn Hüseynzadə, Məmməd Rahim və b.
Azərbaycan-Hindistan mədəni əməkdaşlığının qarşıdan gələn illərdə daha səmərəli şəkildə davam etdirilməsi
işinə şərəflə xidmət etmişlər.
Digər tərəfdən 1960-cı ildə Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin
Azərbaycan-Hindistan şöbəsinin yaradılması da iki ölkə arasında mədəni əməkdaşlığın vüsətinə yeni təkan
verdi. Azərbaycan-Hindistan mədəni əməkdaşlığı sahəsində xüsusi təşkilat və qurumların yaradılması bu
istiqamət üzrə fəaliyyətin planlı, ardıcıl və sistemli şəkildə qurulmasına əlverişli şərait yaratdı. Mədəniyyət,
elm-təhsilin bütün istiqamətləri üzrə əlaqələr əməkdaşlıq səviyyəsində davam etdirildi. Bu sahələr üzrə intensiv
fəaliyyətə üstünlük verildi. Əməkdaşlığın bu cür davam etdirilməsinə maraqlı olan sovet dövləti rəngarəng
tədbirlərin həyata keçirilməsinə diqqət yetirirdi. Xüsusilə, sənətkarların yaradıcılıqlarının təbliği məqsədilə,
konsert, festival, sərgilərin təşkili aparıcı yer tutmağa başladı. Xüsusilə, hind ədəbiyyatının klassik nümunələri